Məhkəmə qərarları › İş №2(010)-1584/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1584/2024

19.04.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1584/2024 19.04.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə. İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İddia tələbi. 1.İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh tərəfindən çıxarılmış təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın ləğv edilməsi və **********00041 saylı abonent ondan (İddiaçı) qanunsuz olaraq tələb olunan 798 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

2. Daha sonra İddiaçı iddia ərizəsinə əlavə verərək **********00041 saylı abonent ondan (İddiaçı) qanunsuz olaraq tələb olunan 798 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar.

3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri, Suraxanı rayonu, Ə.Ələsgərov küçəsi, Dal 2, ev 4-də yaşayır. Cavabdeh tərəfindən həmin ünvana G-4 İtron Smart-kart tipli sayğac quraşdırılmışdır. Həmin köhnə sayğac Cavabdeh əməkdaşları tərəfindən çıxarılaraq yerinə yeni Zenner G2 mexaniki tipli (№ **********0) sayğac quraşdırılmışdır. Lakin Cavabdeh əməkdaşları sonradan həmin ünvana gələrək, köhnə G- 4 İtron Smart tipli sayğacın (№ 1202AQ **********0) çıxış plastmas borusunda deşik aşkar edildiyini və ona 798 (yeddi yüz doxsan səkkiz) manat məbləğində cərimə hesablandığını bildirmişlər. Baxmayaraq ki, indiyədək vaxtlı vaxtında işlətdiyi qazın pulunu ödəmiş, qaz sayğacını səliqəli işlətmiş və qaz sayğacına onun tərəfindən heç bir müdaxilə edilməmişdir. İstifadə etdiyi qazın həcmindən böyük həcmdə qaz işlətməmiş və belə olan təqdirdə onun sayğaca müdaxilə etməsinə də əsas yoxdur. Belə ki, qaz sayğacı evdən çöldə hamının keçə biləcəyi yerdə yerləşir. Belə olan təqdirdə sayğaca qərəzli şəkildə müdaxilə oluna bilər. Vətəndaşların qazla təmin edilməsi, sayğacın qorunması Cavabdeh öhdəsinə düşür və onun səlahiyyətindədir. Cavabdeh İB-yi tərəfindən ondan əsassız olaraq pul tələb etməsi nəticəsində o məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də əsassız olaraq hesablanmaqla ondan (iddiaçıdan) tələb olunan qaz sərfiyyatına görə 798 manatın silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

Tərəflərin izahatları.

4. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

5. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh nümayəndəsi X4 ərizə ilə Suraxanı rayon Məhkəməsinə “Elektron Məhkəmə” sistemi vasitəsi ilə müraciət edərək, iddia ərizəsinə onun iştirakı olmadan baxaraq iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İş materialları.

6. xx.xx.2017-ci il tarixli qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqaviləsindən görünür ki, Cavabdeh Bakı RQSD-nin rəisi ilə ünvan 1 ünvanında yaşayan X3 arasında müqavilə bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh Bakı RQSD müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq X2 evini keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Cavabdeh Bakı RQSD tərəfindən təqdim edilən hesaba əsasən ödəyir.

7. Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli ******* saylı qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbul haqqında aktın surətindən müəyyən olunur ki, İddiaçı yaşadığı ünvanda quraşdırılmış sayğacın istismar müddəti bitdiyi üçün yenisi ilə əvəz edilmişdir.

8. Cavabdeh tərəfindən tərtib olunan abonentin saldosundan müəyyən olunur ki, İddiaçı tərtib olunan aktlar üzrə qaz sərfiyyatına görə borcu 777.60 manat təşkil edir.

9. **********00041 saylı abonent İddiaçı saldosundan və Birliyin işçiləri tərəfindən “Təbii qazdan istifadə qaydaların pozulması haqqında” tərtib edilmiş aktlardan müəyyən edilir ki, Cavabdeh tərəfindən baxış keçirilən zaman 12-289030 saylı sayğacın çıxış plastmas borusu deşilmiş, sayğacın yivli birləşmələrinin gövdəyə birləşən hissələri korroziyaya uğrayıb, sayğac istismara yararsız olduğu müəyyən olunmuşdur.

10. Asan 2 tərəfindən verilmiş şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır.

İşin faktiki halları.

11. Cavabdeh əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixli ******* saylı akt tərtib olunmuş və İddiaçı yaşadığı ünvanda quraşdırılmış sayğacın istismar müddəti bitdiyi üçün yenisi ilə əvəz edilmişdir. Sonradan həmin saygac laboratoriyaya göndərilmiş və Cavabdeh işçiləri tərəfindən “Təbii qazdan istifadə qaydaların pozulması haqqında” tərtib edilmiş aktlardan müəyyən edilir ki, Cavabdeh tərəfindən baxış keçirilən zaman 12-289030 saylı sayğacın çıxış plastmas borusu deşilmiş, sayğacın yivli birləşmələrinin gövdəyə birləşən hissələri korroziyaya uğrayıb, sayğac istismara yararsız olduğu müəyyən olunmuşdur. Saygaca müdaxilə olunması ilə bağlı akt tərtib olunmuş və iddiaçıdan 777.60 manat pul tələb olunur.

12.Tətbiq edilən hüquq.

Azərbaycan Respublikası Mülki Məcəlləsi

Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

13. Qaz təchizatı haqqında Azərbaycan Respublikasının Qanunu

Maddə 13. Qazın pаylаnmаsı, satılması və qazın verilməsinin dayandırılması 8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.

14. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı Qərarı 1.3. Qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir.

4. X1 və İstismarı 4.2. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 5.2. Bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. 6.5. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.

15.İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanunu

Maddə 26. İstehlakçıların hüquqlarının məhkəmə müdafiəsi İstehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir.

16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

17. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu.

Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda - 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi. Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri. 9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.5. istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar.

Məhkəmənin mövqeyi.

18. Nəzərə alınmalıdır ki, yuxarıda da istinad edilmiş (§ 13, 14) “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun və “Qazdan istifadə qaydaları”nın müvafiq maddələrindən görünür ki, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi istehlakçı yox, qaz paylayıcısı daşıyır. İstehlakçının qazın talanmasında təqsirli olması müvafiq orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.

19. Göründüyü kimi, həm qanunvericilikdə, həm də tərəflər arasında bağlanmış müqavilədə istənilən zərərin yox, məhz istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində dəymiş zərərin istehlakçı tərəfindən ödənilməsi müəyyən edilmişdir. Belə olan halda yalnız iddiaçının təbii qazdan qanunsuz istifadə etdiyi sübuta yetirilərsə, onun üzərinə qanunsuz istehlak edilən qazın dəyərini ödəmək vəzifəsi qoyula bilər.

20. Məhkəmə qeyd edir ki, iddiaçının təbii qazdan qanunsuz istifadə etməkdə təqsirli olmasını sübut etmək cavabdehin üzərinə düşür. Belə ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2 və 77.1ci maddələri).

21. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

22. Həmçinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır.

23. İşin faktiki hallarından görünür ki, Cavabdeh əməkdaşları tərəfindən xx.xx.2023cü il tarixli ******* saylı akt tərtib olunmuş və İddiaçı yaşadığı ünvanda quraşdırılmış sayğacın istismar müddəti bitdiyi üçün yenisi ilə əvəz edilmişdir. Sonradan həmin sayğac laboratoriyaya göndərilmiş və Cavabdeh işçiləri tərəfindən “Təbii qazdan istifadə qaydaların pozulması haqqında” akt tərtib edilmişdir. Həmin aktdan müəyyən edilir ki, Cavabdeh tərəfindən baxış keçirilən zaman 12-289030 saylı sayğacın çıxış plastmas borusu deşilmiş, sayğacın yivli birləşmələrinin gövdəyə birləşən hissələri korroziyaya uğramış və sayğacın istismara yararsız olduğu müəyyən olunmuşdur. Saygaca müdaxilə olunması ilə bağlı akt tərtib olunmuş və iddiaçıdan 777.60 manat dəymiş zərər tələb olunur. 24.Göründüyü kimi iddiaçının evində öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək cavabdehin vəzifəsi olduğu halda o, öz vəzifələrini yerinə yetirdikdən sonra sayğacın yararsız hala düşməsində istehlakçının təqsirini sübuta yetirmədən, istehlakçıya əsassız və qanunsuz tələb irəli sürmüşdür.

25. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh təbii qazdan istifadə qaydalarının pozulmasına dair akta əsasən iddiaçıdan pul tələb edilməsi əsassız olmuşdur. Odur ki, iddia qismən təmin edilməlidir.

Məhkəmə xərcləri.

26. İş materiallarından görünür ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən dövlət rüsumu ödəməmişdir. Lakin hazırkı iş üzrə İddiaçı istehlakçı olduğundan və iddia tələbi qismən təmin olunduğundan 30 manat dövlət rüsumu Cavabdehndən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

27. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında tələb olunan 777.60 manat Cavabdeh tərəfindən silinməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ

İddia qismən təmin edilsin. Abonent İddiaçı (kod **********00041) təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt üzrə tələb olunan 777,60 (yeddi yüz yetmiş yeddi manat, altmış qəpik) manat pul vəsaiti Cavabdeh tərəfindən silinsin. İddia qalan hissədə təmin olunmasın. Cavabdehndən 30 (otuz) manat dövlət rüsumu dövlət nəfinə tutulsun. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar