Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-194/2022 16.02.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “əmlakın naturada bölünməsi” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “əmlakın naturada bölünməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Suraxanı rayonu, V yaşayış sahəsi, 5 saylı evin, 53 saylı mənzilinin ona 1/3 hissə, Cavabdeh1 1/3 hissə və Cavabdeh2 1/3 hissə olmaqla, naturada qaydasında ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, mərhum X2 qızıdır və onun birinci növbə vərəsələrindən biridir. X6 03 noyabr 2018-ci il tarixdə ölmüşdür. 4 saylı Bakı “ASAN xidmət” X4 tərəfindən ölüm haqqında şəhadətnamə verilmişdir. X2 ölümündən sonra Suraxanı rayonu, V y/s 5 saylı evin, 53 saylı mənzili miras qalmışdır. Bakı şəhəri 4 saylı Bakı “ASAN xidmət” Mərkəzi Notariat Kontoru tərəfindən 2021-ci ildə vərəsəlik işi açılmış və vərəsələrə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Suraxanı rayonu, V yaşayış sahəsi, 5 saylı evin, 53 saylı mənzilin ümumi sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən 68 kv.metrdir. O, 1/3 hissə payın və cavabdehlərin hər biri 1/3 hissədə payın mülkiyyətçisidirlər. O, həmin daşınmaz əmlakın mülkiyyətçisi olsa da ondan sərbəst şəkildə istifadə edə bilmir, əmlakı üzərində sərəncam verə bilmir. O, özünə çatan payı özgəninkiləşdirmək istədikdə cavabdehlərin razılığı tələb olunur. Lakin cavabdehlər razılıq vermədikləri üçün notarial qaydada rəsmiləşdirmə etmək mümkün olmur. Bu səbəbdən iddiaçı naturada bölgü etmək niyyətindədir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Belə olan halda məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən 23.06.2021-ci il tarixdə verilmiş “yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* nömrəli arayışdan görünür ki, İddiaçı, Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanında qeydiyyatdadırlar. 4 saylı Bakı Asan Xidmət Mərkəzində notariat ofisi tərəfindən təsdiq edilmiş 10 avqust 2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən (elektron) görünür ki: “03 noyabr 2018-ci il tarixdə vəfat etmiş X2 vərəsəsi: İddiaçıdır və o miras əmlakdan 1/3 hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak AR BŞİH Tİ və MHQİ tərəfindən 21.09.1996-cı il tarixdə X3 verilmiş 20/104705 qeydə alma nömrəsi ilə 104705 nömrəli kitabın 698-cı səhifəsində qeyd edilmiş qeydiyyat vəsiqəsinə əsasən ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 68 kv.m, yaşayış sahəsi 42,62 kv.m, 3 otaqlı olan mənzildən ibarətdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışdan (elektron) görünür ki, ünvan 4 ünvanında yerləşən mənzilin 1/3 hissəsi İddiaçı adına 16 avqust 2021-ci ildə, 1/3 hissəsi Cavabdeh1 adına 29.07.2021-ci il tarixdə qeydiyyata alınmış, 1/3 hissəsi üzərində hüquq sahibi isə Cavabdeh2dur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 11.05.2022-ci il tarixli “məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə” məlumatdan görünür ki, tədqiqat obyektinə baxış keçirilməsi üçün təyin edilmiş 07.01.2022-ci il tarixdə ekspert tərəfindən məhkəmə binasına gedilmiş, lakin tərəflər iştirak etmədiklərindən baxış baş tutmamışdır. Bu səbəbdən ekspertizanın aparılmasından imtina edilmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, ünvan 4 ünvanında yerləşən mənzil 1/3 hissədə İddiaçı, 1/3 hissədə Cavabdeh1, 1/3 hissədə isə Cavabdeh2 ümumi paylı mülkiyyətindədir. Paylı mülkiyyətin mülkiyyətçiləri olan iş üzrə tərəflər ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədiklərindən paylı mülkiyyətçilərdən İddiaçı digər paylı mülkiyyətçilər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, öz payının naturada ayrılması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Göründüyü kimi mübahisə paylı mülkiyyətdə olan mənzilin bölünməsi və ondan iddiaçının payının ayrılması ilə bağlıdır. Belə olan halda məhkəmə hesab edir ki, ilk növbədə, mübahisəyə tətbiq edilən qanunvericilik normaları nəzərdən keçirilməlidir: Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç birnövünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.4-cü maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. 221-ci maddəsinə əsasən ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 aprel 2014-cü il tarixli Qərarında qeyd edilir ki: Mülki Məcəllənin 220.6-cı maddəsində ümumi əmlakın bölünməsi ilə bağlı məhkəmənin həmin əmlakın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edilməsi səlahiyyəti nəzərdə tutulmuşdur. Məhkəmə tərəfindən belə qərarın qəbul edilməsi bütün paylı mülkiyyətçilərin razılığının alınması ilə şərtləndirilməmişdır. Həmin maddənin mənasına görə belə qərar paylı mülkiyyətçilərin birinin iddiası əsasında da qəbul edilə bilər. Mülkiyyətçilərin razılığı olmadan əmlakın hərracdan satılması barədə məhkəmənin qərar qəbul etməsi mülkiyyət hüququnun məhdudlaşdırılması (mülkiyyət hüququna müdaxilə) baxımından təhlil olunmalıdır. ...Qeyd olunan prinsiplərə riayət edildikdə, mülkiyyət hüququnun məhdudlaşdırılmasına yol verilir. Mülkiyyətçilərdən hər hansı birinin əmlaka sahiblik, istifadə və sərəncamla əlaqədar hüquqları digərlərinin hüquqlarından üstün sayıla bilməz. Mülkiyyət hüququnun həyata keçirilməsi imkanı bütün tərəflər üçün bərabər olmalıdır. Bununla bağlı qeyd etmək vacibdir ki, məhkəmənin əmlakın açıq hərracdan satılması barədə qərarı digər mülkiyyətçilərin hüquqlarını təmin etmək məqsədilə qəbul edilir. ...Nəzərə alınmalıdır ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Qanunvericiliyin yuxarıda qeyd edilən tələblərindən göründüyü kimi ümumi paylı mülkiyyətdə olan payın ayrılması iki formada həyata keçirilə bilər: 1) ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması; 2) pul kompensasiyasının (dəyərinin) ödənilməsi. Payın ayrılmasının bu iki formada həyata keçirilməsi mümkün olmadığı halda paylı mülkiyyətdə olan əmlakın açıq hərracdan satılması həyata keçirilir. Hazırkı işdən görünür ki, ilk növbədə, tərəflərin paylı mülkiyyətində olan mənzilin naturada bölünməsinin mümkün olub-olmamasının müəyyən edilməsi məqsədilə məhkəmə tərəfindən ekspertiza təyin edilmişdir. Lakin ekspert tərəfindən ekspertizanın aparılmasından imtina edilmişdir. Bu imtina onunla əsaslandırılmışdır ki, tərəflər ekspertizanın keçirilməsində iştirak etməmişdir. İş materiallarından görünür ki, ekspertiza qarşısında qoyulmuş sualların həlli məqsədi ilə tədiqat obyektinə baxış keçirilməsinin təşkil edilməsi ilə bağlı ekspert vəsatəti daxil olduqdan dərhal sonra məhkəmə tərəfindən tətdiqat obyektinə ekspert baxışının keçirilməsi ilə bağlı tərəflərə məlumat verilmişdir. Lakin tərəflər ekspertizanın keçirilməsində iştirak etməmişlər. Belə olan halda məhkəmə mübahisəli mənzilin naturada bölünməsinin mümkün olmaması nəticəsinə gəlir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 97.5-ci maddəsinə əsasən, tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Həmçinin, məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, mübahisəli mənzil binanın dördüncü mərtəbəsində yerləşir və dördüncü mərtəbədə yerləşən, sahəsi 68 m2 olan mənzilin naturada bölünməsinin mümkünlüyünə dair rəy verilməsinə təcrübədə də rast gəlinmir. Ümumi paylı mülkiyyətdə olan mənzildən iddiaçının payının naturada ayrılmasının mümkün olmadığını müəyyən etdikdən sonra məhkəmə payın ayrılmasının ikinci formasının - pul kompensasiyasının ödənilməsi – hazırkı mübahisəyə tətbiqinin də mümkün olmadığını hesab edir. Belə ki, hazırkı iş üzrə cavabdehlər nəinki iddiaçıya payına mütənasib pul kompensasiyası təklif etmiş, ümumiyyətlə, mübahisəyə məhkəmədə baxılmasının heç bir mərhələsində iştirak etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmiş, iddiaçıya payına mütənasib kompensasiya təklifi ilə bağlı hər hansı müraciətləri məhkəməyə daxil olmamışdır. Bu səbəbdən məhkəmə iddiaçının paylı mülkiyyətçisi olduğu mənzildə olan payının pul kompensasiyası yolu ilə ödənilməsini mümkün hesab etmir. Belə olan halda, yəni iddiaçının payının ayrılmasının nə naturada, nə də pul kompensasiyası verilməsi yolu ilə təmin edilməsi mümkün olmadığı halda paylı mülkiyyətdə olan mənzilin hərracdan satılmasından başqa yol qalmamışdır. Bu hissədə məhkəmə qeyd edir ki, tərəflərin paylı mülkiyyətində olan mənzilin açıq hərracdan satılması və satışdan əldə edilmiş vəsaitin mənzilin paylı mülkiyyətçiləri arasından bölünməsinin qət edilməsi iddia tələbindən kənara çıxmanın müstəsna halı kimi qiymətləndirilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində isə göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü mаddəsinə əsаsən, qətnаmə iş üzrə müəyyən edilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia təmin edilməli, İddiaçı 1/3, cavabdehlər Cavabdeh1 1/3, Cavabdeh2 1/3 hissədə paylı mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən mənzil açıq hərracdan satışa çıxarılmalı, mənzilin satışından əldə edilən pul paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölünməlidir. Son olaraq, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, məhkəməyə hazırkı iddia ərizəsi ilə müraciət etmək üçün İddiaçı tərəfindən ödənilmiş 20 manat (iddiaçı 10 manat dövlət rüsumu ödəməli olduğu halda 20 manat ödəmişdir) dövlət rüsumunun 10 manatı cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı 1/3, cavabdehlər Cavabdeh1 1/3, Cavabdeh2 1/3 hissədə paylı mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən mənzil açıq hərracdan satışa çıxarılsın və mənzilin satışından əldə edilən pul paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölünsün. İddiaçı tərəfindən ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq İddiaçı verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səlimə Miriyeva
Məhkəmə qərarları › İş №2(010)-194/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-194/2022
16.02.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver