Məhkəmə qərarları › İş №2(010)-1470/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1470/2022

14.04.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1470/2022 14.04.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Həsənzadə Leyla Fərhad qızının katibliyi, İddiaçı Cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh X1rşı aktın etibarsız hesab edilməsi və akta görə hesablanmış borc məbləğinin silinməsi barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "Azəriqaz" İB tərəfindən ona məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə qarşı tərtib edilmiş 19.11.2021-ci il tarixli ******* nömrəli aktının etibarsız hesab edilməsi və həmin akta əsasən hesablanmış 462.3 (dörd yüz altmış iki manat otuz qəpik) manat borc məbləğlərinin qanunsuz və əsassız hesab edilərək 1002AQ**********0 saylı abonent hesabından (saldo) silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində yaşayır. Həmin ünvanda qaz sayğacının quraşdırılması barədə onunla cavabdeh "Azəriqaz" İB arasında qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqısatqı müqaviləsi bağlanmış və həmin müqavilə əsasında yaşadığı evə Smart tipli qaz sayğacı quraşdırılmışdır. Yaşadığı müddətdən hal-hazırkı vaxtadək mütəmadi olaraq istifadə olunmuş qaz enerjisinə görə ödənilməli olan məbləğləri tam şəkildə ödəmişdir. Lakin oktyabr ayında onun evinə quraşdırılmış qaz sayğacının istismar vaxtının qurtarması bildirilərək, qaz sayğacı dəyişdirilmiş və həmin vaxtdan 1 ay sonra 19 noyabr 2021-ci il tarixdə ona guya qaz xəttindən kənar qaz istifadə etməsi bildirilmişdir. Lakin sayğac yoxlamaya aparıldıqdan sonra guya sayğacda sərfiyyat fərqi müəyyən edilmiş və ona 462.3 manat borc hesablanmışdır. Lakin bu barədə ona heç bir məlumat verilməmiş, qaz sayğacı çıxarılıb yoxlamaya aparıldıqdan sonra borcun yaranması bildirilmişdir. O, bildirişin səbəbini öyrənmək məqsədilə cavabdehə ərizə ilə müraciət etdikdə, ona bildirildi ki, guya 25.10.2021-ci il tarixdən onun evində sayğacdan kənar qaz istifadə olunduğu müəyyən edilmiş və buna görə də ona 462.3 manat cərimə hesablanmışdır. O, Qaz istismar idarəsinin əməkdaşlarına onların bu hərəkətlərinin qanunsuz və əsassız olduğunu bildirmişdir. Ona akt tərtib edilərkən heç bir məlumat verilməmişdir. Cavabdeh "Azəriqaz'' İB-in əməkdaşları ona "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında" 19.11.2021-cı il tarixli ******* saylı aktın yazıldığını va həmin akta əsasən hesablanmış 462.3 manat cərimə məbləği ödəməli olduğunu bildirmişlər. Cavabdeh "Azəriqaz'' İB məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək, iddiaçıya saldo üzrə 432 manat borc yazıldığını, borcun əsaslı olduğunu bildirdi və hazırki iddia tələbinin təmin edilməməsini xahiş etdi. Ərizə onunla əsaslandırılmışdır ki, hazırki iddia tələbi əsassız olduğundan və heç bir sənədlə təsdiq edilmədiyindən təmin edilməməlidir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək ona əsassız olaraq yazılmış borcun silinməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 borc məbləğinin 432 manat olduğunu qeyd edərək hazırkı iddia tələbinin əsasız olduğundan onun təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyərək iş materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbi qismən əsaslıdır, ona görə də iddia qismən təmin edilməlidir. İş materiallarında olan ******* saylı, 21.10.2021-ci il tarixli aktdan görünür ki, G-4 İtron markalı, 1802A**********260 saylı sayğacın plombu yenisi ilə əvəz edilmişdir. İş materiallarına əlavə edilmiş ******* saylı, 19.11.2021-ci il tarixli “Akt” dan görünür ki, aparılmış laboratoriya yoxlamaları nəticəsində İddiaçı məxsus 1802A**********260 saylı sayğacın klapanının işlək olmadığı və sayğacda Alarm rejiminin aşkar edilmədiyi qeyd olunmuşdur. İş materiallarında olan cavabdeh tərəfindən təqdim olunmuş **********00111 saylı abonent saldosundan görünür ki, İddiaçı istifadə etdiyi ZENNER G4T MEXANİKİ markalı sayğac üzrə 2021-ci il üçün 432 manat borc hesablanmışdır. Məhkəmə hesab edir ki, iddia tələbi ******* saylı, 19.11.2021-ci il tarixli aktın etibarsız hesab edilməsi hissəsində əsassızdır. Belə ki, ******* saylı, 19.11.2021-ci il tarixli Akt istehlakçının sayğacına labaratoriyada baxış keçirilən zaman sayğacda zədənin olduğu faktını göstərir. Həmin aktın etibarsız hesab edilməsi isə sayğacda zədənin olması faktının inkar edilməsi nəticəsinə gəlinəcəkdir. Halbuki, işə əlavə edilən sənədlərdən məlum olur ki, sayğacda zədə aşkar edilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı **********00111 saylı abonent saldosuna 2021-ci il üçün 462.3 manat borcun hesablandığını bildirsə də, iş materiallarından görünür ki həmin məbləğ 432 manat təşkil edir. Bu hal tərəflərin izahatları ilə də təsdiq olunur. Bu səbəbdəndə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Qeyd edilən Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Göstərilən Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Yenə həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən isə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırıb onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin sadalanan maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh Azərı̇ qaz İstehsalat Bı̇ rlı̇ yı̇ tərəfindən tərtib olunmuş 19.11.2021-ci il tarixli, ******* nömrəli akt üzrə hesablanmış 432 manat məbləğində pul əsassız hesab edilərək 1002AQ**********0 saylı abonent hesabından silinsin. İddia ərizəsinin verilməsi üçün nəzərdə tutulmuş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar