Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1445/2022 18.04.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “kirayə haqqı” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “kirayə haqqı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 31 oktyabr 2017-ci il tarixli kirayə müqaviləsinə əsasən ödənilməmiş 3420 manat məbləğində kirayə haqqı, 319 manat kommunal xərclərin dəyəri, 500 manat divan-kreslonun dəyəri və 100 manat Ariston su qızdırıcı və kranların dəyəri olmaqla, ümumilikdə 4339 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq ona ödənilməsi bərədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, onunla Cavabdeh arasında 17.02.2017-ci il tarixində kirayə müqaviləsi bağlanmış, ona məxsus ünvan 1 ünvanında 2 otaqlı mənzili hər ay 180 manat ödərnək şərli ilə cavabdehə kirayə vermişdir. Cavabdeh həmin mənzildə yaşamış və 2020-ci ilin fevral ayınadək ona kirayə haqqı ödəmiş, sonradan isə heç bir məbləğdə ona kirayə haqqı ödəməmişdir. O, cavabdehdən kirayə haqqı tələb etdikdə isə, cavabdeh ona kirayə haqqı əvəzinə mənzilini təmir edib ona təhvil verəcəyini bildirmiş, bu yolla kirayə haqqını ödəməkdən yayınmışdır. O, mənzili cavabdehə kirayə verdikdə onun mənzilində divan və kreslo olmuş, hətta cavabdehin divan və kreslosunu aparmışdır. Ona əvəzində təzə divan-kreslo verəcəyini bildirmişdir. Cavabdeh 17.02.2017-ci ildən 2021-ci ilin dekabr ayının 7-dək onun mənzilində yaşamış, bu zaman ərzində ona məxsus mənzilin təmirini yararsız hala salmış, o, cavabdehdən ona olan borcunu tələb etdikdə isə cavabdeh mənzildən çıxıb getmiş və ona heç bir məbləğdə kirayə haqqı ödəməmişdir. Cavabdeh onun mənzilində 45 ay müddətində yaşamış, sonuncu 19 ayın isə kirayə haqqını ödəməmiş, bununla da cavabdehin ona 3420 manat məbləğində kirayə borcu yaranmışdır. Cavabdeh ona məxsus mənzildə yaşadığı dövrdə elektrik enerjisindən qazdan və telefondan özü istifadə etdiyinə görə, o, həmin kommunal xidmətlərin xərcini də özü ödəməli idi. Lakin həmin kommunal xidmətlərlə bağlanan müqavilələr iddiaçının adına olduğuna görə və cavabdeh həmin kommunal xidmətlər üçün ödəməli olduğu məbləği ödəmədiyinə görə, o, həmin məbləğləri ödəmək məcburiyyətində qalmışdır. 142, 76 manat elektrik enerjisinə görə, 27,74 manat isə qazdan istifadəyə görə ödəniş etmişdir. Məhz bu baxımdan cavabdeh həmin məbləğləri də ona ödəməlidir. Cavabdehlə onun arasında kirayə müqaviləsi müddətsiz bağlanmış, sonuncu 19 ay ərzində kirayəçi heç bir məbləğdə kirayə haqqı ödəməmiş, 2021-ci ilin dekabr ayının 7-də isə mənzili ona təhvil verərək çıxıb getmişdir. Hesab edir ki, 31.10.2017-ci il tarixli kirayə müqaviləsinə əsasən ödənilməmiş 3420 manat məbləğində kirayə haqqı, 319 manat ödənilməmiş kommunal xərclərin dəyəri, 500 manat divan kreslonun dəyəri və 100 manat Ariston su qızdırıcı və kranların dəyəri olmaqla ümumilikdə 4339 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq ona ödənilməlidir. İddiaçının ətrafında hər kəs onuvSevil adı ilə çağırdığından müqavilədə də iddiaçının adı Sevil kimi qeyd edilmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə işə iclasa gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından olan RX seriyalı ******* saylı 03.11.2015-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışından müəyyən olunur ki, ünvan 1 xüsusi mülkiyyət kimi İddiaçı adına daşınmaz əmlakın Dövlət reyestrində 507 nömrəli reyestr kitabının 46727 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarından olan 17.02.2017-ci il tarixli kirayə müqaviləsindən müəyyən olunur ki, iddiaçı cavabdehlə kirayə müqaviləsi bağlamışdır. Müqaviləyə əsasən İ.Əhlimanov küçəsi, ev 6-da 2 otaqlı 84 saylı mənzil kirayəyə verilmişdir. Həmin müqaviləyə əsasən kirayəçi Cavabdeh aylıq 180 manat məbləğində kirayə haqqını kirayə verənə ödəməyi öhdəsinə götürür. Müqavilə müddətsiz bağlanmışdır. İddiaçı hazırki iddia tələbi ilə cavabdehdən ödənilməmiş 19 aylıq kirayə haqqı müqabilində 3420 manat məbləğində pulun tutulmasını tələb edir. Məhkəmə iş materiallarına əsasən müəyyən edir ki, iddiaçı cavabdehi dəymiş ziyanın ödənilməsi barədə xəbərdar etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 675-ci maddəsinə əsasən, əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 684.1-ci maddəsinə əsasən əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissə-hissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qanunveriliciliyin sadalanan normalarına əsasən kirayə müqaviləsinə görə kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyə, kirayəçi isə kirayəyə verənə müəyyənləşdirilmiş kirayə haqqını ödəməyə borcludur. İddiaçı tərəflər arasında bağlanmış müqavilə üzrə üzərinə düşən öhdəlikləri icra etsə də, cavabdeh üzərinə düşən öhdəliyi icra etməkdən, yəni icarə haqqını ödəməkdən yayınmışdır. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən onun xeyrinə 19 aylıq kirayə haqqı müqabilində 3420 manat məbləğində vəsaitin tutulmasını tələb etməkdə haqlıdır. Lakin, iddia tələbinin “500 manat divan-kreslonun və 100 manat “Ariston” su qızdırıcı və kranların dəyərinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi” hissəsində isə məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə rədd edilməlidir. Belə ki, iddiaçı mənzil cavabdehin istifadəsinə verilərkən divan-kreslonun və “Ariston” su qızdırıcı və kranların mənzildə olması və mənzilin sözügedən əşyalarla təhvil verilməsi barədə hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 və 217.4-cü maddələrinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddia tələbinin “kommunal xidmətlərə görə hesablanmış 319 manat məbləğində borcun cavabdehdən tutulması” hissəsində isə məhkəmə hesab edir ki, iddia bu hissədə qismən təmin edilməlidir. Belə ki, işin faktiki hallarına əsasən sözügedən mənzil 2017-ci ilin fevralından 2021-ci ilin sonuna kimi iddiaçı tərəfindən cavabdehə kirayə verilmiş və **********6084 saylı Abunə kartın məlumatlarına görə məhkəmə müəyyən edir ki, həmin müddətdə elektrik enerjisindən sərfiyyata görə 142,76 manat məbləğində borc yaranmışdır. Məhkəmə həmçinin müəyyən edir ki, **********00840 saylı abonentin (abonent İddiaçı) saldosuna əsasən yuxarıda qeyd edilən müddətdə qazdan istifadəyə görə 27,74 manat borc yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi zərər vurulması nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunvericiliyin qeyd edilən müddəalarının tələblərinə əsasən, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. İlkin olaraq zərər hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə vurulmalıdır. Digər şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Bu baxımdan məhkəmə qeyd edir ki, cavabdeh iddiaçıya məxsus olan mənzildə kirayədə qaldığı dövr ərzində kommunal xidmətlərdən yararlansa da, uzun müddət ödənişləri həyata keçirməmişdir. İddiaçı qazdan istifadəyə görə yaranmış borcu 01.2022-ci ildə, elektrik enerjisindən istifadəyə görə yaranmış borcu isə 18.02.2022-ci il tarixdə ödədiyindən zərərin əvəzini tələb etmək hüququ yaranmışdır. Odur ki, elektrik enerjisindən sərfiyyata görə iddiaçı tərəfindən ödənilmiş 142,76 manat, qazdan istifadəyə görə iddiaçı tərəfindən ödənilmiş 27,74 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulması barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. Bununla belə məhkəmə hesab edir ki, iddiaçı cavabdeh tərəfindən kirayədə qaldığı mənzildə istilik enerjisindən və telefondan istifadə etməsinə görə yaranmış borcun tutulması barədə tələb irəli sürsə də, məhkəməyə sübut təqdim etməmişdir ki, həmin borcu da özü ödəmişdir. Bu isə ona zərər vurulmasına dəlalət etmədiyindən onun bu tələbi əsassız hesab edilməlidir. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməklə, Cavabdeh ödənilməmiş kirayə haqqına görə 3420 (üç min dörd yüz iyirmi) manat, elektrik enerjisindən istifadəyə görə iddiaçı tərəfindən ödənilmiş 142,76 (bir yüz qırx altı manat yetmiş altı qəpik) manat, qazdan istifadəyə görə iddiaçı tərəfindən ödənilmiş 27,74 (iyirmi yeddi manat yetmiş dörd qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh ödənilməmiş kirayə haqqına görə 3420 (üç min dörd yüz iyirmi) manat, elektrik enerjisindən istifadəyə görə iddiaçı tərəfindən ödənilmiş 142,76 (bir yüz qırx altı manat yetmiş altı qəpik) manat, qazdan istifadəyə görə iddiaçı tərəfindən ödənilmiş 27,74 (iyirmi yeddi manat yetmiş dörd qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə, şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova
Məhkəmə qərarları › İş №2(010)-1445/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1445/2022
18.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver