Məhkəmə qərarları › İş №2(010)-1549/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1549/2022

20.06.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1549/2022 20.06.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh İdarəsi tərəfindən iddiaçıya təbii qaza görə əsassız hesablanmış 2354,06 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh İdarəsi tərəfindən iddiaçının yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Aşağı qəsəbə küçəsi, ev 28 (0281) abonent kodu **********00281 üzrə təbii qaza görə əsassız hesablanmış 2354,06 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, ev 28-də evdə ailəsi ilə Cavabdeh yaşadığı ünvandakı evi xx.xx.2022-ci ilə qədər təbii qazla təmin edirdi, istehlak edilmiş təbii qazın uçotu sayğacla aparılır. Qaz sayğacı xx.xx.2009-cu ildə vəfat etmiş qaynatasının adınadır, həmin qaz sayğacı onların yaşadığı evə verilən qazın sərfiyyatının uçotunu aparırdı. 3 gün olar ki, evə təbii qaz verilmir, smart kart cavabdeh tərəfindən bloklanmışdır. Onun həmin qaz sayğacı vasitəsilə təbii qazın verildiyi evdə yaşamasını yaşayış yerindən arayış təsdiq edir. Bir neçə gün bundan əvvəl mexaniki sayğac çıxarılmış, smart tipli sayğac qoyulmuş, onun kartı isə bloklanmışdır. Smart kartın bloklanması ilə maraqlandıqda iddiaçıya bildirilmişdir ki, borc vardır, odur ki, borc ödənilənə qədər smart kart bloklanmışdır ki, sayğaca qaz yükləyə bilməyək. Abonentin saldosu adlı sənədi cavabdehdən alan zaman görmüşdür ki, akt əsasında 2018-ci ildə 1944 manat borc hesablanmışdır. Həmin aktın verilməsi üçün müraciət etdikdə iddiaçıya ******* nömrəli aktın kserosurəti təqdim edilmişdir. Bundan başqa borcun ümumi məbləği 2354,06 manat göstərilmişdir. Həmin məbləğin 1944 manat hissəsinin akt əsasında yarandığı bilinsə də, qalan hissəsinin haradan yarandığı məlum deyildir. Qaz sayğacı iddiaçının evində və ya onun həyətində yerləşdirilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 4.8-ci bəndində qeyd olunur ki, Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Sayğaca aidiyyəti qaydada nəzarət etmək cavabdeh tərəfin vəzifəsidir. Qanunvericiliyin tələblərindən göründüyü kimi, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı - hazırki iş üzrə Cavabdeh daşıyır. İddiaçı iddia tələbini müdafiə edərək, izahatında təmin olunmasını xahiş etmişdir. İddiaçı izahatında bildirdi ki, isifadə etdiyi qaza görə hesablanmış borcu ödəməyə razıdır, lakin akta əsasən hesablanmış borc əsassızdır, ona görə də silinməlidir. Cavabdeh nümayəndəsi X2 iddianı qəbul etməyərək izahatında göstərdi ki, “Sayğacın çıxarılması, yoxlanması və istifadəyə qəbulu haqqında“ xx.xx.2018-ci il tarixli, ******* saylı aktla 1302AZ**********39 nömrəli sayğac istehlakçı İddiaçı iştirakı ilə çıxarılmışdır. Sayğac dövlət yoxlamasına aparılmış, yoxlanmanın nəticəsi barədə xx.xx.2018-ci il tarixli 29/1710-0308 nömrəli rəy əsasında “Sayğacın plastmast borusu deşilmişdir, hesablama mexanizmi keçən qazm həcmini qeyd etmir” şəklində rəy verilmişdir. Məişət tipli qaz sayğaclarının yoxlanması nəticəsində aşkar ediləcək qüsurların icrası barədə" "Azəriqaz" İB-nin direktoru tərəfindən xx.xx.2018-ci il tarixdə təsdiq edilmiş Təlimatın məişət qaz sayğaclarına aid olan hissəsinə uyğun olaraq yuxanda qeyd edilən qüsur sayğaca müdaxilə kimi qiymətləndirilmişdir. Rəy əsasında “Təbii qazdan istifadə qaydalarlnın pozulması haqqında” xx.xx.2028-ci il tarixli, ******* saylı akt üzrə dəymiş zərərin məbləği 972.00 manat hesablanaraq abonentin saldosuna daxil edilmişdir. “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazm alqı-satqısı” Müqaviləsinin 2.3.4.-cü bəndinə əsasən təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçının vəzifəsi olaraq müəyyən edilmişdir. Saldoya nəzər salsaq qaz sayğacına müdaxilənin baş verdiyi təsbit olunan dövrlə 04/2018--11/2017 dövrü üzrə 6 ayda cəmi ödəniş 45.00 AZN, müdaxilədən sonrakı ilin eyni dövrü isə 04/20xx-xx/2018 üzrə ödəniş 457.00 AZN təşkil etmişdir.Təbii qazın sərfıyyat göstəriciləri arasında kəskin fərq olduğunu asanlıqla görmək olur. Qeyd edilən hal sayğaca müdaxilə edilməsi nəticəsində real istehlak edilən təbii qaz sərfıyyatının sayğacdan keçən sərfıyyatdan qatqat atrıq olduğunu sübut edir. Sayğaca müdaxiləyə maraqlı olan şəxs və faydalanan yeganə şəxs isteklakçı olmuşdur. Yəni isteklaçı sayğaca müdaxilə etməklə faktiki istehlak etdiyi qaz sərfiyyatını sayğac tərəfindən dəfələrlə (təxmini 9 dəfə) az qeyd edilməsinə nail olmaqla, tam ödənişdən yayınmış, qanunvericiliyin tələblərini pozmuş, beləliklə də Birliyə təqsirli hərəkəti ilə ziyan vurmuşdur. Akt Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli qərarı, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) kollegial idarəetmə orqanı olan Şurasının xx.xx.2011-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiqlənmiş “İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması Qaydaları”na, “Məişət tipli qaz sayğaclarının yoxlanması nəticəsində aşkar ediləcək qüsurların icrası barədə” Cavabdeh İB-nin direktoru tərəfindən xx.xx.2018-ci il tarixdə təsdiq edilmiş Təlimata uyğun şəkildə tərtib edilmişdir. 1944.00 manat məbləğ saldoya daxil edilmişdir. 2021-ci ilin yanvar ayında isə sayğacın mənfiyə işləməsi nəticəsində yaranmış 483.50 manat borc məbləği də saldoya daxil edilmişdir. Mexaniki sayğacın göstəricisi üzrə borc- 405.06 manat; Limiti keçdiyi üçün hesablanmış məbləğ - 78,00 manat; Ödənilmiş borc məbləği - 241.00 manat; Borca görə aparılmış tutma - 315,50 Yekun olaraq; (1944.00 + 483.50 +405.60 + 78.00) - (315.50 - 241.00) = 2 354.60 manat.1802FP**********04 saylı sayğacın istismarda olduğu xx.xx.2018-xx.xx.2020-ci il tarixlər ərzində sərfiyyat göstəricisi 6905m3 olmuş, lakin şəxs istifadə etmiş olduğu bu sərfiyyatdan yalnız 3636 m3 üçün ödəniş etmişdir. Yerdə qalan sərfiyyat fərqi bu qaydada hesablanmışdır: 6905 m3 -3636 m3 =-3269 m3 ; 3269 m3 –dan 1703m3 hissəsi hələ 2017-ci il üçün limitdən istifadə olunmadığı üçün 0.10 manat qiymətlə hesablanmışdır. 1703 m3 x 0,10=170,30 manat; 3269m3 -1703m3 =1566m3 ; 1566 m3 x 0,20 m3 =313.20 manat; 170,30 manat + 313,20 manat =483,50 manat. Odur ki, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2009-cu il tarixdə verilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, Ağayusif Mirzəbala oğlu xx.xx.2009-cu ildə ölmüşdür. Cavabdeh arayışından görünür ki, Suraxanı rayonu, № 1143, Suraxanı –Aşağı qəsəbə, ev 0 mənzil 28A -da aşkar edilmiş nöqsan: Mövcud sayğac işlədicilərin saatlıq qaz sərfinə uyğun yeni sayğacla əvəz edilsin; itirilmiş qazın dəyərinin ödənilməsi üçün qanuna müvafiq təlbirlərin görülməsi. 0170098 saylı “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktdan müəyyən olunur ki, BRQSD–nin Suraxanı rayon üzrə mühəndisinin və çilingərlərin iştirakı ilə Ağayusif Mirzəyə məxsus (ünvan 2 ünvanda olmuş və “xx.xx.2018-ci il tarixli laboratoriyanın 29/1710-0308 №-li MSK-ya əsasən G-4 1302AZ**********39 saylı sayğacın plasmas borusu deşikdir” aşkar edilmişdir. İddiaçının 06/2010- 02/2022 tarixlərini əhatə edən saldosundan görünür ki, onun akta əsasən borcu 1944,00 manatdır. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçının mənzilinə quraşdırılmış sayğac cavabdeh tərəfindən yenisi ilə əvəz edilmiş və köhnə sayğacın yoxlanılması nəticəsində cavabdeh tərəfindən iddiaçıya 1944,00 manat məbləğində borc hesablanmışdır, iddiaçının tələbi isə akta əsasən hesablanmış 2354,06 manat məbləğində borcun silinməsidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.3.-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə onun quraşdırlması və dəyişdirlməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən, Qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 5.6.-cı bəndinə əsasən qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir (5 nömrəli əlavə). Həmin Qaydaların 6.1-ci bəndinə əsasən qaz paylayıcısı tərəfindən - istehlakçının müvafiq müraciəti olduqda, təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğın və ya qaz sızmasının qarşısı alındıqda, istehlakçının qaz qurğusunun Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə, qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərfindən təqdim edildikdən sonra bir ay müddətində tam ödənilmədikdə, qaz paylayıcısı ilə müqavilə bağlanmadıqda, məhkəmənin qərarı ilə qazın verilməsini dayandıra bilər. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13.9-cu maddəsinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsaslanaraq məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən qaz sayğacının zədələnməsinin məhz iddiaçının təqsiri üzündən baş verməsini təsdiq edən sübutlar təqdim edilməmişdir. Halbuki qeyd olunan Qaydaların 4.9-cu bəndinin 2-ci cümləsinə görə bu halı sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Həmçinin nəzərə alınır ki, sayğac iddiaçının yaşadığı evin həyətində deyil, ondan kənarda-yolda yerləşdirilmişdir. Məhkəmə müəyyən edir ki, iddiaçıya məxsus ünvanda quraşdırılmış sayğaca birtərəfli qaydada baxış keçirilmiş və baxış keçirilən zaman şahidlərin iştirakı təmin olunmamış, habelə abonent həmin aktın tərtibində iştirak etməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, sayğaca baxış keçirilməsi zamanı hər hansı bir foto və ya video çəkilişin aparılması da iş materilları ilə müəyyən edilmir. Bütün bu ziddiyyətlər isə mübahisələndirilən aktda təsbit olunan məlumatların doğruluğuna əsaslı şübhələr yaradır və onun inandırıcı sübut kimi qəbul edilməsini istisna edir. İddiaçı akta əsasən hesablanmış 2354,00 manat məbləğində borcun silinməsini tələb etsə də, məhkəmə müəyyən edir ki, sözügedən akt əsasında iddiaçıya 1944,00 manat məbləğində borc hesablanmışdır. Odur ki, iddia tələbi qismən təmin edilməli və İddiaçı yaşadığı ünvan 3 ünvanına (abonent kodu: **********00281) akta əsasən hesablanmış 1944 (bir min doqquz yüz qırx dörd) manat məbləğində borc Cavabdeh tərəfindən silinməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən, müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı yaşadığı ünvan 3 ünvanına (abonent kodu: **********00281) akta əsasən hesablanmış 1944 (bir min doqquz yüz qırx dörd) manat məbləğində borc Cavabdeh tərəfindən silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar