Məhkəmə qərarları › İş №2(010)-1685/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1685/2022

06.05.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1685/2022 06.05.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı, Cavabdeh etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borcun silinməsinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X2rşı qaz sərfiyyatına görə tələb olunan 632 manatın silinməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, o, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dənizkənarı küçəsi, nömrəsiz evdə ailəsi ilə birlikdə yaşayır. Evdə qazdan yalnız 4 gözlü qaz plitəsi vasitəsi ilə istifadə edilir. X6 ilə bağlanmış müqavilə üzrə yaşadığı ünvanda evi cavabdeh tərəfindən təbii qazla təmin edilir, istehlak edilmiş təbii qazın uçotu sayğacla aparılır. 2022-ci ilin yanvar ayının 21-də cavabdehin əməkdaşları tərəfindən ******* nömrəli akt tərtib edilmiş və həmin akt əsasında ona 432 manat borc yazılmışdır. Bundan başqa 2021-ci ilin sonuna borcu olmadığı halda 432 manatdan əlavə ona 200 manat borc yazılmışdır. Həm akt əsasında 432 manat borcun, həm də əlavə 200 manatın nəyin əsasında hesablandığı ona məlum deyildir. Belə ki, abonentin saldosunda 01.01.2022-ci ilə qədər onun borcu mövcud olmamışdır. 01.01.2022-ci ildən 01.02.2022-ci ilə qədər isə ona 632,34 manat borc hesablanmışdır. 01.09.2020-ci ildən 01.01.2022-ci ilə qədər olan 1 il 4 ay ərzində o, cəmi 387,55 manat qaz sərf etmişdir. Sayğacın göstəricisinə əsasən 1 il 4 ay ərzində 387,55 manat sərfiyyatı olub, akt əsasında isə bir ay ərzində ona 632,34 manat sərfiyyat hesablayıblar. 432 manat borcun hesablanması üçün əsas olan aktın verilməsi üçün müraciət etdikdə ona aktın kserosurəti təqdim edilmişdir. Qeyd edilən akta onun həmin akta imza etməkdən imtina etməsi göstərilmişdir. Halbuki həmin akt təqdim edilərkən o orada iştirak etməmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, sözügedən ünvana baxış keçirilmiş və yoxlama zamanı iddiaçının yaşadığı ünvanda istifadə olunan qaz sayğacına müdaxilə olunması müəyyən olunmuşdur. Belə ki, sayğac laboratoriya göndərilmiş və laboratoriya rəyinə əsasən sayğaca müdaxilə olunduğu aşkar olunmuşdur. Odur ki, Azəriqaz İB-yi tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib olunmuş və həmin akt əsasında dəymiş ziyan hesablanmış və istehlakçıdan qaz sərfiyyatına görə hesablanmış 518.40 manat tələb olunur. Qalan borc isə iddiaçı tərəfindən istehlak olunmuş qaz sərfidir. Ona görə də iddia ərizəsinin təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. X4 əməkdaşları tərəfindən tərtib olunmuş 31.01.2022-ci il tarixli ******* saylı aktın surətindən müəyyən olunur ki, İddiaçının yaşadığı ünvanda quraşdırılmış sayğacın yararsız olması aşkar edilmiş, itirilmiş qazın bərpası üçün dəymiş ziyanın hesablanması qərara alınmışdır. X4 31.01.2022-ci il tarixli qərarının surətindən müəyyən olunur ki, İddiaçı barəsində tərtib olunmuş 31.01.2022-ci il tarixli 03444806 saylı akta əsasən cəmi 4320 m3 itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. X6 tərəfindən tərtib olunan abonentin saldosundan müəyyən olunur ki, İddiaçının tərtib olunan akt üzrə qaz sərfiyyatına görə borcu 518.40 manat təşkil edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçının mənzilində quraşdırdığı sayğacın yararsız olmasını müəyyən edən cavabdeh yararsız sayğacı yenisi ilə əvəz edərək iddiaçının təqsirini sübuta yetirmədən ondan qaz sərfiyyatına görə dəyən ziyanı tələb edir. Məhkəmə qeyd edir ki, Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının 28.11.2016-cı il tarixli 18 nömrəli qərarının 2.3-cü bəndinə əsasən, həmin əlavənin cədvəl bölməsinin 4.1.1-ci və 4.1.2-ci şərtlərində illik istehlak həcmi dedikdə təbii qazın bir təqvim ili ərzindəki istehlak həcmi nəzərdə tutulur və həmin tariflər 01.01.2017-ci il tarixdən qüvvəyə minir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında 12.05.2011-ci il tarixli 80 saylı qərarının 1.3.-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 5.2.-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 5.6.-cı bəndinə əsasən qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir (5 nömrəli əlavə). Göründüyü kimi iddiaçının evində öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək cavabdehin vəzifəsi olduğu halda o, öz vəzifələrini yerinə yetirdikdən sonra sayğacın yararsız hala düşməsində istehlakçının təqsirini sübuta yetirmədən, istehlakçıya əsassız və qanunsuz tələb irəli sürmüşdür. Ona görə də məhkəmə iddia ərizəsini əsaslı hesab edib qismən təmin edir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilməli olan dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı qaz sərfiyyatına görə tələb etdiyi 518.40 (beş yüz on səkkiz manat, qırx qəpik) manat silinsin. İddia qalan hissədə təmin olunmasın. X3 dövlət rüsumuna görə 30 (otuz) manat dövlət nəfinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar