Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1654/2020 03.09.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Əsədzadə Aytəkin Aqil oğlunun katibliyi, İddiaçı nümaynədəsi vəkil X13 Cavabdehlər Cavabdeh1, X2, Cavabdeh3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, X3, Cavabdeh3 qarşı mənzilə köçürülmə və maneənin aradan qaldırılması tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1, X3, Cavabdeh3 qarşı mənzilə köçürülmə və maneənin aradan qaldırılması tələbi ilə məhkəməyə müraciət edərək, onun əri X8 ilə birlikdə ümumi təsərrüfat apardıqları dövrdə birgə vəsait hesabına əldə etdikləri və yaşadıqları ünvan 1 ünvanında yerləşən 3 otaq, mətbəx və sanitar qovşağından ibarət olan fərdi yaşayış evinə köçürülməsini və cavabdehlər tərəfindən yaradılmış maneənin aradan qaldırılmasını xahiş etimşdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, əri X8 ilə faktiki olaraq xx.xx.2004-cü il tarixində ailə qurmuşlar və nikahları Bakı şəhəri Suraxanı rayonu qeydiyyat şöbəsində rəsmiləşdirilmişdir. Birgə nikah dövründə xx.xx.2005-ci il təvəllüdlü X6 adlı övladları dünyaya gəlmişdir. O, 2004-cü ildə Suraxanı rayonunda yerləşən mənzilə gəlin köçmüşdür və 2006-cı il tarixdən də hazırda mübahisəli olan mənzili yoldaşı X8 ilə birlikdə birgə təsərrüfat apararaq və işləyərək 3 otaq, mətbəx və sanitar qovşağından ibarət olan fərdi yaşayış evini tikdirmişlər. Eyni ünvanda bir dam altında iki girişi olan və hər biri 3 otaqdan ibarət fərdi yaşayış evi tikilmişdir ki, bir girişdə yoldaşı, o və oğlu qalmış, digərində isə cavabdehlər yaşamışdır. Əri X8 və övladları ilə birlikdə o, ünvan 2 ünvanında yerləşən 3 otaq, mətbəx və sanitar qovşağından ibarət olan fərdi yaşayış evində 2020-ci ilin yanvar ayının əvvəlinə kimi yşaamışdır. Cavabdehlər onu öz evində yaşamamağını və yoldaşının burada yaşamadığından dəfələrlə öz evindən çıxmağını bildirmiş və ona hər cür şər ataraq çıxaracaqlarını bildirmişlər. Cavabdehlər ona şər atmış və onun öz evindən çıxmasına nail olmuşlar və onu öz evinə buraxmamışlar. Hazırda bütün əşyaları mənzildədir və o, öz mənzilindən sərbəst istifadə edə bilmir, məcbur olub valideynlərinin evində müvəqqəti sığınmışdır. Ona görə də, iddia təmin edilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X19 iddia tələbinin məzmununa uyğun izahat verərək, fərdi yaşayış evinin özbaşına tikili olduğunu, iddiaçının həyat yoldaşı ilə ailə qurduqdan sonra öz vəsaitləri hesabına həmin evi tikdiklərini və ora köçüb yaşadıqlarını, ona görə də, iddianın əsaslı olduğunu bildirdi və iddiasının təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbinə etiraz edərək, iddiaçının həmin evə heç bir vəsait xərcləmədiyini, əksinə iddiaçının və onun həyat yoldaşı olan oğlunun xərclərini də özünün qarşıladığını, mübahisəli evi də öz vəsaiti hesabına tikdiyini bildirdi və iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh X7 iddia tələbinə etiraz edərək, iddiaçının onun keçmiş gəlini olduğunu, nə onun, nə də ki, iddiaçının həyat yoldaşı olan oğlunun mübahisəli evin tikilməsinə hər hansı bir vəsait xərcləmədiklərini, oğlunun ev tikilən ərəfədə tələbə olduğunu, bütün vəsaitin öz həyat yoldaşı Cavabdeh1 tərəfindən xərcləndiyini bildirdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 iddia tələbinə etiraz edərək mübahisəli evin atasına məxsus olduğunu bildirdi və iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iddiaçı və cavabdeh tərəfləri dinləyib, iş materiallarını araşdırıb, iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı deyildir və təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş: - AZ-İ 036320 № li Nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X9 ilə X11 xx.xx.2004-cü ildə nikaha daxil olmuşlar. Arvada Nadirova soyadı verilmişdir. -AZ-İ 674569 № li doğum haqqında şəhadətnamənin surətindən görünr ki, X6 xx.xx.2005-ci ildə Bakı şəhərində anadan olmuşdur. Atası X8, anası X10r. -AN- İ ******* № li xx xxxxxx 2005-ci il tarixli daşınmaz əmlakın alqı-satqısı müqaviləsindən görünür ki, X4 Bakı şəhəri, Yeni Suraxanı qəsəbəsində yerləşən torpağın 240 kv.m-ni Cavabdeh1 satmışdır. -Torpağın mülkiyyətə verilməsinə dair JN-23812H № li şəhadətnamədən görünür ki, Cavabdeh1 Bakı şəhəri, 37 saylı Dövlət Notariat Kontorunun xx xxxxxx 2005-ci il tarixli 4ə-3/406 saylı alqı-satqı müqaviləsi ilə satılmış 0.024 hektar torpaq sahəsi fərdi yaşayış evi tikintisi üçün mülkiyyətinə verilmişdir. Məhkəmə iclasına cavabdeh tərəfdən şahid kimi çağırılmış X1 izahat verərək bildirdi ki, Cavabdeh1 onun əmisidir. 2005-ci ilə kimi 1 ci mədən küçəsi ünvanında onlar qonşu olmuşlar. Sonradan əmisi evi satmış, yeni torpaq sahəsi almış və həmin torpaqda mübahisə predmeti olan evi inşa etməyə başlamışdır. Həmin vaxt Coşqun tələbə olmuş, əmisi əvvəlki evini satandan sonra Coşquna evin pulundan pay vermişdir. Coşqun Əhmədli qəsəbəsində kirayədə yaşamağa başlamışdır. Mübahisəli evi əmisi Cavabdeh1 satdığı əvvəlki evinin vəsaiti hesabına inşa etdirmiş, hətta evin inşasına pulu tam çatmadığınıdan usta işini də bəzən özü görmüşdür. Coşqunun həmin evin inşasında heç bir əməyi olmamışdır. Coşqun həmin vaxt tələbə olmuş, heç bir qazancı da olmamışdır ki, evin tikintisinə vəsait xərcləsin. Məhkəmə şahidin ifadəsinə tənqidi yanaşmaq üçün əsas görmür. Beləliklə, işin məhkəmə tərəfindən araşdırılan hallarından məlum olur ki, iddiaçı Cavabdeh1 oğlu ilə rəsmi nikaha daxil olmuş və bir mübahisəli əmlakda cavabdehlər Cavabdeh1la və Qonça Nadirova ilə birlikdə yaşamışlar. İddiaçı tərəfin dəlili ondan ibarətdir ki, mübahisəli yaşayış evini o, həyat yoldaşı ilə təsərrüfat apararaq və işləyərək tikdirmişlər. Cavabdeh tərəfin iddiaya etirazı ondan ibarətdir ki, mübahisəli ev və onun altındakı torpaq sahəsi Cavabdeh1 məxsusdur, evi də Cavabdeh1 öz vəsaiti hesabına tikdirmişdir. Nə iddiaçı, nə də onun həyat yoldaşı olan oğlanları Coşqun evin tikildiyi ərəfədə qazanca sahib olmamışdırlar və onlar evin tikilməsinə hər hansı bir vəsait xərcləyə də bilməzdilər. İddiaçı mübahisəli evə köçürülmə və ona yaradılan maneələrin aradan qaldırılması tələbi irəli sürmüşdür. Tərəflər arasında münasibətlər 2004-cü ildə yaranmışdır. Bu tələbin əsaslı hesab edilməsi üçün iddiaçının əmlak hüquqlarının mövcud olması tələb olunur. Barəsində mübahisə edilən hüquq münasibətlərini bilavasitə tənzimləyən hüquq norması yoxdur. Çünki, mübahisəli ev özbaşına tikilidir. Ona görə də, məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinin tələblərini nəzərə almadan iş üzrə düzgün nəticəyə gəlmək mümkün deyildir. Belə ki, həmin maddənin tələbinə görə barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Bundan başqa, Mülki Məcəllənin 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan müasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Mülki Məcəllənin 228.2-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Həmin Məcəllənin 228.5-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Mülki Məcəllənin 228-ci maddəsinin tələbindən görünür ki, yaşayış sahəsinin mülkiyyətçinin ailə üzvü həmin yaşayış sahəsinə istifadə hüququna malikdir. Mülkiyyətçinin ailə üzvünün əri və ya arvadı isə istifadə hüququ əldə etmək üçün mülkiyyətçi ilə notarial qaydada razılaşma bağlamalıdır. Lakin, hazırkı işdə mübahisəli yaşayış evinin hüquqmüəyyənedici sənədləri yoxdur. Başqa sözlə ev özbaşına tikili sayılır. Belə olan halda, iddiaçının notarial razılaşma bağlama imkanı olmamışdır. Ona görə də, məhkəmə hazırkı mübahisəyə Mülki Məcəllənin 228-ci maddəsinin tələbləri baxımından yanaşmır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, ilkin iddiaçının mübahisəli mənzilə köçürülüb-köçürülməməsi məsələsinə aşağıdakı şəkildə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. İddia tələbinin əsaslandırılması ilə bağlı məhkəmə qeyd edir ki, iddia tələbində qeyd edilənlər işin halları, tərəflərin izahatları və işdə olan sübutlarla öz təsdiqini tapmır. Belə ki, iddiaçı tələbində ona əsaslanır ki, mübahisəli yaşayış evi onun cavabdehlər Cavabdeh1 və Qonça Nadirovanın oğlanları Coşqun Nadirovla nikaha girdikdən sonra tikilmişdir və həmin evin tikintisində o, həyat yoldaşı ilə birgə vəsait xərcləmişdir və uzun müddət həmin evdə yaşamışlar. Məhkəmə qeyd edir ki, iddiaçının uzun müddət həmin evdə yaşaması işin mübahisəsiz halı olsa da, həmin evin tikintisində iddiaçının vəsait xərcləməsi və ya hər hansı bir əməyinin olmasını təsdiqləyəcək sübutlar iş materallarında yoxdur. Digər tərəfdən, müddət baxımından da, iddiaçının və həyat yoldaşının evin tikildiyi ərəfədə tikintiyə vəsait xərcləmələri ağlabatan deyildir. Çünki, tərəflərin izahatından müəyyən edilir ki, həmin ərəfədə ididaçı və həyat yoldaşı tələbə olmuşlar və işləyib qazanc əldə etmələri ilə bağlı sübutlar da yoxdur. İddiaçının uzun müddət həmin evdə yaşaması faktı isə özü özlüyündə iddiaçının həmin evdə yaşamaq hüququnun tanınması üçün yetərli deyildir. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçının Cavabdeh1 faktiki məxsus olan evə köçürülməsi sonuncunun əmlak hüquqlarının pozulması ilə nəticələnər və ona görə də, iddia tələbi qanuni və ədalətli hesab edilə bilməz. Təsvir olunanlara və hüquq normalarına əsaslanaraq məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək mübahisə ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2010-cu il tarixli, «V.Q.Teryoxinin şikayəti ilə əlaqədar qərarı»na istinad etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin həmin qərarda ifadə olunmuş mövqeyinə görə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşayaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Sahiblik və istifadə hüquqlarının həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurəti doğurur. İddia tələbinin maneənin aradan qaldırılması hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, nə qədər ki, İddiaçı mübahisəli evdə yaşamaq hüququ yoxdur, tələbin maneənin aradan qaldırılması hissəsi də əsaslı hesab edilə bilməz. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 217-220, 227, 233, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Nadı̇rova Günay Akif qızının cavabdehlər Cavabdeh1, X7, Cavabdeh3 qarşı mənzilə köçürülmə və maneənin aradan qaldırılması tələbi təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçı Nadı̇rova Günay Akif qızının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №2(010)-1654/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1654/2020
03.09.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver