Məhkəmə qərarları › İş №2(010)-1446/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1446/2022

27.04.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1446/2022 27.04.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiаçı İddiaçı cаvаbdeh Bakı şəhəri Suraxanı rayon Qaz İstismar İdarəsinə (sonradan “Azəriqaz” İstehsalat Birliyi ilə əvəz edilmişdir) qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən onun adına qanunsuz yazılmış 518 manat cərimənin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırılması. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Suraxanı rayon Qaz İdarəsinin əməkdaşları cari ilin yanvar ayında onun evdə olmamasından istifadə edib, onun xəbəri və iştirakı olmadan qaz sayğacına müdaxilə edərək özbaşına çıxartmış, yeni qaz sayğacı ilə əvəz etmişlər. Belə ki, o, yanvar ayının 12-si qəbzdə qeyd olunan qaz borcunu ödəmiş və qaz borcu olmamışdır. Fevral ayı üçün bütün qonşulara qəbz gəlməsinə baxmayaraq, ona gəlmədiyindən o, bankomat aparatına kodunu daxil edərək, cərimə borcunun 518 manat olduğunu öyrənmiş və Suraxanı rayon Qaz İdarəsinə gedərək bu barədə maraqlanmış, idarənin əməkdaşları ona bunun səbəbini izah edə bilməmişdir. Ona sadəcə demişlər ki, onun adına olan qaz sayğacına müdaxilə olunmuş və yeni qaz sayğacı qoyulmuşdur. O, bankomata daxil olub borcunu öyrənməsə idi, bilməyəcəkdi ki, onun qaz sayğacı dəyişdirilmiş, köhnə qaz sayğacına müdaxilə olunmuşdur. Suraxanı rayon Qaz İdarəsinin əməkdaşları bütün bu hərəkətləri onun xəbəri və iştirakı olmadan etmiş və o, bu barədə bir aydan sonra xəbər tutmuşdur. Beləliklə, onlar qanunsuz hərəkət etmişlər. Qanuna əsasən qaz cihazına müdaxilə olanda bu barədə yerində protokol yazılır və akt tərtib olunur, təzə cihaz qoyulanda qol çəkilib müqavilə verilir. Lakin qaz idarəsinin əməkdaşları qanunun bu tələblərini pozmuşlar. Tərəflərin izahatları. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 iddianı müdafiə edərək bildirdi ki, müdaxilə aşkarlanan sayğacın quraşdırıldığı ev ona məxsusdur. Lakin əvvəllər bu mənzildə qardaşı ilə birlikdə yaşadıqlarından sayğac onun adınadır. Bu mənzildə sərf olunan qaza görə hər ay ödəniş edir. Bu il yanvar ayının 12-də həmişə kimi aylıq ödənişini etmiş, heç bir borcu qalmadığını görmüşdür. Lakin fevral alında qaza görə nə qədər borcu olduğunu ödəniş terminalında bir daha yoxlamış, ona “Azəriqaz” İB tərəfindən 518 manat məbləğində borc hesablandığını görmüşdür. Bundan sonra qaz idarəsinə gedərək maraqlanmış, ona deyilmişdir ki, guya qaz sayğacına müdaxilə etdiyinə görə borc hesablanmışdır. O, bu müdaxilənin nədən ibarət olmasını izah etmələrini tələb etdikdə ona üç həftədən sonra gəlməli oduğunu bildirmişlər. O, nəyə görə tərtib edilmiş akt barədə ona heç bir məlumat verilmədiyini soruşduqda isə ona heç bir izah verilməmişdir. Beləliklə, onun mənzilinə quraşdırılmış sayğaca görə tam qanunsuz şəkildə, onun məlumatı olmadan akt tərtib edilmiş, buna görə borc hesablanmışdır. Hazırda bu əsassız borcun silinməsini tələb edir. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh “Azəriqaz” İB-yə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Buna baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materialları. “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” 13.01.2022-ci il tarixli, ******* nömrəli Aktdan görünür ki, ünvan 1 ünvanında İddiaçı adına olan sayğac yenisi ilə əvəz edilmiş, qaz xəttində, sayğacda olan qaynaq və yivli birləşmələr təzyiq altında sabun köpüyü ilə yoxlanılmış və heç bir sızma aşkar edilməmişdir. Quraşdırılan qaz sayğacı texniki texniki qaydalara cavab vermiş, qaz sayğacı abonentə təhvil verilmişdir. Əvvəlki sayğacın çıxarılma səbəbi: Hesablayıcı mexanizmin alt hissəsinin deşilməsi. 31.01.2022-ci il tarixli bildiriş-xəbərdarlıqdan görünür ki, **********00030 kodlu abonent İddiaçı 31.01.2022-ci il tarixə 19.54 manat məbləğində borcu olmuşdur. **********00030 kodlu abonentin saldosundan görünür ki, abonentə 2022-ci ilin yanvar ayı üçün “qalıq və aktlar”a əsasən 518.40 manat məbləğində borc hesablanmışdır. İşin faktiki halları. Cavabdeh “Azəriqaz” İstehsal Birliyinin əməkdaşları tərəfindən İddiaçı adına quraşdırılmış qaz sayğacına baxış keçirilmiş və sayğacın hesablama mexanizminin alt hissəsinin deşildiyi müəyyən edilmişdir. Bundan sonra iddiaçıya “qalıq və aktlar”a əsasən 518.40 manat məbləğində borc hesablanmışdır. Hazırda İddiaçı sayğaca heç vaxt müdaxilə etmədiyini, bununla bağlı hər hansı aktın tərtib edilməsindən məlumat olmadığını, ona əsassız yerə borc hesablandığını bildirərək, bu borcun silinməsini tələb edir. Tətbiq edilən hüquq. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. İstehlakçıların hüquqları. Azərbaycan Respublikası ərazisində istehlakçılar aşağıdakı hüquqlara malikdir: ...öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə. Maddə 26. İstehlakçıların hüquqlarının məhkəmə müdafiəsi. İstehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırdıqları iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 13. Qazın pаylаnmаsı, satılması və qazın verilməsinin dayandırılması.

6. Qaz paylayıcısı aşağıdakı hallarda qazın verilməsini dayandıra bilər: istehlakçı qaz paylayıcısının işçiləri tərəfindən tərtib edilmiş müayinə aktında qeyd olunmuş nöqsan və (və ya) pozuntuların aradan qaldırılması üçün bu Qanunun 6-2-ci və 6-3-cü maddələrinin tələblərini yerinə yetirmədikdə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”:

4. Qaz sayğaclarının quraşdırılması və istismarı. 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

5. Qazın dəyərinin ödəmə şərtləri. 5.5. Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir.

6. İstehlakçiya qazın verilməsinin dayandırılmasının əsasları və qazın alqı-satqı müqaviləsinin ləğvi. 6.7. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 560. Hüquqdan sui-istifadənin qadağan edilməsi. 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.5.2. istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 185. İşdə iştirak edən şəxslərin, nümayəndələrinin və vəkillərinin məhkəmə iclasına gəlməməsinin nəticələri. 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. "Dövlət rüsumu" haqqında Azərbaycan Respublikasının Qanunu: Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri. 9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.5. istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar.

Məhkəmənin mövqeyi.

İşin müəyyən edilmiş faktiki hаllаrındаn göründüyü kimi iddiaçıya məxsus sayğacın hesablama mexanizminin alt hissəsi deşildiyinə görə sayğac yenisi ilə əvəz edilmiş, köhnə sayğacdakı bu nasazlıq abonentin təqsiri kimi qiymətləndirilərək dəymiş ziyan akta əsasən borc kimi abonentin saldosuna yazılmışdır. Halbuki, qaz sayğacının zədələnməsinin müəyyən edilməsi təklikdə buna görə istehlakçıya borc hesablanmasına əsas vermir. Bu zaman nəzərə alınmalıdır ki, cavabdeh məhkəməyə qaz sayğacına iddiaçı tərəfindən müdaxilə edilməsini sübut edəcək mötəbər və təkzib olunmaz sübutlar təqdim etməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, qaz sayğacında nöqsanların olduğu müəyyən edilsə də bunun sayğacdan keçən qazın sərfiyyatının düzgün aparılıb-aparılmaması ilə hər hansı səbəbli əlaqəsinin olması da cavabdeh tərəfindən sübut edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, təqsiri sübuta yetirilmədiyi halda dəymiş zərərin əvəzinin iddiaçıdan tutulması yolverilməzdir. Bu səbəbdən həmin borc silinməlidir. Bu zaman nəzərə alınmalıdır ki, iddiaçıya akta əsasən 518.4 manat məbləğində borc hesablandığı iş materiallarından görünsə də iddiaçı 518 manat borcun silinməsini tələb etdiyindən məhkəmə iddia tələbindən kənara çıxmır.

Məhkəmənin gəldiyi nəticə.

Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən İddiaçı hesablanmış 518 (beş yüz on səkkiz) manat məbləğində borc silinməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən İddiaçı hesablanmış 518 (beş yüz on səkkiz) manat məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar