Məhkəmə qərarları › İş №2(010)-147/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-147/2025

05.03.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-147/2025 05.03.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X4 iclas katibliyi, Ərizəçinin nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə Ərizəçi (Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti maraqlı şəxs qismində cəlb edilməklə) “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçinin xahişi.

1. Ərizəçi (Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti maraqlı şəxs qismində cəlb edilməklə) “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi”nə dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən xx.xx.1997-ci il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

Ərizənin əsaslandırıldığı hallar.

2. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi qardaşı – xx.xx.1997-ci il təvəllüdlü X7 “Anadangəlmə hidrosefaliya Amoidkiori sendromu. Başı çox böyükdür. Daxili çəpgözlük, spastik paraplegiya” diaqnozu ilə birinci dərəcə əlillik verilmiş və onun kənar şəxsin qulluğuna ehtiyacı olduğundan ona daima ərizəçi tərəfindən qulluq edilmişdir. Bununla bağlı ərizəçiyə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müvafiq müavinət təyin edilmişdir. Eyni zamanda, X6 ciddi davranış pozuntuları müşahidə edildiyindən bununla bağlı ərizəçinin müraciəti və 43 nömrəli şəhər poliklinikasının göstərişi ilə o, 2 nömrəli X2 həkim psixiatr komissiyası tərəfindən müayinə edilmişdir. Həkim psixiatr komissiyasının xx.xx.2024-cü il tarixli, 2124 nömrəli rəyinə əsasən, X1 şəxslərin himayəsini və qulluğunu zəruri edən “kobud davranış pozuntuları ilə orta kəmağıllıq, imbesillik” diaqnozu qoyulmuşdur. Ərizəçi bildirir ki, sonuncu dəfə aşkar edilmiş xəstəlik səbəbindən qardaşı X9 öz hərəkətlərinə rəhbərlik edə bilmir və etdiyi hərəkətlərin mənasını başa düşmür. O, öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək iqtidarında deyildir.

Tərəflərin izahatları.

3. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi (vəkili) Vəkil ərizəni müdafiə edərək, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

İş materialları.

5. Culfa rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2002-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 290070 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi (atası X8, anası X10) xx.xx.2002-ci il tarixdə Naxçıvan Muxtar Respublikası, Culfa rayonu, Əbrəqunus kəndində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2002-ci il tarixdə 439 nömrə ilə qeyd edilmişdir.

6. Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2024-cü il tarixli cavab məktubunun surətindən görünür ki, ərizəçiyə qüvvədə olan qanunvericiliyin tələbləri izah edilmiş və şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir.

7. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışın surətindən görünür ki, X9 xx.xx.2013-cü il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadır.

8. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X2 Həkim Psixiatr Komissiyası tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 2124 nömrəli rəyin surətindən görünür ki, xx.xx.1997-ci il təvəllüdlü X7 “orta kəmağıllıq, imbesillik, kobud davranış pozuntuları ilə” diaqnozu təyin edilmiş və sonuncunun kənar şəxslərin himayəsində və qulluğuna ehtiyacının olması qeyd edilmişdir.

9. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi mərkəzləşdirilmiş elektron informasiya sistemindən xx.xx.2024-cü il tarixli Tibbi-Sosial Ekspert Komissiyasında (TSEK) sonuncu müayiənəyə dair məlumatın verilməsi ilə bağlı çıxarışdan görünür ki, xx.xx.1997-ci il təvəllüdlü X7 xx.xx.2015-ci il tarixdə “Anadangəlmə hidrosefaliya Amoid kiori sindromu, Başı çox böyükdür, Daxili çəpgözlük, spastik paraplegiya” diaqnozu ilə müddətsiz İ dərəcə əlillik təyin edilmişdir.

10. Culfa rayon İcra Hakimiyyətinin Əbrəqunus kənd nümayəndəliyi tərəfindən xx.xx.1997-ci il tarixdə verilmiş XX-JQ seriyalı, 386026 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X9 (atası X8, anası X11) xx.xx.1997-ci il tarixdə Naxçıvan Muxtar Respublikası, Culfa rayonu, Əbrəqunus kəndində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1997-ci il tarixdə 29 nömrə ilə qeyd edilmişdir.

11. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X17 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3442 nömrəli ekspert rəyindən görünür ki, X6 Makrosefaliyalı şəxsdə yüngül (orta debillik dərəcəsində) əqli gerilik, davranış pozuntuları ilə müəyyən edilir. Bunu anamnestik məlumatlar, təqdim edilmiş tibbi sənəd və hal-hazırkı psixiatrik müayinənin nəticələri (anamnestik məlumatlara görə körpəlikdən nevroloji pozuntu əlamətləri müşahidə edilməsi, hidrosefaliyadan əziyyət çəkməsi, uşaq yaşlarında beyin əməliyyatı keçirməsi, erkən psixi inkişafında qüsurlu olmasının büruzə verməsi, hərbi xidmətə yararsız hesab edilməsi, xəstəliyi ilə əlaqədar İ qrup əlil olması, qardaşının verdiyi məlumata görə vaxtaşırı səbəbsiz narahatçılığı, küskünlüyü, əsəbiliyi büruzə verdiyi üçün Bakı şəhər 2 saylı X3 müayinə edilərək ona sakitləşdirici müalicə təyin edildiyini, hal-hazırda da müalicə qəbul etməsi, həmin xəstəxanada müayinə edilərkən onda “orta kəmağıllıq, imbesillik kobud davranış pozuntuları ilə kənar şəxslərin himayəsinə və qulluğuna ehtiyacı var (F71.1, Z74.3)” diaqnozunun müəyyən edilməsi, həmçinin hazırkı müayinə zamanı aşkar olunan əlamətlər: bilik ehtiyatının kasadlığı, təfəkkürünün konkret xarakter daşıması, abstraktlaşdırma qabiliyyətinin zəifliyi müəyyən edilməsi, sadə hesablama əməliyyatlarını düzgün cavablandırsa da, nisbətən çətin hesablama əməliyyatlarını (onluqlar həddində), xüsusən çıxma əməliyyatını yerinə yetirə bilməməsi, atalar sözləri və metaforaların məcazi mənasını başa düşməməsi, bir sıra ümumi qəbul edilmiş anlayışlarla tanış olmaması, vacib tarixi hadisələr barəsində anlayışının olmaması, yaddaşında zəiflik müəyyən edilməsi, maraq dairəsinin məhdudluğu, adi tələbatlarını ödəməklə kifayətlənməsi müəyyən edilməsi, keçirilən ekspertizanın məqsədini dərk etməməsi, nəticəsinə maraq göstərməməsi və s.) sübut edir. X9 öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə etmək iqtidarında deyildir. Buna görə də X9 tam fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. X6 müəyyən edilmiş Makrosefaliyalı şəxsdə yüngül (orta debillik dərəcəsində) əqli gerilik, davranış pozuntuları ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir.

İşin faktiki halları.

12. xx.xx.1997-ci il təvəllüdlü X9 Ərizəçi qardaşıdır. Belə ki, ərizəçi qardaşı xx.xx.1997-ci il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi ilə bağlı əvvəlcə ərazi üzrə yerli icra hakimiyyəti orqanına müraciət etmiş, lakin müraciəti müsbət nəticələnmədiyi üçün hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir.

13. Şəxsin tam fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilib-edilməməsi məsələsinin həlli baxımından psixi vəziyyətinin müəyyən edilməsi üçün məhkəməpsixiatriya ekspertizası təyin edilmiş və müvafiq rəy məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X17 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3442 nömrəli ekspert rəyindən görünür ki, X6 Makrosefaliyalı şəxsdə yüngül (orta debillik dərəcəsində) əqli gerilik, davranış pozuntuları ilə müəyyən edilir.

14. X9 öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə etmək iqtidarında deyildir. Buna görə də X9 tam fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. X6 müəyyən edilmiş Makrosefaliyalı şəxsdə yüngül (orta debillik dərəcəsində) əqli gerilik, davranış pozuntuları ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir.

Tətbiq edilən hüquq.

15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

Maddə 28. Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti. 28.8. Ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər.

16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 305. Məhkəmənin xüsusi icraat qaydasında baxdığı işlər. 305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.1.3. şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında. Maddə 317. Ərizənin verilməsi. 317.2. Məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. 317.3. Şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Maddə 321. Məhkəmənin ərizə üzrə qətnaməsi. 321.1. Şəxsin məhdud fəaliyyət qabiliyyətli hesab edilməsinə dair məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən fəaliyyət qabiliyyəti məhdudlaşdırılan şəxs üzərində himayəçi təyin etmək üçün əsasdır. 321.2. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır.

Məhkəmənin mövqeyi.

17. Psixi vəziyyətinə görə hərəkətlərinin mənasını başa düşmək və öz hərəkətlərini idarə etmək iqtidarında olmayan X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş onun qardaşının ərizəsi üzrə qaldırılmış və fəaliyyət qabiliyyəti olmayan hesab edilməli olan şəxsin yaşayış yeri üzrə məhkəməyə verilmişdir. Şəxsin psixi vəziyyətini müəyyən etmək üçün keçirilmiş psixiatrik ekspertiza nəticəsində fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilməsi üşün əsaslar olduğuna dair müvafiq rəy verilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, ərizənin təmin edilməsi üçün kifayət qədər qanuni əsas vardır.

Məhkəmənin gəldiyi nəticə.

18. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1997-ci il təvəllüdlü X9 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir.

19. Şərh оlunаnlаrа əsаsən və MPM-in 216-220, 335-338, 227, 357 və 360-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə

QƏT ETDİ:

Ərizə təmin edilsin. xx.xx.1997-ci il təvəllüdlü X9 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar