Məhkəmə qərarları › İş №2(010)-1923/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1923/2025

23.07.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1923/2025 23.07.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, Musayeva Aysel Xaliddin qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi. İddia tələbi İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra – cavabdeh) qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən əsassız olaraq hesablanmış 1200 manat məbləğində borcun yaranmasına əsas olan halların araşdırılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2024-cü ilin dekabr ayının 24-ü axşam saat 19:00-da onun evində qısa qapanma nəticəsində işıqlarda yanğın baş vermiş və işıqlar sönmüşdür. Ayın 24-ü işıq sönən günü ad günü qeyd etmiş və işıqlar söndükdən sonra “199” çağrı mərkəzinə məlumat vermişdir. “199” çağrı mərkəzindən bir qədər cavab gözləmiş və “199” çağrı mərkəzi əlaqəni sonlandırmışdır. Maşına əyləşib işıq idarəsinə getmiş, lakin qapı bağlı olmuşdur. Oradan verilən məlumata əsasən, qəza baş verməsi və əməkdaşların hadisə yerində olduğu bildirilmişdir. O isə evə qayıtmış, kənddən işıqçı çağırmışdır. İşıqçı ona demişdir ki, bütün kabellər yanmış, bir-birinə yapışmışdır və kabel lazımdır. Qaranlıq olduğu üçün bu məsələnin ancaq sabah səhər vaxtı həllinin mümkün olduğunu bildirmişdir. O, əlavə kənar xətdən istifadə etməyə məcbur qalmışdır ki, qaranlıqda qalmasın. O, axşam saat 19:00-dan, səhər saat 05:00-a qədər kənar xətdən istifadə etmiş, cəmi 10 saat bu hal davam etmişdir. 10 saatın cərimə nə qədər təşkil edirsə, ödəməyə hazırdır. Gecə saat 03:00-da işıq idarəsinin nümayəndələri ondan heçnə soruşmadan akt tərtib etmişlər. Səhər saat 08:30-da qapısı döyülmüş, işıq idarəsinin nümayəndəsi ona bildirmişdir ki, kənar xətdən istifadə olduğu üçün akt tərtib ediləcəkdir. Lakin, işıq idarəsinin nümayəndəsi onlara pul məbləği verilərsə, heç bir akt tərtib edilməcəyi və söhbətin aralarında qalacağını bildirmişdir. O, kənar xətdən məcburiyyət qarşısında qalaraq istifadə etdiyini işıq idarəsinin nümayəndəsinə bildirmiş, cavabında isə 500 manat tələb edilmişdir. O isə buna razı olmamış və gələn nümayəndədən sənəd tələb etmiş, nümayəndə cavabında rəisin həmin pulu istədiyini qeyd etmişdir. O, maşına əyləşib işıq idarəsinə getmiş və rəisin qəbuluna düşərək məsələni aydınlaşdırmaq istədikdə, rəis bütün hadisənin ona aydın olduğunu bildirmişdir. İddia tələbinin dəqiqləşdirilməsi İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbində kənar xətdən istifadə edilməsi göstərilsə də, əslində generatordan istifadə etdiyini bildirmiş və yaşadığı ünvanda X1yə görə cavabdeh tərəfindən ona əsassız olaraq hesablanmış 1200 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə baxış iclasında iştirak edən iddiaçı izahatında bildirdi ki, o, keçən ilin dekabr ayının 24-dən 25-nə keçən gecə kənar xətdən deyil, məhz generatordan istifadə etmiş və nəticədə cavabdeh tərəfindən akt tərtib edilərək əsassız borc hesablanmışdır. Cavabdehin nümayəndələri ünvana baxış keçirən zaman kənar xətdən istifadə etmədiyini dəfələrlə bildirsə də, müsbət nəticə əldə edilməmişdir. Hesab edir ki, borc əsassız hesablanmışdır və silinməlidir. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar xx.xx.2024-cü il tarixli, 374311 nömrəli aktdan müəyyən olunur ki, cavabdehin əməkdaşları tərəfindən “X1 Qaydaları”na (EEİQ) uyğun olaraq Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Sona Bağırova küçəsi, döngə 6 ünvanında yerləşən 12 nömrəli fərdi yaşayış evinə baxış keçirilən zaman abonentin sayğacdan kənar X1 etməsi aşkar edilmişdir. X1yə dair göstəriciləri özündə əks etdirən abunə haqqında elektron çıxarışdan müəyyən olunur ki, ünvan 1 ünvanının abonenti (abonent kodu – **********60012) İddiaçı X1yə görə xx.xx.2025-ci il tarixə 1191.14 manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş 3/567 nömrəli məhkəmə-trasoloji ekspertizasına dair ekspert rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilən işıq sayğacının üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmiş, işıq sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilməmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 405.1 Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Maddə 425.1 Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 425.2 Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları” 7.1. Dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisi sərfinə görə hesablaşmaq üçün elektrik qurğuları lazımi uçot cihazları ilə təmin olunmalıdır. 7.2. Dövlət elektroenergetika müəssisəsinin, enerjitəchizatı müəssisəsinin, müstəqil enerji istehsalçısının, abonentin və subabonentin şəbəkələrinə elektrik enerjisinə görə hesablaşma uçot cihazları olmayan elektrik qurğularının qoşulmasına yol verilmir. 7.9. Məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması hər bir yaşayış sahəsi, o cümlədən üçün yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Həmçinin yaşayış binalarında ümumi məqsədlərə - pilləkənlərin işıqlandırılmasına, liftlərin, nasosların işləməsinə və s. sərf edilən elektrik enerjisinə görə hesablaşmaq üçün hesablaşma elektrik sayğacı quraşdırılır. Kommunal mənzildə elektrik enerjisi sərfinə görə hesablaşmalar aparmaq məqsədilə hər bir məişət abonenti üçün hesablaşma elektrik sayğacı quraşdırılır, həmçinin mənzilin ümumi istifadə yerlərində (dəhlizin, mətbəxin, hamamın və s.) elektrik enerjisi sərfini müəyyənləşdirmək üçün ayrıca hesablaşma elektrik sayğacı quraşdırılır. Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikası Qanununun 10.3-cü maddəsinə uyğun olaraq aktiv istehlakçının dəstəklənməsi mexanizmindən istifadə edən istehlakçılar öz vəsaitləri hesabına elektrik şəbəkəsinə ötürülən və şəbəkədən alınan elektrik enerjisinin hesablanmasına imkan verən sayğac quraşdırmalıdırlar. 7.10. Yaşayış evlərində və yaşayış binalarında məişət abonentlərinin mənzillərindəki istismarda olan hesablaşma elektrik sayğacları enerji təchizatı müəssisəsinin vəsaiti hesabına çıxarılaraq, yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının mənzillərinin girişində, yaxud həmin mənzillərin pilləkən meydançalarında quraşdırılmalıdır. Yeni yaşayış evlərində və yaşayış binalarında məişət abonentlərinin elektrik sayğacları yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının mənzillərinin girişində, yaxud həmin mənzillərin pilləkən meydançalarında kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır. 7.11. Yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. 8.2. Elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 8.4. Enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. 9.1. İstehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin X2 Agentliyinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. 9.10 İstehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 19. Elektrik enerjisinin istehlakı. 19.16. Qanunsuz qoşulma halları aşkar edildikdə, ötürücü və ya paylayıcı sistem operatoru qanunsuz xətti dərhal elektrik şəbəkəsindən ayırmaqla, elektrik enerjisinin verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə ötürücü və ya paylayıcı sistem operatoru bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının elektrik enerjisinin talanmasında təqsirli olması həmin orqanların (qurumların) və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə ötürücü və ya paylayıcı sistem operatoru vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində ötürücü və ya paylayıcı sistem operatoruna vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər pərakəndə satış bazarı qaydaları ilə tənzimlənir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.5. istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar; Məhkəmənin mövqeyi Məhkəmə iddiaçının izahatını dinləyərək, işin faktiki hallarını və işə əlavə edilən sənədləri araşdıraraq, təqdim edilmiş sübutlara tam, obyektiv, hərtərəfli və qərəzsiz baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İşin faktiki hallarından göründüyü kimi, cavabdehin əməkdaşları tərəfindən iddiaçının ünvanında X1 qaydalarının pozulmasına görə xx.xx.2024-cü il tarixli akt tərtib edilmiş və bu akta əsasən istehlakçıya itirilmiş sərfiyyata görə 1191.14 manat məbləğində borc hesablanmışdır. Yuxarıda istinad edilmiş “X1 Qaydaları”nın 7.6-cı bəndində qeyd edilir ki, istehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Lakin həmin bəndin davamında qeyd edilir ki, elektrik sayğacının zədələnməsində abonentin təqsirinin müəyyən edilməsinin xüsusi qaydası müəyyən edilmişdir. Belə ki, həmin qaydaya əsasən, ilk növbədə elektrik sayğacının zədələnməsi laboratoriya şəraitində araşdırılmalıdır. Bu zaman məişət abonentinin iştirakı təmin edilməli və bu barədə ikitərəfli akt tərtib edilməlidir. Əgər məişət abonenti araşdırmada iştirakdan imtina edərsə, bu barədə akt tərtib edilməli və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınmalıdır. Lakin hazırkı iş materiallarından görünür ki, iddiaçıya X1 qaydalarının pozulmasına görə borc yazılmasına səbəb olan aktda hər hansı laboratoriya rəyinə istinad edilməmişdir. Əksinə, aktda açıq şəkildə qeyd edilmişdir ki, mövcud olması iddia edilən pozuntular cavabdeh orqanın nümayəndələri tərəfindən sayğaca baxış keçirilərkən müəyyən edilmişdir. Həmçinin həmin pozuntuların texniki vasitələrlə qeydə alınmasını təsdiq edən heç bir sənəd məhkəməyə təqdim edilməmişdir. Nəzərə alınmalıdır ki, iddiaçının sayğaca müdaxilə edərək elektrik enerjisindən qeyriqanuni istifadə etməsi, yəni faktiki olaraq istifadə etdiyi elektrik enerjisini ödəməyərək cavabdeh orqanın hesabına əsassız varlanması nəticəsinə gəlmək üçün sayğaca iddia olunan müdaxilənin məhz istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində meydana gəldiyi sübuta yetirilməlidir. Hazırkı işdə isə cavabdeh orqan məhkəməyə elektrik enerjisi sayğacına məhz iddiaçı tərəfindən müdaxilə edilməsini təsdiq edəcək mötəbər və təkzib olunmaz sübutlar təqdim etməli olduğu halda bunu etməmişdir. Xüsusən, qanunvericiliklə müəyyən edilmiş imperativ tələb olmasına baxmayaraq, müvafiq pozuntuya dair istehlakçının iştirakı ilə laborator araşdırma aparıldığını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə nəzərə çatdırır ki, sayğaca müdaxilə, qanunsuz qoşulma halları aşkar edilərkən bunun rəsmiləşdirilməsi proseduru, o cümlədən görülməli olan tədbirlər və tərtib edilməli olan sənədlər “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin 16-cı hissəsində təsbit edilmiş və hüquqi nəticə etibarı ilə ötürücü və ya paylayıcı sistem operatoru tərəfindən vurulmuş zərərin ödənilməsinin istehlakçıdan tələb edilməsinin mümkünlüyü bu prosedurdan asılı edilmişdir. Başqa sözlə, həmin maddədə müəyyən edilmiş prosedura riayət edilməməsi vurulmuş zərərin ödənilməsinin istehlakçıdan tələb edilməsini, o cümlədən hər hansı məbləğdə cərimənin hesablanıb istehlakçının abonent saldosuna daxil edilməsini istisna edir. Belə ki, “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun 19.16-cı maddəsinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, ötürücü və ya paylayıcı sistem operatoru qanunsuz xətti dərhal elektrik şəbəkəsindən ayırmaqla, elektrik enerjisinin verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə ötürücü və ya paylayıcı sistem operatoru bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının elektrik enerjisinin talanmasında təqsirli olması həmin orqanların (qurumların) və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə ötürücü və ya paylayıcı sistem operatoru vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində ötürücü və ya paylayıcı sistem operatoruna vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər pərakəndə satış bazarı qaydaları ilə tənzimlənir. Lakin, cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə akt tərtib edilərkən qeyd edilən prosedura riayət edilməmiş, o cümlədən tərtib edilmiş aktın bir nüsxəsi nə iddiaçıya, nə də ki, aidiyyəti orqana təqdim edilməmişdir. Belə ki, “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin 16-cı hissəsinin tələblərinə uyğun olaraq, sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə bu barədə ötürücü və ya paylayıcı sistem operatoru tərəfindən akt tərtib edilməli və həmin aktın bir nüsxəsi barəsində akt tərtib edilmiş şəxsə, bir nüsxəsi isə inzibati xəta haqqında iş üzrə ictraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim edilməlidir. İstehlakçının elektrik enerjisinin talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə ötürücü və ya paylayıcı sistem operatoru vururlmuş zərərin ödənilməsini tələb edə bilər. İddiaçı tərəfindən cavabdehin elektrik sayğacına ehtimal olunan qanunsuz qoşulması ilə bağlı qanunazidd hərəkəti nəticəsində ona 1191.14 manat məbləğində zərər vurulması, bu zərərlə iddiaçının ehtimal olunduğu qanunazidd hərəkəti arasında səbəbli əlaqənin olması və bu zərərin vurulmasında iddiaçının təqsirli olmasını təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Həmçinin, iddiaçı tərəfindən yaşadığı ünvanda istifadə olunan elektrik enerjisinə qanunsuz qoşulma hallarının mövcud olub-olmamasının müəyyən edilməsi məqsədi ilə iş üzrə məhkəmə-trasoloji ekspertizası keçirilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş 3/567 nömrəli məhkəmə-trasoloji ekspertizasına dair ekspert rəyinə əsasən, tədqiqata təqdim edilən işıq sayğacının üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmiş, işıq sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilməmişdir. Beləliklə də, hazırki iş üzrə tərtib edilmiş aktın qəbul edilməsi üçün əsas olmuş halları, aktın və hesablanmış borcun doğruluğunu sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşdüyündən və həmin aktın qəbul edilməsi üçün əsas olmuş hallar, eləcə də həmin halların mövcudluğu cavabdeh tərəfindən sübuta yetirilmədiyindən həmin akt üzrə göstərilmiş həcmdə hesablanmış zərər istehlakçı tərəfindən ödənilməməlidir. İddiaçı istifadə etdiyi elektrik enerjisinə görə əsassız hesablanmış 1200 manat məbləğində borcun silinməsini məhkəmədən xahiş etsə də, iş materiallarına əlavə edilmiş X1yə dair göstəriciləri özündə əks etdirən abunə haqqında elektron çıxarışdan müəyyən olunur ki, ünvan 1 ünvanının abonenti (abonent kodu – **********60012) İddiaçı X1yə görə xx.xx.2025-ci il tarixə 1191.14 manat məbləğində borcu yaranmışdır. Odur ki, iddia tələbi qismən təmin edilməli, xx.xx.2024-cü il tarixli akta əsasən hesablanmış 1191.14 manat borc iddiaçının hesabından silinməlidir. Məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci maddəsinə əsasən dövlət rüsumu ödəməkdən azad edilmişdir. Belə olan halda, ödənilməmiş 31.91 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Bundan əlavə, iş üzrə keçirilmiş məhkəmə-trasoloji ekspertizası nəticəsində verilmiş ekspert rəyinə əlavə edilən ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 64 manat məbləğində müəyyən edilmişdir. Odur ki, 64 manat məbləğində ekspertiza xərci cavabdehdən tutularaq ekspertiza həyata keçirən orqanın hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd edilənlərə məhkəmə hesаb edir ki, iddia qismən təmin edilməli, ünvan 1 ünvanına (abonent kodu – **********60012) hesablanmış 1191.14 manat məbləğində borc əsassız olduğundan iddiaçı tərəfindən silinməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. ünvan 1 ünvanına (abonent kodu – **********60012) hesablanmış 1191.14 manat məbləğində borc əsassız olduğundan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən silinsin. Ödənilməmiş 31.91 (otuz bir manat doxsan bir qəpik) manat məbləğində dövlət rüsumu "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq dövlət büdcəsinə ödənilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 64 (altmış dörd) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SАP (XİİS) hesаbı, Dövlət xəzinаdаrlığı аgentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Fəridə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar