Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-1568/2022 25.02.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəmənin hakimi Miriyeva Səlimə Miri qızı, İddiaçı Cavabdeh qarşı “əmlakın qaytarılması və ya dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı “əmlakın qaytarılması və ya dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən əmlakının qaytarılması və ya dəymiş ziyanın ödənilməsinə dair qətnamə çıxarılmasını, Cavabdeh barəsində lazımi tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia ərizəsi məhkəməyə verilərkən mülki prosessual qanunvericiliyin aşağıda göstərilən tələblərinə əməl edilmədiyindən iddiaçıya geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsində qeyd edilmişdir ki, cavabdeh Xəlilov X1 Respublikasının vətəndaşıdır. Buna uyğun olaraq, “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə Cavabdeh şəxsiyyət vəsiqəsinə dair heç bir məlumat əldə edilməsi mümkün olmamışdır. Nəzərə alınmalıdır ki, iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilə bilməsi üçün cavabdehin rəsmi qeydə alındığı ünvan iddia ərizəsində göstərilməlidir. Üstəlik, cavabdehin xarici dövlətin vətəndaşı olması bunu istisna etmir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 28-ci maddəsinə əsasən, əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin və xarici hüquqi şəxslərin iştirak etdikləri işlərə, əgər dövlətlərarası sazişlərlə, beynəlxalq müqavilələrlə və ya tərəflərin sazişi ilə digər hallar nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının məhkəmələri bu Məcəllə ilə müəyyən edilmiş aidiyyət qaydalarına uyğun olaraq baxırlar. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Bunun davamı olaraq, qeyd edilməlidir ki, cavabdehin xarici dövlətin vətəndaşı olması onun Azərbaycan Respublikasında rəsmi qeydiyyat ünvanının olmadığı mənasına gəlmir. Əksinə, Azərbaycan Respublikasında 15 gündən artıq müvəqqəti olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınmalıdırlar (bu barədə ölkəyə daxil olan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə dövlət sərhədinin buraxılış məntəqələrində Azərbaycan, rus və ingilis dillərində olan müvafiq bildiriş verilir) (Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi, mad. 21.1) Bu baxımdan əgər iddiaçı xarici dövlətin vətəndaşına qarşı iddia qaldırıbsa və ərizəsində onun Suraxanı rayonu ərazisində yaşadığını qeyd edibsə, həmin şəxsin Azərbaycan Respublikasında əcnəbi kimi Suraxanı rayonunda olduğu yer üzrə qeydiyyata alındığını təsdiq edən sənədi iddia ərizəsinə əlavə etməlidir. Hazırkı ərizəyə isə cavabdehin Azərbaycan Respublikasında rəsmi qeydə alındığı ünvanla bağlı heç bir sənəd (Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş müvafiq məlumat) əlavə edilməmişdir. Belə olan halda hazırkı iddia ərizəsi ərazi aidiyyət qaydalarına riayət edilmədən məhkəməyə təqdim edilmiş kimi qəbul edilməlidir. Digər tərəfdən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.2.3cü maddəsinə əsasən, iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. Hazırkı ərizədə isə bu tələbə düzgün riayət edilməmişdir. Belə ki, ərizənin xahiş hissəsində qeyd edilir ki: “Cavabdeh barəsində lazımi tədbir görəsiniz”. Göründüyü kimi bu hissədə tələbin konkret olaraq nədən ibarət olması aydın deyil. Yəni, bu xahişlə müəyyən edilmir ki, “cavabdeh barəsində lazımi tədbir görülməsi” dedikdə nə nəzərdə tutulur. Üstəlik, nəzərə alınmalıdır ki, iddia ərizəsinin xahiş hissəsində iddiaçı cavabdehdən aralarında mübahisəyə səbəb olan əmlakı və ya onun dəyərinin qaytarılmasını artıq tələb etmişdir. Belə olan halda onun cavabdeh barəsində tədbirlərin görülməsini tələb etdikə nəyi nəzərdə tutduğu aydın deyil. Məhkəmə iddiaçının diqqətinə çatdırır ki, iddia ərizəsinin məzmununu təşkil edən məlumatların dairəsi elə olmalıdır ki, onlar iddianın predmetini, yəni iddiaçının cavabdehə qarşı konkret maddi hüquqi tələbini və yaxud əsasını, yəni iddiaçının öz tələbini əsaslandırdığı halları müəyyənləşdirməyə imkan versin. Başqa sözlə, iddia ərizəsində tələb konkret ifadə olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə; ...152.1.3. əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə... 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, mülki prosessual qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 149-152-ci maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: İddiaçı Cavabdeh qarşı “əmlakın qaytarılması və ya dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səlimə Miriyeva
Məhkəmə qərarları › İş №2(010)-1568/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-1568/2022
25.02.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver