Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1974/2023 07.06.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı, Cavabdeh ASC-nin etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə İddiaçı Cavabdeh ASC-yə qarşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC tərəfindən əsassız hesablanmış 2046,56 manat əsassız borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirmişdir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi uzun illərdir ki, onun istifadəsindədir. Həmin ünvanda o və onun anası ilə birlikdə yaşayırlar. Sudan istifadəyə görə onun anası tərəfindən müntəzəm olaraq ödənişlər aparılmış, lakin qəbzləri almamışdır. Onun atası 1999-cu ildən etibarən Rusiya Federasiyasının vətəndaşıdır, bacısı isə 2001-ci il tarixdən etibarən ailə quraraq hazırki mənzildə yaşamır. Cavabdeh təşkilat isə heç bir əsas olmadan adam sayına uyğun ona həqiqətə uyğun olmayan məbləğdə pul hesablamışdır. Dəfələrlə cavabdeh təşkilatdan onun yaşadığı evə saygac qoyulmasını xahiş etsə də, cavabdeh təşkilat onun yaşadığı evi saygacla təmin etməmişdir. Sonradan ona məlum olmuşdur ki, yaşadığı evə 2046,56 manat əsassız borc hesablanmışdır. Onun tərəfindən hər ay istifadə edilmiş suya görə pul tam şəkildə ödənilmiş, lakin Cavabdeh ASC tərəfindən onlara qəbz verilməmişdir. Bundan sonra Cavabdeh ASC-nin əməkdaşları onların yaşadıqları evə gələrək onunla birgə 7 nəfər də qonşusunun da su xəttini kəsmiş və bu səbəbdən o məcbur olaraq protokol imzalamış və həmin borcu hissə-hissə ödənilməsini öz öhdəsinə götürmüşdür. Bu səbəbdən qanunsuz hesablanmış borcun silinməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh ASC-nin etibarnamə üzrə nümayəndəsi X3 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçı tərəfindən verilmiş iddia əsassızdır. Belə ki, qeyd olunan ünvanda sudan istifadəyə görə borc 2011-cı ilin aprel ayından sonra yaranmışdır. Həmin ünvanda sayğac olmamış və hər ay borc qeydiyyatda olanların sayına görə hesablanmışdır. Bununla bağlı olaraq Cavabdeh ASC tərəfindən protokol tərtib olunaraq borcun hissəhissə ödənilməsi barədə iddiaçı ilə razılıq əldə olunmuş, lakin heç bir ödəniş olmamışdır. Hazırda iddiaçıdan tələb olunan borc abonent tərəfindən istifadə olunmuş suyun dəyəridir. Buna görə də qeyd edilənlərin nəzərə alınaraq məhkəmədən iddianın əsassız olduğu üçün rədd olunmasını xahiş etdi. Məhkəmə, iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Suraxanı rayon VVADQ şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2006-cı il tarixdə ölmüşdür. İş materiallarına əlavə edilmiş yaranmış borcun ödənilməsi qaydasına dair razılaşma haqqında xx.xx.2022-ci il tarixli ********* seriyalı protokolun surətindən görünür ki, protokol imzalanan anda borclunun idarəyə su təchizatı və kanalizasiya xidmətlərindən istifadəyə görə borcu 2045,56 manat təşkil edir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli arayışdan müəyyən olunur ki, İddiaçı Səttar Bəhlulzadə küçəsi döngə 8 evdə qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş abonent aktından müəyyən olunur ki, ünvan 2 ünvanında sudan istifadəyə görə borc 2011-ci ilin aprel ayından sonra yaranmış və 2046.56 manat təşkil edir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İ-ci bəndinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Konstitusiyanın 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. «Sudan istifadə qaydaları»nın 1.6-cı maddəsinə əsasən su təchizatı və kanalizasiya müəssisəsi tərəfindən göstərilən su təchizatı və tullantı sularının axıdılması xidmətləri üçün istehlakçı ilə su təchizatı və kanalizasiya müəssisəsi arasında bağlanılmış alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin Qanunun 1.7-ci maddəsinə görə müqavilələr fiziki şəxslərlə qanunla müəyyən edilmiş formalara uyğun bağlanılmalıdır. Həmin Qanunun 2.1.6-cı maddəsinə əsasən verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq hər ay istehlakçıya ödəməli olduğu vəsaitin həcmini əks etdirən hesabı təqdim etmək (göndərmək) su təchizatı və kanalizasiya müəssisəsinin vəzifəsidir. Həmin Qanunun 2.1.9-cu maddəsinə görə aşağıdakı hallarda suyun verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş təqdim etmək (göndərmək): 2.1.9.1. quraşdırılmış suölçən cihaz dövlət standartlarının tələblərinə cavab vermədikdə; 2.1.9.2. verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq tərtib edilmiş hesab istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra müvafiq vəsait 1 (bir) ay müddətində tam ödənilmədikdə su təchizatı və kanalizasiya müəssisəsinin vəzifəsidir. “Su təchizatı və tullantı suları” haqqında Azərbaycan Respublikası Qanununun 30.1ci maddəsinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”na 4 nömrəli əlavəsinə əsasən su təchizatı və kanalizasiya xidmətlərindən qeyri-qanuni istifadənin həcminin müəyyən edilməsinə əsasən su təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulma aşkar edildikdə və belə qoşulmanın tarixini müəyyən etmək mümkün olmadıqda, itirilmiş suyun həcmi olaraq ötən 1 (bir) il müddətində cədvələ əsasən hesablanır. Həmin əlavənin 3.1.1.-ci maddəsinə əsasən STTSAS-a qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə, bir nüsxəsi istehlakçıya təqdim olunan akt tərtib etməklə və qanunsuz qoşulmanı dərhal su və kanalizasiya sistemindən ayırmaqla, su təchizatı və kanalizasiya şəbəkəsindən istifadəni dayandırmaq və dəymiş ziyanın ödənilməsini təqsirkar şəxsdən tələb etmək STKM-nin hüququdur. Azərbaycan Respublikası Konstitusiyasına görə heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunla göstərilmiş həcmdən əlavə vergiləri və başqa dövlət ödənişlərini ödəməyə məcbur edilə bilməz (Maddə 73, İİ hissə). “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafeylərinin müdafiəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Qanunun 26-cı maddəsinə görə istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə, dövlət rüsumu verməkdən azad edilirlər. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, vətəndaş İddiaçı yaşadığı ünvan 1 ünvanında istehlakçı sudan istifadə etmiş və cavabdeh təşkilat suyun və axıdılan tullantı sularının həcminə görə hesablanma aparmış və nəticədə 2011-ci ildən halhazıradək olan müddət ərzində ondan 2046.56 manat borc tələb edilmişdir. Məhkəmə hesab edir ki, «Sudan istifadə qaydaları»nın tələbinə əsasən su təchizatı və kanalizasiya müəssisəsi verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq hər ay istehlakçıya ödəməli olduğu vəsaitin həcmini əks etdirən hesabı təqdim etməlidir, lakin iş materiallarından müəyyən olunur ki, borc 2011-ci ilin aprel ayından yaranmışdır və cavabdeh təşkilat tərəfindən borcun ödənilməsi ilə bağlı heç bir tədbir görülməmişdir. Belə ki, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq tərtib edilmiş hesab istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra müvafiq vəsait 1 (bir) ay müddətində tam ödənilmədikdə suyun verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş təqdim etməli olduğu halda 2011-ci ildən bununla bağlı istehlakçıya heç bir bildiriş göndərilməmişdir. Göründüyü kimi cavabdeh təşkilat fiziki şəxs olan istehlakçının təqsirini sübuta yetirmədən, istehlakçı barəsində akt tərtib etməklə ona qarşı əsassız və qanunsuz tələb irəli sürmüşdür. Ona görə də məhkəmə iddia ərizəsini əsaslı hesab edib qismən təmin edir. Buna görə də məhkəmə hesab edir ki, qeyd olunan ünvanda 2011-ci ildən 2022-ci ilədək əvvəlki dövrə tələb olunan (2046.56-176) =1870.56 manat abonentdən əsassız tələb olunur və buna görə də həmin borc Cavabdeh ASC tərəfindən silinməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh ASC tərəfindən İddiaçı (kod **********000) su sərfiyyatına görə tələb olunan 1870,56 (bir min səkkiz yüz yetmiş manat, əlli altı qəpik) manat silinsin. İddia qalan hissədə təmin olunmasın. Cavabdeh ASC-dən 38.71 (otuz səkkiz manat, yetmiş bir qəpik) manat dövlət rüsumu dövlət nəfinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova
Məhkəmə qərarları › İş №2(010)-1974/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1974/2023
07.06.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver