Məhkəmə qərarları › İş №2(010)-1472/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1472/2022

29.06.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1472/2022 29.06.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X4 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “kompensasiya verilməklə mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı Cavabdeh qarşı “kompensasiya verilməklə mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən cavabdehə 5000 (beş min) manat kompensasiya ödənilməklə xüsusi mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli, D yaşayış sahəsi, ev 24, 174 saylı mənzilə istifadə hüququnun itirilməsi və mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 1994-cü il tarixdə Cavabdeh ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Rəsmi nikahdan iki övladı anadan olmuşdur. Cavabdehlə xasiyyətləri uyğun gəlmədiyi üçün 2020-ci il tarixdə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qətnaməsi ilə nikahları pozulmuşdur. Belə ki, cavabdehlə birgə nikah dövründə xx.xx.2019-cu il tarixdə Suraxanı rayonu, D yaşayış sahəsi, ev 24, 174 saylı mənzili əldə etmişlər. Hal-hazırda ailə üzvləri ilə birlikdə bu mənzildə yaşayırlar. Cavabdeh hər dəfə evə sərxoş vəziyyətdə gələrək onu və övladlarını nalayiq ifadələrlə təhqir edərək şərəf və ləyaqətinə toxunur. Onun bu hərəkətlərindən Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə məlumat vermişdir. Belə ki, cavabdeh hər dəfə sərxoş vəziyyətdə evə gələrək onlarla dava-dalaş salır, natəmiz vəziyyətdə evdə gəzir, hətta dəfələrlə evdə qaz xəttini açıq saxlaması nəticəsində həyatı ciddi təhlükə qarşısında qalmışdır. Cavabdeh sərxoş vəziyyətdə olduğu müddətdə etdiyi hərəkətlərinin mənasına anlamır. Dəfələrlə hər iki oğlu ilə mübahisə etmiş, nəticədə övladları affekt vəziyyətə düşməsinə baxmayaraq, onları sakitləşdirmişdir. Cavabdeh hər dəfə onu əsəbləşdirdiyi üçün dəfələrlə TTY-a müraciət etmişdir. Ailədə hər an cinayət hadisəsi baş verə bilər. Cavabdeh işsiz qaldığı müddətdə evdən oğurluq etməklə ona məxsus müəyyən qızıl əşyalarını və evdə istifadə etdiyi məişət əşyalarını oğurlamışdır. Cavabdeh istifadə etdiyi kommunal xidmət haqlarını ödəmir. Cavabdeh ondan kompensasiya aldıqdan sonra onun küçələrdə qalmaq ehtimalı yoxdur. Çünki onun ailə qurmayan və Nizami rayonu, 8-ci km qəsəbəsi, B.Nuriyev küçəsində 3 otaqlı evi var. Bacısı həmin evdə tək yaşayır, valideynləri vəfat etmişdir. Artıq cavabdehlə birlikdə yaşamaq qeyri-mümkün olduğu üçün məcburiyyət qarşısında qalaraq cavabdehə kompensasiya ödənilməklə mənzildən çıxarılmasını xahiş edir. Tərəflərin izahatları. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirdi ki, o, Cavabdeh ilə 1994cü ildə ailə qurmuşdur. Hazırda yaşadığı mənzili də birgə nikah dövründə, hazırda 25 yaşı olan oğlunun 4 yaşı olanda almışlar. Cavabdeh içki aludəsi olduğundan çox adama borcu olmuşdur. Borclarına görə mənzilin öz əlindən alınacağından ehtiyat edən cavabdeh 2019cu ildə mənzili ona bağışlamış, bu ilin iyun ayında bağışlamanın artıq üç ili tamam olmuşdur. Cavabdehin bacısının Nizami rayonunda evi var və bəzən orada qalır. Lakin onun övladları ilə birlikdə yaşadığı Suraxanı rayonunda yerləşən mənzilə hər gəlişində evdə dava düşür. Belə ki, o, həmişə sərxoş olur, bu səbəbdən hərəkətlərini idarə edə bilmir. Bəzən elə vəziyyət yaradır ki, oğlu ilə əlbəyaxa olur. Dəfələrlə buna görə evə polis çağırmışlar. Bir sözlə, onların eyni mənzildə yaşaması mümkün deyil. Çünki cavabdehin hərəkətlərinə görə hər an evin içində cinayət hadisəsi baş verə bilər. O isə bundan ehtiyat edir. Bu səbəbdən dəfələrlə cavabdehə demişdir ki, mənzili satsınlar, satışdan əldə olunan puldan 10-15000 manat götürsün və çıxıb getsin. Lakin cavabdeh heç vaxt ayıq vəziyyətdə olmadığından onunla normal müzakirə aparmaq qeyri-mümkündür. Ümumiyyətlə, mənzil bərbad vəziyyətdə, təmirsizdir. Bununla belə cavabdeh mənzildən çıxarsa, o, övladları ilə birlikdə sakit yaşaya bilər. Cavabdehin isə bacısının evi var və onlarla yaşadığı mənzildən çıxsa gedib bacısı evində qalacaq. Yəni, mənzildən çıxarsa yaşamağa yeri var. Onu da bildirir ki, cavabdehin məhkəmədə qaldırdığı bu iddiadan məlumatı var, lakin daim sərxoş vəziyyətdə olduğundan heç nəyə reaksiya vermir. Hər bir halda onun mənzildən istifadə hüququna xitam verilməsi qarşılığında cavabdehə kompensasiya verməyə razıdır. Belə ki, o, oğlunun əməliyyat pulundan 4000 manat götürmüşdür və həmin pulun üstünü düzəldib cavabdehə verməyə hazırdır. Eyni zamanda, məhkəmə tərəfindən bazar qiymətinə əsasən müəyyən ediləcək kompensasiya məbləğini ödəməyə də razıdır. Təki cavabdeh evdən çıxıb getsin. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, buna baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materialları. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil X1 xüsusi mülkiyyəti kimi xx.xx.2019-cu il tarixdə dövlət qeydiyyatına alınmışdır. Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş, AZ-İ seriyalı, 371546 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh və X3 arasıda olan nikaha Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qətnaməsi əsasında xx.xx.2020-ci il tarixdən xitam verilmiş, bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə 18 nömrə ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra qadına İsmayılova soyadı verilmişdir. “X7 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli hesabatdan görünür ki, aparılmış hesablamalar nəticəsində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, D yaşayış sahəsi, ev 24 ünvanında yerləşən 174 saylı mənzilin orta aylıq kirayə haqqının dəyəri 180 manat müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, ******* nömrəli “yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışdan görünür ki, ünvan 2 ünvanında İddiaçı, X6 və Cavabdeh qeydiyyatdadır. 4 saylı Bakı Asan Xidmət Mərkəzində notariat ofisi tərəfindən təsdiq edilmiş “daşınmaz əmlakın bağışlanması müqaviləsi”nin surətindən görünür ki, xx.xx.2019-cu ildə Cavabdeh ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 50.75 m2, yaşayış sahəsi 30.05 m2, yardımçı sahəsi 20.7 m2 olan 2 otaqlı mənzili tam mülkiyyət üzrə X2 bağışlamışdır. İşin faktiki halları. İddiaçı və Cavabdeh keçmiş ər-arvaddır. Onlar arasında olan nikah xx.xx.2020-ci il tarixdə pozulmuşdur. ünvan 3 ünvanında yerləşən mənzil isə xx.xx.2019-cu il tarixdə Cavabdeh tərəfindən İddiaçı bağışlanmış, xx.xx.2019-cu il tarixdə isə iddiaçının mənzil üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Hazırda İddiaçı keçmiş əri Cavabdeh mənzildən istifadə hüququna 5000 manat kompensasiya ödənilməklə xitam verilməsini və cavabdehin mənzildən çıxarılmasını tələb edir. O, tələbini onunla əsaslandırmışdır ki, cavabdeh içki aludəsidir və onun övladları ilə rahat yaşamasına mane olur. Həmçinin, bildirmişdir ki, cavabdehin bacısının evi var və mənzildən çıxarıldıqdan sonra orada qalacaq. Hər bir halda məhkəmənin bazar qiymətinə əsasən müəyyən edəcəyi kompensasiyanı ödəməyə razı olduğunu bildirmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə etmiş, cavabdeh isə məhkəmə iclaslarının heç birində iştirak etməmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 225. Ərlə arvadın ümumi mülkiyyəti. 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Maddə 228. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ. 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. 228.4. Yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikasının Ailə Məcəlləsi. Maddə 34. Ər-arvadın hər birinin mülkiyyəti. 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli Qərarı: 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 may 2008-ci il tarixli Qərarı: Beləliklə, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, yalnız onunla etibarlı ailə əlaqələri əsasında yaranır. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 mart 2006-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli Qərarı: Eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən yaşayış sahəsindən istifadə etmək hüququ), digərlərində isə yalnız yaşayış sahəsindən istifadə etmək hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 iyul 2016-cı il tarixli Qərarı: Beləliklə, yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında iddiaya baxan birinci instansiya məhkəməsi mülki prosessual qanunvericiliyin yuxarıda qeyd olunan normalarına müvafiq olaraq kompensasiyanın məbləğini bazar qiymətinə uyğun müəyyən etməlidir. ...Beləliklə, birinci instansiya məhkəməsi bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən mülkiyyətçinin həmin məbləgin ödənilməsi barədə razılığını nəzərə almalıdır. Bu halda mülkiyyətçi məhkəmə tərəfindən mülki prosessual qanunvericiliyə uyğun olaraq müəyyən edilmiş bazar qiymətinə uyğun kompensasiya məbləgi ilə razılaşa və ya razılaşmaya, öz iddiasından imtina edə, yaxud onun iddiası təmin olunmadığı təqdirdə yuxarı instansiya məhkəmələrinə şikayət verə bilər. Bazar qiymətinə uyğun olaraq kompensasiya məbləginin ödənilməsinə dair iddiaçının razılığı nəzərə alınmadan iddianın təmin edilməsi onun məhkəməyə müraciət etməsini əhəmiyyətsiz edər və dispozitiv hüququnu pozmuş olar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 185. İşdə iştirak edən şəxslərin, nümayəndələrinin və vəkillərinin məhkəmə iclasına gəlməməsinin nəticələri. 185.1. İşdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.2. Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə - 100 manat. Məhkəmənin mövqeyi. İşin faktiki hallarından görünür ki, ünvan 1 ünvanında yerləşən mənzilin hazırkı mülkiyyətçisi İddiaçıdır. Hansı ki, bu mənzil iddiaçıya keçmiş əri Cavabdeh tərəfindən birgə nikahları dövründə - xx.xx.2019-cu il tarixdə bağışlanmış, xx.xx.2019-cu il tarixdə iddiaçının bağışlanan mənzil üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. İş materiallarından belə görünür ki, bu mənzil tərəflərin birgə nikahı dövründə əldə edilmişdir. Belə ki, mənzilin bağışlanmasına dair müqavilədə Cavabdeh bu mənzil üzərində mülkiyyət hüququnun xx.xx.2013-cü il tarixdə dövlət qeydiyyatına alındığı göstərilmişdir. Deməli, Cavabdeh həmin mənzil üzərində istifadə hüququ (mülkiyyət hüququnun tərkib hissəsi kimi) 2013-cü ildə yaranmış, 2019-cu ildə mənzili arvadına bağışladıqdan sonra isə mənzilin yeni mülkiyyətçisinin (arvadının) onunla birgə yaşayan ailə üzvü (əri) kimi mənzildən istifadə etmək hüququnu saxlamışdır. Belə ki, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, yalnız onunla etibarlı ailə əlaqələri əsasında yaranır (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 may 2008-ci il tarixli Qərarı). Üstəlik, bu hüquq 2020-ci ildə cavabdehin mənzilin mülkiyyətçisi olan iddiaçı ilə ailə münasibətlərinə xitam verilməsindən sonra da saxlanılmışdır. Belə ki, həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır (Azərbaycan Respublikasının Mülki Məcəlləsi, mad. 228.5). Beləliklə, tərəflər arasındakı mübahisəli hüquq münasibətləri (cavabdehin mənzildən istifadə hüququ) 2000-ci ilin sentyabrın 1-dən sonra yaranmışdır. Belə olan halda mübahisə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun həll edilməlidir. Yuxarıda da istinad edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.2-ci maddəsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünü əks etdirir. Qanunun bu müddəası yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda həmin hüquqa mülkiyyətçinin könüllü iradəsi əsasında məhkəmə qaydasında tələbinə əsasən kompensasiya verilməklə xitam verilməsinin mümkünlüyünü birmənalı təsbit edir. Göstərilən müddəaya əsasən hazırkı iş üzrə iddiaçı cavabdehə qarşı kompensasiya ödənilməklə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia qaldırmağa haqlı olmuşdur. İddiaçı tərəfindən kompensasiya verilməklə cavabdehin mənzildən istifadə hüququna xitam verilməsinin mümkün olması nəticəsinə gəlinməsinin ardından kompensasiyanın məbləği müəyyən edilməlidir. Nəzərə alınmalıdır ki, kompensasiyanın məbləği mülkiyyətçinin malik olduğu mənzilin dəyərinin tərkib hissəsi kimi deyil, müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməlidir. Belə ki, R. Ağalarovun şikayət üzrə Konstitusiya Məhkəməsinin Plenumu xx.xx.2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 228.2-ci maddəsində təsbit olunmuş “bazar qiyməti ilə müvafiq kompensasiya” ifadəsi mənzilin dəyərinə münasibətdə deyil, davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermək üçün zəruri olan vəsait kimi başa düşülməlidir. Mülkiyyətçi tərəfindən təklif olunan kompensasiyanın məbləğinin ağlabatan və ədalətli olub-olmaması da məhz bu mövqedən çıxış etməklə, eləcə də bir sıra digər meyarlar nəzərə alınmaqla müəyyənləşdirilməlidir. Ümumiyyətlə isə istifadə hüququna xitam verilərkən elə bir müddət müəyyən edilməlidir ki, istifadə hüququna xitam verilən şəxsin bu müddət ərzində özünü əvvəlki mənzilə xas olan şəraitə uyğun yaşayış sahəsi ilə təmin edə bilməsi üçün mülkiyyətçi tərəfindən təklif edilən kompensasiya məbləği yetərli olsun. Təklif olunan məbləğin yetərli olub-olmamasının qiymətləndirilməsi isə hər bir konkret işə xas xarakterik halların müəyyənləşdirilməsini və buna uyğun olaraq kompensasiya ödəniləcək şəxsin həmin məbləğlə konkret hansı müddət ərzində əvvəlki yaşayış şəraitinə uyğun olan mənzillə təmin edilə biləcəyinin dəqiqləşdirilməsini tələb edir. Bütün bu qeyd edilənləri nəzərə alan məhkəmə Cavabdeh mübahisəli mənzildən istifadə hüququna 6480 manat məbləğində kompensasiya verilməsi yolu ilə xitam verilməsini ağlabatan və ədalətli hesab edir. Hansı ki, bu məbləğ cavabdehin üç il müddətində oxşar yaşayış sahəsində yaşayışını təmin edə biləcək məbləğdir. Belə ki, iş materiallarında olan mütəxəssis rəyindən görünür ki, cavabdehin hazırda yaşadığı mənzilin orta aylıq kirayə haqqı 180 manatdır. Göründüyü kimi, cavabdeh məhkəmə tərəfindən müəyyən edilmiş kompensasiya məbləği ilə üç il müddətində yaşayışını təmin edə bilər. Məhkəmə isə həm bu müddəti, həm də kompensasiya məbləğini ağlabatan, ədalətli və işin hallarına uyğun hesab edir. Məhkəmə bu cür nəticəyə gələrkən həm də o halı nəzərə alır ki, iddiaçı tərəfindən cavabdehin mənzildən istifadə hüququna xitam verilməsi üçün 5000 manat məbləğində kompensasiya ödənilməsi təklif edilsə də məhkəmə kompensasiyanın məbləğini bazar qiymətinə uyğun müəyyən etməlidir. Bununla belə məhkəmə bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən mülkiyyətçinin həmin məbləgin ödənilməsi barədə razılığını nəzərə almalıdır. Bu halda mülkiyyətçi məhkəmə tərəfindən mülki prosessual qanunvericiliyə uyğun olaraq müəyyən edilmiş bazar qiymətinə uyğun kompensasiya məbləği ilə razılaşa və ya razılaşmaya, öz iddiasından imtina edə, yaxud onun iddiası təmin olunmadığı təqdirdə yuxarı instansiya məhkəmələrinə şikayət verə bilər. Məhkəmə iclasında izahat verən iddiaçı cavabdehə kompensasiya kimi vermək üçün 4000 manat pulu olduğunu, bununla belə məhkəmə tərəfindən bazar qiyməti əsasında müəyyən ediləcək kompensasiya məbləğini ödəməyə etiraz etmədiyini bildirmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin mənzildən istifadə hüququna 6480 manat məbləğində kompensasiya ödənilməsi ilə xitam verilməsi və cavabdehin mənzildən çıxarılmasının qət edilməsi ilə iddia təmin edilmiş hesab edilməlidir. Son olaraq o da qeyd edilməlidir ki, yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır (“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunu, maddə 9). Odur ki, bu qətnamə həm də Cavabdeh bu mənzildən qeydiyyatdan çıxarılması üçün əsasdır. Məhkəmə xərcləri. İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Hansı ki, bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə müəyyən edilmiş dövlət rüsumu məbləğinə uyğun olmuşdur. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən məhkəməyə müraciət edilərkən ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa, iş materiallarından görünür ki, mənzilin orta aylıq kirayə haqqının qiymətləndirilməsi üçün mütəxəssis cəlb edilmiş, “X7 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən müvafiq qiymətləndirmə hesabatı tərtib edilmişdir. Lakin bu hesabata ödənilməmiş xidmət haqqı, yaxud xidmət haqqının kim tərəfindən ödənilməsi barədə hər hansı məlumat əlavə edilməmiş, nə də iş üzrə tərəflər bununla bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə mütəxəssis üçün xidmət haqqı məsələsinə münasibət bildirmir. Məhkəmənin gəldiyi nəticə. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh İddiaçı məxsus ünvan 3 ünvanında yerləşən mənzildən istifadə hüququna İddiaçı tərəfindən ona 6480 (altı min dörd yüz səksən) manat məbləğində kompensasiya verilməklə xitam verilməli, kompensasiya verildikdən sonra cavabdeh mənzildən çıxarılmalı, ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı məxsus ünvan 3 ünvanında yerləşən mənzildən istifadə hüququna İddiaçı tərəfindən ona 6480 (altı min dörd yüz səksən) manat məbləğində kompensasiya verilməklə xitam verilsin və o, kompensasiya verildikdən sonra həmin mənzildən çıxarılsın. Ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar