Məhkəmə qərarları › İş №2(010)-1521/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1521/2021

21.04.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1521/2021 21.04.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçınun etibarnamə üzrə nümayəndəsi Nümayəndə, Cavabdeh ASC-nin etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə İddiaçı Cavabdeh ASC-yə qarşı «borcun silinməsi» tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən hesablanmış 180 manat borcun silinməsi, həmçinin iddia ərizəsinin tərtib edilməsi üçün ödənilmiş 50 manat pul vəsaitinin cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçınun etibarnamə üzrə nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahat verərək bildirmişdir ki, İddiaçı ünvan 1 ünvanında yaşayır. Həmin mənzil 2003-cü ildən iddiaçıya məxsusdur. Yaşadığı ünvanda iki su xəttinin (sayğacının) olduğu göstərilsə də, faktiki olaraq həmin ünvanda ikinci xətt mövcud olmamışdır. Mülkiyyətində olan mənzildə demək olar ki, tək yaşadığı üçün sudan çox az istifadə edir. Nəticədə su üçün aylıq ödənişləri 2-3 manat təşkil edir. Hətta 2017-ci və 2018-ci il üzrə istifadə etdiyi su “qəpikquruş” dəyərində olmuşdur. Qeyd edilən 180 manatın böyük qisminin 2016 və 2017-ci ildə yarandığı göstərilsə də, həmin müddətdə də o, mənzildə tək yaşamışdır. Belə olan halda istifadə etdiyi suyun miqdarı bu qədər arta bilməzdi. Lakin iddiaçıya məlum olmayan səbəblərdən bu günə cəmi 180 (yüz səksən manat) manat borc barədə bildiriş verilmişdir. 25.05.2011-ci il tarixindən iddiaçının mülkiyyətində olan mənzilə su sayğacı quraşdırılmış və su sayğacında olan su göstəricisi ilə bildirişdə göstərilmiş məbləğ arasında ziddiyyət vardır. Yaranmış problem ilə bağlı ərazi üzrə su idarəsinə müraciət etsə də, heç bir nəticə olmamışdır, hətta su idarəsinin əməkdaşları iddiaçıya qanunsuz olaraq su xəttinə qoşulduğunu bildirmişlər. Həmin aktı o Cavabdeh ASC-dən tələb etsə də, bu barədə ona heç bir məlumat verməmişlər. Nəticədə iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh ASC-nin etibarnamə üzrə nümayəndəsi X3 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçı tərəfindən verilmiş iddia əsassızdır. Belə ki, qeyd olunan ünvanda 2016-cı ilin oktyabr ayında qanunsuz qoşulma barədə akt tərtib olunmuş və bu akta əsasən 101.52 manat məbləğində borc yazılmış, lakin xeyli müddət keçdiyindən həmin aktı sübut kimi məhkəməyə təqdim edə bilmir. Digər borcla bağlı isə abonentə məxsus sayğacdan göstəricilər vaxtında götürülmədiyindən 2017-ci ilin sentyabr ayında 4 ay ərzində 53.50 manat borc hesablanmışdır. Qalan borc isə abonentin istifadə etdiyi suyun dəyəridir. Buna görə də qeyd edilənlərin nəzərə alınaraq məhkəmədən iddianın əsassız olduğu üçün rədd olunmasını xahiş etdi. Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X2 Daşınmaz Əmlakın Dövlət Reyestrindən 01.08.2013-cü il tarixli seriya RX ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən ev İddiaçı mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş ətraflı abonent kartından görünür ki, 01.07.2011-ci il tarixli müqaviləyə əsasən İddiaçı 12.03.2021-ci il tarixinə 184,15 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İ-ci bəndinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Konstitusiyanın 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. «Sudan istifadə qaydaları»nın 1.6-cı maddəsinə əsasən su təchizatı və kanalizasiya müəssisəsi tərəfindən göstərilən su təchizatı və tullantı sularının axıdılması xidmətləri üçün istehlakçı ilə su təchizatı və kanalizasiya müəssisəsi arasında bağlanılmış alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin Qanunun 1.7-ci maddəsinə görə müqavilələr fiziki şəxslərlə qanunla müəyyən edilmiş formalara uyğun bağlanılmalıdır. Həmin Qanunun 2.1.6-cı maddəsinə əsasən verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq hər ay istehlakçıya ödəməli olduğu vəsaitin həcmini əks etdirən hesabı təqdim etmək (göndərmək) su təchizatı və kanalizasiya müəssisəsinin vəzifəsidir. Həmin Qanunun 2.1.9-cu maddəsinə görə aşağıdakı hallarda suyun verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş təqdim etmək (göndərmək): 2.1.9.1. quraşdırılmış suölçən cihaz dövlət standartlarının tələblərinə cavab vermədikdə; 2.1.9.2. verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq tərtib edilmiş hesab istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra müvafiq vəsait 1 (bir) ay müddətində tam ödənilmədikdə su təchizatı və kanalizasiya müəssisəsinin vəzifəsidir. “Su təchizatı və tullantı suları” haqqında Azərbaycan Respublikası Qanununun 30.1-ci maddəsinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”na 4 nömrəli əlavəsinə əsasən su təchizatı və kanalizasiya xidmətlərindən qeyri-qanuni istifadənin həcminin müəyyən edilməsinə əsasən su təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulma aşkar edildikdə və belə qoşulmanın tarixini müəyyən etmək mümkün olmadıqda, itirilmiş suyun həcmi olaraq ötən 1 (bir) il müddətində cədvələ əsasən hesablanır. Həmin əlavənin 3.1.1.-ci maddəsinə əsasən STTSAS-a qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə, bir nüsxəsi istehlakçıya təqdim olunan akt tərtib etməklə və qanunsuz qoşulmanı dərhal su və kanalizasiya sistemindən ayırmaqla, su təchizatı və kanalizasiya şəbəkəsindən istifadəni dayandırmaq və dəymiş ziyanın ödənilməsini təqsirkar şəxsdən tələb etmək STKM-nin hüququdur. Azərbaycan Respublikası Konstitusiyasına görə heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunla göstərilmiş həcmdən əlavə vergiləri və başqa dövlət ödənişlərini ödəməyə məcbur edilə bilməz (Maddə 73, İİ hissə). Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, vətəndaş İddiaçı yaşadığı ünvan 1 ünvanında içməli su xətti ilə sudan istifadə etmiş və nəticədə 184.15 manat borc yazılmışdır. Belə ki, qeyd olunan ünvanda 2016-cı ilin oktyabr ayında qanunsuz qoşulma barədə akt tərtib olunmuş və bu akta əsasən 101.52 manat məbləğində borc yazılmış, lakin həmin akt sübut kimi məhkəməyə təqdim olunmamışdır. Digər borcla bağlı isə abonentə məxsus sayğacdan göstəricilər vaxtında götürülmədiyindən 2017-ci ilin sentyabr ayında 4 ay ərzində 53.50 manat borc hesablanmışdır. Göründüyü kimi fiziki şəxs olan istehlakçının təqsirini sübuta yetirmədən, istehlakçı barəsində akt tərtib etməklə ona qarşı əsassız və qanunsuz tələb irəli sürmüşdür. Ona görə də məhkəmə iddia ərizəsini əsaslı hesab edib qismən təmin edir. Buna görə də məhkəmə hesab edir ki, qeyd olunan ünvanda abonentdən tələb olunan (101.52+53.50) =155.02 manat abonentdən əsassız tələb olunur və buna görə də həmin borc silinməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh ASC tərəfindən İddiaçı (kod **********010) su sərfiyyatına görə tələb olunan 155.02 manat silinsin. İddia qalan hissədə təmin olunmasın. Cavabdeh ASC-dən 20 manat dövlət rüsumu dövlət nəfinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar