Məhkəmə qərarları › İş №2(010)-1666/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1666/2025

16.04.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1666/2025 16.04.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.

1. İddiаçı İddiaçı cаvаbdeh Cavabdehnə (bundan sonra – Cavabdeh İB) qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh İB tərəfindən ünvan 1 ünvanında yerləşən mənzilə hesablanmış 1217.7 manat məbləğində borcun silinməsi və ödənilən pul məbləğlərindən cərimələrə tutulmuş pul vəsaitinin geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzil ona məxsusdur. O, hal-hazırda ailəsi ilə birlikdə həmin ünvanda yaşayır. xx.xx.2023-cü il tarixdə Cavabdeh İB-nin əməkdaşları heç bir xəbərdarlıq etmədən onun mənzilinə gələrək evin çöl divarında quraşdırılmış sayğaca baxış keçirmişlər. Bu barədə ******* saylı akt tərtib edərək 11-148457 saylı sayğacın işlək olmaması, sayğacda ALARM- 1 rejiminin aktiv olmaması, sayğacın istismara yararsız olması qeyd edilmişdir. ******* saylı akt əsasında onun barəsində 1555.20 manat məbləğində cərimə tətbiq edilmişdir. O, ödənişlər etdiyindən həmin cərimə hazırda 1217.70 manat təşkil edir. Cavabdeh İB-nin əməkdaşlarının sayğaca baxış keçirmələrindən və orada kimlərin iştirak etməsindən onun heç bir məlumatı olmamışdır. Göstərilən akt tərtib edilən zaman onun iştirakı təmin edilməmiş və cərimələrlə bağlı ona heç bir bildiriş verilməmişdir. Bundan xeyli müddət keçdikdən sonra o, smart karta pul köçürərək qazdan istifadə etmək istədikdə həmin karta köçürülən puldan müəyyən məbləğlərin cərimə borcuna silindiyini müəyyən etmişdir. Bu zaman Cavabdeh İB-yə şifahi müraciət etmişdir. Cavabdeh İB-nin əməkdaşları isə ona şifahi olaraq müəyyən akt əsasında barəsində cərimənin olduğunu, həmin cərimələrin silinməsinin onlar tərəfindən mümkün olmadığını və bu cərimələrin ancaq məhkəmə tərəfindən ləğv edilə biləcəyini bildirmişlər. xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən, ona itirilmiş qazın həcmi 12960 m3 hesablanmışdır. Hesab edir ki, barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt və həmin tarixli tələbnamə tamamilə əsassızdır. Həmçinin həmin əraziyə baxan idarənin əməkdaşları hər ay vaxtlı-vaxtında ərazidə sayğaclara baxış keçirirlər və sayğacın göstəricilərinin qeydiyyatını aparırlar. Əgər mənzilində sayğacın hesablama mexanizmində nasazlıq olsa idi, idarənin əməkdaşları ilk öncə bunu aşkar edə bilərdilər. Eyni zamanda, qaz sayğacına onlar tərəfindən heç bir müdaxilə edilməmişdir. Onun sayğaca müdaxilə etməsinə əsas yoxdur. Nəzərə alınsa ki, sayğac evdən çöldə hamının keçə biləcəyi yerdə yerləşir, belə olan təqdirdə sayğaca qərəzli şəkildə müdaxilə edilə bilər. Sayğac çöldə olduğundan 7/24 onun sayğaca nəzarət etməsi mümkünsüzdür. Vətəndaşların qazla təmin edilməsi, sayğacın qorunması Cavabdeh İB-nin öhdəsinə düşür və onun səlahiyyətindədir.

İddia tələbinin həcminin artırılması.

3. İddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən Cavabdeh İB tərəfindən tərtib edilmiş akta əsasən hesablanmış 1555.2 manat cərimənin qanunsuz hesab edilməsi, hesabdan qanunsuz olaraq tutulmuş 337.5 manat pulun cavabdehdən tutularaq ona qaytarılması və 1217.7 manat cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tərəflərin izahatları.

4. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.

5. Cavabdeh İB-yə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Buna baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Belə olan halda, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

İş materialları.

6. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktdan görünür ki, istehlakçı Mərziyə Abbasovanın istehlakçı olduğu ünvan 2 ünvanında yerləşən sayğaca Cavabdeh İB-nin əməkdaşları tərəfindən baxış keçirilmiş, xx.xx.2023-cü il tarixli dövlət yoxlamasına əsasən, 11-148457 saylı sayğacın klapanının işlək olmaması, yivli birləşmələrin korroziyaya uğraması və sayğacın istismara yararsız vəziyyətdə olması qeyd edilmişdir.

7. xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, istehlakçı Mərziyə Abbasovanın abonent olduğu (abonent kodu – **********00000) ünvan 2 ünvanında yerləşən sayğacda olan qüsura görə 12960 m3 həcmində dəymiş zərər hesablanmışdır.

8. **********00000 kodlu abonentin saldosundan görünür ki, abonentə 2023-cü ilin mart ayında “qalıq və aktlar”a əsasən 1555.2 manat məbləğində borc hesablanmışdır. Ödənişlərdən sonra 2025-ci ilin yanvar ayına 1217.7 manat məbləğində borc qalmışdır.

İşin faktiki halları.

9. İddiaçı **********00000 kod üzrə təbii qazdan istifadə edən abonentdir. Cavabdeh iddiaçının abonent olduğu ünvanı təbii qazla təchiz edir.

10. Cavabdeh İB tərəfindən İddiaçı abonent olduğu ünvan üzrə sayğac yoxlamadan keçirilmiş, xx.xx.2023-cü il tarixli akt əsasında sayğacda bir sıra qüsurlar – sayğacın klapanının işlək olmaması, yivli birləşmələrin korroziyaya uğraması və sayğacın istismara yararsız vəziyyətdə olması – aşkar edilmişdir.

11. xx.xx.2023-cü il tarixdə bu yoxlama nəticəsi əsasında təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib edilmiş, bu akta əsasən 12960 m3 itirilmiş qaz hesablanmış, buna uyğun olaraq 1555.2 manat məbləğində borc abonentin hesabına yazılmışdır.

Tətbiq edilən hüquq.

12. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu.

Maddə 3. İstehlakçıların hüquqları. Azərbaycan Respublikası ərazisində istehlakçılar aşağıdakı hüquqlara malikdir: öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə. Maddə 26. İstehlakçıların hüquqlarının məhkəmə müdafiəsi. İstehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırdıqları iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər.

13. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu.

Maddə 13. Qazın pаylаnmаsı, satılması və qazın verilməsinin dayandırılması. 8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.

14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”.

4. Qaz sayğaclarının quraşdırılması və istismarı. 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 185. İşdə iştirak edən şəxslərin, nümayəndələrinin və vəkillərinin məhkəmə iclasına gəlməməsinin nəticələri. 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

16. "Dövlət rüsumu" haqqında Azərbaycan Respublikasının Qanunu.

Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri. 9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.5. istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar.

Məhkəmənin mövqeyi.

17. İşin hаllаrındаn göründüyü kimi, Cavabdeh İB-nin əməkdaşları tərəfindən iddiaçıya məxsus sayğaca baxış keçirilərək sayğac yenisi ilə əvəz edilmiş, köhnə sayğacda laboratoriya rəyi əsasında aşkarlanan bütün qüsurlar sayğaca istehlakçı tərəfindən olunan müdaxilə kimi qiymətləndirilərək, dəymiş zərər akta əsasən borc kimi abonentin saldosuna yazılmışdır. Halbuki sadəcə olaraq qaz sayğacının zədələnməsinin müəyyən edilməsi faktı əsasında dəymiş zərər istehlakçıdan tələb edilə bilməz.

18. Belə ki, yuxarıda istinad edilmiş “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-1-ci bəndində qeyd edilir ki, ... . Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir...

19. Göründüyü kimi, qaz paylayıcısı (Cavabdeh İB) tərəfindən sayğaca müdaxilə, yaxud qanunsuz qoşulma hallarının aşkar edilməsi qaz paylayıcısına vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etmək hüququ vermir. Cavabdeh qaz paylayıcısının təbii qazdan istifadə qaydalarının pozulmasına dair akta əsasən dəymiş zərər kimi iddiaçı istehlakçıdan pul tələb edə bilməsi üçün istehlakçının qazın talanmasında təqsirli olması yuxarıda qeyd edilmiş qərarlar əsasında müəyyən edilməlidir. Yalnız bundan sonra məhkəmə sayğaca müdaxilədə istehlakçının təqsirli olduğu, dolayısıyla dəymiş zərərin məhz istehlakçıdan tutulmalı olduğu nəticəsinə gələ bilər. Hazırkı işdə isə məhkəməyə iddiaçının təqsirini təsdiq edən belə bir sübut təqdim edilməmişdir.

20. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh İB tərəfindən iddiaçı istehlakçıya təbii qazdan istifadə qaydalarının pozulmasına dair xx.xx.2023-cü il tarixli akt əsasında hesablanmış 1555.2 manat məbləğində borc silinməlidir.

21. Lakin abonentin saldosundan görünür ki, cavabdeh tərəfindən iddiaçıya hesablanmış 1555.2 manat məbləğində borcdan müəyyən ödənişlər edilmiş, nəticədə borc məbləği azalaraq 2025-ci ilin əvvəli üçün 1217.7 manat məbləğində qalmışdır. İddiaçı həmin borca görə ödədiyi 337.5 (1555.2-1217.7) manat məbləğində pulu cavabdehdən tələb etmişdir. Məhkəmə hesab edir ki, akt əsasında hesablanmış borcun əsassız olduğu artıq yuxarıda qeyd edilənlərə əsasən müəyyən edildiyindən iddiaçı əsassız olaraq ondan tələb edilən borca görə ödədiyi pulu – 337.5 manat - cavabdehdən tələb etməkdə haqlı olmuşdur.

Məhkəmə xərcləri.

22. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin qanunun 9.4-cü maddəsinə görə isə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Bu qanunun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda – 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir.

23. Belə olan halda məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq iddiaçının bu iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən ödəməkdən azad olduğuna görə ödəmədiyi 35.55 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

24. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh tərəfindən İddiaçı xx.xx.2023-cü il tarixli akt əsasında hesablanmış 1217.7 manat məbləğində borc silinməli, həmin akt üzrə borca görə iddiaçı tərəfindən ödənilmiş 337.5 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya qaytarılmalı, iddia qalan hissədə təmin edilməməli, ödənilməmiş 35.55 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

25. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı (abonent kodu – **********00000) xx.xx.2023-cü il tarixli akt əsasında hesablanmış 1217.7 manat (min iki yüz on yeddi manat yetmiş qəpik) məbləğində borc silinsin. Həmin akt əsasında hesablanmış borca görə iddiaçı tərəfindən ödənilmiş 337.5 manat (üç yüz otuz yeddi manat əlli qəpik) məbləğində pul Cavabdehndən tutularaq İddiaçı ödənilsin. Cavabdehndən 35.55 manat (otuz beş manat əlli beş qəpik) məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar