Məhkəmə qərarları › İş №2(010)-1521/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1521/2024

22.05.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1521/2024 22.05.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X1 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra mətndə Cavabdeh ASC) qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İş materialları

1. xx.xx.2023-cü il tarixli, 110666 No-li aktdan görünür ki, istehlakçı İddiaçı məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zeytun Sovxozu ünvanında yerləşən sayğaca Cavabdeh ASC-nin əməkdaşları tərəfindən baxış keçirilmiş, **********003 abonent kodu üzrə sudan qeyri-qanuni istifadə halı aşkar edilmişdir.

2. Cavabdeh ASC tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş ətraflı abonent kartından görünür ki, abonent kodu **********003 olan ünvan 2 ünvanı üzrə borc məbləği 259 manat (240 manat qanunsuz istifadə ilə bağlı borc, 19 manat debitor borc) təşkil edir.

İşikn faktiki halları

3. Cavabdeh ASC tərəfindən ünvan 2 ünvanına su sayğacının quraşdırılması və həmin ünvan üzrə **********003 nömrəli abonent kodunun verilməsi işin mübahisəsiz hallarıdır.

İddia tələbi

4. İddiaçı Cavabdeh ASC-yə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Hövsan qəsəbəsi, Zeytun sovxozu, 1 saylı evə dair qanunsuz hesablanmış **********003 saylı koda əsasən 240,0 manat əsassız su pulunun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

Tərəflərin izahatları

5. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır.

6. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, onun ünvanına heç bir əsas olmadan 240 manat məbləğində cərimə yazılıb. Orada yazılmış 240 manat cərimənin müəyyən hissəsi kanalizasiya tullantılarına görə tutulub, halbuki, orada kanalizasiya xətti də yoxdur. Buna görə də qeyd olunanların nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi.

7. Əvvəlki məhkəmə iclaslarında Cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək bildirmişdir ki, burada 2 ünvan - iddiaçı və onun qardaşının ünvanına yazılmış cərimələr var. Bir ünvan Hövsan qəsəbəsində “Kanec” deyilən yerə yaxın yerləşən ünvanda qanunsuz 8 koddan istifadəyə görə cərimə yazılmışdı. Həmin ünvanda ayrı-ayrı otaqlar tikilərək kirayəyə verilib və hər kirayə evinin ayrı kodları, sayğacları var. Bu səbəbdən hər birinə ayrıayrılıqda cərimə yazılıb. Həmçinin, iddiaçının kənd Hövsanda ünvanı var, oraya da cərimə yazılmışdı. Orada da 3 kodla bağlı müraciət hakim Leyla Talıbovanın icraatında idi, iki kodla bağlı müraciət isə hakim Səlimə Miriyevanın icraatında olmuşdur. Hər iki hakim yerli baxış keçirtmiş və videolar çəkilmişdir. Orada bir kodda sayğacdan sonra çəndən gələn xətlə birləşmə var idi, bu səbəbdən bir kodda cərimə saxlanılmış, digər iki kodda isə silinmişdir. Çünki bir kod heç istifadə edilmirdi, digərində isə birləşmə yoxdur. İddiaçının abonent olduğu ünvana baxışda özü də nümayəndə kimi iştirak etmiş, orada qanunsuz çəkilən borunun sonradan kəsilib bağlanmasını özü aşkar etmişdir. Buna görə də qeyd edilənlərin nəzərə alınaraq iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.

Tətbiq edilən hüquq

8. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu

Maddə 3. İstehlakçıların hüquqları Azərbaycan Respublikası ərazisində istehlakçılar aşağıdakı hüquqlara malikdir: öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə. Maddə 26. İstehlakçıların hüquqlarının məhkəmə müdafiəsi İstehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırdıqları iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər.

9. Azərbaycan Respublikasının Su Məcəlləsi

Maddə 97. Sudan ödənişli istifadə. Bu Məcəllənin 18-ci maddəsinin ikinci hissəsinin tələbləri nəzərə alınmaqla, Azərbaycan Respublikasında sudan ödənişli istifadə edilir. Sudan ödənişli istifadənin məqsədi su təminatına yönəldilmiş dövlət xərclərini ödəmək, su təsərrüfatı müəssisələrinin, idarələrinin və təşkilatlarının özünümaliyyələşdirmə prinsipi ilə fəaliyyət göstərməsini təmin etmək, su ehtiyatlarından səmərəli və qənaətlə istifadə olunmasına və suların mühafizəsinin yaxşılaşdırılmasına maddi maraq yaratmaq, suyun dəqiq uçotunu aparmaq və su təsərrüfatı sahəsinə investisiya qoyuluşunu stimullaşdırmaqdan ibarətdir. Azərbaycan Respublikasında sudan ödənişli istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Bələdiyyələrin su təsərrüfatı obyektlərində sudan ödənişli istifadə qaydaları və şərtləri bu Məcəllə, digər müvafiq qanunvericilik aktları, habelə bələdiyyə aktları ilə müəyyən edilir.

10. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanunu

Maddə 30. Verilən suyun həcminin hesablanması Maddə 30.1. Su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Maddə 59. Su təchizatı və kanalizasiya müəssisələrinin xidmətlərinə görə ödəmələrlə bağlı hüquqları Maddə 59.3. Su təchizatı və kanalizasiya müəssisələrinin xidmətlərinə görə ödəmələrin məbləği suölçən cihazların göstəricilərinə görə verilən suyun həcminin və ya obyektlərdən axıdılan tullantı sularının miqdarının uçotuna və müvafiq normativ hüquqi aktlarla müəyyənləşdirilmiş qaydalara əsasən hesablanır. Maddə 62. Xidmətlərə görə borcların alınması İstehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericiliklə nəzərdə tutulmuş müvafiq tədbirlər görməlidir.

11. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 262 saylı, xx.xx.2014-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”

Bənd 2.1.5. İstehlakçıya verilən suyun və axıdılan tullantı sularının həcmini smartkart tipli olmayan suölçən cihazın göstəricilərinə əsasən, suölçən cihaz quraşdırılmadıqda isə bu Qaydaların 7.2-ci bəndinə uyğun olaraq müəyyənləşdirmək STKM-in vəzifəsidir. Bənd 2.1.7. İstehlakçının suölçən cihazını onun texniki pasportunda göstərilmiş müddətdə ödənişsiz qaydada növbəti dövlət yoxlamasından keçirmək STKM-in vəzifəsidir. Bənd 2.1.8. İstehlakçının təqsiri olmadan zədələnən suölçən cihazı ödənişsiz qaydada təmir etmək və dövlət yoxlamasından keçirmək, həmin suölçən cihazı təmir etmək mümkün olmadıqda isə onu ödənişsiz qaydada başqası ilə dəyişdirmək STKM-in vəzifəsidir. 3.1. STKM-in hüquqları aşağıdakılardır: 3.1.1. STTSAS-a qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə, bir nüsxəsi istehlakçıya təqdim olunan akt tərtib etməklə və qanunsuz qoşulmanı dərhal su və kanalizasiya sistemindən ayırmaqla, su təchizatı və kanalizasiya şəbəkəsindən istifadəni dayandırmaq və dəymiş ziyanın ödənilməsini təqsirkar şəxsdən tələb etmək. 3.1.2. smart-kart tipli olmayan suölçən cihaz quraşdırılmış və ya suölçən cihaz quraşdırılmamış istehlakçıdan verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq təqdim edilmiş hesabın ödənilməsini tələb etmək.

4. İstehlakçıların vəzifələri 4.1. İstehlakçıların vəzifələri aşağıdakılardır: Bu Qaydaların tələblərinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək istehlakçıların vəzifəsidir. 5.1.5. Verilən suyun və axıdılan tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesabın təqdim edilməsini, dəqiqləşdirilməsini, yol verilmiş qeyri-dəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablama aparılmasını tələb etmək istehlakçıların hüquqlarındandır. 7.2. STKM smart-kart tipli olmayan suölçən cihaz quraşdırılmış istehlakçıya ötən ay ərzində verdiyi suyun həcmini belə cihazın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesab təqdim etməlidir (göndərməlidir). Su sərfi haqqında məlumatın təqdim edilməsini STKM ilə bağlanılmış müqaviləyə əsasən istehlakçının özü də həyata keçirə bilər.

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Sübutların aid edilməsi Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Sübutların mümkünlüyü Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106. İşdə iştirak edən şəxslərin izahatları 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Məhkəmənin mövqeyi

13. Məhkəmə iş materiallarını hərtərəfli araşdırıb, tərəfin izahatını dinləyib hesab edir ki, iddia təmin edilməlidir.

14. Yuxarıda qeyd edilmiş normalardan göründüyü kimi, istehlakçı tərəfindən sudan istifadə qaydalarının pozulması nəticəsində su təchizatı və kanalizasiya müəssisəsinə (STKM) zərər dəyibsə, müəssisə (Cavabdeh ASC) həmin zərəri istehlakçıdan (İddiaçı) tələb etməkdə haqlıdır. Lakin bunun üçün ilk növbədə, bu zərərin həqiqətən iddiaçının təqsirli hərəkətləri nəticəsində dəymiş olduğu sübut edilməlidir. Bu halı sübut etmək isə hər bir halda cavabdehin üzərinə düşür.

15. Belə ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Həmçinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır.

16. İş materiallarından görünür ki, iddiaçının təqsirli hərəkətləri nəticəsində dəymiş zərəri sübut etmək üçün iddiaçı tərəfindən məhkəməyə iddia edilən pozuntuların (qeyriqanuni istifadə) aşkar edilməsi barədə aktlar və abonent kartları kimi sübutlar təqdim edilmişdir. Lakin məhkəmə hesab edir ki, bu sübutlar əsasında iddiaçının abonent olduğu ünvanda sudan qeyri-qanuni istifadə edildiyi nəticəsinə gəlmək mümkün deyil. Ona görə ki, cavabdeh tərəfindən bu halı təsdiq edəcək hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir.

17. İş materiallarından görünür ki, tərtib edilmiş aktların heç biri istehlakçı tərəfindən imzalanmamış, istehlakçının akta imza etməkdən imtina etməsi ilə bağlı da aktda heç bir qeyd edilməmişdir. Bundan əlavə, aktların heç biri sudan istifadə qaydalarında pozuntu aşkarlayan Cavabdeh ASC-nin əməkdaşları tərəfindən də imzalanmamış, aktda yalnız Cavabdeh ASC-nin Suraxanı Sukanal İdarəsinin Aİ şöbəsinin rəisinin adının qarşısından imza çəkilmiş, lakin bu imzanın kimə məxsus olması, müvafiq aktın hansı vəzifəli şəxs tərəfindən imzalanması barədə heç bir qeyd edilməmişdir. Həmçinin aktlar baxışda iştirak edən hər hansı hal şahidi tərəfindən də imzalanmamış, baxış zamanı videoçəkiliş aparılmasını təsdiq edən sübut məhkəməyə təqdim edilməmişdir (Cavabdehin nümayəndəsi pozuntular aşkar edilərkən video çəkiliş aparıldığını bildirsə də, müvafiq görüntülərin hazırda mövcud olmadığını qeyd etmişdir).

18. İddiaçının sudan qeyri-qanuni istifadə etməsini təsdiq edən sübut kimi məhkəməyə yalnız müvafiq akt təqdim edildiyindən məhkəmə belə nəticəyə gəlir ki, iş materialları əsasında iddiaçının abonent olduğu ünvanda sudan qeyri-qanuni istifadə edildiyi sübuta yetirilməmişdir. Bu səbəbdən müvafiq aktlar əsasında iddiaçıdan pul tələb edilə bilməz. Odur ki, iddia təmin edilməli, həmin akta əsasən iddiaçıya hesablanmış borc onun hesabından silinməlidir.

Məhkəmə xərcləri

19. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə görə isə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir.

20. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən, iddianın qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur.

21. Hazırki iddia üzrə ödənilməli olan dövlət rüsumu məbləği 30 manat təşkil edir.

22. Odur ki, iddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyi üçün cavabdehdən 30 manat məbləğində dövlət rüsumu tutulmaqla Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə

23. Beləliklə, qeyd olunanlara əsasən məhkməmə hesab edir ki, iddia təmin edilməli, ünvan 2 (abunə kodu **********003) ünvanına hesablanmış 240 manat məbləğində borc silinməlidir.

24. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia təmin edilsin. ünvan 2 (abunə kodu **********003) ünvanına hesablanmış 240 (iki yüz qırx) manat məbləğində borc silinsin. Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar