Məhkəmə qərarları › İş №2(010)-1578/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1578/2025

13.03.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1578/2025 13.03.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, X2 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. İddia tələbi İddiаçı İddiaçı Cavabdehnə (bundan sonra – Cavabdeh İB) qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB tərəfindən **********00000 saylı abonent İddiaçı qarşı qanunsuz hesablanmış (0326500 saylı akt üzrə) 518.40 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yaşayır. Cavabdeh İB tərəfindən həmin ünvana 2012-ci ildə ZENNER G-4 tipli sayğaca quraşdırılmışdır. Həmin köhnə sayğac Cavabdeh İB-nin əməkdaşları tərəfindən xx.xx.2002-ci ildə çıxarılaraq yerinə yeni ZENNER G4 tipli sayğac quraşdırılmışdır. Lakin, Cavabdeh İB-nin əməkdaşları sonradan onun ünvanına gələrək, köhnə G-4 smart tipli sayğacda nasazlıq aşkarlandığını iddia edərək ******* saylı akta əsasən ona 518.40 manat məbləğində cərimə yazıldığını bildirmişdirlər. Onu da qeyd edir ki, həmin ünvanda yaşayış yoxdur və qaz sayğacına onun tərəfindən heç bir müdaxilə edilməmişdir. İstifadə etdiyi qazın həcmindən görünür ki, o, elə də böyük həcmdə qaz işlətmir və belə olan təqdirdə onun sayğaca müdaxilə etməsinə əsas yoxdur. Nəzərə alınsa ki, qaz sayğacı evdən çöldə hamının keçə biləcəyi bir yerdə yerləşir, belə olan təqdirdə sayğaca qərəzli şəkildə müdaxilə edə bilərlər. Sayğac çöldə olduğundan 0, 7/24 sayğaca nəzarət edə bilməz. Bundan əlavə, sayğac öz istismar müddətini bitirmiş ola bilər. Vətəndaşların qazla təmin edilməsi, sayğacın qorunması Cavabdeh İB-nin öhdəsinə düşür və onun səlahiyyətindədir. Cavabdeh İB tərəfindən ondan əsassız olaraq pul tələb edilməsi onu məhkəməyə müraciət etməyə vadar etmişdir. Qaydaya əsasən, cavabdeh ona məxsus qaz sayğacını dəyişdirmək istəyirsə bunu öz vəsaiti hesabına etməli idi. Lakin həmin dəyişdirməni onun vəsaiti hesabına etmək üçün cavabdeh qaz sayğacında onun təqsiri üzündən baş vermiş zədə aşkar etməli idi. Cavabdeh ona məxsus qaz sayğacını çıxarıb apararaq, ona məlum olmayan vəziyyətdə üzərində müdaxilə aşkar etmişdir. İddia tələbinə etiraz Cavabdeh İB-nin nümayəndəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə iddia tələbinə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinə etirazın əsaslandırıldığı hallar İddia tələbinə etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh İB-yə qarşı (**********00000 istehlakçı hesabı üzrə) 518.4 manat borcun silinməsi tələbinə dair iddia qaldırmışdır. Aşağıdakılara əsasən iddia ərizəsi əsassız olduğu üçün rədd edilməlidir. İddiaçı mənzilinə quraşdırılmış qaz sayğacı sərfiyyatı qeyd etmədiyindən yeni sayğacla əvəz edilmiş, laboratoriya şəraitində X1 nümayəndəsinin təsdiq etdiyi aktla dövlət yoxlaması nəticəsində əvəz edilmiş sayğaca baxış keçirilən zaman sayğacın elementinin bitdiyi, xx.xx.2021-ci il tarixdə elektron göstəricinin 00182 m3 olduğu, yivli birləşmələrinin korroziyaya uğradığı, qayka plombu üçün nəzərdə tutulmuş qulaqcığın qırıq olduğu, sayğacın hesablama mexanizminin keçən qazın həcmini qeyd etmədiyi aşkar edilmişdir. Qaz sayğacının yoxlanmasının nəticəsi rəsmiləşdirilməklə X1 nümayəndəsi tərəfindən də təsdiq edilmişdir. Bundan sonra qeyd olunan nəticələr xx.xx.2022-ci il tarixli, ******* nömrəli aktla rəsmiləşdirilmiş və qaz itkisinə görə borc hesablanaraq iddiaçının hesabına əlavə edilmişdir. Eyni zamanda, iddiaçının saldosundan mübahisəsiz qaydada görünür ki, 2014cü ilin may ayından 2022-ci ilin yanvar ayına kimi, yəni sayğac çıxarılan vaxta kimi cəmi 18.3 manat ödəniş olmuşdur. Yuxarıda qeyd edilənlər iddiaçının sayğacdan keçən qaz sərfiyyatının qeyd edilməməsindən ötürü sayğaca müdaxilə etdiyini göstərir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “X3”nın 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alğı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqavilənin tələblərinə görə paylayıcı müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. “X3nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli qərarının 3.2.2-ci bəndinə əsasən qaz qurğularını onların texniki pasportlarında göstərilmiş tələblərə uyğun təhlükəsiz istismar etmək qazdan istifadə edən istehlakçıların vəzifəsidir. Deməli, qaz sayğacının qaydalara uyğun istismarı və işçi vəziyyətdə saxlanılması və istehlak edilən təbii qazın dəyərinin ödənilməsi istehlakçı kimi iddiaçının vəzifəsidir. İddiaçı tərəfindən istehlak edilən təbii qazın sərfiyyatının istifadə edildiyindən az göstərilməsinə nail olmaq üçün qaz sayğacına edilən müdaxilə və qeydə alınmadan istehlak edilən təbii qazın dəyərinin ödənilməsi üçün iddiaçı məsuliyyət daşıyır. Eyni zamanda həmin hərəkətin məişət abonenti olan iddiaçının iradəsindən kənar edilməsi öz-özündə istisna edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Bu halda iddiaçıya hesablanmış faktiki istehlak etdiyi və müqavilə üzrə dəyərini ödəmək vəzifəsi daşıdığı qaz sərfiyyatına görə hesablanmış qaz borcunun silinməsinin heç bir faktiki və hüquqi əsası olmadığından iddianın rədd edilməsi barədə qətnamə çıxarılması xahiş edilir. Tərəflərin izahatları Məhkəmə baxış iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, 12 ildir həmin ünvandan köçmüşdür, o ünvanda yaşamır. 1 il əvvəl sayğacı söküblər, bir müddət əvvəl karta pul vuranda pulun tutulduğunu görmüş, qaz idarəsinə yaxınlaşmışdır. Daha sonra Asan kommunala getmiş və sonda sayğaga laboratoriyada baxıldığını və sayğaca müdaxilə olunduğunu demişlər. Hazırda yaşadığı ünvan üzrə hər hansı borcu yoxdur. İddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh İB-nin nümayəndəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar xx.xx.2022-ci il tarixli, ******* nömrəli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktdan müəyyən olunur ki, istehlakçı İddiaçı yaşadığı ünvanda “İTRON” G4 markalı, 1202AQ**********9 nömrəli qaz sayğacı çıxarılmış və “Zenner” G4 markalı, **********1 nömrəli qaz sayğacı quraşdırılmış, qaz xəttində, sayğacda olan qaynaq və yivli birləşmələr təzyiq altında sabun köpüyü ilə yoxlanılmış və heç bir sızma aşkar edilməmiş, quraşdırılan qaz sayğacının texniki qaydalara cavab verdiyi və qaz sayğacının abonentə təhvil verildiyi qeyd olunmuşdur. xx.xx.2022-ci il tarixli, MSK–29/1710-00199-1 nömrəli “Qaz sayğacının yoxlanılması barədə” aktdan müəyyən olunur ki, 1202AQ**********9 zavod seriya nömrəli sayğaca baxış keçirilmiş, baxış zamanı sayğacın elementinin bitməsi, müvəqqəti elementin quraşdırılması, xx.xx.2021-ci il tarixə elektron göstəricinin 00182 m3 təşkil etməsi, yivli birləşmələrin korroziyaya uğraması, qayka plombu üçün nəzərdə tutulmuş qulaqcığın qırıq olması, sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etməməsi, sayğacın arxivinin oxunması nəticəsində sayğacda istismar müddətində “ALARM-1” rejiminin aktiv olmaması müəyyən edilmişdir. “Təbii X3nın pozulması haqqında” xx.xx.2022-ci il tarixli, ******* nömrəli aktdan müəyyən olunur ki, istehlakçı İddiaçı məxsus (abonent kodu: **********00000) ünvan 3 ünvanında yerləşən sayğaca Cavabdeh İB-nin əməkdaşları tərəfindən baxış keçirilmiş və xx.xx.2022-ci il tarixli, MSK 29/1710-00199-1 nömrəli dövlət yoxlamasına əsasən, sayğacın elementinin bitməsi, yivli birləşmələrin korroziyaya uğraması, qayka plombu üçün nəzərdə tutulmuş qulaqcığın qırıq olması, sayğacda “ALARM-1” rejiminin aktiv olmaması aşkar edilmişdir. xx.xx.2022-ci il tarixi dəymiş ziyanın bərpasına dair tələbnamədən müəyyən olunur ki, xx.xx.2022-ci il tarixli, ******* nömrəli akta uyğun olaraq ünvan 3 ünvanında yerləşən qaz sayğacının nominal qaz sərfi 4 m3 orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və dəymiş ziyanın həcmi 4 x 12 x 90 = 4320 m3 kimi hesablanmışdır. xx.xx.2022-ci il tarixli, ******* nömrəli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktdan müəyyən olunur ki, istehlakçı İddiaçı yaşadığı ünvanda “Zenner” G4 markalı, **********1 nömrəli qaz sayğacı növbədənkənar dövlət yoxlaması nəticəsində çıxarılmış və həmin ünvana “Zenner” G4 markalı, STS **********370 nömrəli qaz sayğacı quraşdırılmış, qaz xəttində, sayğacda olan qaynaq və yivli birləşmələr təzyiq altında sabun köpüyü ilə yoxlanılmış və heç bir sızma aşkar edilməmiş, quraşdırılan qaz sayğacının texniki qaydalara cavab verdiyi və qaz sayğacının abonentə təhvil verildiyi qeyd olunmuşdur. **********00000 abonent kodlu İddiaçı abonent saldosundan müəyyən olunur ki, İddiaçı məxsus ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin abonentinə 2022-ci ilin yanvar ayında qalıq və aktlar üzrə 4320 m3-a görə 516.70 manat borc hesablanmışdır. Ünvanda istifadə olunan cihazlar: 4 gözlü qaz plitələri (PQ-4)(1/1). İddiaçı tərəfindən Cavabdeh İB-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizənin məzmunundan müəyyən olunur ki, xx.xx.2022-ci il tarixdə ünvan 3 ünvanında yerləşən qaz sayğacı yenisi ilə əvəz olunmuş və 516 manat cərimə yazılmışdır. Sayğaca müdaxilə edildiyi qeyd edilsə də, həmin ünvanda 2012-ci ildən bəri yaşayış olmamış və həmin sayğacdan istifadə edilməmişdir. xx.xx.2025-ci il tarixli sayğaca olan ödənişlər cədvəlindən müəyyən olunur ki, istehlakçı İddiaçı ünvan 4 ünvanında istehlak olunan təbii qaza görə xx.xx.2021 – xx.xx.2025-ci il tarixləri arasında ümumilikdə 2115 manat ödəniş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.[16] Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1 Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 1096.1 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 3. İstehlakçıların hüquqları Azərbaycan Respublikası ərazisində istehlakçılar aşağıdakı hüquqlara malikdir: ...öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə; Maddə 18. İstehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti 18.0. İstehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədilə özündə aşağıdakı tələbləri ehtiva edir: 18.0.1. istehlak bazarında satılan malların (xidmətlərin, işlərin), o cümlədən yeyinti məhsullarının və dərman vasitələrinin qablaşdırılmasının, daşınmasının, saxlanmasının və satış şəraitinin sanitar-gigiyenik, ekoloji, texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına, qida məhsullarının isə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlara uyğun olmasına dövlət nəzarətini; Maddə 26. İstehlakçıların hüquqlarının məhkəmə müdafiəsi İstehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 6.2. Bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Maddə 11.6. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Maddə 13.8. (01 may 2022-ci il tarixədək qüvvədə olmuş redaksiyada) Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Maddə 13.9. (01 may 2022-ci il tarixədək qüvvədə olmuş redaksiyada) Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş “X3”

4. Qaz sayğaclarının quraşdırılması və istismarı. 4.2. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.7-ci bəndi. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9. Zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlamasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir.

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.5. istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar; 9.4. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi Maddə 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi və gəldiyi nəticə Məhkəmə iddia ərizəsini, iddiaçının izahatını, cavabdehin nümayəndəsinin iddiaya yazılı etirazını, işə əlavə edilmiş sənədləri nəzərdən keçirərək, təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə tərəfindən iş üzrə halların araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçının yaşadığı ünvanda quraşdırılmış “İTRON” G4 markalı qaz sayğacı dəyişdirilərək dövlət yoxlaması keçirilməsi üçün göndərilmişdir. Ünvandan çıxarılan qaz sayğacının əvəzinə iddiaçının yaşadığı ünvana “Zenner” G4 markalı yeni sayğac quraşdırılmışdır. Çıxarılmış 1202AQ**********9 zavod seriya nömrəli sayğaca laboratoriya öz rəyini verərək, sayğacın elementinin bitməsi, müvəqqəti elementin quraşdırılması, xx.xx.2021-ci il tarixə elektron göstəricinin 00182 m3 təşkil etməsi, yivli birləşmələrin korroziyaya uğraması, qayka plombu üçün nəzərdə tutulmuş qulaqcığın qırıq olması, sayğacın hesablama mexanizminin keçən qazın həcmini qeyd etməməsi, sayğacın arxivinin oxunması nəticəsində sayğacda istismar müddətində “ALARM-1” rejiminin aktiv olmaması müəyyən edilmişdir. Cavabdeh yuxarıda qeyd edilmiş yoxlamanın nəticəsi olaraq 518.40 manat həcmində cərimə məbləğini iddiaçının abonent hesabına hesablamışdır. Məhkəmə hesab edir ki, hazırki iş üzrə tərtib edilmiş aktın qəbul edilməsi üçün əsas olmuş halları, aktın və hesablanmış borcun doğruluğunu sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşdüyündən və həmin aktın qəbul edilməsi üçün əsas olmuş hallar, eləcə də həmin halların mövcudluğu cavabdeh tərəfindən sübuta yetirilmədiyindən həmin akt üzrə göstərilmiş həcmdə hesablanmış zərər istehlakçı tərəfindən ödənilməməlidir. Qanun normasının tələbinə görə fiziki şəxslərin evlərinə quraşdırımış qaz sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə qaz paylayıcısı cavabdehlik daşıyır. Cavabdeh İB tərəfindən İddiaçı qaz sayğacına ehtimal olunan müdaxilə etməklə qanunazidd hərəkəti nəticəsində ona 518.4 manat məbləğində zərər vurulması, bu zərərlə iddiaçının ehtimal olunduğu qanunazidd hərəkəti arasında səbəbli əlaqənin olması və bu zərərin vurulmasında iddiaçının təqsirli olmasını təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmiş, iddia tələbinə etirazın əsaslandırıldığı hallar sübut olunmamışdır. Belə mötəbər sübutlar cavabdehin nümayəndəsinin iddiaya yazılı etirazında da göstərilməmiş və həmin etiraza əlavə olunmamışdır. Halbuki qanuna görə iddia tələbinə etirazın əsaslandırıldığı halları sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Bununla yanaşı qaz sayğacının zədələnməsinin müəyyən edilməsi təklikdə buna görə istehlakçıya borc hesablanmasına əsas vermir. Əksinə, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. İş üzrə müəyyən edilmişdir ki, təhlükəsiz şəraitdə saxlanması üçün iddiaçının evinə gələn təbii qazın qeydiyyatını aparan qaz sayğacının işlək vəziyyətdə saxlanma vəzifəsi Cavabdeh İB-nin üzərinə düşməklə həmin təşkilat tərəfindən bununla bağlı müvafiq tədbirlər görülməli idi. Lakin, Cavabdeh İB tərəfindən həmin sayğacın işlək vəziyyətdə saxlanması üçün müvafiq qanuni tədbirlər görülməmişdir. Bu isə həmin sayğaca istənilən şəxs tərəfindən müdaxiləni və ya təbii hadisələrin (zəlzələ, güclü külək, qasırğa nəticəsində və sair səbəblərdən kənar predmetlərin dəyməsi, qaz sayğacının dəyişdirilməsi və sair) təsiri nəticəsində müdaxilə olunmasını istisna etmir. Həmçinin qeyd olunanlardan əlavə, cavabdeh tərəfindən “təbii X3nın pozulması haqqında” aktın tərtib edilməsi və həmin akta uyğun iddiaçının abonent hesabına borcun hesablanması, həmin aktların tərtib olunması zamanı iddiaçının iştirakının təmin edilməsi halı müəyyən edilməmişdir. Qeyd olunanlar əsasında məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh təşkilat tərəfindən iddiaçıya 518.40 manat təbii qaz borcu əsassız hesablanmışdır və əsassız olaraq da həmin borc iddiaçının abonent hesabına daxil edilməklə ondan tələb edilir. Bu da qaz istehlakçısı kimi iddiaçının hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Ona görə də İddiaçı pozulmuş hüquqları bərpa olunmalı və əsassız hesablanmış 518.40 manat qaz borcu İddiaçı abonent hesabından silinməlidir.

Məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İş materiallarından görünür ki, qanunvericiliyin tələbinə əsasən hazırki iddianın qaldırılması üçün iddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğuna görə dövlət rüsumu ödəməmişdir. Ona görə məhkəmə həmçinin hesab edir ki, iddia təmin edildiyi və iddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğu üçün Cavabdeh İB-dən 30 manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə

qət etdi:

İddia təmin edilsin. İddiaçı məxsus **********00000 saylı abonent koduna xx.xx.2022-ci il tarixli, ******* nömrəli akt üzrə hesablanmış 518.40 (beş yüz on səkkiz manat qırx qəpik) manat məbləğində borc silinsin. Ödənilməmiş 30 (otuz) dövlət rüsumu Cavabdeh İB-dən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Fəridə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar