Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1776/2025 11.04.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı və Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.
1. İddiaçı cavabdeh "xxxx" X6 (bundan sonra – "xxxx" ASC) qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilərək imzalanmış ******* saylı, xx.xx.2025-ci il tarixli aktın və ona elektrik sərfiyyatına görə hesablanmış 492.04 manat məbləğində cərimənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yaşayır. Qeyd olunan ünvanda yerləşən evinə **********D0000 abonent kodlu elektrik sayğacı quraşdırılmışdır. xx.xx.2025-ci il tarixdə yaşadığı evdə sayğaca uyğun baxış keçirilən zaman məlum olmuşdur ki, yaşayış evinə məxsus sayğac dövriyyədən keçən yükü qeyd etmir. Belə ki, sayğacın alt örtük qapağına vurulmuş möhürün simi kəsikdir və sarı içliyində müdaxilə izləri vardır. Alt qapaq açılanda məlum oldu ki, sayğacın “B” fazasını qidalandıran gərginlik naqili birləşik deyil. Bu səbəbdən də, sayğac “B” fazasından keçən yükü qeyd etmir. "xxxx" ASC-nin əməkdaşları tərəfindən bu barədə xx.xx.2025-ci il tarixli, 010115 saylı akt tərtib edilmişdir. Son olaraq isə ona 492.04 manat borc hesablanmışdır. Halbuki abunə haqqında sənəddən göründüyü kimi, 2001-ci il tarixdən bu günə kimi hər ay 10, 15, 17, 20, 22, 24 və s. manat miqdarında aylıq sərfiyyat ödənilmişdir. Hesab edir ki, tərtib edilmiş akt tam əsassızdır və elektrik sayğacında yaranmış nasazlığa görə onu təqsirli bilərək 492.04 manat borcun hesablanması tam qanunsuzdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun olaraq, bu tipli aktlar tərtib edilərkən iki hal şahidinin iştirakı məcburidir. Bundan əlavə, onların evə aid elektrik sayğacında hər hansı problemin olmasına dair, həmçinin heç bir video çəkiliş aparılmamışdır. Həmçinin, aktda bu barədə heç bir hal qeyd olunmamışdır. O, yataq xəstəsidir. "xxxx" ASC-nin əməkdaşları tərəfindən aktın tərtib edilməsi zamanı sayğacın işlək olmaması, yenisi ilə əvəz edilməli olması və bu səbəbdən akta qol çəkməli olması bildirilmiş, o da akta imza etmişdir. Onun elektrik enerjisinin istehlakçısı kimi elektrik sayğaclarının texniki vəziyyətinə nəzarət etmək kimi bir öhdəliyi və ya vəzifəsi yoxdur. O, arvadı ilə bu ünvanda yaşayır. Özünün və arvadının 77 yaşı var. Özü yuxarıda qeyd edildiyi kimi yataq xəstəsidir, onun və arvadının sayğaca hər hansı bir müdaxiləsi fiziki cəhətdən mümkün deyildir.
İddianın dəyişdirilməsi.
3. Daha sonra iddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, cavabdeh tərəfindən hesablanmış 492.04 manat məbləğində cərimənin silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
Tərəflərin izahatları.
4. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
5. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 iddianı qəbul etməyərək, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi.
İş materialları.
6. "xxxx" ASC tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib edilmiş 010115 nömrəli aktdan görünür ki, ünvan 1 ünvanında yerləşən sayğaca (abonent kodu – 110016018D0000) "xxxx" ASC-nin əməkdaşları tərəfindən baxış keçirilmiş, baxış zamanı fərdi yaşayış evinə məxsus sayğacın dövrədən keçən yükü qeyd etməməsi, sayğacın alt örtük qapağına vurulmuş möhürün siminin kəsik olması, sarı içliyində müdaxilə izlərinin görünməsi, alt qapağın açılması zamanı sayğacın “B” fazasını qidalandıran gərginlik naqilinin birləşik olmaması, bu səbəbdən sayğacın “B” fazasından keçən yükü qeyd etməməsi aşkar edilmiş, sayğacın yenisi ilə əvəz edilməli olması, çıxarılmış sayğacın bütün parametrlərinə rəy verilməsi qeyd edilmişdir.
7. Abonentin saldosundan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, E.Bəkirli küçəsi ünvanında yerləşən 18B nömrəli fərdi yaşayış evinin abonenti İddiaçı (abonent kodu – 110016018D0000) X2 qaydalarının pozulmasına görə xx.xx.2025ci il tarixə 492.05 manat məbləğində borc hesablanmışdır.
İşin faktiki halları.
8. "xxxx" ASC-nin əməkdaşları tərəfindən ünvan 1 ünvanında yerləşən sayğaca (abonent kodu – 110016018D0000) elektrik enerjisi uçotunun aparılması və “X2 Qaydaları”na riayət edilməsi vəziyyətinin öyrənilməsi məqsədi ilə baxış keçirilmiş, baxış zamanı fərdi yaşayış evinə məxsus sayğacın dövrədən keçən yükü qeyd etməməsi, sayğacın alt örtük qapağına vurulmuş möhürün siminin kəsik olması, sarı içliyində müdaxilə izlərinin görünməsi, alt qapağın açılması zamanı sayğacın “B” fazasını qidalandıran gərginlik naqilinin birləşik olmaması, bu səbəbdən sayğacın “B” fazasından keçən yükü qeyd etməməsi aşkar edilmişdir.
9. Həmin akt əsasında abonent İddiaçı "xxxx" ASC tərəfindən 492.05 manat məbləğində qalıq (əsas) borc hesablanmışdır.
Tətbiq edilən hüquq.
10. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
Maddə 1091. Əsassız varlanma anlayışı. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092. Əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsi. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
11. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “X2 Qaydaları”:
7. Elektrik enerjisinin uçot cihazlarinin quraşdırılması və istismarı. 7.6. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması, enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçı, o cümlədən məişət abonenti araşdırmada iştirak etməkdən və ya aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir.
12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi.
13. İşin faktiki hallarından göründüyü kimi, cavabdeh "xxxx" ASC-nin əməkdaşları tərəfindən İddiaçı ünvanında X2 qaydalarının pozulmasına görə xx.xx.2025-ci il tarixli akt tərtib edilmiş və bu akta əsasən istehlakçı İddiaçı itirilmiş sərfiyyata görə 492.05 manat məbləğində borc hesablanmışdır.
14. Yuxarıda istinad edilmiş “X2 Qaydaları”nın 7.6-cı bəndində qeyd edilir ki, istehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Lakin həmin bəndin davamında qeyd edilir ki, elektrik sayğacının zədələnməsində abonentin təqsirinin müəyyən edilməsinin xüsusi qaydası müəyyən edilmişdir. Belə ki, həmin qaydaya əsasən, ilk növbədə elektrik sayğacının zədələnməsi laboratoriya şəraitində araşdırılmalıdır. Bu zaman məişət abonentinin iştirakı təmin edilməli və bu barədə ikitərəfli akt tərtib edilməlidir. Əgər məişət abonenti araşdırmada iştirakdan imtina edərsə, bu barədə akt tərtib edilməli və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınmalıdır.
15. Lakin hazırkı iş materiallarından görünür ki, iddiaçıya X2 qaydalarının pozulmasına görə borc yazılmasına səbəb olan aktda hər hansı laboratoriya rəyinə istinad edilməmişdir. Əksinə, aktda açıq şəkildə qeyd edilmişdir ki, mövcud olması iddia edilən pozuntular cavabdeh orqanın nümayəndələri tərəfindən sayğaca baxış keçirilərkən müəyyən edilmişdir. Həmçinin həmin pozuntuların texniki vasitələrlə qeydə alınmasını təsdiq edən heç bir sənəd məhkəməyə təqdim edilməmişdir.
16. Nəzərə alınmalıdır ki, iddiaçının sayğaca müdaxilə edərək elektrik enerjisindən qeyri-qanuni istifadə etməsi, yəni faktiki olaraq istifadə etdiyi elektrik enerjisini ödəməyərək cavabdeh orqanın hesabına əsassız varlanması nəticəsinə gəlmək üçün sayğaca iddia olunan müdaxilənin məhz istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində meydana gəldiyi sübuta yetirilməlidir. Hazırkı işdə isə cavabdeh orqan məhkəməyə elektrik enerjisi sayğacına məhz iddiaçı tərəfindən müdaxilə edilməsini təsdiq edəcək mötəbər və təkzib olunmaz sübutlar təqdim etməli olduğu halda bunu etməmişdir. Xüsusən, qanunvericiliklə müəyyən edilmiş imperativ tələb olmasına baxmayaraq, müvafiq pozuntuya dair istehlakçının iştirakı ilə laborator araşdırma aparıldığını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir.
17. Həmçinin sayğacın həqiqətən aktda qeyd edilən nöqsanlara görə yararsız vəziyyətə düşdüyü müəyyən edilsə idi belə, bu nöqsanların sayğacdan keçən elektrik enerjisinin sərfiyyatının düzgün aparılıb-aparılmaması ilə hər hansı səbəbli əlaqəsinin olması da cavabdeh tərəfindən sübut edilməmişdir. Əksinə, cavabdeh tərəfindən təqdim edilmiş abonent saldosundan görünür ki, sayğac yenisi ilə əvəzləndikdən sonrakı aylardakı sərfiyyatla köhnə sayğacla hesablanmış sərfiyyat arasında əhəmiyyətli fərq yoxdur.
18. Belə olan halda məhkəmə hesab edir ki, sayğaca müdaxilə edilməsində təqsiri sübuta yetirilmədiyi halda xx.xx.2025-ci il tarixli akta əsasən hesablanmış borc iddiaçıdan tələb edilə bilməz. Odur ki, xx.xx.2025-ci il tarixli akta əsasən hesablanmış 492.05 manat borc iddiaçının hesabından silinməlidir.
Məhkəmə xərcləri.
19. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin qanunun 9.4-cü maddəsinə görə isə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Bu qanunun 8.1.1-ci maddəsinə əsasən, iddia qiyməti iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilir.
20. Belə olan halda məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq iddiaçının bu iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən ödəməkdən azad olduğuna görə ödəmədiyi 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
21. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh "xxxx" ASC tərəfindən İddiaçı hesablanmış 492.05 manat məbləğində borc onun hesabından silinməli, ödənilməmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
22. Göstərilənlərə əsаsən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2025-ci il tarixli akta əsasən İddiaçı (abonent kodu: **********D0000) hesablanmış 492.05 manat (dörd yüz doxsan iki manat beş qəpik) məbləğində borc silinsin. Ödənilməmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Səlimə Miriyeva