Məhkəmə qərarları › İş №2(010)-1802/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1802/2022

24.11.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1802/2022 24.11.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X23 qızının katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı2 və İsmayılova (Hacıyeva) Təranə Hacı qızının, cavabdehlər Cavabdeh1 və Cavabdeh2, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X2 vəkili və nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı1 və qeyrilərinin Cavabdeh2 və qeyrilərinə qarşı “mirasın qəbul edilməsi üçün müəyyən edilmiş müddətin bərpası və s.” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbi.

1. İddiaçılar İddiaçı1, İddiaçı2 və İsmayılova (Hacıyeva) Təranə Hacı qızı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və ünvan 2 qarşı “mirasın qəbul edilməsi üçün müəyyən edilmiş müddətin bərpası və miras əmlakda payların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X6 miras qalmış (ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak olan torpaq sahəsi və fərdi yaşayış evində) miras əmlakın qəbulu ilə bağlı ötürülmüş müddətin bərpa edilməsi, iddiaçılar və cavabdehlərin sayına görə miras əmlakda paylar müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1802/2022 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardadı ilə X3 (yetkinlik yaşına çatmayan övladları X4 və X7 ilə birlikdə) mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilməsi qərara alınmışdır.

Tərəflərin izahatları.

3. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh Bakı şəhəri 24 saylı notariat ofisi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır.

4. İddiaçı1 iddia ərizəsini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, ataları vəfat edən zaman bankda onun adına pul olmuşdur. O, pula ehtiyacları olmadığı üçün həmin paydan imtina etmiş və qardaşları gedib həmin pulu götürmüşdür. Sonradan isə atalarından miras qalmış torpaq sahəsi və fərdi yaşayış evinə münasibətdə vərəsə kimi pay almaq istəsə də, notarius müddəti ötürdüyü üçün imtina etmişdir. Buna görə də qeyd olunanların nəzə alınaraq, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi.

5. İddiaçı2 iddia ərizəsini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, qardaşı xəstə olduğu zamanlar gəlib ona baxırdı. Yay aylarında öz evində rütubət olduğu üçün oğlu ilə birlikdə ata evində yaşayırdı. Sonradan ataları vəfat edən miras qalmış torpaq sahəsi və fərdi yaşayış evinə vərəsə kimi pay almaq istəsə də, notarius müddəti ötürdüyü üçün onu vərəsə kimi tanımaqdan imtina etmişdir. Halbuki, atası vəfat edən zaman bankda olan və ona çatası puldan sadəcə olaraq ehtiyacı olmadığı üçün imtina etmiş, lakin vərəsə kimi tanındığını fikirləşmişdir. Buna görə də qeyd olunanların nəzə alınaraq, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi.

6. İddiaçı İsmayılova (Hacıyeva) Təranə Hacı qızı iddia ərizəsini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, o, 2001-ci ildə ailə qurmuş və 15 il qaynının evində kirayə yaşamışdır. xx.xx.2021-ci il tarixdə isə qardaşı xəstə olan zaman qardaşına baxmaq üçün həmin evə qayıtmışdır. Hazırda qızı və oğlu ilə birlikdə orada yaşayır, bəzən isə yoldaşı da gəlir. Orada ayrılıqda bacısı Şəhla da yaşayır. O, ata mülkündən varis kimi öz payını istəyir. Belə ki, ataları vəfat edən zaman bankda əmanət payı var idi və onlar həmin pulun olmasından məlumatlı idilər, lakin həmin zaman pula ehtiyacları olmadığı üçün onlar əmanətdən imtina etmişlər və qardaşları gedib həmin pulu götürmüş və varis kimi tanınmışlar. Onlar da həmin vaxt varis kimi tanındıqlarını fikirləşmişlər. Daha sonra notariusa müraciət edib atalarının mülkündən pay istədiklərini bildirdikdə, notarius onlara müddəti ötürdüklərini bildirmişdir. Buna görə də qeyd olunanların nəzərə alınaraq, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi.

7. Cavabdeh1 məhkəmə iclasında verdiyi izahatında iddia tələbini qəbul edərək bildirdi ki, əmlak onların ata yurdudur və hər birinin pay hüququ var. Buna görə də qeyd olunanların nəzərə alınaraq, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsinə etiraz etmədiyini bildirdi.

8. Cavabdeh2 məhkəmə iclasında verdiyi izahatında iddia tələbini qəbul edərək bildirdi ki, o, Razim və mərhum qardaşı Elşad atalarından onlara qalan məbləği qəbul etmək üçün notariusa getmişlər. Bu səbəbdən vərəsəlik onlara açılmışdır. Bacılarının pula ehtiyacı olmadığı üçün gəlmək istəməmiş və puldan imtina etmişlər. Həmin vaxt torpaq məsələsi olmadığı üçün onların gəlmələrinə ehtiyac yox idi. Onlar hamısı orada doğulub böyümüşlər və bacıları da o evdən ailə qurub getmişdir. Hazırda həmin evdə bacıları Təranə və Şəhla yaşayır. Onlar isə qonşuluqda öz evlərində yaşayırlar. Buna görə də qeyd olunanların nəzərə alınaraq, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsinə etiraz etmədiyini bildirdi.

9. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X2 vəkili və nümayəndəsi Vəkil məhkəmə iclasında izahat verərək bildirdi ki, hazırki iş üzrə iddiaçılar nə faktiki olaraq, nə də ki, notarial qaydada mirası qəbul etməyiblər. Halbuki, onlar atalarının vəfatından və mirasın açılmasından məlumatlı olmuşlar. Mülki Məcəllənin 1246-cı maddəsində qeyd olunmuşdur ki, miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Düzdür, qanunvericilikdə, mirasın qəbulu müddətinin üzrlü səbəbləri göstərilmişdir, lakin müddətin 20 il ötürülməsi üzrlü səbəb sayıla bilməz. Həmçinin, Məcəllənin 1273-1-ci maddəsinə görə vərəsənin susması mirasdan imtinaya bərabər hesab edilir. Bundan əlavə, tərəflər hazırda həmin evdə yaşadıqlarını bildirsələr də, yaşamırlar. Təqdim etdiyi qəbzlərdən də görünür ki, həmin evlə bağlı külli miqdarda kommunal borc mövcuddur və belə olan halda həmin evdə yaşamaqları mümkün deyil. Buna görə də qeyd olunanların nəzərə alınaraq iddianın təmin edilməsinə etiraz etdiyini bildirdi.

İş materialları.

10. Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2002-ci il tarixdə verilmiş AZ-İ seriyalı 010007 №-li ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X17 xx.xx.2002-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2002-ci il tarixdə 536 № ilə qeyd edilmişdir.

11. Bakı şəhəri Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 193374 №-li ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X18 xx.xx.2021-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə 1108 № ilə qeyd edilmişdir.

12. Məhkəmə tərəfindən verilmiş sorğuya əsasən göndərilmiş notarius işinə əlavə olunan Bakı şəhəri 24 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamədən görünür ki, xx.xx.2002-ci ildə vəfat etmiş X8 vərəsələri övladları X12, X18 və X13r və onlar mirasdan bərabər payda irs almalıdırlar. Şəhadətnamə verilən miras əmlak Bakı şəhər 3370 nömrəli Suraxanı şöbəsi 74627 saylı hesab və 10556,057381 saylı hesablarda olan əmanət, faizləri və kompensasiyası ilə birlikdə mərhuma məxsus mirasdan ibarətdir.

13. Bakı şəhəri 24 saylı notariat ofisi tərəfindən xx.xx.2022-ci il tarixdə İsmayılova (Hacıyeva) Təranə Hacı qızına ünvanlanmış 64 nömrəli məktubdan görünür ki, xx.xx.2002-ci il vəfat etmiş X8 adından övladları X12, X18 və X9 ərizələri əsasında xx.xx.2012-ci il tarixdə vərəsəlik işi açılmış, vərəsələrin dairəsi müəyyən edilmişdir. xx.xx.2012-ci il tarixində vərəsələrə əmanətə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Mülki Məcəllənin 1243.2.3 və 1246-cı maddələrinin tələbi pozulduğundan vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina olunmuşdur.

14. Bakı şəhəri 24 saylı notariat ofisi tərəfindən xx.xx.2022-ci il tarixdə İddiaçı2 ünvanlanmış 66 nömrəli məktubdan görünür ki, xx.xx.2002-ci il vəfat etmiş X8 adından övladları X12, X1 Ramiz Hacı oğlunun ərizələri əsasında xx.xx.2012-ci il tarixdə vərəsəlik işi açılmış, vərəsələrin dairəsi müəyyən edilmişdir. xx.xx.2012-ci il tarixində vərəsələrə əmanətə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Mülki Məcəllənin 1243.2.3 və 1246-cı maddələrinin tələbi pozulduğundan vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina olunmuşdur.

15. X10 tərəfindən ünvan 2 ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, o, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən qanun üzrə ona düşən paya dair vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir. 16.X7 tərəfindən ünvan 2 ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, o, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən qanun üzrə ona düşən paya dair vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir.

17. X5 tərəfindən ünvan 2 ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, o, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən qanun üzrə ona düşən paya dair vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir.

18. Bakı şəhəri 24 saylı notariat ofisi tərəfindən xx.xx.2022-ci il tarixdə ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə ünvanlanmış 133 nömrəli məktubdan görünür ki, xx.xx.2002-ci il vəfat etmiş X8 adından miras qalmış əmlaka dair X7, X5, X12, X19 və X3 müraciəti əsasında vərəsəlik işi açılmışdır.

19. xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

20. xx.xx.2021-cil il tarixli bildiriş-xəbərdarlıqdan görünür ki, X11 adına olan sayğac üzrə "xxxx" ASC-yə 220,05 manat borc mövcuddur.

21. xx.xx.2021-cil il tarixli bildiriş-xəbərdarlıqdan görünür ki, X11 adına olan sayğac üzrə "xxxx" ASC-yə 816,04 manat borc mövcuddur.

22. xx.xx.2022-cil il tarixli bildiriş-xəbərdarlıqdan görünür ki, X3 adına olan sayğac üzrə “Azəriqaz” İB-nə 290,65 manat borc mövcuddur.

İşin faktiki halları.

23. xx.xx.2002-ci il tarixdə vəfat etmiş X8 adından övladları X12, X18 və X9 ərizələri əsasında xx.xx.2012-ci il tarixdə vərəsəlik işi açılması və vərəsələrin dairəsinin müəyyən edilməsi işin mübahisəsiz hallarıdır.

Tətbiq edilən hüquq.

24. Azərbaycan Respublikası Mülki Məcəlləsi.

Maddə 1133. Vərəsəlik anlayışı 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1159. Qanun üzrə vərəsələr 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Maddə 1243. Mirasın qəbul edilməsi 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Maddə 1246. Mirasın qəbul edildiyi müddət Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Maddə 1257. Mirası qismən qəbul etməyin yolverilməzliyi 1257.1. Hər hansı şərtlə və ya hər hansı müddətə mirası qismən qəbul etməyə və ya ondan qismən imtina etməyə yol verilmir. 1257.2. Əgər vərəsə mirasın bir hissəsindən imtina edərsə və ya hər hansı şərt qoyarsa, hesab edilir ki, o, mirasdan imtina etmişdir.

25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi G.Qəhrəmanovanın şikayəti üzrə 18 iyul 2014-cü il tarixli qərarı.

Mirasın açılmasının əsasını bir sıra hüquqi faktların məcmusu (hüquqi tərkibi) təşkil edir: mirası qəbul etmək hüququna malik olan şəxslərin dairəsi; mirasın açıldığı vaxt miras əmlakın kütləsi (miras aktivi və miras passivi); vərəsəlik prosesinin başlanğıcı (mirasın qəbul edilməsi, imtina olunması və s.). Bu mənada mirasın qəbul edilməsi müddəti vərəsəlik institutunun vacib aspektlərindən biridir. Mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir.

Məhkəmənin mövqeyi.

26. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatını dinləyib hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia rədd edilməlidir.

27. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsində olduğu kimi, mirasın qəbulunun 2 forması müəyyən edilib: 1) notariat ofisinə mirasın qəbulu barədə ərizə verilməsi; 2) vərəsənin miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlaması və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirməsi

28. Hazırkı işdə iddiaçılar mirası 1-ci formada qəbul etməyib, yəni mirasın açılmasından sonra 6 ay ərzində notariusa ərizə verməyiblər. Mirasın 2-ci formada qəbuluna gəldikdə isə, iddiaçılar miras predmeti olan evdə daimi yaşayış yeri üzrə qeydiyyatda deyillər. Bu onu göstərir ki, bu ev onların adətən istifadə etdikləri ev deyildir. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Miras evə yiyələnmə müəyyən hərəkətlərin edilməsi ilə mümkündür. Belə ki, iddiaçıların həmin evə şəksiz yiyələnmələri orada yaşamaları, onun yenidən və ya cari təmirində hansısa formada iştirak etmə, kommunal ödənişləri etmə, torpaq sahəsinin əkilibbiçilməsində iştirak və digər hərəkətlərdə ifadə oluna bilərdi. İddiaçılar həmin hərəkətləri etdiklərini təsdiq edən sübutları məhkəməyə təqdim etməyiblər.

29. Göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, iddiaçılar mirası qəbul etmək üçün müddəti hər hansı üzrlü səbəb olmadan ötürüblər.

30. Bununla yanaşı, iddiaçılar özləri də etiraf edirlər ki, mərhum atalarından miras qalmış pul əmanətini vərəsəlik qaydasında qəbulundan imtina ediblər. Belə olan halda, Mülki Məcəllənin 1257-ci maddəsinə əsasən hesab edilir ki, iddiaçılar hazırda mübahisə predmeti olan əmlaklar barəsində də, onların vərəsəlik ilə qəbulundan da imtina ediblər. Bu isə, yenidən həmin əmlakı tələb etmək hüququnun itirilməsi deməkdir.

31. Cavabdehlərin iddianı etiraf etməsi o halda məhkəmə tərəfindən iddianın təmin edilməsi üçün əsas ola bilərdi ki, bu cür etiraf üçüncü şəxslərin mənafeyinə toxunmasın. Hazırkı işdə iddianın təmin edilməsinin üçüncü şəxsin və onun uşaqlarının əmlak paylarının azalmasına və bununla da mənafelərinə ciddi təsir etməsinə səbəb olacağını nəzərə alan məhkəmə hesab edir ki, cavabdehlərin iddianı etiraf etməsi iddianın təmin edilməsi üçün əsas ola bilməz.

Məhkəmə xərcləri.

32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

33. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

34. İddia rədd edildiyi üçün ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıların özünə aid edilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

35. Beləliklə, qeyd olunanlara əsaslanaraq məhkəmə hesab edir ki, iddia əsassızdır və rədd edilməlidir.

36. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia rədd edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçıların özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar