Məhkəmə qərarları › İş №2(010)-1959/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1959/2025

24.07.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1959/2025 24.07.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, X1 iclas katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi (Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti maraqlı şəxs qismində cəlb edilməklə) şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Ərizəçinin xahişi Ərizəçi (Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti maraqlı şəxs qismində cəlb edilməklə) şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2005-ci il təvəllüdlü Hacıyeva Tamara Aqil qızı və xx.xx.2008-ci il təvəllüdlü Hacıyeva Nərmin Aqil qızının fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2005-ci il təvəllüdlü Hacıyeva Tamara Aqil qızı və xx.xx.2008-ci il təvəllüdlü Hacıyeva Nərmin Aqil qızı onun qızlarıdır və hər iki uşaq psixi xəstədirlər. Uşaqlara orta və dərin kəmağıllıq, kobud nitq və davranış pozuntusu diaqnozu qoyulmuşdur. Qızlarının himayəsində olması üçün müvafiq qərar verilməsini maraqlı şəxsdən xahiş etmiş və ona aşağıdakı kimi cavab verilmişdir – “Övladlarınız xx.xx.2005-ci il təvəllüdlü Hacıyeva Tamara Aqil qızı və xx.xx.2008-ci il təvəllüdlü Hacıyeva Nərmin Aqil qızı üzərində qəyyum təyin edilməyiniz ilə bağlı ərizənizə Suraxanı RİH yanında Qəyyumluq və Himayəçilik Komissiyasında baxılmışdır. Bildiririk ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317-ci və 321-ci maddələrinə əsasən, qəyyum psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında məhkəmə qətnaməsi olduqdan sonra təyin edilir. Qeyd edilənləri nəzərə alaraq, aidiyyəti üzrə məhkəməyə müraciət etməyiniz məqsədəuyğun hesab edilir”. Tərəflərin izahatları Məhkəmə baxış iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq olunan faktlar Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2006-cı il tarixdə verilmiş AZ-İ seriyalı, 234361 nömrəli nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X5 və X2 arasında xx.xx.2006-cı il tarixdə rəsmi nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 581 nömrə ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra ərə Hacıyev, arvada Hacıyeva soyadı verilmişdir. Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2006-cı il tarixdə verilmiş AZ-İ seriyalı, 776440 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Hacıyeva Tamara Aqil qızı (atası X5, anası Ərizəçi) xx.xx.2005-ci il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2006-cı il tarixdə 1310 nömrə ilə qeyd edilmişdir. Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2010-cu il tarixdə verilmiş AZ-İİ seriyalı, 472927 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Hacıyeva Nərmin Aqil qızı (atası X5, anası Ərizəçi) xx.xx.2008-ci il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2010-cu il tarixdə 1571 nömrə ilə qeyd edilmişdir. AR ƏƏSMN Tibb-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə xx.xx.2025-ci il tarixli elektron çıxarışdan müəyyən olunur ki, xx.xx.2005ci il təvəllüdlü Hacıyeva Tamara Aqil qızının sağlamlıq vəziyyəti xx.xx.2023-cü il tarixdə komissiyanın ekspertləri tərəfindən qiymətləndirilmiş, uşağa “Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, orta kəmağıllıq, kobud nitq və davranış pozuntuları ilə, İQ - 37” diaqnozu ilə müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir. AR ƏƏSMN Tibb-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə xx.xx.2025-ci il tarixli elektron çıxarışdan müəyyən olunur ki, xx.xx.2008ci il təvəllüdlü Hacıyeva Nərmin Aqil qızının sağlamlıq vəziyyəti xx.xx.2023-cü il tarixdə komissiyanın ekspertləri tərəfindən qiymətləndirilmiş, uşağa “Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, dərin kəmağıllıq, qulluq və müalicə tələb edən ciddi nitq və davranış pozuntuları ilə, USİ-nin qalıq əlamətləri, İQ - 0” diaqnozu ilə müddətsiz birinci dərəcə əlillik təyin edilmişdir. Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli cavab məktubundan müəyyən olunur ki, ərizəçiyə qanunvericiliyin tələbləri izah edilmiş və qızlarının fəaliyyəti qabiliyyəti olmayan şəxs hesab edilməsi haqqında ərizə ilə aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X6 tərəfindən qiyabi (sənədlər üzrə) tərtib edilmiş xx.xx.2025-ci il tarixli, 1885 saylı məhkəmə-psixiatrik ekspertizasına dair ekspert rəyindən müəyyən olunur ki, ekspert tərəfindən mülki işdə olan tibbi sənədlər və şəxsi anasının məhkəməyə ünvanladığı ərizəsini təsdiq edərək aparılan (qiyabi) müayinə əsasında Hacıyeva Tamara Aqil qızının orta kəmağıllıq, kobud nitq və davranış pozuntuları ilə formasında psixi xəstəlikdən əziyyət çəkməsi nəticəsinə gəlinmişdir. Hacıyeva Tamara Aqil qızının xəstəliyi ilə əlaqədar ona müddətsiz İİ qrup əlillik təyin edilmişdir. xx.xx.2005-ci il təvəllüdlü Hacıyeva Tamara Aqil qızı yuxarıda göstərilən diaqnozlu xəstəliklə əlaqədar öz hərəkətlərini şüurlu ölçüb – biçmək, onları idarə etmək iqtidarında deyil. Buna görə də Hacıyeva Tamara Aqil qızı fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X6 tərəfindən qiyabi (sənədlər üzrə) tərtib edilmiş xx.xx.2025-ci il tarixli, 1886 saylı məhkəmə-psixiatrik ekspertizasına dair ekspert rəyindən müəyyən olunur ki, ekspert tərəfindən mülki işdə olan tibbi sənədlər və şəxsi anasının məhkəməyə ünvanladığı ərizəsini təsdiq edərək aparılan (qiyabi) müayinə əsasında Hacıyeva Nərmin Aqil qızının uşaq serebral iflicinin qalıq əlamətləri, dərin əqli gerilik ilə formasında psixi xəstəlikdən əziyyət çəkməsi nəticəsinə gəlinmişdir. Hacıyeva Nərmin Aqil qızının xəstəliyi ilə əlaqədar ona müddətsiz İ qrup əlillik təyin edilmişdir. xx.xx.2006-cı il təvəllüdlü Hacıyeva Nərmin Aqil qızı yuxarıda göstərilən diaqnozlu xəstəliklə əlaqədar öz hərəkətlərini şüurlu ölçüb – biçmək, onları idarə etmək iqtidarında deyil. Buna görə də Hacıyeva Nərmin Aqil qızı tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. xx.xx.2025-ci il tarixli, **********97 nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, ərizəçi tərəfindən xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 28.8. Ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.1.3. şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında. Maddə 321.2. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmənin mövqeyi Məhkəmə ərizəçinin izahatını dinləyib, işin faktiki hallarını və iş materiallarını araşdıraraq, təqdim edilmiş sübutlara tam, obyektiv, hərtərəfli və qərəzsiz baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. İşin faktiki hallarından görünür ki, Ərizəçi X5 ilə nikah münasibətlərindən iki uşaq – xx.xx.2005-ci il təvəllüdlü Hacıyeva Tamara Aqil qızı və xx.xx.2008-ci il təvəllüdlü Hacıyeva Nərmin Aqil qızının anadan olmuşdur. Hazırda ərizəçi qızları – xx.xx.2005-ci il təvəllüdlü Hacıyeva Tamara Aqil qızı və xx.xx.2008-ci il təvəllüdlü Hacıyeva Nərmin Aqil qızının fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi haqqında xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət etmiş, bu barədə ərizəni qızlarının psixi vəziyyəti ilə əsaslandırmışdır. Məhkəmə nəzərə çatdırır ki, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslərin məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi imkanı nəzərdə tutulmuş və bu qaydada ərizələrin təmin edilməsi imkanı qanunvericiliklə bir sıra imperativ şərtlərdən asılı edilmişdir. Şəxslərin fəaliyyət qabiliyyətinin əsası və həcmi məhz həmin şəxslərin anlaqlılıq səviyyəsinə görə müəyyən edilir. Anlaqlılıq fiziki şəxslərə xas olmaqla onun şüurlu şəkildə hərəkət edə bilmə qabiliyyətini ifadə edir. Fiziki şəxsin fəaliyyət qabiliyyəti onun anlaqlılıq səviyyəsinə uyğun olaraq formalaşır. Mülki qanunvericiliyə görə fiziki şəxslərin anlaqlılığına təsir edən başlıca iki faktor mövcuddur. Bunlar azyaşlılıq və şəxsin psixi (əqli) sağlamlıq vəziyyətidir. Fiziki şəxslər anlaqlılıq səviyyələrinə uyğun olaraq tam fəaliyyət qabiliyyətlilər, məhdud fəaliyyət qabiliyyətlilər və fəaliyyət qabiliyyətsizlər şəklində ümumi qruplara ayrılmışdır. Şəxsin öz hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərini idarə edə bilməməsi (şəxsin fəaliyyət qabiliyyətinə malik olmaması) xüsusi hal olmaqla, yalnız məhkəmə tərəfindən təsdiq edildiyi halda müəyyən hüquqi nəticələr yaradır. Belə ki, bu kateqoriyadan olan şəxslər psixi pozuntu nəticəsində özü-özlüyündə öz hərəkətlərinin mənasını başa düşmür və öz hərəkətlərinə müstəqil rəhbərlik edə bilmir, lakin şəxsin fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi haqqında ərizələrin verilməsi isə yalnız bu kimi halların məhkəmə tərəfindən təsdiq edilməsi və hüquqi nəticələrə səbəb olması məqsədini güdür. Belə ki, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi pozuntunun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Məhkəmə həmçinin işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi pozuntusu haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Belə ki, məhkəmə iclasında işdə olan sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki, ərizəçinin xx.xx.2005-ci il tarixdə Bakı şəhərində doğulmuş qızı Hacıyeva Tamara Aqil qızı orta kəmağıllıq, kobud nitq və davranış pozuntuları ilə diaqnozu ilə xəstədir. Tamara Hacıyeva xəstəliyi ilə əlaqədar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi Sosial Ekspert Komissiyası tərəfindən xx.xx.2023cü il tarixdə müayinə edilmiş, “Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, orta kəmağıllıq, kobud nitq və davranış pozuntuları ilə, İQ – 37” diaqnozu ilə müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir. Həmçinin, ərizəçinin xx.xx.2008-ci il tarixdə Bakı şəhərində doğulmuş digər qızı Hacıyeva Nərmin Aqil qızı uşaq serebral iflicinin qalıq əlamətləri, dərin əqli gerilik ilə diaqnozu ilə xəstədir. Nərmin Hacıyeva xəstəliyi ilə əlaqədar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi Sosial Ekspert Komissiyası tərəfindən xx.xx.2023-cü il tarixdə müayinə edilmiş, “Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, dərin kəmağıllıq, qulluq və müalicə tələb edən ciddi nitq və davranış pozuntuları ilə, USİ-nin qalıq əlamətləri, İQ - 0” diaqnozu ilə müddətsiz birinci dərəcə əlillik təyin edilmişdir. İş üzrə təyin olunmuş məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2025-ci il tarixdə verdiyi 1885 və 1886 nömrəli rəylərinə əsasən müəyyən olunmuşdur ki, Hacıyeva Tamara Aqil qızı və Hacıyeva Nərmin Aqil qızı öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Buna görə də Hacıyeva Tamara Aqil qızı və Hacıyeva Nərmin Aqil qızı tam fəaliyyət qabiliyyəti olmayan şəxslər hesab edilməlidir. Göründüyü kimi mülki qanunvericiliyin tələbinə görə ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan şəxs sayıla bilər. Əgər həmin şəxs məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan şəxs sayılarsa, onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanı tərəfindən həmin şəxsə qəyyum və ya himayəçi təyin edilir. Mülki Prosessual Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmənin gəldiyi nəticə Beləliklə, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.2005-ci il tarixdə Bakı şəhərində doğulmuş, ünvan 2 ünvanında qeydiyyatda olan Hacıyeva Tamara Aqil qızı və xx.xx.2008-ci il tarixdə Bakı şəhərində doğulmuş, ünvan 2 ünvanında qeydiyyatda olan Hacıyeva Nərmin Aqil qızı fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 307, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.2005-ci il tarixdə Bakı şəhərində doğulmuş, ünvan 2 ünvanında qeydiyyatda olan Hacıyeva Tamara Aqil qızı və xx.xx.2008-ci il tarixdə Bakı şəhərində doğulmuş, ünvan 2 ünvanında qeydiyyatda olan Hacıyeva Nərmin Aqil qızı fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Ödənilmiş 100 (yüz) manat dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Fəridə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar