Məhkəmə qərarları › İş №2(010)-1453/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-1453/2024

30.01.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-1453/2024 30.01.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən Suraxanı Rayon Məhkəməsinin hakimi Məmmədov Tural Nurulla oğlu, İddiaçı Cavabdeh ASC-nə qarşı «aktın etibarsız hesab edilməsi və akt əsasında əsassız hesablanmış borcun silinməsi» tələbinə dair iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədlərə baxaraq, Müəyyən etdim: İddiaçı Cavabdeh ASC-nə qarşı aktın etibarsız hesab edilməsi və akt əsasında əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2008-ci il tarixli, 2275 saylı aktın etibarsız hesab edilməsi və həmin akt əsasında əsassız hesaablanmış 5282.12 manat məbləğində pulun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, ərizənin icraata qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.1. ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 24.2-ci maddəsinin tələbinə görə, Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 Sentyabr 2020-ci il tarixli, 10 nömrəli Qərarının 24-cü bəndində qeyd edilmişdir ki, nəzərə alınmalıdır ki, fiziki şəxslərdən fərqli olaraq sahibkarlıq subyektlərinin, qeyri-hökumət təşkilatlarının, publik hüquqi şəxslərin, bələdiyyələrin və dövlət orqanlarının su, qaz və elektrik enerjisindən istifadə etmələri (fərdi sahibkar statusuna malik olan fiziki şəxsin şəxsi istehlakı istisna olmaqla) onların şəxsi tələbatını ödəmək məqsədi daşımadığından “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu münasibətlər istehlak münasibətləri hesab edilmir. İstinad edilənlər, habelə hüquq münasibətlərinin xarakteri ilə bağlı bu Qərarın 13-cü bəndində qeyd edilənlər baxımından təbii inhisar subyektləri olmaqla fəaliyyətləri həm də sahibkarlıq elementlərini ehtiva edən “Azəriqaz” İB, "xxxx" ASC, Cavabdeh ASC kimi enerji və su təchizatı qurumları ilə digər sahibkarlıq subyektləri arasında öz fəaliyyətlərinin həyata keçirilməsi üçün qaz, su və elektrik enerjisindən istifadədən irəli gələn mübahisələrə kommersiya məhkəmələrində baxılmalıdır. Bu mübahisələrin bir tərəfi qismində qeyri-hökumət təşkilatları və publik hüquqi şəxslər çıxış etdikdə isə, həmin işin kommersiya məhkəməsində baxılması imkanı sərfiyyatın onların sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı fəaliyyətindən irəli gəldiyi halla məhdudlaşmış olacaqdır. Dövlət orqanları və bələdiyyələrlə adıçəkilən enerji və su təchizatı qurumları arasında olan mübahisələrə isə bu Qərarın 23-cü bəndinə əsasən kommersiya məhkəmələrində baxılacaqdır. Hazırkı iddia tələbinin məzmunundan aydın olur ki, silinməsi tələb edilən məbləğ cavabdeh qurum tərəfindən iddiaçıya məxsus hüquqi şəxsə hesablanmışdır. Belə ki, iddiada qeyd edilmişdir ki, cavabdeh qurumun əməkdaşları iddiaçıya məxsus Varis firmasının nəzdində fəaliyyət göstərən avtoyuma məntəqəsinə qanunsuz olaraq akt tərtib edərək cərimə yazmışlar. Ona görə də, hesab edirəm ki, hazırkı iddia tələbinə rayon-şəhər məhkəməsində baxılması mümkün deyildir. Ona görə ki, mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı fəaliyyətindən irəli gəlib. Mülki-prosessual qanunvericiliyin yuxarıda istinad olunan normalarından görünür ki, qanunverici işlərin kommersiya məhkəməyə aid edilməsinin əsas meyarları kimi həm mübahisənin yarandığı hüquq münasibətinin iştirakçılarının subyekt tərkibini, həm mübahisənin predmetini, həm də hüquq münasibətinin xarakterini əsas götürmüşdür. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 153-cü maddəsini rəhbər tutaraq, məhkəmə Qərara aldım: İddiaçı Cavabdeh ASC-nə qarşı «aktın etibarsız hesab edilməsi və akt əsasında əsassız hesablanmış borcun silinməsi» tələbinə dair ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin və ərizəyə əlavə edilmiş sənədlər İddiaçı qaytarılsın. İddiaçıya izah olunsun ki, onun hazırki tələblə bağlı aidiyyəti kommersiya məhkəməsinə müraciət etmək hüququ vardır. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar