Məhkəmə qərarları › İş №2(010)-1659/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-1659/2024

14.03.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-1659/2024 14.03.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Arxiv İdarəsinin Şəmkir Rayon filialına qarşı “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Arxiv İdarəsinin Şəmkir Rayon filialına qarşı xx.xx.2024-cü il tarixli 3-48-13F/2-Z-20 saylı arxiv arayışının mərhum atası X4 məxsus olması barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi bildirdi ki, 1955-ci ildə Şəmkir şəhərində anadan olmuşdur. Mərhum atası X3 bu günədək bütün hüquqi sənədlərində soyadı adı, atasının adı X2 qeyd edilmişdir. Şəmkir rayon Mərkəzi Arxiv İdarəsinin 17 yanvar 2024-cü il tarixli 3-48-13F/2-Z-20 saylı arayışında isə mərhum atasının ata adı “Aslan” kimi qeyd edilmişdir. Halbuki arxivdə mövcud olan hüquq müəyyənedici sənədlərdə atasının ata adı “Həbib” kimi qeyd olunmuşdur. Mərhum atasının adına olan torpaq sahəsinə dair vərəsəlik şəhadətnaməsi almaq istəyir. Lakin arxiv arayışında mərhum atasının ata adının səhv qeyd olunması ona mane olur. Sonda mülki iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Belə olan halda məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, ərizəçinin izahatından belə aydın olur ki, o, atasının adına qeydə alınmış torpaq sahəsini vərəsəlik qaydasında qəbul etmək istəyir, hansı ki, bununla bağlı tərtib edilmiş sənədlərdə atasının adı düzgün qeyd olunmuşdur. Ona təqdim edilmiş arxiv arayışında isə qeyd olunan səhvə yol verimişdir. Məhkəmə ərizəçinin diqqətinə çatdırır ki, hazırki mübahisənin mülki məhkəmə icraatında baxılması yol verilməzdir. Belə ki, ərizəçinin özünün qeyd etdiyi kimi, hüquq müəyyənedici sənədin tərtib edilməsində hər hansı yanlışlığa yol verilməyibsə, onda ərizəçi maraqlı orqan tərəfindən ona təqdim edilmiş arayışda yol verilmiş yanlışlığın aradan qaldırılması ilə bağlı həmin orqana müraciət edə bilər. Müvafiq orqanın imtinasını aldıqdan sonra isə tərəfin inzibati qaydada məhkəməyə müraciət etmək hüququ vardır. Bu baxımdan ərizəçi əvvəlcə, arxiv arayışının mərhum atası X4 məxsus olması barədə müvafiq qeydiyyat orqanına müraciət etməli, əgər orqan bundan imtina edərsə, bu imtinanı inzibati qaydada mübahisələndirməlidir. Hazırkı ərizəyə isə mülki məhkəmə icraatı qaydasında baxılması mümkün deyil. Məhkəmə son olaraq ərizəçinin nəzərinə çatdırır ki, əgər hüquq müəyyənedici sənədin tərtib olunmasında göstərilən yanlışlığa yol verilməsi müəyyən olarsa, onda ərizəçi əvvəlcə müvafiq qeydiyyat orqanına müraciət etməli, əgər orqan bundan imtina edərsə, bundan sonra həmin hüquq müəyyənedici sənədləri iddia ərizəsinə əlavə etməklə, mülki qaydada məhkəməyə müraciət edə bilər. Hazırkı halda isə işin mülki icraat qaydasında baxılması yolverilməzdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 261. İcraata xitam verilmə əsasları. 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.1. iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə... Maddə 262. İcraata xitam verilmə qaydası və nəticələri. 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 262.3. Bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. 262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. 262.5. İş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməli, ərizəçiyə hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi üçün müvafiq qeydiyyat orqanına müraciət etməli, əgər orqan bundan imtina edərsə, bu imtinanı inzibati qaydada mübahisələndirməlidir. Şərh olunanlara əsasən və MPM-in 261-262, 263, 264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Arxiv İdarəsinin Şəmkir Rayon filialına qarşı “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi”nə dair iş üzrə icraata xitam verilsin. Ərizəçiyə izah edilsin ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar