Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1706/2024 06.05.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi.
1. İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 tərəfindən ona qanunsuz olaraq hesablanmış 2073.60 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Cavabdeh etirazla məhkəməyə müraciət edərək, hazırki iddia ərizəsi əsassız olduğundan onun təmin edilməməsini xahiş etmişdir.
İddia tələbinin dəlilləri.
3. O, həmişə normal olaraq smart kart vasitəsi ilə ödəniş edib təbii qazdan istifadə etmişdir. Bir gün smart karta ödəniş etmiş, lakin smart kartı sayğaca yükləkdikdə sayğaca ödədiyi məbləğin yarısı sayğaca köçürüldüyünə görə Cavabdehnə yaxınlaşmış və bu məsələnin aydınlaşdırılmasını və həllində köməklik göstərilməsini onlardan xahiş etsə də, onlar tərəfindən heç bir köməklik göstərilməmiş, guya sayğaca müdaxilə olunması faktının müəyyən edilməsinə dair tərtib edilmiş aktı və digər sənədlərin surəti ona təqdim edilmişdir. Həmin sənədlərdən göründüyü kimi, ona guya qazdan qanunsuz istifadəsinə görə 2073,60 manat borc hesablanmışdır. Bu səbəbdən də karta ödədiyi məbləğin yarısı borca tutulmuşdur. Qeyd edir ki, Cavabdeh əməkdaşları yalandan və qabaqcadan düşünülmüş plan üzrə gəlib küçənin bütün sayğaclarını “yeni sayğaclarla təmin edilmə adı altında” dəyişdirmiş və nəticə etibarı ilə qeyri-qanuni üsulla onun kimi vətəndaşların üzərlərinə müxtəlif məbləğlərdə borclar yazmışdırlar. Artıq bu kütləvi hala çevrilmişdir.
Tərəflərin izahatları.
4. Cavabdehnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsi iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir.
5. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsində yazılanlara uyğun izahat verərək tələbin təmin edilməsini xahiş etdi.
İş materialları.
6. xx.xx.2023-cü il tarixli, ******* nömrəli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” Aktdan görünür ki, sifarişçi (istehlakçı) İddiaçı ünvanında G-4 markalı, Zenner tipli, **********917 nömrəli sayğac quraşdırılmışdır.
7. Cavabdeh İB-nin əməkdaşları tərəfindən istehlakçı İddiaçı ünvanına dair tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* saylı aktdan görünür ki, 14-2-2/3-5-5234 nömrəli rəyə əsasən **********1 zavod nömrəli sayğacın çıxış plastmas borusunun sınıq olduğu qeyd olunmuşdur. Dəymiş ziyanın hesablanması və ödənilməsi nəzərdə tutulmuşdur.
8. Bakı Regional Qazın Satış Departamenti İtirilmiş təbii qazın hesablanması Komissiyası tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, qaz sayğacının zədələnməsi nəticəsində 17280 m3 itirilmiş təbii qazın həcmi müəyyənləşdirilmişdir.
9. Abonent saldosundan görünür ki, İddiaçı 2023-cü il üçün 2073.60 manat borcu olduğu qeyd edilmişdir.
İşin faktiki halları.
10. İşin məhkəmə tərəfindən araşdırılması zamanı müəyyən edilir ki, iddiaçının yaşadığı ünvanda qaz sayğacı dəyişdirilərək yerinə yeni smart tipli sayğac quraşdırılmışdır. Cavabdeh tərəf iddiaçının onun ünvanında quraşdırılmış sayğaca müdaxilə etdiyini əsas gətirərək, qeyd olunan miqdarda borc hesablamışdır. İddiaçı tərəfin öz tələbinin əsaslandırması isə ondan ibarətdir ki, onun tərəfindən sayğaca heç bir müdaxilə edilməmişdir. Cavabdeh tərəf isə etiraz edərək, iddia tələbinin əsassız olduğunu bildirir.
Tətbiq edilən hüquq.
11. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 №-li qərarı.
4.2-ci bəndinə əsasən, Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.6-cı bəndinə əsasən, Qaz sayğaclarının üzərində Xidmətin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. 4.7-ci bəndinə əsasən, Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu bəndinə əsasən, İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.
12. AR Mülki Məcəlləsi.
Maddə 21. Zərərin əvəzinin ödənilməsi
21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 1.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
13. AR Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübutetmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
Məhkəmənin mövqeyi.
14. Məhkəmə iş materiallarını hərtərəfli araşdırıb, iddiaçının izahatını dinləyib hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia təmin edilməlidir.
15. Hazırkı işdə sayğacda xətaların olmasının məhz iddiaçının təqsiri üzündən baş verməsi müəyyən edilmir. Ona görə də, sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən, iddiaçının təqsiri müəyyən edilmədiyindən, habelə zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, iddiaçının ünvanı üzrə hesablanmış 2073.60 manat məbləğində borc silinməlidir. Məhkəmə eyni zamanda cavabdehin iddia tələbinə etirazını əsaslı hesab etmir. Ona görə ki, sayğacda aşkar edilən qüsurun istehlakçı (iddiaçı) tərəfindən müdaxilə nəticəsində yaranması halı sübut edilmir. Belə olduğu halda, dəymiş zərər də iddiaçıya aid edilə bilməz.
Məhkəmə xərcləri.
16. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.
17. AR Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə görə, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.
18. Məhkəmə qeyd edir ki, iddia tələbi təmin edildiyindən və iddiaçı iş üzrə dövlət rüsumu ödənilməsindən azad olduğundan iş üzrə ödənilməli olan 40.73 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
19. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh "AZƏRİQAZ" İB tərəfindən iddiaçı Əbdülməmmədova Kəbı̇ ra Hüseyn qızının **********00000 saylı abonent koduna hesablanmış 2073.60 manat borc məbləği silinməli və iş üzrə ödənilməli olan 40.73 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
20. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddia təmin edilsin. Cavabdeh "Azəriqaz" İB tərəfindən iddiaçı Əbdülməmmədova Kəbı̇ ra Hüseyn qızının **********00000 saylı abonent koduna hesablanmış 2073.60 manat borc məbləği silinsin. İş üzrə ödənilməli olan 40.73 manat dövlət rüsumu cavabdeh "Azəriqaz" İB-dən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.