Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1447/2025 04.03.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, X3 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. İddia tələbi İddiаçı İddiaçı Cavabdehnə (bundan sonra – Cavabdeh İB) qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə (abonent kodu: **********00121) əsassız olaraq borc kimi yazılmış 777.6 manatın Cavabdeh İB tərəfindən silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi faktiki olaraq onun və ailə üzvlərinin istifadəsindədir. Həmin ünvanda abonent kodu **********00121 olmaqla, Cavabdeh İB tərəfindən təbii qazla təmin olunmaqdadır. Həmişə vaxtaşırı ödənişlər edilməklə, həmin ev təbii qazla təmin olunmuşdur. 2021-ci ildə onun yaşadığı evə quraşdırılmış qaz sayğacının ona məlum olmayan səbəbdən qeyri-standart, yəni əyri vəziyyətdə olduğunu aşkar etmiş və dərhal Cavabdeh İB-nin Bakı Regional Qazın Satışı Departamentinin Suraxanı rayonu idarəsinə məlumat vermişdir. Daha sonra məsul şəxslər gələrək qaz sayğacına baxış keçirmişlər. Sıradan çıxmış qaz sayğacı yenisi ilə əvəz edilmiş və lazımı sənədləşdirmə işləri aparılmışdır. Hər hansı qanunsuzluq aşkar edilməmişdir. Bundan sonra 2023-cü ilin ortalarında yaşadığı ərazidəki qaz sayğaclarında korroziya əlamətləri olduğu bildirilərək sayğaclar yenisi ilə əvəz edilmişdir. Həmçinin, yaşadığı evə aid qaz sayğacı da yenisi ilə əvəz edilmiş və yenə də hər hansı qanunsuzluğun aşkar olunması ilə bağlı ona heç bir məlumat verilməmişdir. O, əvvəl olduğu kimi vaxtında ödəniş edərək təbii qazdan problemsiz istifadə etməyə davam etmişdir. 12 yanvar 2025-ci il tarixdə smart karta pul yüklədikdə balansa daha az pulun yükləndiyini aşkar etmişdir. O, bununla əlaqədar Cavabdeh İB-yə müraciət etmiş, müxtəlif sənədlər topladıqda məlum olmuşdur ki, xx.xx.2023-cü ildə onun iştirakı və xəbəri olmadan Cavabdeh İB-nin Bakı Regional Qazın Satışı Departamentinin Suraxanı rayonu üzrə qrupunun işçiləri tərəfindən qaz sayğacına baxış keçirilmiş və bu barədə ******* nömrəli akt tərtib olunmuş, guya sayğacın klapanının işlək olmaması, yivli birləşmələrin korroziyaya uğraması və xətaların normadan artıq olması səbəbindən sayğac istismara yararsızdır və itirilmiş qazın bərpası məqsədilə 777.6 manat məbləğində dəymiş ziyan ödənilməlidir. Sözügedən aktda onun iştirak etməsi qeyd olunsa da, o, həmin aktın tərtib olunmasında iştirak etməmişdir. Həmin aktın nə vaxt və kimlər tərəfindən tərtib olunmasından məlumatı yoxdur. 777.6 manat pul borc kimi qanunsuz və əsassız olaraq yazılmışdır. Qaz sayğacı çıxarılan zaman X7 əməkdaşları tərəfindən onun istismara yararsız olması müəyyən edilməmiş, təbii qazın sayğacda göstəriləndən daha artıq istifadə olunması sonradan müəyyən edilmiş və akt tərtib olunmuş, həmin akt əsasında da ziyan hesablanmışdır. Ona görə də hesab edir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə əsassız olaraq borc kimi yazılmış olan 777.6 manatın Cavabdeh İB tərəfindən silinməsi barədə qətnamə qəbul edilməlidir. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, o və ya ailə üzvləri tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, təqsirli hərəkət və ya hərəkətsizliyi yolverilməzdir. Əgər qaz sayğacına kənar müdaxilə olubsa və bu, onun və ya ailə üzvlərinin təqsiri ucbatından baş veribsə, müdaxilənin məhz onun və ya ailə üzvlərinin tərəfindən edilməsi işin hər hansı halı ilə sübuta yetirilmədiyindən, qaz sayğacı çıxarılan zaman müdaxilə X7 əməkdaşları tərəfindən aşkar olunmadığından və həmin müdaxilə təhvil-təslim aktında öz əksini tapmadığından, habelə Cavabdeh İB-nin Bakı Regional Qazın Satışı Departamentinin Suraxanı rayonu üzrə qrupunun işçiləri tərəfindən tərtib olunmuş ******* nömrəli akt əsasında sayğaca müdaxilə olunması sonradan aşkar olunduğundan və həmin akt əsasında da ziyan hesablandığından, lakin qaz sayğacına o və ya ailə üzvləri tərəfindən müdaxilə olunubolunmaması müəyyən edilmədiyindən və bu hal qeyd edilən aktdan da görünmədiyindən hesablanmış borc qanunsuz və əsassız olmuşdur. İddia tələbinə etiraz Cavabdeh İB-nin nümayəndəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə iddia tələbinə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinə etirazın əsaslandırıldığı hallar İddia tələbinə etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh İB-yə qarşı (**********00121 istehlakçı hesabı üzrə) 777,6 manat borcun silinməsi tələbinə dair iddia qaldırmışdır. Aşağıdakılara əsasən iddia ərizəsi əsassız olduğu üçün rədd edilməlidir. İddiaçı mənzilinə quraşdırılmış qaz sayğacı sərfiyyatı qeyd etmədiyindən yeni sayğacla əvəz edilmiş, laboratoriya şəraitində X1 nümayəndəsinin təsdiq etdiyi aktla dövlət yoxlaması nəticəsində əvəz edilmiş sayğaca baxış keçirilən sayğacın klapanının işlək olmadığı, yivli birləşmələrinin korroziyaya uğradığı, hesablama mexanizminin qoruyucu örtüyü və element yuvasının qapağının alt hissədən çatladığı, sayğacın zavod seriya nömrəsi 2017-ci ilə aid olduğu halda, gövdənin 2012-ci ilə aid olduğu, sayğacda xx.xx.2021-ci ildə Alarm 1 rejiminin aşkar olunduğu, sayğacın 100% xəta ilə işlədiyi, hesablama mexanizminin keçən qazın sərfini qeyd etmədiyi aşkar edilmişdir. Qaz sayğacının yoxlanmasının nəticəsi rəsmiləşdirilməklə X1 nümayəndəsi tərəfindən də təsdiq edilmişdir. Bundan sonra qeyd olunan nəticələr xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktla rəsmiləşdirilmiş və qaz itkisinə görə borc hesablanaraq iddiaçının hesabına əlavə edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “X4”nın 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alğı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqavilənin tələblərinə görə paylayıcı müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. “X4nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli qərarının 3.2.2-ci bəndinə əsasən qaz qurğularını onların texniki pasportlarında göstərilmiş tələblərə uyğun təhlükəsiz istismar etmək qazdan istifadə edən istehlakçıların vəzifəsidir. Deməli, qaz sayğacının qaydalara uyğun istismarı və işçi vəziyyətdə saxlanılması və istehlak edilən təbii qazın dəyərinin ödənilməsi istehlakçı kimi iddiaçının vəzifəsidir. İddiaçı tərəfindən istehlak edilən təbii qazın sərfiyyatının istifadə edildiyindən az göstərilməsinə nail olmaq üçün qaz sayğacına edilən müdaxilə və qeydə alınmadan istehlak edilən təbii qazın dəyərinin ödənilməsi üçün iddiaçı məsuliyyət daşıyır. Eyni zamanda həmin hərəkətin məişət abonenti olan iddiaçının iradəsindən kənar edilməsi öz-özündə istisna edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Bu halda iddiaçıya hesablanmış faktiki istehlak etdiyi və müqavilə üzrə dəyərini ödəmək vəzifəsi daşıdığı qaz sərfiyyatına görə hesablanmış qaz borcunun silinməsinin heç bir faktiki və hüquqi əsası olmadığından iddianın rədd edilməsi barədə qətnamə çıxarılması xahiş edilir. Tərəflərin izahatları Məhkəmə baxış iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh İB-nin nümayəndəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar **********00121 abonent kodlu İddiaçı abonent saldosundan müəyyən olunur ki, İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin abonentinə 2023-cü ilin iyul ayından 6480 m3-a görə 777.6 manat borc hesablanmışdır. Ünvanda istifadə olunan cihazlar: 4 gözlü qaz plitələri (PQ-4)(1/1), Samovar (1/1). xx.xx.2023-cü il tarixli, ******* nömrəli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktdan müəyyən olunur ki, istehlakçı İddiaçı yaşadığı ünvanda “LTRON” 4 markalı, 1702AZ**********788 nömrəli qaz sayğacı çıxarılmış və “Zenner” 4 markalı, **********487 nömrəli qaz sayğacı quraşdırılmış, qaz xəttində, sayğacda olan qaynaq və yivli birləşmələr təzyiq altında sabun köpüyü ilə yoxlanılmış və heç bir sızma aşkar edilməmiş, quraşdırılan qaz sayğacının texniki qaydalara cavab verdiyi və qaz sayğacının abonentə təhvil verildiyi qeyd olunmuşdur. xx.xx.2023-cü il tarixli, MSK–14-2-2/3-5-6974/Q001 nömrəli “Qaz sayğacının yoxlanılması barədə” aktdan müəyyən olunur ki, 1702AZ**********88 zavod seriya nömrəli sayğaca baxış keçirilmiş, baxış zamanı sayğacın klapanının işlək olmaması, yivli birləşmələrin korroziyaya uğraması, sayğacın hesablama mexanizminin qoruyucu örtüyü və element yuvasının qapağının alt hissədən çatlaması, sayğacın zavod seriya nömrəsi 2017-ci ilə məxsus olduğu halda, gövdənin 2012-ci ilə məxsus olması aşkar edilmiş, sayğacın arxivinin oxunması nəticəsində sayğacda “ALARM-1” rejiminin aktiv olması, xətaların normadan artıq olması, sayğacın minimal sərfiyyatda 100% nisbi xəta ilə işləməsi, hesablama mexanizminin minimal sərfiyyatda keçən qazın həcmini qeyd etməməsi, həmçinin sayğacın daxilinə baxış keçirilməsi zamanı kənar təsir izlərinin olmaması və sayğacın istismara yarasız vəziyyətdə olduğu müəyyən edilmişdir. “Təbii X4nın pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktdan müəyyən olunur ki, istehlakçı İddiaçı məxsus Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, X.Bayramov küçəsi ünvanında yerləşən sayğaca Cavabdeh İB-nin əməkdaşları tərəfindən baxış keçirilmiş və xx.xx.2023-cü il tarixli dövlət yoxlamasına əsasən, 17- 126788 saylı sayğacın klapanının işlək olmaması, yivli birləşmələrin korroziyaya uğraması, sayğacda “ALARM-1” rejiminin aşkar olunması, xətaların normadan artıq olması və sayğacın istismara yarasız vəziyyətdə olduğu aşkar edilmişdir. xx.xx.2023-cü il tarixi dəymiş ziyanın bərpasına dair tələbnamədən müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən qaz sayğacının maksimal qaz sərfi 6 m3 orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və dəymiş ziyanın həcmi 6 x 12 x 90 = 6480 m3 kimi hesablanmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən müəyyən olunur ki, **********41-10301 reyestr nömrəli, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 55.7 m2 olan, 2 otaqlı, 12 nömrəli fərdi yaşayış evi İddiaçı və X2 ümumi paylı mülkiyyətindədir və həmin fərdi yaşayış evi üzərində sonuncuların ½ hissədə payları müəyyən edilmişdir. xx.xx.2025-ci il tarixli çıxarışdan müəyyən olunur ki, istehlakçı İddiaçı ünvan 1 ünvanında istehlak olunan təbii qaza görə xx.xx.2023 – xx.xx.2025-ci il tarixləri arasında ümumilikdə 545 manat ödəniş etmişdir. 01 ədəd video yazının tədqiqi nəticəsində iri qabaritli yük maşınının dar küçə ilə hərəkəti zamanı fərdi yaşayış evinin xaricində quraşdırılmış qaz sayğacına toxunması faktı aşkar edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.[16] Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1 Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 1096.1 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 3. İstehlakçıların hüquqları Azərbaycan Respublikası ərazisində istehlakçılar aşağıdakı hüquqlara malikdir: ...öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə; Maddə 18. İstehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti 18.0. İstehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədilə özündə aşağıdakı tələbləri ehtiva edir: 18.0.1. istehlak bazarında satılan malların (xidmətlərin, işlərin), o cümlədən yeyinti məhsullarının və dərman vasitələrinin qablaşdırılmasının, daşınmasının, saxlanmasının və satış şəraitinin sanitar-gigiyenik, ekoloji, texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına, qida məhsullarının isə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlara uyğun olmasına dövlət nəzarətini; Maddə 26. İstehlakçıların hüquqlarının məhkəmə müdafiəsi İstehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 6-2. Müayinə
1. Qaz paylayıcısının işçiləri istehlakçıya 5 (beş) iş günü əvvəl sifarişli poçt göndərişi və ya istehlakçının əvvəlcədən razılığı ilə elektron poçt və ya digər elektron kommunikasiya vasitələri ilə bildiriş təqdim etməklə (göndərməklə), bu Qanunun 6-2-ci maddəsinin 3-cü hissəsində nəzərdə tutulan hallar istisna olmaqla, ildə bir dəfə (hər il noyabrın 1-dək) müayinə keçirilməsini təmin etməli, nəticəsi barədə müvafiq icra hakimiyyəti оrqаnının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi formada 2 (iki) nüsxədə müayinə aktını istehlakçının (və ya onun səlahiyyətli nümayəndəsinin, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinin) iştirakı ilə tərtib etməli və aktın bir nüsxəsini istehlakçıya (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud eyni ünvanda yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə) təqdim etməlidir.
3. İstehlakçı tərəfindən qaz qurğuları, qaz xətləri və tüstü bacalarında, habelə havalandırma və havadəyişmə xətlərində nöqsan və (və ya) pozuntular aşkar edildikdə istehlakçının müraciəti əsasında təkrar müayinə qaz paylayıcısı tərəfindən 3 (üç) iş günündən gec olmayaraq aparılmalıdır. İstehlakçı təkrar müayinə üçün il ərzində 1 (bir) dəfədən çox müraciət edərsə növbəti müayinə ödənişli keçirilir. Ödənişin məbləği qaz paylayıcısı ilə istehlakçı arasında bağlanmış müqavilə ilə müəyyən edilir. Müayinə nəticəsində texniki xidmətin göstərilməsi zərurəti yarandıqda, bu Qanunun 6-3-cü maddəsi ilə müəyyən edilmiş tədbirlər görülməlidir. Maddə 11. Qaz fəaliyyəti sahəsində müqavilələr
6. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər X4 ilə tənzimlənir. X4 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 13. Qazın pаylаnmаsı, satılması və qazın verilməsinin dayandırılması.
8. Bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). 8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş X4 ilə tənzimlənir.
9. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “X4” 4.2. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir.
“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.5. istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar; 9.4. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür.
Məhkəmənin mövqeyi və gəldiyi nəticə Məhkəmə iddia ərizəsini, iddiaçının izahatını, cavabdehin nümayəndəsinin iddiaya yazılı etirazını, işə əlavə edilmiş sənədləri nəzərdən keçirərək, təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə tərəfindən iş üzrə halların araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçının yaşadığı ünvanda quraşdırılmış LTRON 4 markalı qaz sayğacı dəyişdirilərək dövlət yoxlaması keçirilməsi üçün göndərilmişdir. Ünvandan çıxarılan qaz sayğacının əvəzinə iddiaçının yaşadığı ünvana “Zenner” 4 markalı yeni sayğac quraşdırılmışdır. Çıxarılmış 1702AZ**********788 zavod seriya nömrəli sayğaca laboratoriya öz rəyini verərək, sayğacın klapanının işlək olmaması, yivli birləşmələrin korroziyaya uğraması, sayğacın hesablama mexanizminin qoruyucu örtüyü və element yuvasının qapağının alt hissədən çatlaması, sayğacın zavod seriya nömrəsi 2017-ci ilə məxsus olduğu halda, gövdənin 2012-ci ilə məxsus olması aşkar edilmiş, sayğacın arxivinin oxunması nəticəsində sayğacda “ALARM-1” rejiminin aktiv olması, xətaların normadan artıq olması, sayğacın minimal sərfiyyatda 100% nisbi xəta ilə işləməsi, hesablama mexanizminin minimal sərfiyyatda keçən qazın həcmini qeyd etməməsi, həmçinin sayğacın daxilinə baxış keçirilməsi zamanı kənar təsir izlərinin olmaması və sayğacın istismara yarasız vəziyyətdə olduğu müəyyən edilmişdir. Bununla əlaqədar cavabdeh xx.xx.2023-cü il tarixdə akt tərtib etmişdir. Həmin aktın nəticəsi olaraq 777.6 manat həcmində cərimə məbləğini iddiaçının abonent hesabına hesablamışdır. İddiaçı bu halla razılaşmayaraq, akt əsasında hesablanmış cərimə məbləğinin silinməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ilk növbədə vurğulayır ki, bu sahəni tənzimləyən qanunvericilikdə qaz sayğaclarının quraşdırılması, onların işlək vəziyyətdə saxlanılmasına nəzarət edilməsi, istehlakçı tərəfindən həmin sayğaclarının zədələnməsi, habelə təbii qazdan sayğacdan kənar (qanunsuz qoşulma yolu ilə) istifadə edilməsi hallarının müəyyən edilməsi, rəsmiləşdirilməsi, zərərin hesablanması, eyni zamanda istehlakçının bu prosesə cəlb edilməsi qaydası təsbit edilmiş və bu işlərin görülməsi (sayğacın işlək vəziyyətdə saxlanılmasına və təbii qazdan düzgün istifadə edilməsinə nəzarət edilməsi də daxil olmaqla) cavabdehin səlahiyyətlərinə aid edilməklə, aşkar edilmiş pozuntulara istehlakçı tərəfindən yol verilməsini sübut etmək vəzifəsi də məhz cavabdehin üzərinə qoyulmuşdur. Bu səbəbdən istehlakçının təbii qazdan qanunsuz qoşulma yolu ilə istifadə edilməsi aşkar edildikdə, cavabdehin əməkdaşları bu halları rəsmiləşdirilməsini, o cümlədən istehlakçının iştirakı ilə pozuntu halının qeydə alınmasını təsdiq edən müvafiq aktın tərtib edilməsini təmin etməlidir. Belə ki, istehlakçının iştirakının təmin edilməsi bu prosedurun şəffaflığı ilə bağlı olmaqla, istehlakçının məlumatlandırılması və məsələyə dair onun münasibətinin öyrənilməsi məqsədini daşıyır. Həmçinin, aşkar edilmiş pozuntu cavabdehin əməkdaşları tərəfindən texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınmalıdır. Məhkəmə nəzərə çatdırır ki, sayğaca müdaxilə, qanunsuz qoşulma halları aşkar edilərkən bunun rəsmiləşdirilməsi proseduru, o cümlədən görülməli olan tədbirlər və tərtib edilməli olan sənədlər “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinin 8-1-ci hissəsində təsbit edilmiş və hüquqi nəticə etibarı ilə qaz paylayıcısı tərəfindən ona vurulmuş zərərin ödənilməsinin istehlakçıdan tələb edilməsinin mümkünlüyü bu prosedurdan asılı edilmişdir. Başqa sözlə, həmin maddədə müəyyən edilmiş prosedura riayət edilməməsi vurulmuş zərərin ödənilməsinin istehlakçıdan tələb edilməsini, o cümlədən hər hansı məbləğdə cərimənin hesablanıb istehlakçının abonent saldosuna daxil edilməsini istisna edir. Lakin cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə akt tərtib edilərkən qeyd edilən prosedura riayət edilməmiş, o cümlədən tərtib edilmiş aktın bir nüsxəsi nə iddiaçıya, nə də ki, aidiyyəti orqana təqdim edilməmişdir. Belə ki, 01 may 2022-ci il tarixdən qüvvədə olan “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin 8-1-ci bəndinin tələblərinə uyğun olaraq, sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə bu barədə qazpaylayıcı tərəfindən akt tərtib edilməli və həmin aktın bir nüsxəsi barəsində akt tərtib edilmiş şəxsə, bir nüsxəsi isə inzibati xəta haqqında iş üzrə ictraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim edilməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vururlmuş zərərin ödənilməsini tələb edə bilər. Məhkəmə vurğulayır ki, iddiaçının sayğaca hər hansı müdaxilədə təqsirinin olmasına dair aidiyyəti orqan və ya məhkəmə qərarı mövcud olmadan, yalnız qaz sayğacının zədələnməsinin müəyyən edilməsi təklikdə buna görə istehlakçıya borc hesablanmasına əsas vermir. Cavabdeh İB tərəfindən İddiaçı qaz sayğacına ehtimal olunan müdaxilə etməklə qanunazidd hərəkəti nəticəsində ona 777.6 manat məbləğində zərər vurulması, bu zərərlə iddiaçının ehtimal olunduğu qanunazidd hərəkəti arasında səbəbli əlaqənin olması və bu zərərin vurulmasında iddiaçının təqsirli olmasını təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmiş, iddia tələbinə etirazın əsaslandırıldığı hallar sübut olunmamışdır. Belə mötəbər sübutlar cavabdehin nümayəndəsinin iddiaya yazılı etirazında da göstərilməmiş və həmin etiraza əlavə olunmamışdır. Beləliklə də, hazırki iş üzrə tərtib edilmiş aktın qəbul edilməsi üçün əsas olmuş halları, aktın və hesablanmış borcun doğruluğunu sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşdüyündən və həmin aktın qəbul edilməsi üçün əsas olmuş hallar, eləcə də həmin halların mövcudluğu cavabdeh tərəfindən sübuta yetirilmədiyindən həmin akt üzrə göstərilmiş həcmdə hesablanmış zərər istehlakçı tərəfindən ödənilməməlidir. Bundan əlavə olaraq, qanun normasının tələbinə görə məişət qaz qurğularını istifadə edən məişət abonentləri (yaşayış evlərində və mənzillərdə, o cümlədən Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 91-ci maddəsində nəzərdə tutulan xüsusi təyinatlı yaşayış sahələrində məişət ehtiyacları üçün qazdan istifadə edən fiziki şəxs) üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması qaz paylayıcının vəsaiti hesabına, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qeyd olunanlar əsasında məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh təşkilat tərəfindən iddiaçıya 777.6 manat təbii qaz borcu əsassız hesablanmışdır və əsassız olaraq da həmin borc iddiaçının abonent hesabına daxil edilməklə ondan tələb edilir. Bu da qaz istehlakçısı kimi iddiaçının hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Ona görə də İddiaçı pozulmuş hüquqları bərpa olunmalı və əsassız hesablanmış 777.6 manat qaz borcu İddiaçı abonent hesabından silinməlidir. Məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İş materiallarından görünür ki, qanunvericiliyin tələbinə əsasən hazırki iddianın qaldırılması üçün iddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğuna görə dövlət rüsumu ödəməmişdir. Ona görə məhkəmə həmçinin hesab edir ki, iddia təmin edildiyi və iddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğu üçün Cavabdeh İB-dən 30 manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə
qət etdi:
İddia təmin edilsin. İddiaçı məxsus **********00121 saylı abonent koduna xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında hesablanmış 777.6 (yeddi yüz yetmiş yeddi manat altmış qəpik) manat məbləğində borc silinsin. Ödənilməmiş 30 (otuz) dövlət rüsumu Cavabdeh İB-dən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Fəridə Rzayeva