Məhkəmə qərarları › İş №2(010)-1450/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1450/2021

16.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1450/2021 16.07.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Səltənət Ələsgər qızının katibliyi ilə İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh Müsənnif oğluna qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı Cavabdeh Müsənnif oğluna qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Müsənnif oğlundan 23.000 (iyirmi üç min) manat məbləğində pulun, əldən çıxmış fayda 5.000 manat, illik faizə görə 2.875 manat və ödədiyi 30 manat dövlət rüsumunun alınıb iddiaçıya ödənilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o Cavabdeh Müsənnif oğlu ilə 2018-ci ilin mart ayında tanış olmuşdur. Belə ki, 02.03.2018-ci il tarixdə o, "xxxx" MMC-nin təsisçisi və direktoru olaraq ünvan 1 ünvanda yerləşən, cavabdehin İdarə Heyətinin sədri olan "xxxx" ASC ilə rəsmi olaraq müqavilə bağlamış, həmin Açıq Səhmdar Cəmiyyətinə 10.844 manat məbləğində vəsaiti bank vasitəsilə köçürmüş, təmir-tikinti işləri apardığı obyektə “Avropa” tipli tək laylı qapı blokları almış, eyni zamanda əlavə olaraq 10.04.2018-ci il tarixdə 9086 manat, 16.04.2018-ci il tarixdə 12.979 manat, 17.04.2018-ci il tarixdə 3.115 manat və 11.800 manat məbləğində pul vəsaiti rəsmi müqavilələr əsasında yuxarıda qeyd etdiyi ASC-yə bank vasitəsilə köçürmüş və obyektə laminat parketi, qoşa laylı “Avropa” tipli qapı blokları və dekorativ elektrik dirəkləri almışdır. Qeyd etdiyi müqavilələr üzrə cavabdeh tərəfindən bütün öhdəlikləri vaxtında yerinə yetirilmişdir. Beləliklə, iddiaçı ilə cavabdeh arasında səmimi münasibətlər yaranmışdır. 2018-ci ilin avqust ayın ortalarında iddiaçıya ofisin abadlaşdırılması üçün müxtəlif çeşiddə mebel lazım oldu və bu barədə iddiaçı cavabdehlə danışıb razılaşdı və ona 23.000 (iyirmi üç min) manat məbləğində nəğd şəkildə pul vermişdir. Mebel üçün pulun verilməsi barədə sadə formada tərtib olunmuş qəbzdə cavabdeh özü imza etdi və qısa müddət ərzində tərəfindən verilmiş sifarişin icra olunacağına söz verdi. Lakin buna baxmayaraq cavabdeh bu müddət ərzində müxtəlif bəhanələrlə iddiaçıya mebelin verilməsindən və ya tərəfindən ödənilmiş 23.000 (iyirmi üç min) manat məbləğində pulun qaytarılmasından uzun müddətdir müxtəlif bəhanələrlə boyun qaçırır. Cavabdehin istifadəsində olmuş ***-***-**-** nömrəli telefon bağlı olduğu üçün iddiaçı məcbur olub "xxxx" ASC-nin yerləşdiyi ünvana getdi və orada məlum oldu ki, cavabdeh işlədiyi vəzifəsindən azad olunub və onun harada olması barədə məlumatları yoxdur. Beləliklə, iddiaçı cavabdeh tərəfindən ələ keçirilmiş və iddiaçıya məxsus olan 23.000 (iyirmi üç min) manat məbləğində pulunu bu günə kimi ondan ala bilmir. İddiaçı cavabdehdən verdiyi pulu ala bilmədiyindən və yaranmış mübahisəni məhkəmədən kənar həlli istiqamətində gördüyü tədbirlər bir nəticə vermədiyindən hesab edir ki, yaranmış mübahisənin həlli yalnız qanunvericilikdə göstəridən qaydada məhkəmə vasitəsilə həyata keçirilə bilər. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Maddi hüquq normalarından göründüyü kimi, dəfələrlə Cavabdeh xəbərdarlıq etməyinə baxmayaraq aldığı pulları vaxtında qaytarmamışdır. Buna görə də iddiaçıya həddən artıq zərər dəymişdir. Həmin pullar vasitəsilə qazanc əldə etmək imkanından məhrum edilmişdir Hansı ki, həmin pul vasitəsilə alver etməklə dünyada mövcud olan pandemiyanı da nəzərə almaqla iddia qaldırdığı vaxta kimi 5.000 manat qazanc əldə edə bilərdi. Bundan başqa, cavabdehdə olan pullarına gecikdirilmiş vaxta görə illik 5 faiz hesablamaqla cəmi 2.875 manat faiz borcu da yaranmışdır. Bununla əlaqədar İddiaçı Cavabdeh oğlundan 23.000 (iyirmi üç min) manat məbləğində pulun, əldən çıxmış fayda 5.000 manat, illik faizə görə 2.875 manat və ödədiyim 30 manat dövlət rüsumunun alınıb mənə verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı Azərbaycan Respublikası 53-cü maddəsinə uyğun olaraq iddianın azaldılmasına dair ərizəsini verərək, 5000 (beş min) manat məbləğində əldən çıxmış fayda hissəsində iddianın azaldılmasını xahiş etmişdir. Cavabdeh Müsənnif oğlu məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə mülki işin materiallarını, təqdim edilmiş sübutları məcmu şəkildə araşdıraraq, iddiaçının izahatına dinləyərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Mülki işin materiallarında olan: İddiaçı tərəfindən təqdim edilmiş yazılı qəbzdə qeyd olunur: “Pənah müəllimə mebel puldan 23000 (iyirmi üç) min manat verdim. ” İddiaçı tərəfindən təqdim edilmiş 06 saylı malların satınalma müqaviləsinə uyğun olaraq sifarişçi olan "xxxx" MMC adından direktor İddiaçı şəxsində bir tərəfdən və digər tərəfdən bundan sonra icraçı olan "xxxx" ASC-nin direktoru Cavabdeh arasında 02 mart 2018-ci il tarixdə müqavilə bağlanaraq sifarişçi malların satınalması üçün icraçının 10844.75 manat ƏDV ilə birlikdə məbləğində təklifini qəbul etmişdir. İcraçı müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında sifarişçiyə satınalınan malları təhvil verilməsini öhdəsinə götürür. Mallar İcraçının bu müqavilədə göstərilmiş şərtlərə uyğun olmadıqda, icraçı aşkarlanan qüsurların aradan qaldırılmasına təminat verir. Sifarişçi müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında malların icraçıdan qəbul edilməsini və dəyərinin ödənilməsini öhdəsinə götürür. İddiaçı tərəfindən təqdim edilmiş "xxxx" ASC-nin direktoru Cavabdeh və "xxxx" MMC adından direktor İddiaçı tərəfindən imzalandığı 02 mart 2018-ci il tarixli müqaviləyə əlavəyə əsasən “Avropa” tipli tək laylı qapı blokları və “Avropa” tipli qoşa laylı qapı blokları üçün 10.844.75 manat ödənilməsi öhdəliyə qeyd edilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş 10 saylı malların satınalma müqaviləsinə uyğun olaraq sifarişçi olan "xxxx" MMC adından direktor İddiaçı şəxsində bir tərəfdən və digər tərəfdən bundan sonra icraçı olan "xxxx" ASC-in direktoru Cavabdeh arasında 17 aprel 2018-ci il tarixdə müqavilə bağlanarq sifarişçi malların satınalması üçün icraçının 3115.20 manat ƏDV ilə birlikdə məbləğində təklifini qəbul etmişdir. İcraçı müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında sifarişçiyə satınalınan malları təhvil verilməsini öhdəsinə götürür. Mallar İcraçının bu müqavilədə göstərilmiş şərtlərə uyğun olmadıqda, icraçı aşkarlanan qüsurların aradan qaldırılmasına təminat verir. Sifarişçi müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında malların icraçıdan qəbul edilməsini və dəyərinin ödənilməsini öhdəsinə götürür. İddiaçı tərəfindən təqdim edilmiş 11 saylı malların satınalma müqaviləsinə uyğun olaraq sifarişçi olan "xxxx" MMC adından direktor İddiaçı şəxsində bir tərəfdən və digər tərəfdən bundan sonra İcraçı olan "xxxx" ASC-in direktoru Cavabdeh arasında 20 aprel 2018-ci il tarixdə müqavilə bağlanaraq sifarişçi malların satınalması üçün icraçının 11800.86 manat ƏDV ilə birlikdə məbləğində təklifini qəbul etmişdir. İcraçı müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında sifarişçiyə satınalınan malları təhvil verilməsini öhdəsinə götürür. Mallar İcraçının bu müqavilədə göstərilmiş şərtlərə uyğun olmadıqda, icraçı aşkarlanan qüsurların aradan qaldırılmasına təminat verir. Sifarişçi müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında malların icraçıdan qəbul edilməsini və dəyərinin ödənilməsini öhdəsinə götürür. İddiaçı tərəfindən təqdim edilmiş 08 saylı malların satınalma müqaviləsinə uyğun olaraq sifarişçi olan "xxxx" MMC adından direktor İddiaçı şəxsində bir tərəfdən və digər tərəfdən bundan sonra İcraçı olan "xxxx" ASC-nin direktoru Cavabdeh arasında 20 aprel 2018-ci il tarixdə müqavilə bağlanaraq sifarişçi malların satınalması üçün icraçının 11800.86 manat ƏDV ilə birlikdə məbləğində təklifini qəbul etmişdir. İcraçı müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında sifarişçiyə satınalınan malları təhvil verilməsini öhdəsinə götürür. Mallar İcraçının bu müqavilədə göstərilmiş şərtlərə uyğun olmadıqda, icraçı aşkarlanan qüsurların aradan qaldırılmasına təminat verir. Sifarişçi müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında malların icraçıdan qəbul edilməsini və dəyərinin ödənilməsini öhdəsinə götürür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş 02 iyun 2021-ci il tarixli, 4/486 saylı ekspert rəyinə əsasən tədqiqatın nəticəsi olaraq ekpertizaya təqdim edilmiş, mülki işin 53-cü vərəqinin üzərində “Pənah müəllimə mebel puldan 23000 (iyirmi üç min) manat verdim” yazıları olan qəbzdə “Pənah” yazısı qarşısındakı imza, mülki işin 55-ci vərəqində olan 23 aprel 2018-ci il tarixli təhvil təslim aktnda “təhvil verdi” hissəsində “Cavabdeh” qrafasındakı imza, mülki işin 56-cı vərəqind olan 16 aprel 2018-ci il tarixli 09 saylı müqaviləyə əlavədə ”Cavabdeh” qafasındakı imza və mülki işin 58-ci vərəqində olan 16 aprel 2018-ci il tarixli ödəniş tapşırığında “Direktor” qrafasındakı imza eyni şəxs tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. - 752.2-ci maddəsinə əsasən Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. - 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. - 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdaifə edib onun təmin edilməsini xahiş etmişdir. Hazırki mərhələdə Cavabdeh Müsənnif oğlunun iddiaçı tərəfindən verilmiş 23.000 manat ödənilməsinə dair yazılı qəbzdə və iddiaçı tərəfindən təqdim edilmiş cavabdehin imzaladığı 16 aprel 2018-ci il tarixli müqavilənin sənədlərində (təhvil-təslim aktı, müqaviləyə əlavə, ödəniş tapşırığı) çəkdiyi imzaların eyniliyi təşkil edilib-edilməməsinə dair xəttşünaslıq ekspertizasının keçirilməsinə dair vəsatət vermişdir. Mülki işin materiallarında olan əlyazma qəbzdə qeyd olunub: “Pənah müəllimə mebel puldan 23000 (iyirmi üç) min manat verdim. ” Məhkəmə qeyd edir ki, borc, tapşırıq və həmçinin də podrat münasibətlərindən irəli gələn mübahisələrdə tərəflər arasında bu hüquq münasibətlərinin mövcududluğunu təsdiq olunması üçün praktikada bir çox hallarda yazılı qəbzlər sübut növü kimi məhkəməyə təqdim olunur. Belə yazılı qəbzlər məhkəmə tərəfindən tərəflərin işin halları haqqında izahatları əsasında, mülki prosessual qanunvericiliyi ilə nəzərdə tutulan qaydada – heç bir sübutun əvvəlcədən müəyyən olunmuş qüvvəyə malik olmadığını nəzərə almaqla, işdə olan sübutların hərtərəfli, tam, obyektiv və birbaşa tədqiqinə əsaslanan daxili inamına görə qiymətləndirilməlidir. Bu qəbzlərin mövcudluğu birtərəfli qaydada, özü-özlüyündə tərəflər arasında borc müqaviləsinin bağlanması faktının qeydşərtsiz və müstəsna sübutu deyil və işin digər halları ilə birlikdə, məsələn, tərəflərin arasında əvvəllər də borc münasibətlərinin olması, onların hazırki borc münasibətlərinə girməzdən əvvəl qarşılıqlı yazışması, danışıqları, onların arasında mövcud olmuş və ya hazırda mövcud olan əmtəə və pul dövriyyəsi, digər müqavilə və ya müqavilədən kənar öhdəliklərinin olub-olmaması, cavabdeh tərəfindən məhz borc öhdəliklərinin mövcudluğunu təsdiq edən hərəkətlərin edilməsi, yəni güvənliyi şübhə doğurmayan bir neçə sübutun məcmusu ilə qiymətləndirilməlidir. İddiaçı məhkəmədə verdiyi izahatında göstərmişdir ki, Cavabdeh Müsənnif oğlu ilə 2018-cu ilin mart ayında tanış olmuşdur. Belə ki, 02.03.2018-ci il tarixdə o, "xxxx" MMC-nin Təsisçisi və direktoru olaraq ünvan 1 ünvanda yerləşən, cavabdehin İdarə Heyətinin sədri olan "xxxx" ASC ilə rəsmi olaraq müqavilə bağlamış, həmin Açıq Səhmdar Cəmiyyətinə 10.844 manat məbləğində vəsaiti bank vasitəsilə köçürmüş, təmir-tikinti işləri apardığı obyektə “Avropa” tipli tək laylı qapı blokları almış, eyni zamanda əlavə olaraq 10.04.2018-ci il tarixdə 9086 manat, 16.04.2018-ci il tarixdə 12.979 manat, 17.04.2018-ci il tarixdə 3.115 manat və 11.800 manat məbləğində pul vəsaiti rəsmi müqavilələr əsasında yuxarıda qeyd etdiyi ASC-yə bank vasitəsilə köçürmüş və obyektə laminat parketi, qoşa laylı “Avropa” tipli qapı blokları və dekorativ elektrik dirəkləri almışdır. Qeyd etdiyi müqavilələr üzrə cavabdeh tərəfindən bütün öhdəlikləri vaxtında yerinə yetirilmişdir. Beləliklə, iddiaçı ilə cavabdeh arasında səmimi münasibətlər yaranmışdır. 2018-ci ilin avqust ayın ortalarında iddiaçıya ofisin abadlaşdırılması üçün müxtəlif çeşiddə mebel lazım oldu və bu barədə iddiaçı cavabdehlə danışıb razılaşdı və ona 23.000 (iyirmi üç min) manat məbləğində nəğd şəkildə pul vermişdir. Mebel üçün pulun verilməsi barədə sadə formada tərtib olunmuş qəbzdə cavabdeh özü imza etdi. Lakin buna baxmayaraq cavabdeh bu müddət ərzində iddiaçıya mebelin hazırlanmasından və ya tərəfindən ödənilmiş 23.000 (iyirmi üç min) manat məbləğində pulun qaytarılmasına dair öhdəliyin uzun müddətdir icra etmir. Göstərilənləri nəzərə alan məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim olunan, müəllifi cavadeh olduğu ekspertiza rəyi ilə müəyyən edilmiş yazılı qəbzin məzmunundan tərəflər arasında öhdəliklərinin mövcud olması və nəticə etibarı ilə iddiaçının cavabdehə 23.000 manat məbləğində olan pul məbləğinin qaytarılması öhdəliyinin mövcud olması barədə qənaətinə gəlmək mümkündür. İddianın illik faizə görə 2.875 manat pul vəsaitinin tutulmasına barədə iddianın bu hissəsinə dair məhkəmə qeyd edir ki, tərəflərin arasında podrat müqaviləsi üzrə cavabdehin lazımi qaydada öhdəliyin icra edilməməsi nəticəsində illik faiz şəklində hər hansı pul vəsaitinin ödənilməsi nəzərdə tutulmamış, iddiaçı həmin öhdəliyin mövcud olması və illik faiz şəklində əldən çıxmış faydanın mövcud olması barədə hər hansı sübut təqdim etməmişdir. Bununla əlaqədar məhkəmə iddianı bu hissədə əsaslı hesab etmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə almışdır ki, Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə uyğun olaraq, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəlləinin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəlləinin 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə toplanmış sübutları tam və hərtərəfli araşdıraraq, sübutlara cəm halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh Müsənnif oğlundan 23000 manat tutularaq İddiaçı ödənilməlidir Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iddia qismən təmin edildiyindən iddia ərizəsi üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddiaçı Cavabdeh Müsənnif oğluna qarşı pul tələbinə dair iddia qismən təmin edilsin. Cavabdeh Müsənnif oğlundan 23000 manat tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. İddia ərizəsi üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar