Məhkəmə qərarları › İş №2(105)-1535/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1535/2025

04.12.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1535/2025 04.12.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zahid Tahir oğlu və Xəlilov Ramin Adilxan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Səlim Günay Asif qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı əmlak tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 15 iyul 2025-ci il tarixli, 2(060)-2555/2025 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti əsasında işə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ İşin halları

1. İddiaçı 24 oktyabr 2024-cü ildə 29 aprel 2024-cü il tarixli etibarnaməyə xitam verildiyindən etibarnamə əsasında idarə edilən BMW 320 minik markalı **-KU-*** dövlət qeydiyyat nişanlı avtomaşının geri qaytarılması barədə Cavabdeh1 xəbərdarlıq məktubu ilə xəbərdar etmişdir.

2. “Elektron notariat” X1 çıxarışın surətindən görünür ki, 4719 saylı reyestr nömrəli, xx.xx.2024-cü il tarixli etibarnaməyə xx.xx.2024-cü il tarixdə xitam verilmişdir.

3. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubun surətindən görünür ki, BMW 320 minik markalı **-KU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qanunsuz idarə olunması ilə əlaqədar X5nin şəxsi heyəti təlimatlandırıldığı qeyd olunmuşdur.

4. 10.03.2024-cü il tarixli nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair etibarnamənin surətindən görünür ki, BMW 320 minik markalı **-KU-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Qasımzadə X2 Elvin Elxan oğluna və Cavabdeh3 etibarnamə üzrə səlahiyyətlər vermişdir.

Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, BMW 320 minik markalı **- KU-*** dövlət qeydiyyat nişanlı avtomaşının saz vəziyyətdə iddiaçıya qaytarılması, həmin avtomaşının saz vəziyyətdə qaytarılması mümkün olmadığı təqdirdə isə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 10000 manat pulun müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək BMW 320 minik markalı **-KU-*** dövlət qeydiyyat nişanlı avtomaşının saz vəziyyətdə iddiaçıya qaytarılması, həmin avtomaşının saz vəziyyətdə qaytarılması mümkün olmadığı təqdirdə isə BMW 320 minik markalı 99-KU679 dövlət qeydiyyat nişanlı avtomaşının cavabdehlərin hesabına saz vəziyyətə gətirilərək iddiaçıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı nümayəndəsi Nümayəndə ərizə təqdim edərək Cavabdeh1 başqa digər cavabdehlərin cavabdehlik siyahısından çıxarılmasını xahiş etmişdir.

8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2024-cü ilin fevral ayında iddiaçıya məxsus BMW 320 minik markalı **-KU-*** dövlət qeydiyyat nişanlı avtomaşını satmaq qərarına gəlmişdir. Cavabdeh2 qonşuluğunda yəni, Abşeron rayonu, Masazır qəsəbəsi ünvanında yaşayan Nuranə adlı qadının evinə gəlib-gedərkən tanımışdır. İbrahimə demişdir ki, mülkiyyətçisi olduğu BMW 320 minik markalı **-KU-*** dövlət qeydiyyat nişanlı avtomaşını 10000 (on min) manata satmaq istəyir. İbrahim də ona Bakı şəhəri, Hövsan qəsəbəsi ünvanında tanışı olduğunu söyləmişdir. Onun avtomaşın satışı üçün salonu da var. İbrahimlə 2024-cü ilin fevral ayının əvvəlində görüşmüş və həmin avtomaşının satışı məqsədilə Xırdalan şəhərində etibarnamə və etibarnamə ilə birlikdə maşını İbrahimə vermişdir. Tez-tez İbrahimdən maşını satdığı halda pulunu verməyini tələb etmişdir. İbrahim əvvəlcə iddiaçıya avtomaşını satmadığını bildirmiş, sonradan avtomaşını satdığı məlum olmuş, satışından əldə olunan pulu qaytarmaqdan imtina etmişdir. İbrahimin maşını kimə satmasından xəbərdar olmamışdır. Hazırda iddiaçıya məlum olmuşdur ki, İbrahim avtomaşını Füzuli rayonu, Yal Pirəhmədli kənd sakini olan Cavabdeh1 6800 manata satmışdır. Cavabdeh2 ilk əvvəl avtomaşını Cavabdeh3 satmışdır. O da (Cavabdeh3) avtomaşını Cavabdeh1 satmışdır. İddiaçı, ərizə ilə notariat kontoruna müraciət edərək Cavabdeh1 adına verilmiş etibarnaməni ləğv etmişdir. Hazırda avtomaşın Cavabdeh1 həyətindədir, etibarnamə ləğv edildiyindən o, avtomaşını idarə edə bilmir.

9. Sumqayıt Şəhər Məhkəməsinin 15 iyul 2025-ci il tarixli, 2(060)-2555/2025 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, İddiaçı mülkiyyətində olan BMW 320 minik markalı, **-KU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin Cavabdeh1 qeyri-qanuni sahibliyindən alınaraq iddiaçıya qaytarılması və ya həmin avtomaşının saz vəziyyətdə qaytarılması mümkün olmadığı təqdirdə isə BMW 320 minik markalı **-KU-*** dövlət qeydiyyat nişanlı avtomaşın Cavabdeh1 hesabına saz vəziyyətə gətirilərək iddiaçıya təhvil verilməsi qət edilmişdir (hakim Elçin Kazımov).

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı şəxsi mülkiyyətində olan BMW 320 minik markalı, **-KU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini satmaq qərarına gəlmişdir. Maşını satmaq məqsədilə həmin maşını etibarnamə əsasında İbrahim adlı şəxsə vermişdir. Həmin şəxs də öz növbəsində maşını Cavabdeh3 satmışdır. lakin avtomobilin satılması barədə iddiaçıya məlumat verməmişdir. Cavabdeh3 da avtomaşını Cavabdeh1 satmışdır. Bundan sonra iddiaçı Notariat ofisinə müraciət edərək 4719 saylı reyestr nömrəli, xx.xx.2024-cü il tarixli etibarnaməyə xx.xx.2024-cü il tarixdə xitam vermişdir. Hazırda BMW 320 minik markalı, **-KU-*** dövlət qeydiyyat nişanlı avtomobil cavabdehin istifadəsindədir.Buna görə iddia təmin edilməlidir.

11. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 60-cı maddələrinin, Mülki Məcəllənin 6, 8.2, 139.1, 157.2, 152.8ci maddələrinin tələbləri ilə tələbləri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin dəlilləri

12. Qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-2555/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və işin yenidən, əlavə araşdırma aparılmaqla birinci instansiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir.

13. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə qətnamə qəbul edərkən, mübahisəli avtomobilin onun tərəfindən xx.xx.2024-cü il tarixində 6800 manat pul vəsaiti müqabilində, baş etibarnamə əsasında Cavabdeh3 adlı şəxsdən alınması faktını və onun bu avtomobili alarkən vicdanlı alıcı olmağını nəzərə almamışdır. Avtomobili alarkən onun ixtiyarında qanuni, notariat qaydasında verilmiş baş etibarnamə olmuşdur. Həmin sənəd əsasında avtomobili faktiki mülkiyyətinə keçirmiş, idarə etmiş və sahiblənmişdir. Etibarnamə həmin dövrdə qüvvədə olmuş, ləğv edilməmişdir. Sadəcə maddi imkansızlıq səbəbindən avtomobili öz adına rəsmiləşdirə bilməmişdir, lakin bu, onun hüquqi mövqeyini dəyişmir və hüququnu ləğv etmir. O, alqı-satqı zamanı avtomobilin əvvəlki sahibi (İddiaçı) ilə etibarnamə verilmiş şəxs (Cavabdeh2) arasında hər hansı mübahisənin mövcud olduğundan tamamilə xəbərsiz olmuşdur. Həmin mübahisə barədə ona etibarnamənin ləğv edildiyi tarixdən sonra xx.xx.2024-cü ildə məlumat verilmişdir. Alqı-satqı zamanı avtomobilin hüquqi statusu ilə bağlı ona heç bir xəbərdarlıq edilməmiş, o, etibarnaməni yoxlamış və ona əsaslanaraq avtomobili almışdır. Bu hallar göstərir ki, o nə qanunsuz hərəkət etmişdir, nə də avtomobili əldə edərkən hər hansı fırıldaq və ya etibarsızlıq etmişdir. Sadəcə, əvvəlki tərəflər arasında olan mübahisə onun xəbəri olmadan baş verdiyi və etibarnamə sonradan ləğv olunduğu üçün indi o, əsassız şəkildə cavabdeh qismindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsininə əsasən, vicdanlı alıcının hüquqları müdafiə olunmalı, əgər üçüncü şəxs (o) əmlakı etibarlı sənəd əsasında və qanuni əsaslarla əldə edibsə, əmlak geri tələb edilə bilməz. Bundan başqa, birinci instansiya məhkəməsinin qətnaməsində avtomobilin onun sahibliyindən alınıb iddiaçıya qaytarılması qənatinə gələrkən də avtomobilin saz vəziyyətdə iddiaçıya təhvil verilməsi barədə qərar verilməsi hüquqi baxımdan əsassız və ədalətsiz olmuşdur. Belə ki, o, bu avtomobili iddiaçı tərəfindən müvəqqəti istifadə üçün, kirayə və ya əmanət əsasında almamışdır. O, həmin nəqliyyat vasitəsini şəxsi vəsaiti hesabına 6800 (altı min səkkiz yüz) manat ödəyərək, baş etibarnamə ilə və faktiki sahibliyə əsasən almışdır, uzun müddət istifadə etmiş və avtomobilə xərclər çəkmişdir. Məhkəmə bu halı nəzərə almadan, onun nə maddi zərərini, nə də avtomobilə çəkdiyi xərcləri qiymətləndirməmiş, üstəlik avtomobili saz vəziyyətə gətirmə məsuliyyətini də onun üzərinə qoymuşdur. Bu isə qanunvericiliyin mülki məsuliyyətin əsas prinsiplərinə ziddir. Belə ki, o, nəqliyyat vasitəsini tam dəyəri ilə almışdır və hazırda onun sahibi olan iddiaçı ilə hər hansı birbaşa hüquqi münasibətdə olmamışam. Əgər məhkəmə həmin avtomobilin iddiaçıya qaytarılmasına qərar verirsə, o halda onun maddi ziyanının 6800 manat və avtomobilə çəkdiyi əlavə xərclərin ödənilməsi məsələsi də eyni qətnamədə həll edilməli idi. Əks halda bu hal onun mülkiyyət və əmlak hüquqlarının pozulması, bir şəxsin digər şəxsin hesabına əsassız varlanması və hüquqi bərabərliyə zidd davranış anlamına gəlir. Göründüyü kimi birinci instansiya məhkəməsi nə mübahisəli avtomobilin əldə edilməsi zamanı onun vicdanlı və yaxşı niyyətli alıcı olub-olmamağını, nə də etibarnamə ilə avtomobilin faktiki onun mülkiyyətində olduğu şəraiti lazımi şəkildə araşdırmamış, yalnız formal yanaşma ilə qərar qəbul etmişdir. Məhkəmə təqdim etdiyi izahatları və sübutları yetərincə qiymətləndirməmiş, mübahisənin hüquqi və faktiki mahiyyətinə dərindən varmamışdır. Bu isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsində təsbit olunmuş obyektiv və ədalətli məhkəmə araşdırması prinsipinə ziddir. Məhkəmə yalnız hüquqi sənədləri deyil, işin mahiyyətinə və tərəflərin real hüquqi mövqelərinə əsaslanmalı idi. Nəticə etibarilə, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz, əsassız və ədalətsizdir, işin faktiki halları ilə ziddiyyət təşkil edir və onun qanuni hüquq və maraqlarımı ciddi şəkildə pozur.

Apellyasiya şikayətinə etiraz

14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

İşdə iştirak edən şəxslərin izahatları

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinin dəlilərini müdafiə edərək təmin edilməsini xahiş etdi.

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək təmin edilməsini xahiş etdi.

17. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq digər cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur.

Tətbiq edilən hüquq:

18. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

19. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:

6-cı maddəsinə əsasən mülki qanunvericiliyin prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır. 8.2-ci maddəsinə əsasən mülki qanunvericilikdə nəzərdə tutulan hüquqlar Azərbaycan Respublikasının bütün ərazisində maneəsiz həyata keçirilə bilər və hökmən mühafizə edilməlidir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istəyi kimi sahib almaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 152.8. Mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir.

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 47.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

22. Məhkəmə kollegiyası qeyd edir ki, istinad edilən maddi hüquq normaları baxımından iddiaçının mülkiyyətçi olaraq hüquqları qorunmalıdır. Onun mülkiyyətində olan nəqliyyat vasitəsinə dair verdiyi etibarnamə həmin əşyaya dair mülkiyyət hüququnun itirilməsi kimi qiymətləndirilə bilməz. Digər tərəfdən hər bir halda həmin etibarnamə ləğv edilmişdir və bu səbəbdən də mübahisəli avtomobil mülkiyyətçi olaraq ona qaytarılmalıdır.

23. Avtomobilin cavabdeh tərəfindən saz vəziyyətə gətirilməklə iddiaçıya qaytarılmasının mülki məsuliyyət prinsipinə zidd olmasına dair apellyasiya şikayətinin dəlili ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh özü məhkəmə kollegiyasının iclasında avtomobilin tam yararlı vəziyyətdə hal-hazırda onun istifadəsində olduğunu təsdiq edilmişdir. Buna görə apellyasiya şikayətinin həmin dəlili əsassızdır. Əgər cavabdehə avtomobil digər şəxslər tərəfindən saz vəziyyətdə verilməyibsə, bunun nəticəsində cavabdeh zəruri xərclər çəkmişdisə, həmin çəkdiyi xərclərin ödənilməsini müvafiq cavabdehlərdən iddia qaydasında tələb edə bilər.

24. Buna görə də iddiaçı Mülki Məcəllənin 152 və 157-ci maddələrinə əsasən mülkiyyətində olan nəqliyyat vasitəsinin qaytarılmasını tələb etməkdə haqlı olmuşdur və nəqliyyat vasitəsinin cavabdehin sahiblik və istifadəsində saxlanmasının hər hansı hüquqi əsası yoxdur.

25. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmışdır.Buna görə apellyasiya şikayətinin yuxarıda qeyd edilən dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilə bilməz.

26. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 15 iyul 2025-ci il tarixli, 2(060)-2555/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar