Məhkəmə qərarları › İş №2(010)-1425/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1425/2021

05.03.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1425/2021 05.03.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı, Cavabdeh “Cavabdeh” İstehsalat Birliyinin etibarnamə üzrə nümayəndəsi X3 iştirakları ilə İddiaçı Cavabdehnə qarşı qaz sərfiyyatına görə tələb olunan borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Cavabdehnə qarşı ünvan 1 ünvanında onun (iddiaçının) adına quraşdırılmış sayğacda hesablanmış 4860m3 qazın sayğac borcunun “Cavabdeh” İstehsalat Birliyi tərəfindən silinməsinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Daha sonra İddiaçı iddia ərizəsinə əlavə verərək Cavabdeh tərəfindən qaz sərfiyyatına görə tələb olunan 486 manatın silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, o, Bakı şəhər Suraxanı rayon İcra Hakimiyyətinin xx.xx.2000-ci il tarixli 402 saylı sərəncamına əsasən ev tikərək Qaraçuxur qəsəbəsi, Musayev küçəsi 20/2 nömrəli ünvanda da qeydiyyatsız yaşayır. Onunla (iddiaçı ilə) "Cavabdeh" İstehsalat Birliyi tərəfindən tərtib edilmiş xx.xx.2007-ci il tarixli akta əsasən qaz sayğacı quraşdırılmışdır. Sərəncam həyat yoldaşı X2 adına olmasına baxmayaraq, sayğac onun adına rəsmiləşdirilmişdir. Evə smart kart tipli qaz sayğacı quraşdırılmış, xüsusi vasitə ilə plomblanmışdır. Bir neçə il həmin sayğacdan istifadə edilmişdir. 2019-ci il may ayının 20də cavabdehin nümayəndələri sayğacı istismar müddətinin bitməsi ilə əlaqədar olaraq yeni smart tipli sayğacla əvəzləmişlər. Həmin gün sayğac dəyişdirilmiş və qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli AKT tərtib edilmişdir. xx.xx.2019-cu il tarixində çıxarılmış sayğaca guya müdaxilə olunmuş və sayğac yoxlanılarkən onu dəvət etsələr də o xx.xx.2019-cu ildə yazılmış ******* saylı akta imza etməkdən imtina etmişdir. Lakin onu akta imza etməyə heç kim dəvət etməmişdir. Həmin aktın mövcudluğundan o, 2020-ci ilin dekabr ayında karta pul vurarkən bilmişdir. Həmin aktda qeyd etmişlər ki, güya sayğaca gələn plastmas qaz borusunda dəlik aşkar edilmiş və bu səbəbdən qaz itkisi olmuşdur. Əvvəlki sayğacın çıxarıldığı günə qazın istifadəsində heç bir problem olmamış və sayğacın plombu üzərində olmuşdur. Sayğacın gündəlik sərfiyyatı bir kombi və bir PQ-4 qaz peçi üçün qaz istifadəsinə uyğundur. Suraxanı rayon qaz istismarı idarəsinin verdiyi çıxarışda aydın şəkildə görünür. Bununla bağlı cavabdehə müraciət etdikdə isə ona sayğacın dəyişdirilməsindən sonra laboratoriyada yoxlanılarkən sayğaca müdaxilə olunduğunun aşkar edildiyini və istifadəyə yararsız olduğu bildirilmişdir. Buna görə də onun tərəfindən 486 manat ödəniş etməli olduğu tələb olunmuşdur. Ona görə də əsassız olaraq hesablanmaqla iddiaçıdan tələb olunan qaz sərfiyyatına görə 486 manatın silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh «Cavabdeh» İstehsalat Birliyinin nümayəndəsi X4 iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, sözügedən ünvana baxış keçirilmiş və yoxlama zamanı iddiaçının yaşadığı ünvanda istifadə olunan qaz sayğacına müdaxilə olunması müəyyən olunmuşdur. Belə ki, sayğac laboratoriya göndərilmiş və laboratoriya rəyinə əsasən sayğaca müdaxilə olunduğu aşkar olunmuşdur. Odur ki, Cavabdeh İB-yi tərəfindən istehlakçıdan qaz sərfiyyatına görə hesablanmış 486 manat tələb olunur. Ona görə də iddia ərizəsinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli ******* saylı aktın surətindən müəyyən olunur ki, İddiaçı yaşadığı ünvanda quraşdırılmış sayğacın yararsız olması aşkar edilmiş, itirilmiş qazın bərpası üçün dəymiş ziyanın hesablanması qərara alınmışdır. Cavabdeh xx.xx.2019-cu il tarixli qərarının surətindən müəyyən olunur ki, İddiaçı barəsində tərtib olunmuş xx.xx.2019-cu il tarixli ******* saylı akta əsasən cəmi 4860 m3 itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. Cavabdeh tərəfindən tərtib olunan abonentin saldosundan müəyyən olunur ki, İddiaçı tərtib olunan aktlar üzrə qaz sərfiyyatına görə borcu 486 manat təşkil edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçının mənzilində quraşdırdığı sayğacın yararsız olmasını müəyyən edən cavabdeh yararsız sayğacı yenisi ilə əvəz edərək iddiaçının təqsirini sübuta yetirmədən ondan qaz sərfiyyatına görə dəyən ziyanı tələb edir. Məhkəmə qeyd edir ki, Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının xx.xx.2016-cı il tarixli 18 nömrəli qərarının 2.3-cü bəndinə əsasən, həmin əlavənin cədvəl bölməsinin 4.1.1-ci və 4.1.2-ci şərtlərində illik istehlak həcmi dedikdə təbii qazın bir təqvim ili ərzindəki istehlak həcmi nəzərdə tutulur və həmin tariflər xx.xx.2017-ci il tarixdən qüvvəyə minir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli 80 saylı qərarının 1.3.-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 5.2.-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 5.6.-cı bəndinə əsasən qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir (5 nömrəli əlavə). Göründüyü kimi iddiaçının evində öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək cavabdehin vəzifəsi olduğu halda o, öz vəzifələrini yerinə yetirdikdən sonra sayğacın yararsız hala düşməsində istehlakçının təqsirini sübuta yetirmədən, istehlakçıya əsassız və qanunsuz tələb irəli sürmüşdür. Ona görə də məhkəmə iddia ərizəsini əsaslı hesab edib təmin edir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilməli olan dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi təmin edilsin. “Cavabdeh” X1 Ramiz Qasım oğlundan (kod **********00020) qaz sərfiyyatına görə tələb etdiyi 486 manat silinsin. “Cavabdeh” İstehsalat Birliyindən dövlət rüsumuna görə 20(iyirmi) manat dövlət nəfinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar