Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1756/2025 17.04.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon Məhkəməsinin hakimi Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, Quliyeva Leyla Məmməd qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbi dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh İctimai Birliyi tərəfindən ona məxsus ünvan 1 ünvanında yerləşən mənzilə hesablanmış (xx.xx.2024-cü il tarixli ******* nömrəli akt əsasında) 226.70 manat məbləğində borcun silinməsi və tərəfindən ödənilən pul məbləğlərindən cərimələrə tutulmuş pul vəsaitinin geri, ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzil iddiaçıya məxsusdur. Hal-hazırda ailəsi ilə birlikdə orada yaşayır. xx.xx.2024-cü il tarixdə Cavabdeh İctimai Birliyinin əməkdaşları heç bir xəbərdarlıq etmədən onun mənzilinə gələrək evin çöl divarında quraşdırılmış sayğaca baxış keçirmişlər. Bu barədə ******* saylı akt tərtib edərək “(ZENNER G-4 Smart-kart tipli sayğac) sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir, sayğac istismara yararsızdır” kimi qeyd edilmişdir. ******* saylı akt əsasında onun barəsində 259.20 manat məbləğində cərimə tətbiq edilmişdir. O, ödənişlər etdiyindən həmin cərimə hazırda 226.70 manat təşkil edir. İlk olaraq qeyd edilir ki, Cavabdeh İB-nin əməkdaşlarının sayğaca baxış keçirmələrindən və orada kimlərin iştirak etmələrindən onun heç bir məlumatı olmayıb. Göstərilən akt tərtib edilən zaman onun iştirakı belə təmin edilməmiş və cərimələrlə bağlı ona heç bir bildiriş verilməmişdir. Bundan xeyli müddət keçdikdən sonra o, smart karta pul köçürərək qazdan istifadə etmək istədikdə həmin karta köçürdüyü puldan müəyyən məbləğlərin cərimə borcuna silindiyini müəyyən etdi. Bu zaman Cavabdeh İB-nə şifahi müraciət etdi. Onlar isə ona şifahi olaraq müəyyən akt əsasında barəsində cərimənin olduğunu, həmin cərimələrin silinməsinin onlar tərəfindən mümkün olmadığını və bu cərimələrin ancaq məhkəmə tərəfindən ləğv edilə biləcəyini bildirdilər. Hesab edir ki, barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli ******* nömrəli akt tamamilə əsassızdır. Həmçinin qeyd edilir ki, həmin əraziyə baxan idarənin əməkdaşları hər ay vaxtı-vaxtında ərazidə sayğaclara baxış keçirirlər və sayğacın göstəricilərinin qeydiyyatını aparırlar. Əgər mənzilində sayğacın hesablama mexanizmində nasazlıq olsa idi, idarənin əməkdaşları ilk öncə bunu aşkar edə bilərdilər. Eyni zamanda bildirir ki, qaz sayğacına onlar tərəfindən heç bir müdaxilə edilməmişdir. Onun sayğaca müdaxilə etməyinə əsas yoxdur. Nəzərə alınsa ki, sayğac evdən çöldə hamının keçə biləcəyi yerdə yerləşir, belə olan təqdirdə sayğaca qərəzli şəkildə müdaxilə edə bilərlər. Sayğac çöldə olduğundan iddiaçı 7/24 sayğaca nəzarət edə bilməz. Qeyd edir ki, vətəndaşların qazla təmin edilməsi, sayğacın qorunması Cavabdeh İBnin öhdəsinə düşür və onun səlahiyyətindədir. Cavabdehin etirazı ərizəsi. Cavabdehin nümayəndəsi X1 məhkəməyə etiraz ərizəsi ünvanlayaraq, iddiaçıya hesablanmış faktiki istehlak etdiyi və müqavilə üzrə dəyərini ödəmək vəzifəsi daşıdığı qaz sərfiyyatına görə hesablanmış qaz borcunun silinməsinin heç bir faktiki və hüquqi əsası olmadığından iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatları. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək, borcun silinməsini istədiyini bildirmişdir. İddianın təmin olunmasını xahiş edir. Cavabdeh nümayəndəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. İş materialları. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı xx.xx.2024-cü il tarixli aktdan görünür ki, **********00200 kodlu abonent İddiaçı ünvan 1 ünvanında yerləşən sayğaca baxış keçirilmiş, sayğacın hesablama mexanizminin keçən qazın həcmini qeyd etmədiyi, sayğacın istismara yararsız olduğu qeyd edilmişdir. Dəymiş ziyanın ödənilməsi tələb olunur. **********00200 kodlu abonentin saldosundan görünür ki, İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən mənzilə xx.xx.2023-cü il tarixdə sayğac quraşdırılmış, həmin abonentə 2024-cü ildə fevral-dekabr ayları daxil olmaqla, 2160 m3 sərfiyyata görə “qalıq və aktlar” adlı sütünda 259.20 manat məbləği, “ödəniş” adlı sütünda 2024-cü il üzrə 12.50 manat, 2025-ci il üzrə 20 manat məbləği göstərilmişdir. Cihazlar: 4 gözlü qaz plitələri, qızdırıcı radiator peçi. xx.xx.2025-ci il tarixli **********00200 nömrəli abonent kodlu “GASREP” çıxarışdan görünür ki, Zığ-Bahar y/m BİNA 0 Menzil-20 ünvanda xx.xx.2011 – xx.xx.2022-ci il tarixləri əhatə edən dövrdə İddiaçı borcu yoxdur. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh X3 sayğacının yoxlanılması barədə xx.xx.2024-cü il tarixli № 0132 nömrəli aktdan görünür ki, əhali sektorunda istismarda olan BRQS Departamentindən Azərbaycan Metrologiya İnstitutuna gətirilmiş 1802AZ**********60 nömrəli sayğaca ümumi baxış keçirildi, sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir.Sayğac istismara yararsızdır. Sayğacda qaz itkisi, müdaxilə vardır. Qayka plombu üçün nəzərdə tutulmuş qulaqcıq qırıqdır. Sayğacın yaddaş arxivi oxundu. Sayğacda istismar müddətində ALARM-1 rejimi aşkar olunmayıb. Sayğac istismara yararsızdır. Tətbiq edilən hüquq. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 3. İstehlakçıların hüquqları. Azərbaycan Respublikası ərazisində istehlakçılar aşağıdakı hüquqlara malikdir: ... öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə. Maddə 26. İstehlakçıların hüquqlarının məhkəmə müdafiəsi. İstehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırdıqları iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu. Maddə 3. Ümumi tələblər ...7. İstehlakçılar qaz qurğularının bu Qanuna müvafiq olaraq istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyırlar.... Maddə 6-2. Müayinə
1. Qaz paylayıcısının işçiləri istehlakçıya 5 (beş) iş günü əvvəl sifarişli poçt göndərişi və ya istehlakçının əvvəlcədən razılığı ilə elektron poçt və ya digər elektron kommunikasiya vasitələri ilə bildiriş təqdim etməklə (göndərməklə), bu Qanunun 6-2-ci maddəsinin 3-cü hissəsində nəzərdə tutulan hallar istisna olmaqla, ildə bir dəfə (hər il noyabrın 1-dək) müayinə keçirilməsini təmin etməli, nəticəsi barədə müvafiq icra hakimiyyəti оrqаnının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi formada 2 (iki) nüsxədə müayinə aktını istehlakçının (və ya onun səlahiyyətli nümayəndəsinin, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinin) iştirakı ilə tərtib etməli və aktın bir nüsxəsini istehlakçıya (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud eyni ünvanda yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə) təqdim etməlidir. Müayinə zamanı nöqsan və (və ya) pozuntular aşkar edildikdə müayinə aktında texniki xidmətin qaz paylayıcısı, ixtisaslaşmış podratçı və ya məişət abonenti olmayan istehlakçının müvafiq ixtisaslı işçi heyəti tərəfindən bir aydan çox olmayan müddətdə həyata keçirilməsi barədə istehlakçının seçimi qeyd edilməlidir. Müayinə zamanı sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş tədbirlər görülür. Qaz paylayıcısı tərəfindən müayinənin keçirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
2. Qaz paylayıcısı tərəfindən müayinə ödənişsiz həyata keçirilir.
3. İstehlakçı tərəfindən qaz qurğuları, qaz xətləri və tüstü bacalarında, habelə havalandırma və havadəyişmə xətlərində nöqsan və (və ya) pozuntular aşkar edildikdə istehlakçının müraciəti əsasında təkrar müayinə qaz paylayıcısı tərəfindən 3 (üç) iş günündən gec olmayaraq aparılmalıdır. İstehlakçı təkrar müayinə üçün il ərzində 1 (bir) dəfədən çox müraciət edərsə növbəti müayinə ödənişli keçirilir. Ödənişin məbləği qaz paylayıcısı ilə istehlakçı arasında bağlanmış müqavilə ilə müəyyən edilir. Müayinə nəticəsində texniki xidmətin göstərilməsi zərurəti yarandıqda, bu Qanunun 6-3-cü maddəsi ilə müəyyən edilmiş tədbirlər görülməlidir.
4. Tüstü bacalarının istismarında təhlükəsizlik texnikası qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Maddə 13. Qazın pаylаnmаsı, satılması və qazın verilməsinin dayandırılması. ...8. Bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir)..... 8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”.
4. Qaz sayğaclarının quraşdırılması və istismarı. 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 112. İddianın qiyməti 112.1. İddianın qiyməti aşağıdakı qaydada müəyyən edilir:...112.1.1. pul vəsaiti alınması haqqındakı iddialarda—alınan məbləğlə;... Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.... Maddə 124. İşə baxılarkən məhkəmənin çəkdiyi xərclərin ödənilməsi 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır... “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.2. iddia qiyməti 1.000 manatadək olduqda - 30 manat. Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri. 9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.5. istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar. Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının 16 oktyabr 2021-ci il 13 saylı Qərarı. Təbii qazın olkə daxili tarifləri - Tariflər (ƏDV ilə, manat/min m3) 6.1. Əhali 6.1.1. illik istehlak həcminin 1200 m3 -dək (1200 m3 daxil) olan hissəsi üçün 120,0 6.1.2. illik istehlak həcminin 1200 - 2500 m3 olan hissəsi üçün 200,0 6.1.3. illik istehlak həcminin 2500 m3 -dən çox olan hissəsi üçün 250,0 Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə iddiaçını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. İşin məhkəmə tərəfindən araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçının yaşadığı ünvanda qaz sayğacı dəyişdirilərək, dövlət yoxlanmasından keçirilməsi üçün göndərilmiş, yerinə yeni sayğac quraşdırılmışdır. Çıxarılmış sayğaca laboratoriya öz rəyini verərək, 1802AZ**********60 nömrəli sayğaca ümumi baxış keçirildiyi, sayğacın hesablama mexanizminin keçən qazın həcmini qeyd etmədiyi, sayğacın istismara yararsız olduğu, sayğacda qaz itkisi, müdaxilə olduğu, qayka plombu üçün nəzərdə tutulmuş qulaqcığın qırıq olduğu, sayğacın yaddaş arxivinin oxunduğu, sayğacda istismar müddətində ALARM-1 rejiminin aşkar olunmadığı, sayğacın istismara yararsız olduğu qeyd edilmişdir. Cavabdeh təşkilat yuxarıda qeyd edilmiş yoxlamanın nəticəsi olaraq 259.20 manat həcmində məbləği iddiaçının abonent hesabına hesablamışdır. hesablanmış borcla bağlı iddiaçı tərəfindən 2024cü il üzrə 12.50 manat, 2025-ci il üzrə 20 manat, cəmi 32.50 manat ödəniş edildikdən, hesablanmış borcdan 226.70 manat qalmışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırki iş üzrə tərtib edilmiş aktın qəbul edilməsi üçün əsas olmuş halları, aktın və hesablanmış borcun doğruluğunu sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşdüyündən və həmin aktın qəbul edilməsi üçün əsas olmuş hallar, eləcə də həmin halların mövcudluğu cavabdeh tərəfindən sübuta yetirilmədiyindən həmin akt üzrə göstərilmiş həcmdə hesablanmış zərər istehlakçı tərəfindən ödənilməməlidir. Qaz sayğacında nöqsanların olduğu müəyyən edilsə də, bunun sayğacdan keçən qazın sərfiyatının düzgün aparılıb-aparılmaması ilə hər hansı əlaqəsinin olması cavabdeh tərəfindən sübut edilməmişdir. Həmçinin, tələb olunan borcun real, həqiqətən sərf olunmuş qaza görə hesablanmış borc olduğu sübuta yetirilməlidir və bu halda da sübutetmə yükü təchizatçının üzərinə düşür. Məhz cavabdeh, hesablanmış borcun həqiqətən sərf olunmuş qaza görə hesablanmış borc olduğunu sübuta yetirməlidir. Məhkəmə hesab edir ki, xx.xx.2024-cü il tarixdə tərtib olunmuş akta görə hesablayıb tələb etdiyi məbləğ (ödənişlər edildikdən 259.20 manatdan – 226.70 manat) baxımından cavabdeh bunu sübut edə bilməmişdir. Həmin akt iddiaçının və mübahisədə marağı olmayan şəxslərin iştirakı olmadan tərtib olunduğundan, mötəbər sayıla və ona əsasən hesablanmış borc məbləği qanuni hesab edilə bilməz. Eyni zamanda, iddiaçının (istehlakçının) ünvanına quraşdırılmış sayğacda yaranmış qüsurların onun təqsiri nəticəsində baş verməsi müəyyən edilmədiyindən, cavabdeh təşkilat tərəfindən tərtib edilmiş akt üzrə hesablanmış zərəri də istehlakçı tərəfindən ödənilməməlidir. Tələbin ödənilən pul məbləğlərindən cərimələrə tutulmuş pul vəsaitinin geri qaytarılması hissəsində məhkəmə hesab edir ki, borcun hesablanması məhkəmə tərəfindən əsassız hesab edildikdən, iddiaçı 32.50 manat məbləğində pul vəsaitinin qaytarılmasını tələb etməkdə haqlı olmuşdur. Belə olan halda, iddia tələbi bu hissədə də təmin edilməlidir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh İctimai Birliyi tərəfindən İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən mənzilə hesablanmış (xx.xx.2024-cü il tarixli ******* nömrəli akt əsasında) 226.70 manat məbləğində borc silinməli və onun tərəfindən ödənilən pul məbləğlərindən cərimələrə tutulmuş 32.50 manat məbləğində pul vəsaiti geri qaytarılmalıdır. Məhkəmə xərcləri. İstehlakçılar hüquqlarının pozulması ilə əlaqədar iddia ərizəsi ilə məhkəməyə müraciət edən iddiaçı dövlət rüsumu ödəməkdən azad olmuşdur. Odur ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olan 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 357, 358, 360 və 362-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. Cavabdeh İctimai Birliyi tərəfindən İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən mənzilə hesablanmış (xx.xx.2024-cü il tarixli ******* nömrəli akt əsasında) 226.70 manat məbləğində borc silinsin və onun tərəfindən ödənilən pul məbləğlərindən cərimələrə tutulmuş 32.50 manat məbləğində pul vəsaiti geri qaytarılsın. Ödənilməmiş 30 manat məbləğində dövlət rüsumu Cavabdehndən tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Firuzə Mirzəyeva