Məhkəmə qərarları › İş №2(010)-1506/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1506/2020

16.09.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1506/2020 16.09.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı, Cavabdeh «xxxxxxxx» ASC-nin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh «xxxxxxxx» ASC-yə qarşı “sayğacın sərfiyyatına görə artıq hesablanmış və ödənilən 1300 manat pul məbləğinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanındakı evin sayğacının sərfiyyata görə artıq hesablanmış və ödədiyi 1300 manat məbləğinin cavabdeh «xxxxxxxx» ASC-dən alınıb ona (iddiaçıya) ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Natavan küçəsindəki 6 saylı evdə yaşayır. O, və onun ailəsi həmin ünvanda yaşadıqları vaxtdan istifadə etdikləri elektrik enerjisinə görə ödənişləri daim vaxtlı vaxtında ödəmişlər. Elektrik enerjisindən istifadə sayğac vasitəsi ilə aparılır. (abonent kodu **********60000). Həmin sayğac 2008-ci ildə yaşadıqları ünvana quraşdırılmışdır, sayğac 2012-ci ilə qədər düzgün işləsə də, sonradan nasaz vəziyyətdə işləmişdir. Həmin ünvana quraşdırilmış elektrik sayğacının düzgün işləmədiyindən şübhələnsə də, 2014-cü ilin iyul ayından başlayaraq hər ay artıq hesablanmış pul məbləğini ödəmişdir. Daha sonra sayğacın düzgün işləyib- işləməməsinin araşdırılması ilə bağlı 4 saylı “Asan xidmət”mərkəzinə xx.xx.2019-cu il tarixdə ərizə ilə müraciət etmiş, xx.xx.2019-cu ildə müraciətinə əsasən köhnə sayğacı yenisi ilə əvəz etmişlər. Araşdırma zamanı müəyyən olunmuşdur ki, sayğac xəta ilə işləmişdir. Bu illər ərzində artıq ödədiyi 1300 manat pul məbləğinin ona geri ödənilməsini “xxxxxxxx” ASCdən tələb etsə də, “xxxxxxxx” ASC-nin əməkdaşları həmin məbləği ona qaytarmaqdan imtina etmişlər. Qeyd olunanlara əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh “xxxxxxxx” X4 nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini qəbul etməmiş və izahatında göstərmişdir ki, iddiaçı saygacın düzgün işləməməsini əsas gətirsə də, bununla bağlı olaraq “xxxxxxxx” ASC-yə vaxtında müraciət etməmişdir. Belə ki, iddiaçı 2014-cü ildən həmin sayğacın düzgün işləməməsini qeyd etsə də, o 2019-cu il tarixdə sayğacın yoxlanılmasını tələb etmişdir. Bundan əlavə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Natavan küçəsinəki 6 saylı evə quraşdırılmış sayğacda 100 % yükdə olan xəta 28,6 % təşkil etmişdir. İddiaçının hazırkı iddia tələbi əsassızdır. Odur ki, iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iş üzrə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıdakılara əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Asan 4 tərəfindən verilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı ünvan 1 ünvanında pasport qeydiyyatındadır. İş materiallarına əlavə edilmiş Məişət istehlakçılarında sayğacların dəyişdirilməsi yoxlanılması və quraşdırılması haqqında xx.xx.2019-cu il tarixli ******* seriyalı protokolun surətindən görünür ki, deşilmiş sayğaca labaratoriya şəraitində rəy verilməsi üçün 154978 nömrəli akt tərtib olunmuşdur. İş materiallarına əlavə edilmiş sayğacların və cərəyan transformatorlarının yoxlanması haqqında xx.xx.2019-cu il tarixli 151661 seriyalı protokolun surətindən görünür ki, sayğac daxili qüsur nəticəsində həm yüksüz rejimdə həm də yükdə olan xəta 100 faizdə 28.6, 50 faizdə 59.9, 10 faizdə 72.4 olmaqla diskin öz-özünə hərəkəti olmaqla, faizlərlə artıq sərfiyyat hesablanması barədə 154978 saylı akt tərtib olunmuşdur. İş materiallarına əlavə olunmuş 4 saylı Bakı Asan xidmət Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X7 xx.xx.2019-cu il tarixdə ölmüşdür. "Elektrik enerjisindən istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 18 saylı qərarının 4.1.-ci bəndinə əsasən enerjitəchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu Qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Güc, elektrik enerjisi çatışmazlığı və qəza vəziyyətilə əlaqədar enerjitəchizatı müəssisəsi istehlakçıya məhdudiyyət və ya birbaşa açılma qrafiklərini tətbiq etmək hüququna malikdir. Həmin qərarın 8.2.-ci bəndinə əsasən Elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin qərarın 8.4.-ci bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Bu qərarın 8.7.-ci bəndinə əsasən enerjitəchizatı müəssisəsi hesablaşma dövründə aldığı elektrik enerjisinin haqqını, dövlət elektroenergetika müəssisəsinə onlar arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsində müəyyən edilmiş müddət ərzində ödəməlidir. Hər hansı bir səbəbdən, o cümlədən hesabında vəsait olmadığından, enerjitəchizatı müəssisəsi təqdim edilmiş elektrik enerjisinə görə ödəniş sənədi üzrə ödənişi elektrik enerjisinin alqı-satqı müqaviləsində müəyyən edilmiş müddət ərzində dövlət elektroenergetika müəssisəsinin hesabına köçürmədikdə, hər bir gün üçün ödəniş aparılan günədək ödəmə sənədindəki məbləğin 0,01 faizi miqdarında dəbbə (penya) verilməlidir. Ödəmə sənədində səhv və ya sayğacların göstərişlərində anlaşılmazlıq aşkar olunarsa, enerjitəchizatı müəssisəsi bu barədə dövlət elektroenergetika müəssisəsinə yazılı məlumat verməlidir. Enerjitəchizatı müəssisəsi yazılı məlumat verdikdən sonra dövlət elektroenergetika müəssisəsi on gündən gec olmayaraq hesablaşmanı və lazım gələrsə sayğacı yoxlamalı, bu yoxlamanın nəticələri haqqında enerjitəchizatı müəssisəsinə məlumat verməlidir. Sayğacın yoxlanılması və ya ödəmə sənədindəki səhv haqqında enerjitəchizatı müəssisəsinin məlumat verməsi, onu təqdim olunan ödəmə sənədi üzrə təyin olunmuş müddətdə ödənişdən azad etmir. Elektrik enerjisinin uçotunda səhv aşkar edildikdə, dövlət elektroenergetika müəssisəsi Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddətindən kənara çıxmamaq şərtilə elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanılması müddətindən sonrakı dövr üçün yenidən hesablaşma aparmalıdır. Əgər sayğac göstəricilərinin xətası Azərbaycan Respublikasının Antiinhisar və X5 Dövlət Agentliyinin müəyyən etdiyi normalardan artıq deyilsə, onda bu xəta normal sayılır və yenidən hesablaşma aparılması tələb olunmur. Əgər yoxlamanın nəticələrinə görə yenidən hesablaşma aparmaq tələb olunarsa, onda növbəti dövr üçün ödəniş sənədləri yazıldıqda yenidən hesablaşma aparılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən cəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məçəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi ücün onun iştirakçıları arasında müqavilə olmalıdır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla içra edilməsi) başa düşülür. Eyni Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafeylərinin müdafiəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Qanunun 26-cı maddəsinə görə istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə, dövlət rüsumu verməkdən azad edilirlər. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı məxsus olan ünvan 1 ünvanında quraşdırılmış sayğac daxili qüsur nəticəsində həm yüksüz rejimdə, həm də yükdə olan xəta nəticəsində 100 faizdə 28.6, 50 faizdə 59.9, 10 faizdə 72.4 olmaqla diskin öz-özünə hərəkəti olmaqla artıq sərfiyyat hesablanması barədə 154978 saylı akt tərtib olunmuşdur. Cavabdeh “xxxxxxxx” X8 qüsur aşkar olunmuş sayğacda baş vermiş xətanın normal olması vəAzərbaycan Respublikasının Antiinhisar və X5 Dövlət Agentliyinin müəyyən etdiyi normalardan artıq olmaması barədə heç bir möhtəbər sübut təqdim etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iş materiallarına əlavə olunmuş saldodan müəyyən olunur ki, iddiaçı tərəfindən elektrik enerjisindən istifadə nəticəsində xx.xx.2014-cü ilin 6 ayı üçün 235.26 manat, 2015-ci il üçün 483.66 manat, 2016-cı il üçün 521.06 manat, 2017-ci il üçün 599.97 manat, 2018-ci il üçün 589.26 manat, 2019-cu ilin noyabr ayının birinə kimi 441.70 manat pul, ümumilikdə xx xxx 2870.91 manat elektrik enerjisindən istifadəyə görə pul ödənilmişdir. xx.xx.2014-cü ildən xx.xx.2019-cu il tarixə kimi olan dövr ərzində (64 ay) 2014-cü ilin sərfiyyatı götürülməklə (361.08:12=30.09 manat) hər ay üçün 30.09x64 aya vurulmaqla cəmi 1925.76 manat təşkil edir. Beləliklə məhkəmə hesab edir ki, elektrik enerjisindən istifadə nəticəsində (28xx.xx- 1925.76=945.15manat) 945.15 manat iddiaçı tərəfindən artıq ödənildiyindən “xxxxxxxx” X3 iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilməli olan dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia ərizəsi qismən təmin edilsin. ünvan 1 ünvanında (abonent kodu **********60000) elektrik enerjisindən istifadə nəticəsində artıq hesablanmış 945,15 (doqquz yüz qırx beş manat, on beş qəpik) manat məbləğində pul vəsaiti “xxxxxxxx” X8 tərəfindən İddiaçı qaytarılsın. Cavabdeh “xxxxxxxx” X3 30 (otuz) manat məbləğində dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. İddia ərizəsi qalan hissədə təmin olunmasın. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar