Məhkəmə qərarları › İş №2(010)-1559/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1559/2024

15.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1559/2024 15.04.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi X4 və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Puplik Hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsi) hüquqi əhəmiyyətli faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X5 (keçmiş Buzovna Tərəvəzçilik-Südçülük sovxozu) xx.xx.2003-cü il tarixli 28 saylı əmrində torpaq sahəsi ayrılmış “X6” qeydinin “Ərizəçi” kimi oxunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra Ərizəçi iddia ərizəsinə əlavə ilə Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Abşeron Rayon İcra Hakimiyyəti başçısının 15 aprel 1999-cu il tarixli 096 saylı sərəncamın və Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin X5 (keçmiş Buzovna Tərəvəzçilik-Südçülük sovxozu) xx.xx.2003-cü il tarixli 28 saylı əmrinin Ərizəçi məxsus olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında izahat verərək bildirmişdir ki, Abşeron Rayon İcra Hakimiyyəti başçısının 15 aprel 1999-cu il tarixli 096 saylı sərəncamı tərəvəz-südçülük sovxozu (Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsi) Həmkarlar Təşkilatının xx.xx.2003-cü il tarixli 02 saylı protokolu nəzərə alınaraq, baş plana uyğun olaraq fərdi mənzil tikintisi üçün nəzərdə tutulmuş ərazidən Ərizəçi 0.04 ha həyətyanı torpaq sahəsi ayrılmış, vətəndaşa verilmiş həyətyanı torpaq sahəsində 0.04 ha hesabı ilə fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. Torpaq sahəsinin bölüşdürülməsinə nəzarət və rəhbərlik sovxozun direktoru M.Əhmədova həvalə edilmişdir. Qeyd edilən sərəncama əsasən, ona ayrılmış torpaq sahəsini mülkiyyətinə qəbul etmişdir. Sonradan qeyd edilən torpaq sahəsinə çıxarış almaq qərarına gəlmişdir. AR İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsindən şifahi olaraq ona bildirmişlər ki, ilkin olaraq Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi X1 müvafiq arayışın təqdim edilməsi zəruridir. O, da arayışın verilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi X2 müraciət etmişdir. Lakin Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi X4 xx.xx.2023-cü il tarixli 1-2-27/2-37/2024 saylı cavabla bildirmişdir ki, arxivdə aparılmış araşdırma zamanı ləğv edilmiş Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X5 (keçmiş Buzovna Tərəvəzçilik-südçülük sovxozu) xx.xx.2003-cü il tarixli 28 saylı əmrinə əsasən X3 adına fərdi mənzil tikintisi üçün həyətyanı torpaq sahəsi ayrıldığı müəyyən edilmişdir. Təqdim edilmiş sənədlərdə onun ad və soyadının Ərizəçi qeyd olunması səbəbindən, müvafiq arxiv arayışının verilməsi üçün sözügedən şəxsin arxiv sənədlərində adı qeyd edilən şəxslə eyniliyini təsdiq edən sənəd təqdim edilməlidir. Belə ki, ləğv edilmiş Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X5 (keçmiş Buzoyna Tərəvəzçilik-südçülük sovxozu) xx.xx.2003-cü il tarixli 28 saylı əmrində onun adı texniki səhv olaraq Oqtay kimi, atasının adı isə Buxcay kimi qeyd edilmişdir. Halbuki onun adı “Oqtay” deyil “Oktay” ata adı isə “Buxcay” deyil, “Buxsay”-dır. Qeyd edilən yanlışılığın, texniki səhvin aradan qaldırılmasına səlahiyyətli olan Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X5 (keçmiş Buzovna Tərəvəzçilik-südçülük sovxozu) artıq mövcud deyil. Bu səbəbdən Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X5 (keçmiş Buzovna Tərəvəzçilik-südçülük sovxozu) xx.xx.2003-cü il tarixli 28 saylı əmrində adı və ata adı ilə bağlı texniki yanlışlıq aradan qaldırılmalı, qeyd edilən sənəddə (Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X5 (keçmiş Buzovna Tərəvəzçiliksüdçülük sovxozu) torpaq səhəsinin ayrıldığı şəxs Ərizəçi kimi oxunmalıdır. Qeyd olunan mübahisəli məsələnin həlli məqsədilə Dövlət Aktında yanlışlığı aradan qaldıra bilmədikləri üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən ərizənin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxslərə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə maraqlı şəxslərin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatlarını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Abşeron rayon İcra Hakimiyyətinin Başçısı tərəfindən verilmiş 096 saylı, xx.xx.1999-cu il tarixli İcra Hakimiyyəti üzrə Sərəncamından Çıxarışdan müəyyən olunur ki, Ərizəçi Buxcay oğluna 0,04 hektar torpaq sahəsi verilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Buzovna qəsəbəsində yerləşən Tərəvəzçilik-südçülük sovxozunun əmək kollektivi və həmkarlar ittifaqı komitəsinin 30 iyul 1999-cu il tarixli 27/K №-li əmri ilə nəzərə alınması və vətəndaşa verilmiş həyatyanı torpaq sahəsində 0,04 hektar hesabı ilə fərdi yaşayış evinin tikintisinə icazə verilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsi tərəfindən verilmiş 28 saylı, xx.xx.2003-cü il tarixli vətəndaşlara həyətyanı torpaq sahəsi verilməsi haqqında Əmrdən Çıxarışdan müəyyən olunur ki, Baş plana uyğun olaraq fərdi mənzil tikintisi üçün nəzərdə tutulmuş ərazidən Ərizəçi 0,04 hektar hesabı ilə həyətyanı torpaq sahəsi ayrılması əmr edilmişdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi X4 tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubundan müəyyən olunur ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 30 oktyabr tarixli 664 nömrəli Fərmanının 2-ci bəndinə əsasən, vətəndaşın torpaq sahəsinin ayrılması ilə bağlı təqdim etdiyi sənədlər və göstərdiyi ərazi Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X5 arxiv sənədlərinin məlumatları ilə eynilik təşkil etdiyi halda, müvafiq arxiv arayışı və plan-cizginin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə təqdim etmək üçün vətəndaşa verilməsi nəzərdə tutulmuş, müvafiq arxivdə aparılmış araşdırma zamanı ləğv edilmiş Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X5 (keçmiş Buzovna Tərəvəzçilik-südçülük sovxozu) 21 may 2003-cü il tarixli 28 saylı əmrinə əsasən 2-1379 kodla X3 adına fərdi mənzil tikintisi üçün həyətyanı torpaq sahəsinin ayrıldığı müəyyən edilmişdir. Təqdim etdiyi sənədlərdə vətəndaşın adının Ərizəçi qeyd olunması səbəbindən, müvafiq arxiv arayışının verilməsi üçün sözügedən şəxsin arxiv sənədlərində adı qeyd olunan şəxslə eyniliyini təsdiq edən sənəd təqdim olunmalıdır. Qeyd olunan mübahisəli məsələnin həlli məqsədi ilə məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi X4 tərəfindən Suraxanı rayon Məhkəməsinə daxil olmuş xx.xx.2024-cü il tarixli məktubundan və xx.xx.2003-cü il tarixli 28 saylı əmrindən müəyyən olunur ki, fərdi ev tikdirmək üçün torpaq sahəsi almaq üçün X5 işçilərinin və vətəndaşlarının ərizələrinə baxılmış və qeyd olunan şəxslərə 0,10 ha hesabı ilə hər adama fərdi ev tikmək üçün torpaq sahəsinin ayrılması qərara alınmışdır. İş materiallarında olan Suraxanı RPİ tərəfindən verilmiş AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, N.İsmayılov küçəsi,ev 7Z ünvanında qeydiyyatdadır. Məhkəmə tələb ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını məhkəmə müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Bu Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 1.6.-ci bəndində qeyd olunur ki, məhkəmələrə izah edilir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsi). Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizəni baxılmamış saxlamalıdır. Həmin qərarın 1.7.-ci bəndində qeyd olunur ki, hakim hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında ərizəni qəbul edərkən bu faktın müəyyən edilməsinin məhkəmənin səlahiyyətinə aid olub-olmamasını və ərizəçinin belə ərizə ilə məhkəməyə müraciət etmək hüququnun mövcudluğunu yoxlamalı, həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğunu aydınlaşdırmalı, lazımi sənədlərin alına bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü, həmçinin müəyyənləşdirilməsi xahiş edilən faktı təsdiq edən sübutların təqdim olunmasını ərizəçiyə təklif etməli, hazırlıq mərhələsində hakim işə baxılmasında maraqlı olan şəxsləri və müvafiq orqanları müəyyən etməli, onların və ərizəçinin məhkəmə iclasında iştirakını təmin etməlidir. Nəzərə alınmalıdır ki, maraqlı şəxslər qismində hüquqlarına aid məsələ həll edilən fiziki və hüquqi şəxslər və ya qətnamənin qanuni qüvvəyə minməsi ilə müvafiq hərəkətləri yerinə yetirmək vəzifəsi yaranan fiziki və hüquqi şəxslər cəlb edilirlər. Həmin qərarın 6-cı bəndində qeyd olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü-məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. MPM-nin tələbinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, hüquqi faktın müəyyən edilməsi şəxsin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsinə, dəyişməsinə və xitam olunmasına səbəb olduğundan ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədikdə, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmadıqda məhkəmə hüquqi əhəmiyyəti olan faktları müəyyən edə bilər. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Abşeron rayon İcra Hakimiyyətinin Başçısı tərəfindən verilmiş 096 saylı, xx.xx.1999-cu il tarixli İcra Hakimiyyəti üzrə Sərəncamından Çıxarışdan müəyyən olunur ki, Ərizəçi Buxcay oğluna 0,04 hektar torpaq sahəsi verilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Buzovna qəsəbəsində yerləşən Tərəvəzçilik-südçülük sovxozunun əmək kollektivi və həmkarlar ittifaqı komitəsinin 30 iyul 1999-cu il tarixli 27/K №-li əmri ilə nəzərə alınması və vətəndaşa verilmiş həyətyanı torpaq sahəsində 0,04 hektar hesabı ilə fərdi yaşayış evinin tikintisinə icazə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsi tərəfindən verilmiş 28 saylı, xx.xx.2003-cü il tarixli vətəndaşlara həyətyanı torpaq sahəsi verilməsi haqqında Əmrdən Çıxarışdan müəyyən olunur ki, Baş plana uyğun olaraq fərdi mənzil tikintisi üçün nəzərdə tutulmuş ərazidən Ərizəçi 0,04 hektar hesabı ilə həyətyanı torpaq sahəsi ayrılması əmr edilmişdır. Təqdim edilmiş hüquqmüəyyənedici sənədlərdə vətəndaşın adı, soyadı və ata adı düzgün qeyd olunmadığından həmin sənədlərin hazırda ərizəçiyə məxsus olması faktı müəyyən olunmalıdır. Məhkəmə hesab edir ki, ərizəçinin şəxsiyyət vəsiqəsində göstərilən adı, soyadı və ata adı Ərizəçi kimi qeyd olunduğundan və təqdim olunmuş sənədlərdə texniki səhvə yol verildiyindən Azərbaycan Respublikası Abşeron Rayon İcra Hakimiyyəti üzrə 15 aprel 1999-cu il tarixli 096 saylı sərəncamından çıxarışın və Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin X5 xx.xx.2003-cü il tarixli 28 saylı əmrdən çıxarışın xx.xx.1948-ci il təvəllüdlü Ərizəçi məxsus olması faktı müəyyən olunmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-311-ci və 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Azərbaycan Respublikası Abşeron Rayon İcra Hakimiyyəti üzrə 15 aprel 1999-cu il tarixli 096 saylı sərəncamından çıxarışın və Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin X5 xx.xx.2003-cü il tarixli 28 saylı əmrdən çıxarışın xx.xx.1948-ci il təvəllüdlü Ərizəçi məxsus olması faktı müəyyən olunsun. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar