Məhkəmə qərarları › İş №2(010)-166/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-166/2022

13.04.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-166/2022 13.04.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyətinin etibarnamə üzrə nümayəndəsi X10 iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Suraxanı Rayon İcra Hakimiyyəti) “şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 15.08.1990-cı il təvəllüdlü X2nun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək bildirmişdir ki, o, ailə üzvləri və 15.08.1990-cı il təvəllüdlü X2 ünvan 1 ünvanında birlikdə yaşayırlar. X2 “Paranoid Şizofreniya.Şizofreniya paranoid forma fasiləsiz gedişli.Şəxsiyyətin qüsur halı” diaqnozu ilə 1-ci qrup əlildir və müxtəlif vaxtlarda müalicə olunsa da, nəticəsi olmamışdır. Qardaşına əlillik müddətsiz təyin edilmiş və ona o, qulluq edir. Onun daimi kənar şəxslərin köməyinə ehtiyacı vardır, O, öz hərəkətlərinin mənasını anlaya bilmir və öz hərəkətlərinin idarə edə bilməməsi nəticəsində bir sıra hüquqlarından məhrum olmuşdur. Qardaşına ondan başqa baxan yoxdur. Belə ki, anası ağır formada onkoloji xəstədir, onun özünə də baxan lazımdır. Bu üzdən o, qardaşının bir sıra şəxsi işlərini görməyə məcbur olur ki, onun öz hərəkətlərini dərk etməməsinə baxmayaraq, fəaliyyət qabiliyyətli olması onun bəzi hüquqularını həyata keçirilməsində ona maneçilik törədir. Ona görə də o, 15.08.1990-cı ildə anadan olmuş, X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə məhkəməyə müraciət etməli olmuşdur. Qeyd olunanlara əsasən ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyətinin etibarnamə üzrə nümayəndəsi X16 izahat verərək bildirmişdir ki, ekspertiza rəyinə əsasən X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunması üçün əsaslar vardır və buna görə də ərizənin təmin olunmasına etiraz etmir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Suraxanı RPİ tərəfindən verilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 ünvan 1 ünvanda pasport qeydiyyatındadır. İş materiallarına əlavə edilmiş Suraxanı rayon İcra Hakimiyyətinin Ərizəçi ünvanlandığı 12.07.2021-ci il tarixli məktubunda bildirilir ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 317-ci və 321-ci maddələrinə əsasən qəyyum psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi haqqında məhkəmə qətnaməsi olduqdan sonra təyin edilir. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1986-cı ildə Ağdam rayonunda anadan olmuşdur. X1, anası (Fərzalıyeva) X3r. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin tərcümə olunmuş surətindən görünür ki, X8 15.08.1990-cı ildə Ağdam rayonunda anadan olmuşdur. X1, anası X3r. Suraxanı Rayon Məhkəməsinin 06.09.2021-ci il tarixli 2(010)-4680/2021 saylı qərardadı ilə iş üzrə məhkəmə-psixiatriya ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X11 Hüquqi Şəxsinə tapşırılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X11 Hüquqi Şəxsinin 16.03.2022-ci il tarixli 679 saylı rəyi 04.04.2022-ci il tarixində məhkəməyə daxil olmuşdur. Rəydən görünür ki, X6 şizofreniya paranoid forma psixi qüsur əlamətləri ilə xroniki psixi xəstəliyi qeyd olunur. X7 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Buna görə də X7 öz psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcələsinin 89.1-ci maddəsinə əsasən, yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafıq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfındən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Normanın məzmunundan müəyyən olunur ki, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş ailə üzvlərindən yaxın qohumların valideynlərin, uşaqların, qardaş-bacıların ərizəsi üzrə qaldırıla bilər. Bundan başqa normadan müəyyən olunur ki, həmin ərizə müvafiq icra hakimiyyəti orqanının və psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə də qaldırıla bilər. Beləliklə, iş materiallarından müəyyən edildi ki, ərizəçi 15.08.1990-cı il təvəllüdlü X7 üzərində qəyyum təyin olunması üçün Suraxanı rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Suraxanı rayon İcra Hakimiyyətinin məktubu ilə ərizəçiyə bildirilmişdir ki, məhkəmənin qərarı olduqdan sonra o, X2 üzərində qəyyum təyin oluna bilər. X7 öz hərəkətləri üzərində nəzarəti həyata keçirə bilmir. Buna görə də onun üzərində qəyyum təyin olunması zəruridir. Odur ki, ərizəçi X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün rayon məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-psixiatrik ekspertizasının 16.03.2022ci il tarixli 679 saylı rəyi ilə X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi nəticəsinə gəlmişdir. Odur ki, məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 15.08.1990-cı il təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən bir ay müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar