Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1586/2024 18.04.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, X4 iclas katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi və 4 saylı Bakı “Asan xidmət” Mərkəzində Notariat Kontoru) “bağışlama müqaviləsinin və çıxarışın etibarsız hesab edilərək ləğv edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. İddia tələbi İddiaçı Cavabdeh qarşı “bağışlama müqaviləsinin və çıxarışın etibarsız hesab edilərək ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh ilə arasında xx.xx.2023-cü il tarixdə bağlanmış bağışlama müqaviləsinin və onun əsasında DƏDRX tərəfindən xx.xx.2023-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə verilmiş çıxarışın etibarsız hesab edilərək ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2023-cü ildə mülkiyyətində olan ünvan 1 ünvanında olan daşınmaz əmlakını oğlu Cavabdeh “Daşınmaz Əmlakın Bağışlanması” müqaviləsinə əsasən bağışlamışdır. “Daşınmaz Əmlakın Bağışlanması” müqaviləsi bağlandıqdan sonra oğlu ilə ailəsində problemlər yaranmış, hər dəfə sözsöhbət və mübahisələr yaranmışdır. Övlad kimi onunla maraqlanmır, 74 yaşı olsa da oğlu gündəlik qayğılarını qarşılmağa heç bir şəkildə maraq belə göstərmir. Həyat yoldaşı vəfat etmişdir. Oğlu bu yaşında ən azı qidalanması üçün heç bir şəkildə ona kömək etmir, hələ bu bəs deyilmiş kimi, ona hörmətsizlik edir, sanki uşaq o imiş kimi onu danlayır və təhqir edir. Bütün bunları gördükdən sonra aldadıldığının fərqinə varmış və məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Cavabdehin etirazı Cavabdeh xx.xx.2024-cü il tarixdə iddiaya etiraz ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı tərəfindən ona qarşı verilmiş xx.xx.2023cü il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddianın əsası kimi onun ailə hüquq münasibətlərindən irəli gələn vəzifələrini iddiaçı və həyat yoldaşı barəsində kobudcasına pozması, bir övladı kimi onunla maraqlanmaması, ona heç bir köməklik göstərməməsi, ona hörmətsizlik etməsi, onunla uşaq kimi davranması, təhqir etməsi, hər ikisinə nalayiq ifadələr işlətməsi, fiziki təzyiq göstərməsi və təpiklə vurması göstərilmişdir. X2 xx.xx.2022-ci ildə vəfat etmişdir. Bundan sonra o, həyat yoldaşı ilə birlikdə hər həftə 2-3 dəfə atasının mənzilinə getmiş, həyat yoldaşı xörək bişirib aparmış, evi təmizləmiş, atasının paltarlarını yumuş və ütüləmişdir. Atası pensiya alır və o, 2022-ci ildə pensiyaya çıxmışdır. Onun pensiyaya çıxana kimi qazancı yaxşı olmuş, valideynlərinə hər ay yaxşı pul vermişdir. Həmin pulun bir hissəsini rəhmətlik anası ehtiyat üçün yığmışdır və hal-hazırda atasındadır, lakin o, pensiyaya çıxdıqdan sonra maddi vəziyyəti pisləşdiyi üçün atasına maddi köməkliyi azalmışdır. Çünki aldığı pensiya ilə həyat yoldaşı və 2 azyaşlı övladını saxlamalıdır. Atasının xasiyyəti əvvəlindən ağır olmuş, səbəbsiz yerə əsəbləşmiş, qonşularla, münasibətdə olduğu şəxslərlə münaqişə yaratmış, söymüşdür. Bu səbəbdən də qonşuları ilə də münasibəti pisdir. Onlar 2023-cü ilin dekabr ayına kimi atası ilə birtəhər yola getmişlər, lakin qeyd edilən tarixdən atasının xasiyyəti daha da pisləşmiş, onu və həyat yoldaşını dəfələrlə söyərək qovmuşdur. Onlar 2024-cü ilin yanvar ayının əvvəlindən atasının yanına gedə bilmirlər. Atası ondan mənzili qaytarmağını tələb edərək həmin mənzili satacağını və Rusiya Federasiyasında yaşayan qardaşının yanına gedəcəyini bildirmişdir. Əmisi X1 Federasiyasının Tobolsk vilayətində yaşayır, qumar oynayır və atasından 5000 ABŞ dolları pul istəmişdir. Atası da həmin məbləğdə pulu qardaşına göndərmişdir. O, atasının mənzili sataraq qardaşının yanına gedib pulu ona verəcəyini və əmisinin də həmin pulu qumarda uduzacağını bildiyi üçün mənzili onun adına qaytarmaqdan imtina etmişdir. Bundan sonra atası dəfələrlə onun yaşadığı mənzilə gələrək ona və həyat yoldaşına ağzına gələni demişdir. Atadan və anadan qalan mənzil övladın haqqı olduğu, qaytardığı halda mənzili sataraq əldə edilən pulun əmisi tərəfindən qumarda uduzulacağı üçün mənzili qaytarmaqdan imtina etmişdir. O və həyat yoldaşı 2024-cü il yanvar ayının əvvəlindən həmin mənzilə getmədikləri üçün atasının başqa qadınla evlənərək mənzilə gətirməsindən məlumatı olmamışdır. Beləliklə o, atası və valideynlərinə yaxşı övlad kimi davranmışdır və iddiada göstərilənlər həqiqəti əks etdirmir. Eyni zamanda bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və hədiyyənin qaytarılması üçün qanunvericiliklə nəzərdə tutulan heç bir hüquqi əsas mövcud deyildir. Beləliklə ona qarşı verilmiş iddianın faktiki və hüquqi əsası yoxdur və iddia təmin edilməməlidir. Tərəflərin izahatları Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirdi ki, cavabdehlə yola getmirlər. Cavabdeh uşağını öyrədir və uşaqdan tələb edir ki, ona babası olmamasını söyləsin. Hazırda oğlundan maddi köməklik də istəmir, çünki özü dolanır. Özü hazırda həmin mənzildə yaşayır, arvadı vəfat etdikdən sonra özü hər işini görür və tələbatlarını özü ödəyir. Düzdür evi könüllü olaraq oğluna bağlamışdır. İstəməmişdir ki, o, öləndən sonra sənədləşmə işləri ilə əziyyət çəksin. İndi isə nankorluq edir. Döymək hadisəsi olmayıb, lakin ona hörmətsizlik edirlər. Odur ki, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil iddianı qəbul etməyərək bildirdi ki, cavabdehin atasının xasiyyəti çox ağırdır. Buna görə də övladı və onun həyat yoldaşı ilə sərt rəftar edir. Sözügedən bağışlama müqaviləsinin bağlanılması zamanı iddiaçı könüllü şəkildə notariat ofisinə gedərək həmin müqavilə bağlamışdır. Sonradan aralarında problemlər yaranmış və iddiaçı həmin müqavilənin ləğvini tələb etmişdir ki, bu da tamamilə əsassızdır. Tələbdə iddiaçı eyni zamanda müqavilənin etibarsız hesab edilməsini də istəmişdir ki, bu nəticəyə gəlməyə əsas olan hallar hazırki işdə mövcud deyildir. Odur ki, məhkəmədən iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Belə olan halda, məhkəmə işə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar İddiaçı (Hədiyyə verən) ilə Cavabdeh (Hədiyyə alan) arasında xx.xx.2023-cü il tarixdə bağlanaraq notarial qaydada təsdiq edilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsindən müəyyən olunur ki, “Hədiyyə verən” ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 64.84 kv.m olan 3 otaqlı mənzildən tam mülkiyyət üzrə ona məxsus hissəsindən tam hissəni “Hədiyyə alan”ın mülkiyyətinə vermiş və bağışlanan daşınmaz əmlak qiymətləndirilməmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən xx.xx.2023-cü il tarixdə ********** nömrə ilə qeydə alınmış hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, **********23-05101-093027 reyestr nömrəli, ünvan 2 ünvanıda yerləşən, ümumi sahəsi 70.30 kv.m olan mənzil üzərində mülkiyyət hüququ Cavabdeh adına rəsmiləşdirilmişdir. xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Maddə 673.1. Hədiyyə verən aşağıdakı hallarda bağışlamaqdan imtina edə bilər: 673.1.1. hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; 673.1.2. hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; 673.1.3. o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə. Maddə 673.3. İmtina yalnız onun əsasının hədiyyə verənə məlum olduğu gündən bir il ərzində imtina haqqında bildirişin hədiyyə alana çatdığı halda qüvvədədir. Hədiyyə verənin həmin ilin sonunadək öldüyü halda imtina hüququ qalan müddət üçün onun vərəsələrinə keçir. Əgər hədiyyə alan hədiyyə verəni qəsdən öldürmüşsə və ya bağışlamanı ləğv etməkdə ona mane olmuşsa, hədiyyə verənin vərəsələri bağışlamaqdan imtina edə bilərlər. Maddə 673.4. Bağışlamaqdan imtina edildikdə hədiyyə alan, əgər bağışlanmış predmet onun mülkiyyətindədirsə, hədiyyəni qaytarmağa borcludur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.2. Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə - 100 manat. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatlarını dinləyib iddia ərizəsini və işə əlavə edilmiş sənədləri nəzərdən keçirərək, təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İşin faktiki hallarından göründüyü kimi iddiaçı öz mülkiyyətində olan ünvan 1 ünvanında olan daşınmaz əmlakını oğlu Cavabdeh bağışlamışdır, cavabdeh həmin müqavilə əsasında daşınmaz əmlaka olan mülkiyyət hüququnu reyestrdə dövlət qeydiyyatına aldırmışdır. Hazırda isə iddiaçı cavabdeh ilə aralarında bağlanmış bağışlama müqaviləsinin və çıxarışın etibarsız hesab edilərək ləğvini tələb edir. İddia tələbinin əsaslandırılmasından və iddiaçının məhkəmə araşdırması gedişində verdiyi izahatlardan belə məlum olur ki, o, oğlu olan cavabdehlə arasında bağlanmış bağışlama müqaviləsinin ləğvini ona qarşı hörmətsizlik edilməsi, cavabdehin bir oğul kimi onun qayğısına qalmaması səbəbindən tələb edir. Məhkəmə 18 may 2023-cü il tarixli bağışlama müqaviləsinə sənədin düzlüyü və tamlığı prezumpsiyası nöqteyi-nəzərindən hüquqi qiymət verərək, hesab edir ki, həmin müqavilə yazılı formada bağlanmaqla notarial qaydada təsdiq olunmuş, yəni müqavilənin formasına riayət edilmiş, müqavilədə tərəflər, onların rekvizitləri, müqavilənin predmeti, şərtləri və əsasları göstərilmiş, tərəflərə hüquq və vəzifələri, eyni zamanda müqavilə bağlanmasının hüquqi nəticələri izah edilmiş, tərəflər şəxsən bağışlama müqaviləsinin bağlanmasında iştirak etmiş və həmin müqaviləyə imza etmiş, müqavilə notarius tərəfindən təsdiq edilmiş və dövlət reyestrinə daxil edilmiş və müvafiq qaydada dövlət rüsumu ödənilmişdir. Müqavilənin tamlığına xələl gətirən hər hansı hal da məhkəmə tərəfindən müəyyən edilməmişdir. Belə olan halda həmin müqavilənin etibarsız hesab edilməsinə əsas olan hallar mövcud deyildir. Cavabdehin məhkəməyə ünvanladığı etirazından belə başa düşülür ki, onun müqavilə predmeti olan əmlakı iddiaçıya qaytarmaq istəməməsinin əsas səbəbi atasının həmin əmlakı satacağı və Rusiya Federasiyasında yaşayan qardaşının yanına gedəcəyindən ehtiyat etməsi olmuşdur. Ümumiyyətlə, iddiaçının məhkəmə iclasında verdiyi izahatdan belə başa düşülür ki, onun hazırkı iddianı qaldırmasına əsas səbəb oğlu ilə aralarındakı münasibətlərin pozulması, iddiaçıya görə oğlu ona qarşı hörmətsizlik etməsi, onun qayğısına lazımınca qalmaması olmuşdur. Məhkəmə ilk növbədə qeyd edir ki, valideynlərə hörmət etmək, onların qayğısına qalmaq uşaqların borcudur və bu borc Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmişdir. Belə ki, Konstitusiyanın 34-cü maddəsinin beşinci bəndinə əsasən valideynlərə hörmət etmək, onların qayğısına qalmaq uşaqların borcudur. 18 yaşına çatmış əmək qabiliyyətli uşaqlar əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa borcludurlar. Həmçinin Azərbaycan Respublikasının Ailə Məcəlləsində də yetkinlik yaşına çatmış övladların valideynlərini saxlamaq vəzifəsi müəyyən edilmişdir. Belə ki, Məcəllənin 82.1-ci maddəsinə əsasən əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar. Bunun davamı olaraq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 673.1.2-ci maddəsinə əsasən hədiyyə alanın ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozması hədiyyə verənin bağışlamaqdan imtina etməsi üçün əsasdır. Göründüyü kimi Mülki Məcəllədə məhz ailə hüquq münasibətlərinə uyğun olaraq qoyulmuş vəzifələrin məhz kobudcasına pozulmasının bağışlamaqdan imtinanın əsası olduğu müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, bu, bağışlama institutunun sabitliyinin təmin edilməsi ilə əlaqədardır. Bunun əksi yanaşma ailə münasibətlərində yaranan adi problemlərin, ailə-məişət zəminində xırda münaqişələrin belə bağışlamadan imtinaya əsas verməsi ilə nəticələnərdi ki, bu da bağışlama institutunu əhəmiyyətsiz edə bilərdi. Nəzərə alınmalıdır ki, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bu baxımdan bu müqavilələr əsasən yaxın ailə üzvləri arasında bağlanır. Yaxın ailə üzvləri arasında isə məhz yaxın ailə üzvü olmağın təbiətindən irəli gələn, mütəmadi ailə münasibətlərində olmaqdan, ortaq məişət qayğı və problemlərindən doğan müəyyən mübahisələrin, fikir ayrılıqlarının, xırda münaqişələrin olması, bəzi hallarda tərəflərin bir-birindən küsüb-inciməsi adi haldır və müəyyən həddə qədər qəbul olunandır. İşin bu hallarının fonunda cavabdehin iddiaçıya qarşı ailə hüquq münasibətlərinə uyğun olaraq üzərinə qoyulmuş vəzifələrini iddiaçı barəsində kobudcasına pozması nəticəsinə gəlmək mümkün olmur. Məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı və oğlu arasında ümumi anlaşmazlıq, məişət mübahisələri olmuşdur. Bu vəziyyətdə məhkəmə məhz cavabdehin atasına qarşı ailə hüquq münasibətlərinə uyğun olaraq üzərinə qoyulmuş vəzifələri kobudcasına pozduğu nəticəsinə gələ bilməz. Bütün bu qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya qarşı ailə hüquq münasibətlərinə uyğun olaraq üzərinə qoyulmuş vəzifələrini iddiaçı barəsində kobudcasına pozduğu müəyyən edilmədiyindən tərəflər arasında bağlanmış bağışlama müqaviləsinin ləğvi üçün heç bir əsas yoxdur. Məhkəmə hesab edir ki, çıxarışın verilməsinə əsas olmuş 18 may 2023-cü il tarixli əqdin etibarsız sayılması üçün faktoloji və hüquqi əsaslar olmadığı üçün xx.xx.2023-cü il tarixli reyestr nömrəsi **********23-05101-093027, qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın və çıxarışın da ləğv edilməsi üçün heç bir əsas yoxdur. Bu xüsusda məhkəmə reyestrin məzmununun həqiqiliyi və tamlığı prezumpsiyası nöqteyi-nəzərindən Cavabdeh aid sözügedən mənzil ilə bağlı daşınmaz əmlakın dövlət reyestrindəki qeydi və çıxarışı həqiqi hesab edir. Ona görə də məhkəmə hazırki iddianın heç bir faktoloji və hüquqi əsaslara malik olmamaqla əsassız olmasın nəticəsinə gəlir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır;4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə işdəki sübutlara hüquqi qiymət verərək, qeyd edir ki, iddiaçı iddia ərizəsinə iddia tələbinin əsaslı olmasını təsdiq edən edən hər hansı mötəbər sübut əlavə etməmiş və məhkəməyə təqdim etməmiş, iddia tələbinin əsaslandırıldığı halları və bununla da iddia tələbinin əsaslı olmasını sübut edə bilməmişdir. Halbuki qanuna görə (MPM-nin 77.1-ci maddəsi) bu vəzifə iddiaçı kimi onun üzərinə düşür. Qeyd olunanlar da hazırki iddianın əsassız olmasını göstərir. Məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İddia təmin edilmədiyindən məhkəməyə müraciət etmək üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu İddiaçı aid edilməlidir. Məhkəmənin gəldiyi nəticə Beləliklə, məhkəmə işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, İddiaçı ilə Cavabdeh ilə arasında xx.xx.2023-cü il tarixdə bağlanmış bağışlama müqaviləsinin və onun əsasında DƏDRX tərəfindən xx.xx.2023-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə verilmiş çıxarışın etibarsız hesab edilərək ləğv edilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin olunmamalıdır. Həmçinin iddianın təmin olunmaması nəticəsinə gəlindiyi üçün hazırki iddianın qaldırılması üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi və 4 saylı Bakı “Asan xidmət” Mərkəzində Notariat Kontoru) “bağışlama müqaviləsinin və çıxarışın etibarsız hesab edilərək ləğv edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verdiliyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Fəridə Rzayeva
Məhkəmə qərarları › İş №2(010)-1586/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1586/2024
18.04.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver