Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1412/2022 11.08.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Mikayılov Rüfət Salman oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “istehlakçı hüquqlarının bərpası, qeyri-qanuni hesablanmış borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi Cavabdeh tərəfindən qanunsuz olaraq yazılmış 1641 manat məbləğində borcun silinməsi. İddia tələbinin dəlilləri İddiaçı məxsus Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, H.Allaverdiyev küçəsində yerləşən 43/1OA saylı mənzili sürüşmə zonasında olduğu üçün 2021-ci ilin avqust ayında Bakı şəhəri, Suraxanı rayonu, Dədə Qorqud qəsəbəsində yeni salınmış məhləyə köçürülmüşdür. Onlar köçəndə həmin vaxt qaz xətti yox idi. 2021-ci ilin dekabr ayından artıq onların yaşadığı məhləyə qaz xətti çəkilmişdir. Həmin vaxdan əvvəl onların mənzildə kənardan heç bir qaz xəttindən istifadə olunmamışdır. Onlardan iki il əvvəl həmin əraziyə köçürülmüş sakinlərin qaz xəttinə müdaxilə etməsi nəticəsində onlara cərimə yazılmış və onlarda yeni köçürülməsinə baxmayaraq ümumi küçə ilə birlikdə, heç bir əsas olmadan və heç bir xəbərdarlıq etmədən ümumilikdə 1641 manat məbləğində cərimə yazılmışdır. Qanunsuz qaz xəttinin çəkilmiş olması fikri isə əsassızdır. Çünki qaz xəttinin qanunsuz çəkildiyi halda bu ortaya çıxan kimi tədbir görülməli və qaz xətti kəsilməli idi. Hal-hazırda da onların mənzilində qaz xəttindən istifadə olunmur və onlar balon qazından istifadə edirlər. Sayğac quraşdırılıb və kod verilmişdir. Lakin borc olduğu üçün hələ də onlara smart kart verilmir. Məhkəməyə müraciət etməkdə məqsədi onların mənzildə qazdan istifadə olunmadığı halda əsassız olaraq yazılmış 1641 manat məbləğində cərimənin silinməsi və təbii qazdan istifadə üçün lazım olan smart kartın verilməsidir. Yaranmış borcun silinməsi üçün Cavabdehnə müraciət etsə də heç bir nəticəsi olmamışdır. Tərəflərin izahatları İddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, izahatında iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq, işə iclasa gəlməyən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi X3 AZEMİS vasitəsi ilə iddia tələbinə etiraza dair ərizə təqdim edərək göstərmişdir ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, qeyri-qanuni şəkildə təbii qazı talaması faktı aşkar olunmuş, aşkar olunmuş fakt yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2021-ci il tarixli, ******* saylı; xx.xx.2021-ci il tarixli, ******* saylı; xx.xx.2022-ci il tarixli, ******* saylı aktlar tərtib edilmişdir. İstehlakçı akta imza etməkdən imtina etmişdir. Aktlar əsasında 1641.60 manat məbləğində itirilmiş qazın sərflyyatı hesablanmışdır. Dəymiş zərər Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) kollegial idarəetmə orqanı olan Şurasının xx.xx.2011-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiqlənmiş “İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazm dəyərinin bərpasının hesablanması Qaydaları’na əsasən müəyyən edilmişdir. İddiaçı iddia ərizəsində həmin ünvanda 2021-ci ilin dekabr ayına qədər küçə qaz xəttinin olmamasını əsas gətirərək qeyri-qanuni qoşulmanın mümkün olmamasını iddia etmişdir. Lakin iş üzrə əlavə edilən aktlar, fotoşəkillər, kəsim aktları və saldo kimi sübutlar bunun əksini sübut edir. Odur ki, məhkəmədən İddiaçı iddia tələbinin əsassız və qanunsuz olduğu üçün rədd edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. [16] 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” 4.2. Qaz sayğacı ilə təchiz edilmə onun quraşdırlması və dəyişdirlməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən, Qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. 6.7. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli, ******* saylı, xx.xx.2021-ci il tarixli, ******* saylı və xx.xx.2022-ci il tarixli, ******* saylı aktlar tərtib edilmiş və sözügedən aktlar onunla əsaslandırılmışdır ki, istehlakçı İddiaçıə məxsus mənzildə baxış zamanı qaz sayğacı olmadan təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar edilmişdir. Həmin aktlar əsasında ümumilikdə 1641.60 manat məbləğində dəymiş zərər hesablanmışdır. İddiaçı ona məxsus mənzildə təbii qazdan qeyri-qanuni istifadə edilmədiyini əsas gətirərək hesablanmış 1641 manat məbləğində borcun silinməsini istəyir. Məhkəmə tərəfindən cavabdehin vəsatəti ilə qeyri-qanuni qoşulma faktının olubolmamasının müəyyən edilməsi məqsədilə mühəndis-texniki ekspertizası təyin edilmişdir və ekspert rəyi ilə Bakı şəhəri, Suraxanı rayonu, Dədə Qorqud qəsəbəsində yerləşən mübahisə predmeti olan fərdi yaşayış evinə baxış zamanı təbii qazdan istifadə ilə əlaqədar sayğacdan kənar hər hansı qoşuİma halı, eləcə də paylayıcı qaz xəttinin üzərində əvvəllər qoşulmaya xas olan izlərin (borucuq, qaynaq və s.) aşkar edilmədiyi müəyyən edilmişdir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, “Qaz təchizatı haqqında” qanunun 3.4-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının səlahiyyətli nümayəndələri istehlakçını 5 iş günü əvvəl məlumatlandırmaqla qazdan səmərəli istifadə, məişət qaz qurğularının təhlükəsiz və etibarlı istismar edilməsini təmin etmək məqsədi ilə həmin qurğulara, tüstü bacalarına və qazpaylayıcı şəbəkəyə altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməlidir. İstehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir. Qanunun tələbindən göründüyü kimi akt 2 nüsxədən ibarət olmaqla tərtib olunmalı və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Lakin, iş materiallarında olan müvafiq aktlar istehlakçıya təqdim edilməmiş, istehlakçı həmin aktla tanış edilməmiş və akt tərtib olunarkən onun iştirakı təmin olunmamışdır. Eyni zamanda qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsində və Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsində təbii qazdan qanunsuz istifadə və talanması ilə əlaqədar vətəndaşların və vəzifəli şəxslərin məsuliyyəti nəzərdə tutulmuş olmasına baxmayaraq, sözügedən aktlar əsasında müəyyən olunmuş kənar (qanunsuz) qoşulmalar nəticəsində qanunsuz qazdan istifadə ilə əlaqədar müvafiq hüquq-mühafizə orqanlarına şikayət edilib-edilməməsi, edilməmişdirsə - hansı səbəblərə görə edilməməsi, edilmişdirsə - həmin şikayətin nəticəsi barədə cavabdeh tərəfindən məhkəməyə hər hansı bir sənəd (sübut) təqdim olunmamışdır. Odur ki, məhkəmə ekspertizanın rəyini mötəbər sübut kimi qəbul edərək və qanunvericiliyin sadalanan normalarını və qeyd edilənləri vrəhbər tutaraq hesab edir ki, iddia tələbi təmin edilməli və İddiaçı yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Dədə Qorqud qəsəbəsi ünvanına (abonent kodu **********05638) xx.xx.2021-ci il tarixli, ******* saylı, xx.xx.2021-ci il tarixli, ******* saylı və xx.xx.2022-ci il tarixli, ******* saylı aktlar əsasən hesablanmış 1641 (bir min altı yüz qırx bir) manat məbləğində borc Cavabdeh tərəfindən silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. İddiaçı yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Dədə Qorqud qəsəbəsi ünvanına (abonent kodu **********05638) xx.xx.2021-ci il tarixli, ******* saylı, xx.xx.2021-ci il tarixli, ******* saylı və xx.xx.2022-ci il tarixli, ******* saylı aktlar əsasən hesablanmış 1641 (bir min altı yüz qırx bir) manat məbləğində borc Cavabdeh tərəfindən silinsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə, şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Rübabə Qafarova