Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-140/2025 04.08.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Samir Zakir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpağın qanunsuz sahibliyindən geri alınması və sair tələbinə dair mülki işə Xaçmaz şəhərində 04 avqust 2025-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı məhkəmədə iddia qaldıraraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanunsuz istifadə etdikləri Xaçmaz rayonu Tel kəndi ərazisində yerləşən 2.0 ha torpaq sahəsinin onların qanunsuz sahibliyindən alınaraq istifadəsinə qaytarılması, cavabdehlər tərəfindən mülkiyyətinə qəsd edən hərəkətlərə son qoyulması və ona vurduqları 6973 manat zərərin onlardan alınaraq onun xeyrinə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, İddiaçı, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində (reyestr № **********75, qeydiyat № **********) təsdiq olunmuş Xaçmaz rayonunun Tel kəndində yerləşən 2 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sahibidir. O, torpağı 09 yanvar 2018-ci ildə rəsmi notarial qaydada alıb və çıxarışı da var. 14 fevral 2023-cü ildə Xaçmaz rayon Tel kənd sakinləri Cavabdeh2 və onun qohumu Rüstəm onun şəxsi torpağında ondan icazəsiz əkin işləri aparıblar. 2022-ci ilin dekabr ayında o, öz şəxsi torpağında 600-dən çox meyvə və fındıq tingləri əkdirmişdir. 2023-cü ilin fevral ayında ora gedəndə görüb ki, Fərmanla Rüstəm onun sahəsində əkilmiş 600 ədəddən çox meyvə və fındıq tinglərini çıxardaraq ondan icazəsiz sahədə buğda əkiblər. Rüstəm isə özünü Yalamanın köhnə polis işçisi kimi təqdim edərək Fərmanla əlbir olub ona və bağbanına hədə-qorxu gələrək sahədən qovmuşlar, sahədə qoyduğu konteyner tipli evi isə traktorla çıxardaraq sahədən qırağa atmışlar. O, bu barədə AR Daxili İşlər naziri Vilayət Eyvazova, Xaçmaz rayon Polis İdarəsinin rəisi Həmid Həsənova və sahə rəisi Təhmin Aslanova şikayət ərizəsi ünvanlamışdır. X9 Bölməsində şikayət ərizəsi də var. Yalama PB tərəfindən Bakı şəhərindən ekspert dəvət olunmuş, ona dəyən maddi ziyan təsdiq olunmuşdur. Həyat yoldaşı Məlahət Məmmədova, oğlu Nümayəndə və bağbanı Yalama PB-yə gedib şikayətlərini yazılı surətdə bildiriblər. Bir ildən çox vaxt keçməsinə baxmayaraq, polis tərəfindən ciddi tədbir görülməyib. 12 may 2024-cü ildə torpaq sahəsinə getdikdə görüb ki, qoyduğu konteynerin şüşələri sınıb və orada yenidən əkin işləri aparılıb. Yəni torpağını zəbt edərək, özbaşına əkin işləri aparıblar. Rüstəm orda kobudcasına deyib ki, "bura Fərmanın sahəsidir və o, əkmişdir, şüşələri o, sındırmışdır, yaxşı da eləmişdir”. Hal-hazırda da cavabdehlər öz qanunsuz əməllərini davam etdirirlər. Onlar torpaq sahəsini zəbt edərək oradan qanunsuz istifadə edirlər. Həmçinin onların qanunsuz hərəkətləri nəticəsində ona ümumilikdə 6973 manat ziyan dəymişdir. Ona görə də, o, hazırki iddia əizəsi ilə məhkəməyə müraciət etməli olub. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək göstərmişdir ki, əmlakının istifadəsinə qaytarılmasını və ona dəymiş ziyanı tələb edir. 2022-ci ildən o, cavabdehlərə demişdir ki, onun torpaq sahəsindən istifadə etməsinlər. Lakin hazırki vaxta qədər istifadə olunur. Fərman bildirir ki, 2023-cü ildən istifadə etmir. Lakin Rüstəm hələ də istifadə edir. Torpaq sahəsinə dair mülkiyyət sənədi var. Torpağını özü istifadə etmək istəyir. O, cavabdehlərin barələrində polis bölməsinə də şikayət etmişdir. Məhkəmə iclasında Cavabdeh2 izahatında göstərmişdir ki, iddianı qəbul etmir. O, torpaqdan istifadə etmir və heç kimə ziyan vurmamışdır. İddiaçı ona demişdir ki, yer sadəcə onun adında olacaq. Lakin o, istifadə edəcək. O, ağac çıxarmamışdır və torpaq sahəsindən istifadə etməmişdir. O, 2004-cü il tarixdən 2023-cü ilə qədər torpaq sahəsini istifadə edirdi. 2018-2023-cü il tarixlərdə də torpaq sahəsini istifadə etmişdir. Sonra iddiaçı ona demişdir ki, torpağını istifadə etmə. O, da həmin vaxtdan torpaqdan istifadə etmir. O, torpaqda heç nə əkməmişdir. 2023-cü ildən həmin torpağa yaxın getmir. O, oradan qələm çıxarmamışdır. Onlar taxılı yığanda 2 cərgə çubuq çıxarılmışdı. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək, izahatında göstərmişdir ki, onlar qələmləri çıxarıb taxıl əkməmişlər, əksinə iddiaçı taxılın üzərinə qələm əkmişdir. Onlar keçən il və bu il əkin əkmişlər. Onlar əvvəldən həmin torpağı istifadə etmişlər. O, torpağın iddiaçının olduğunu bilmirdi. Mart ayından orada tərəvəz əkmişdir. İddiaçının mülkiyyət sənədini necə aldığı bilinmir. Qələmlərini gətirib onların taxılın üzərindən əkmişdi. O, ziyanı və ümumilikdə iddianı qəbul etmir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclası zamanı tədqiq edilmiş: - Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan müəyyən olunur ki, Xaçmaz RPŞ-nin İstintaq bölməsinin müstəntiqi Rəşad Babayev tərəfindən X1 Xaçmaz RPŞ-nin Yalama PB-yə etdiyi xx.xx.2023-cü il tarixli müraciəti əsasında toplanmış HK-1/21 saylı material üzrə cinayət təqibinin başlanması rədd edilmişdir. Qərardan həmçinin müəyyən olunur ki, ərizəçi Məlahət Məmmədova əri İddiaçı məxsus olan Xaçmaz rayonu, Tel kəndində yerləşən 2 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin qanunsuz istifadə edildiyini və orada əkilmiş müxtəlif növ meyvə ağaclarının çıxarılıb yarasız hala gətirilməklə 7000 manat maddi ziyan vurulduğunu bildirmişdir. Ərizəçiyə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etməli olduğu izah olunmuşdur. - Cavabdeh2 HK-1/21 saylı material üzrə verdiyi izahatından müəyyən olunur ki, o, əvvəllər özünə məxsus olmuş Xaçmaz rayonu, Tel kəndində yerləşən 2 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini xx.xx.2017-ci il tarixində Xaçmaz rayon notariat kontorunda təsdiqlənmiş alqı-satqı müqaviləsi əsasında 4800 manata İddiaçı satmışdır. Növbəti illərdə İddiaçı ona həmin sahədə buğda əkməsinə icazə vermişdir. 2022-ci ilin noyabr ayında o, İddiaçı məxsus torpaq sahəsindən qohumu Cavabdeh1la birlikdə şərikli olaraq istifadə edib orada buğda əkmişlər. O, İddiaçı əkdiyi meyvə ağaclarının qələmlərini sahədə görmüş və bu barədə qohumu Rüstəmə demişdir. Həmin qələmləri qohumu Rüstəm çıxartmışdır. İddiaçı məxsus vaqon tipli qurğunu da sahədən kənara Rüstəm çıxartdırmışdır. - Cavabdeh1 HK-1/21 saylı material üzrə verdiyi izahatından müəyyən olunur ki, Xaçmaz rayonu, Tel kəndində yerləşən 2 ha torpaq sahəsinin mülkiyyətçisi olan Bakı şəhər sakini İddiaçı həmin torpaq sahəsindən istifadə edilməsinə qohumu Cavabdeh2 icazə vermişdir. O, qohumu Cavabdeh2lə birlikdə şərikli olaraq həmin sahədə buğda əkmişlər. 2023-cü ilin yanvar ayının sonlarında sahəyə gəldikdə müxtəlif növ meyvə qələmlərinin əkildiyini görmüş, Fərmanla danışıb İddiaçı nömrəsini öyrənib onunla danışaraq əkinə şərik olduğunu demiş, lakin İddiaçı torpaq sahəsinin ona məxsus olduğunu deyib kobud cavab vermişdir. Sonradan o, əkilmiş meyvə qələmlərini çıxardaraq kənarda bir yerə torpağa basdırmışdır. İddiaçı məxsus torpaq sahəsinə qoyulmuş vaqonu da o, torpaq sahəsindən kənara çıxartdırmışdır. - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışdan müəyyən olunur ki, Xaçmaz rayonu, Tel kəndi ərazisində yerləşən 2 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. - A№218329 nömrəli, xx.xx.2018-ci il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən müəyyən olunur ki, Xaçmaz rayonu, Tel kəndi ərazisindən 2 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin planı və ölçüsü İddiaçı adına işlənmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyindən müəyyən olunur ki, Xaçmaz rayonu, Tel kəndində yerləşən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində **********75 reyestr nömrəli, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən İddiaçı məxsus olan 2.0 ha torpaq sahəsinin sərhədləri müəyyən edilmişdir (sxem əlavə olunur), torpaq sahəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən bütövlüklə istifadə olunur, torpaq sahəsinin hüdudları daxilində cavabdehlər tərəfindən hər hansı bir tikili tikilməmişdir. - "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, HK-1/21 saylı ekspert rəyindən müəyyən olunur ki, İddiaçı məxsus Xaçmaz rayonu Tel kəndində yerləşən 2 ha torpaq sahəsində əkdiyi ağac qələmlərinin çixardılması nəticəsində dəymiş ziyanın pərakəndə satış qiyməti ilə ümumi məbləği 6973.00 (altı min doqquz yüz yetmiş üç) manat müəyyən edilir. O cümlədən: ağac qələmlərin ümumi qiyməti - 5644.00 manat, aqrotexniki xərclər - 1329.00 manat. Həmin ağac qələmlərinin ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqat hissəsində qeyd edilmişdir. - Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/449 saylı ekspert rəyindən müəyyən olunur ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi Salman Abbasovun mütəxəssis rəyində qeyd edilir ki, Xaçmaz rayonu, Tel kəndində yerləşən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində **********75 reyestr nömrəli, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən X4 məxsus olan 2.0 ha torpaq sahəsinin sərhədləri müəyyən edilmişdir (sxem əlavə olunur), torpaq sahəsi cavabdehler Cavabdeh1 və Cavabdeh2 tərəfindən bütövlüklə istifadə olunur, torpaq sahəsinin hüdudları daxilində cavabdehler tərəfindən hər hansı tikili tikilməmişdir. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Hazırkı mübahisə ilə bağlı aparılmış araşdırma zamanı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, məhkəmə ekspert rəyini mötəbər sübut kimi qəbul edərək və işin yuxarıda sadalanan faktiki hallarına əsaslanaraq iddia tələbinin əsaslı olması qənaətinə gəlir. MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. «İnsan hüquqları haqqında Ümumi Bəyannamə»nin 8-ci maddəsinə əsasən hər bir şəxs konstitusiyanın və ya qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının bərpa olunması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ hissəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin 2-ci hissəsinə əsasən, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İnsan Hüquqlarının və X5 Haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Mülki Məcəllənin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 152.2.-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Mülki Məcəllənin 152.3.-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülki Məcəllənin 157.2-ci maddəsinin tələblərinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 49-cu maddəsinə görə hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ - torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 111.1-ci maddəsinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111.2-ci maddəsinə görə özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Həmin Məcəllənin 111.3-cü maddəsinə görə torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6-cı maddəsinə görə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri başqa şəxsə zərər vurulmasıdır. Maddə 21.1. zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 385.1. öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Maddə 386.1. öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə işin müəyyən edilən faktiki hallarına hüquqi qiymət verib hesab edir ki, mübahisə predmeti olan torpaq sahəsi iddiaçının mülkiyyətindədir. Cavabdehlər də iddiaçının mülkiyyətində olan torpaq sahəsindən onun iradəsi ziddinə qanunsuz istifadə edir. Bu fakt işdə olan mütəxəssis və ekspert rəyləri ilə təsdiq olunur. Cavabdehlərin iddiaçıya məxsus 2 ha torpaq sahəsini istifadə etməsi iddiaçının mülkiyyətində olan torpaq sahəsinə müdaxilə kimi qiymətləndirilməlidir ki, bu da qanunla qadağandır. Cavabdehlərin hər ikisi İddiaçı məxsus Xaçmaz rayonu Tel kəndində yerləşən 2 ha torpaq sahəsindən şərikli qaydada qanunsuz istifadə etmiş, mülkiyyətçinin sahənin boşaldılması barədə xəbərdarlıqlarına məhəl qoymamış, əksinə İddiaçı əkdiyi ağac qələmlərini onun xəbəri və razılığı olmadan qəsdən çıxartmaqla iddiaçıya 6973.00 manat məbləğində maddi ziyan vurmuşlar. Torpaq sahəsindən qanunsuz istifadəni davam edə bilmələri üçün əkilmiş meyvə ağaclarının qələmlərinin çıxarılmasında cavabdehlərin hər ikisi eyni dərəcədə maraqlı olmuşlar. Göstərilənlərə əsasən məhkəmə iddianın əsaslı olduğundan təmin edilməsi nəticəsinə gəlir. Beləliklə, məhkəmə sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməli, Xaçmaz rayonu Tel kəndi ərazisində yerləşən xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən iddiaçının mülkiyyətinə verilmiş 2.0 ha torpaq sahəsi cavabdehlərin qanunsuz istifadələrindən geri alınaraq İddiaçı istifadəsinə qaytarılmalıdır. İddiaçı məxsus Xaçmaz rayonu Tel kəndində yerləşən 2.0 ha torpaq sahəsində əkdiyi ağac qələmlərinin çıxardılması nəticəsində dəymiş ziyanın əvəzi olaraq cavabdehlərdən müştərək qaydada 6973.00 manat pul iddiaçının xeyrinə tutulmalıdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri kimi 100 manat pul cavabdehlərdən müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesaba keçirilməlidir. Məhkəmə, iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 100 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Xaçmaz rayonu Tel kəndində yerləşən İddiaçı mülkiyyətində olan 2.0 ha torpaq sahəsi Cavabdeh1 və Cavabdeh2 istifadəsindən geri alınaraq İddiaçı istifadəsinə verilsin. İddiaçıya vurulmuş maddi ziyanın əvəzi olaraq 6973.00 (altı min doqquz yüz yetmiş üç) manat və dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı xeyrinə ödənilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri kimi 100 manat pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq X3, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Ekspertizası Mərkəzi VOEN ********** AZ34CTRE******************** hesaba keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Samir Bayramov
Məhkəmə qərarları › İş №2(067)-140/2025
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-140/2025
04.08.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver