Məhkəmə qərarları › İş №2(010)-1634/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1634/2024

20.06.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1634/2024 20.06.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, X8 oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxsin etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə Ərizəçi maraqlı şəxs Suraxanı Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Orqanı olmaqla “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçinin tələbi.

1. Ərizəçi şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, övladı xx.xx.2005-ci il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tələbin dəlilləri.

2. Övladı xx.xx.2005-ci il təvəllüdlü X5 “H47.2 Görmə sinirinin atrofiyası, OU-Görmə sinirinin atrofiyası. VİS OU=0 (sıfır)” xəstəliyindən əziyyət çəkir, yataq xəstəsidir, əmək qabiliyyətsizdir, onun kənar şəxsin qulluğuna ehtiyyacı vardır və orqanizmin funksiyalarının 90% pozulmasına görə ona müddətsiz birinci dərəcəli əlillik təyin edilmişdir. X1 üzərində qəyyum təyin edilməyilə bağlı Suraxanı Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət etmişdir. Lakin Suraxanı Rayon İcra Hakimiyyəti xx.xx.2024-cü il tarixli 5-20/2-N-2-099/2024 saylı cavabla bildirmişdir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 317-ci və 321-ci maddələrinə əsasən qəyyum psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında məhkəmə qətnaməsi olduqdan sonra təyin edilir. Odur ki, onun fəaliyyət qabiliyyəti olmamasının müəyyən edilməsi zəruridir.

Tərəflərin izahatları.

3. Məhkəmə iclasında Ərizəçi ərizədə qeyd olunanlara uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etdi.

4. Maraqlı şəxsin etibarnamə üzrə nümayəndəsi X6 ərizənin təmin edilməsinə etirazının olmadığını bildirdi.

İş materialları.

5. AZ-İ seriyalı, 785106 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2005-ci il tarixdə anadan olmuşdur. Ata qrafasında X7, ana qrafasında Ərizəçi qeyd olunmuşdur.

6. AR ƏƏSMN Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, X5 H47.2 Görmə sinirinin atrofiyası. OU- Görmə sinirinin atrofiyası. VİS OU=0 (sıfır). Xəstə xx.xx.2023-cü ildə X9 adına MOM-da müayinə olunub, 5879nömrəli Tibbi rəy almışdır. Müddətsiz əlildir.

7. Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Komissiyasının Ərizəçi ünvanlanan xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Ərizəçi AR MPM-nin 317-ci və 321-ci maddələrinə əsasən qəyyumun psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında məhkəmə qətnaməsi olduqdan sonra təyin edilməsi və bu səbəbdən aidiyyəti üzrə məhkəməyə müraciət etməsinin məqsədəmüvafiq olması bildirilmişdir.

8. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X11 xx.xx.2024-cü il tarixli, 1127 №-li ekspert rəyində qeyd olunmuşdur ki, X4 Ağır dərəcəli əqli gerilik (İmbesillik dərəcəsində) (F 72.0) aşkar olunur. Bunu anamnestik məlumatlar (doğuş travması ilə doğulması, erkən psixofiziki inkişafının həmyaşıdlarından geri qalması, ağıl zəifliyi ilə əlaqədar təhsil almaması, AR ƏƏSMN Tibbi-Sosial Ekspert Komissiyasının elektron “Görmə sinirinin atrofiyası. OU- Görmə sinirinin atrofiyası. VİS OU=0 (sıfır). Xəstə xx.xx.2023-cü ildə X9 adına MOM-da müayinə olunub, 5879nömrəli Tibbi rəy almışdır” birinci dərəcəli əlil olduğunun qeyd edilməsi) həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər (zahirən narahat və gərgin olması, ünsiyyətə çətinliklə daxil olması, verilən sualları başa düşməməsi, anlaşılmaz sözlərlə cavab verməsi, anamnestik məlumatları açıqlaya bilməməsi, öz vəziyyətinə qarşı tənqidi münasibətinin olmaması və sair) sübut edir. X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün kifayət qədər əsaslar vardır. X5 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını başa düşmək və onları idarə etmək iqtidarında deyildir. X3 psixi vəziyyəti məhkəmədə iştirak etməsinə imkan vermir.

İşin faktiki halları.

9. İş materiallarında olan sənədlərə və rəyə əsasən xx.xx.2005-ci il təvəllüdlü X3 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmadığı işin mübahisəsiz hallarıdır.

Tətbiq edilən hüquq.

10. Azərbaycan Respublikası Mülki Məcəlləsi.

Maddə 28. Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti 28.8. Ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər.

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi.

Maddə 317. Ərizənin verilməsi 317.2. Məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Maddə 321. Məhkəmənin ərizə üzrə qətnaməsi 321.2. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi.

12. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir.

13. Belə ki, proses iştirakçılarının izahatından və iş materiallarından müəyyən olunur ki, xx.xx.2005-ci il təvəllüdlü X5 psixi qüsurlarına görə hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarında deyil. Qanunvericiliyin tələblərinə görə bu hal şəxsin fəaliyət qabiliyyəti olmayan hesab edilməsi üçün əsasdır.

Məhkəmə xərcləri.

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

15. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

16. Beləliklə, məhkəmə proses iştirakçılarını dinləyib, məhkəmə psixitarik ekspertizasının rəyini nəzərdən keçirib, toplanmış və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.2005-ci il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir.

17. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə,

qət etdi:

Ərizə təmin edilsin. xx.xx.2005-ci il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən onun işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar