Məhkəmə qərarları › İş №2(010)-1826/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1826/2024

29.04.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1826/2024 29.04.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə. İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. 1.İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh tərəfindən iddiaçının hesab koduna yazılmış 1555.20 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh əməkdaşları tərəfindən akt tərtib olunmuşdur. Bu akta qeyd olunan prosedurların zədələnmiş qaz sayğaclarında da eyni qaydada tətbiq olunduğu Azəriqaz İB-nin əməkdaşları tərəfindən ona bildirilmədiyi və məlumatlandırılmadığı üçün vaxtında sayğacın təchizatçı tərəfindən ödənişsiz quraşdırılması barədə müvafiq məhkəmə qərarını Azəriqaza təqdim etməyi mümkün olmamışdır. Onun tərəfindən sayğaca heç bir müdaxilə edilməmiş və heç bir əlavə xətt qoşulmamışdır. Qanunvericilikdə fiziki şəxslərin evlərinə quraşdırılmış qaz sayğaclarının qorunmasına və işlək vəziyyətdə saxlanılmasına görə qaz paylayıcısı cavabdehlik daşıyır və həmçinin qaz sayğacının dövlət yoxlamasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılmasının qaz paylayıcısı tərəfindən həyata keçirilməsi nəzərdə tutulmuşdur. Belə ki, onun tərəfindən qaz sayğacına və küçədəki qaz kəmərinə müdaxilə olunmasına dair cavabdehin heç bir sübutu yoxdur. Ona məxsus fərdi yaşayış evində təbii qazdan sayğacdan kənar qanunsuz istifadə olunması faktı da cavabdeh tərəfindən sübut edilməmişdir. Yazılmış akt qərəzlidir və 1555,20 manat pul tələb edilməsi tamamilə qanunsuzdur. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də iddianın təmin olunmasını xahiş etmişdir.

Tərəflərin izahatları.

3. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, yaşadığı ünvana Cavabdeh İB-nin işçiləri gəlmiş və həmin ünvanda qaz sayğacını dəyişmişlər. Daha sonra Cavabdeh tərəfindən ona bildirilmişdir ki, köhnə sayğaca müdaxilə etdiyi üçün itirilmiş qazın dəyərini, yəni 1555.20 manat borcu o ödəməlidir. Halbuki həmin sayğaca onun tərəfindən heç bir müdaxilə edilməmişdir. Qeyd olunanlara əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh nümayəndəsi X2 ərizə ilə Suraxanı rayon Məhkəməsinə “Elektron Məhkəmə” sistemi vasitəsi ilə müraciət edərək, iddia ərizəsinə onun iştirakı olmadan baxaraq iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İş materialları.

5. Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı akta əsasən baxış keçirilən zaman aşkar olmuş nöqsanlarla bağlı qeyd olunmuşdur ki, xx.xx.2023-cü il tarixli Dövlət yoxlamasına əsasən,15-363387 sayğacdan çıxış plastmas boru deşilib. Qayka plombu üçün nəzərdə tutulmuş qulaqcıq qırıqdır. Sayğac istismara yararsızdır və dəymiş ziyanın ödənilməsi qeyd olunmuşdur.

6. Cavabdeh tərəfindən tərtib olunan abonentin saldosundan müəyyən olunur ki, İddiaçı tərtib olunan aktlar üzrə qaz sərfiyyatına görə borcu 1555.20 manat təşkil edir.

7. Cavabdeh qaz sayğacının yoxlanılması barədə 29/1710-04363-1 saylı aktına əsasən Fransa istehsalı G4 markalı İtron tipli (Smart Payment) qaz sayğacları 23 fevral 2023-cü il tarixində Dövlət yoxlaması nəticəsində yararsız hesab edilmişdir.

8. Asan 4 tərəfindən verilmiş şəxsiyyət vəsiqəsinin məlumatlarından müəyyən olunur ki, İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində qeydiyyatdadır.

9. Dəymiş ziyanın bərpasına dair 28 fevral 2023-cü il tarixli tələbnamədən görünür ki, 6x24x90=12960 kv.m dəymiş ziyan həcmi hesablanmışdır.

İşin faktiki halları.

10. Cavabdeh əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixli ******* saylı akt tərtib olunmuş və İddiaçı yaşadığı ünvanda quraşdırılmış sayğacın istismar müddəti bitdiyi üçün yenisi ilə əvəz edilmişdir. Sonradan həmin saygac laboratoriyaya göndərilmiş və Cavabdeh işçiləri tərəfindən “Təbii qazdan istifadə qaydaların pozulması haqqında” tərtib edilmiş aktlardan müəyyən edilir ki, Cavabdeh tərəfindən baxış keçirilən zaman sayğacın çıxış plastmas borusu deşilmiş, qayka plombu üçün nəzərdə tutulmuş qulaqcıq qırıqdır, xətalar normadan artıqdır, sayğacın minimal sərfiyyatda -100% xəta ilə işləyir, hesablama mexanizmi minimal sərfiyyatda keçən qazın həcmini qeyd etmir və sayğacın istismara yararsız olduğu müəyyən olunmuşdur. Saygaca müdaxilə olunması ilə bağlı akt tərtib olunmuş və iddiaçıdan 1555.20 manat pul tələb olunur.

11.Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Mülki Məcəlləsi

Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

12. Qaz təchizatı haqqında Azərbaycan Respublikasının Qanunu

Maddə 13. Qazın pаylаnmаsı, satılması və qazın verilməsinin dayandırılması 8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.

13. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı Qərarı 1.3. Qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir.

4. X1 və İstismarı 4.2. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 5.2. Bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. 6.5. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.

14. İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 26. İstehlakçıların hüquqlarının məhkəmə müdafiəsi İstehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir.

15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

16. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda - 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi. Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri. 9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.5. istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar.

Məhkəmənin mövqeyi.

17. Nəzərə alınmalıdır ki, yuxarıda da istinad edilmiş (§ 13, 14) “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun və “Qazdan istifadə qaydaları”nın müvafiq maddələrindən görünür ki, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi istehlakçı yox, qaz paylayıcısı daşıyır. İstehlakçının qazın talanmasında təqsirli olması müvafiq orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.

18. Göründüyü kimi, həm qanunvericilikdə, həm də tərəflər arasında bağlanmış müqavilədə istənilən zərərin yox, məhz istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində dəymiş zərərin istehlakçı tərəfindən ödənilməsi müəyyən edilmişdir. Belə olan halda yalnız iddiaçının təbii qazdan qanunsuz istifadə etdiyi sübuta yetirilərsə, onun üzərinə qanunsuz istehlak edilən qazın dəyərini ödəmək vəzifəsi qoyula bilər.

19. Məhkəmə qeyd edir ki, iddiaçının təbii qazdan qanunsuz istifadə etməkdə təqsirli olmasını sübut etmək cavabdehin üzərinə düşür. Belə ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2 və 77.1ci maddələri).

20. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

21. Həmçinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır.

22. İşin faktiki hallarından görünür ki, Cavabdeh əməkdaşları tərəfindən xx.xx.2023cü il tarixli ******* saylı akt tərtib olunmuş və İddiaçı yaşadığı ünvanda quraşdırılmış sayğacın istismar müddəti bitdiyi üçün yenisi ilə əvəz edilmişdir. Sonradan həmin sayğac laboratoriyaya göndərilmiş və Cavabdeh işçiləri tərəfindən “Təbii qazdan istifadə qaydaların pozulması haqqında” akt tərtib edilmişdir. Həmin aktdan müəyyən edilir ki, Cavabdeh tərəfindən baxış keçirilən zaman sayğacın çıxış plastmas borusu deşilmiş, qayka plombu üçün nəzərdə tutulmuş qulaqcıq qırıqdır, xətalar normadan artıqdır, sayğacın minimal sərfiyyatda -100% xəta ilə işləyir, hesablama mexanizmi minimal sərfiyyatda keçən qazın həcmini qeyd etmir və sayğacın istismara yararsız olduğu müəyyən olunmuşdur. Sayğaca müdaxilə olunması ilə bağlı akt tərtib olunmuş və iddiaçıdan 1555.20 manat dəymiş zərər tələb olunur.

23. Göründüyü kimi iddiaçının evində öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək cavabdehin vəzifəsi olduğu halda o, öz vəzifələrini yerinə yetirdikdən sonra sayğacın yararsız hala düşməsində istehlakçının təqsirini sübuta yetirmədən, istehlakçıya əsassız və qanunsuz tələb irəli sürmüşdür.

24. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh təbii qazdan istifadə qaydalarının pozulmasına dair akta əsasən iddiaçıdan pul tələb edilməsi əsassız olmuşdur. Odur ki, iddia təmin edilməlidir.

Məhkəmə xərcləri.

25. İş materiallarından görünür ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən dövlət rüsumu ödəməmişdir. Lakin hazırkı iş üzrə İddiaçı istehlakçı olduğundan və iddia tələbi təmin olunduğundan 35.56 manat dövlət rüsumu Cavabdehndən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

26. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında tələb olunan 1555.20 manat Cavabdeh tərəfindən silinməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:

İddia təmin edilsin. Abonent İddiaçı (kod **********10860) təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt üzrə tələb olunan 1555.20 (bir min beş yüz əlli beş manat, iyirmi qəpik) manat pul vəsaiti Cavabdeh tərəfindən silinsin. Cavabdehndən 35.56 (otuz beş manat, əlli altı qəpik) manat dövlət rüsumu dövlət nəfinə tutulsun. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar