Məhkəmə qərarları › İş №2(010)-1622/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1622/2023

01.05.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1622/2023 01.05.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, məhkəmə iclas katibi Həsənzadə Leyla Fərhad qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İş materialları.

1. “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” haqqında xx.xx.2022-ci il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, istehlakçı İddiaçı yaşadığı ünvan 1 ünvanında “İtron” tipli, 1002AQ**********4 nömrəli qaz sayğacı çıxarılmış və “Zenner” tipli, **********051 nömrəli sayğac quraşdırılmışdır.

2. Cavabdeh İB-nin əməkdaşları tərəfindən ünvan 1 ünvanına dair tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il tarixli ******* saylı aktdan görünür ki, Dövlət yoxlaması zamanı 1002AQ**********4 sayğacın çıxış borusunun deşilməsi, sayğacın istismar müddətində Alarm-1 rejiminin aşkar olunmaması və sayğacın istismara yararsız vəziyyətdə olması müəyyən edilmişdir.

3. Bakı Regional Qazın Satış Departamenti İtirilmiş təbii qazın hesablanması Komissiyası tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, ünvan 1 ünvanına qaz sayğacının zədələnməsi nəticəsində 8640 m3 itirilmiş təbi qazın həcmi müəyyənləşdirilmişdir.

4. Smart sayğaclı abonentin hesabdan çıxarışından görünür ki, İddiaçı tərəfindən 2022-ci il də daxil olmaqla mütəmadi olaraq ödənişlər olunmuşdur.

İşin faktiki halları.

5. “Bakı Regional Qazın Satış Departamenti İtirilmiş təbii qazın hesablanması Komissiyası tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsinə əsasən, Cavabdeh İB tərəfindən abonent İddiaçı ünvanına 8640 m3 qaz sərfiyyatının hesablanması işin mübahisəsiz halıdır.

İddia tələbi.

6. İddiaçı Cavabdehnə (bundan sonra mətndə Cavabdeh İB) qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsassız olaraq 2251 manat debitor borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatları.

7. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, onun ünvanında olan qaz sayğacı Cavabdeh İB əməkdaşları tərəfindən dəyişdirilmiş və sayğacda problem olması əsası ilə 2251 manat məbləğində borc yazılmışdır. Hesab edir ki, həmin borc məbləği əsassız olaraq hesablandığından silinməlidir.

8. Cavabdehin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, iddiaçıya təmsil etdiyi qurum tərəfindən ziyanın əvəzi olaraq 2251 manat yox, 1036.80 manat yazılmışdır. Belə ki, dəymiş ziyanın bərpası barədə tələbnamədə itirilmiş qazın həcmi 8640 m3 müəyyən edilmişdir ki, bir kubmetr qazı da müəyyən edilmiş 12 qəpikdən hesablayanda 1036.80 manat edir. İddiaçının tələb etdiyi qalan məbləğ sərfiyyat məbləğidir.

Tətbiq edilən hüquq.

9. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 №-li qərarı.

1.3. Qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt əlavə edilir. 3.1.5. Qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərməlidir. 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 5.2. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.

Məhkəmənin mövqeyi.

10. Məhkəmə iş materiallarını hərtərəfli araşdırıb, tərəfin izahatını dinləyib hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia qismən təmin edilməlidir.

11. Belə ki, cavabdeh tərəfindən məhkəməyə iddiaçının qaz sayğacının zədələnməsi nəticəsində yararsız vəziyyətdə olan sayğacdan istifadə etməklə ona ziyan vurmasını təsdiq edən heç bir sübut təqdim edilməmişdir. Cavabdeh tərəfin bununla bağlı istinad etdiyi onun mənafeyinə uyğun yeganə sübut tərtib olunmuş aktdır. Həmin akt isə qüsurlu olduğundan qanuni hesab edilə bilməz. Çünki qeyd olunan akt yalnız Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş və istehlakçı tərəfindən akta imza edilməmişdir. Bununla yanaşı, cavabdeh tərəf aktda sayğacın yarasız vəziyyətdə olduğunu qeyd etsə də, lakin “Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə” cavabdehliyi qaz paylayıcısı özü daşıyır. Bu səbəbdən də, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırki iş üzrə tərtib edilmiş aktın qəbul edilməsi üçün əsas olmuş halları, aktın və hesablanmış borcun doğruluğunu sübut etmək vəzifəsi bu aktın qəbul etmiş orqanın üzərinə düşdüyündən və həmin aktın qəbul edilməsi üçün əsas olmuş hallar, eləcə də həmin halların mövcudluğu cavabdeh tərəfindən sübuta yetirilmədiyindən həmin akt üzrə hesablanmış zərər istehlakçı tərəfindən ödənilə bilməz. Bu baxımdan məhkəmə qeyd edir ki, iş materiallarından göründüyü kimi ünvan 1 ünvanına qaz sayğacının zədələnməsi nəticəsində 8640 m3 itirilmiş təbi qazın həcmi müəyyənləşdirilmişdir. Məhkəmə, AR Tarif Şurası tərəfindən müəyyən edilmiş tarifə uyğun olaraq (1m3=0.12 Azn) hesab edir ki, cavabdeh tərəfindən əsassız olaraq iddiaçının ünvanına hesablanmış 1036.80 manat (8640 m3 x 0.12 Azn=1036.80 Azn) borc silinməlidir.

Məhkəmə xərcləri.

12. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.

Məhkəmənin gəldiyi nəticə.

13. Beləliklə, qeyd olunanlara əsasən məhkməmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh "AZƏRİQAZ" İB tərəfindən iddiaçı Abdullayev Yusı̇ f İsmayıl oğlunun hesabına əsassız olaraq hesablanmış 1036.80 borc silinməlidir.

14. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia qismən təmin edilsin. Cavabdeh "AZƏRİQAZ" İB tərəfindən iddiaçı Abdullayev Yusı̇ f İsmayıl oğlunun hesabına əsassız olaraq hesablanmış 1036.80 borc silinsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar