Məhkəmə qərarları › İş №2(010)-199/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-199/2025

03.04.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-199/2025 03.04.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi X2, Cavabdeh iştirakı ilə İddiaçı cavabdeh Əkbərov Rəşı̇ d Həbib oğluna qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddia tələbi

1. İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsində yerləşən ona məxsus 523 saylı fərdi yaşayış evinin həyətyanı sahəsinin Cavabdeh tərəfindən zəbt edilmiş hissəsinin cavabdehdən alınaraq ona təhvil verilməsi, həmin hissədə inşa edilmiş qanunsuz tikililərin cavabdehin hesabına sökülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

İddia tələbinin dəlliləri

2. Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsi, 523 saylı fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. Həmin fərdi yaşayış evinin həyəti 0,01 ha torpaq sahəsindən ibarətdir. Cavabdeh ona məxsus həyətyanı torpaq sahəsinin bir hissəsini zəbt etmiş, həmin hissədə qanunsuz tikili inşa etmişdir. Məhz cavabdeh tərəfindən qanunsuz tikilinin onun həyətində inşa edilməsi onu öz mülkiyyətindən istədiyi kimi istifadə etməyinə mane törətmişdir. O, dəfələrlə cavabdehə xəbərdarlıq edərək qanunsuz tikilinin sökülməsini tələb etmiş, lakin cavabdeh ona məhəl qoymamış, onun mülkiyyətinə etdiyi qanunsuz müdaxiləni dayandırmamışdır.

Tərəflərin izahatları

3. Məhkəmə iclasında İddiaçı iddia tələbində qeyd olunanlara uyğun izahat verərək tələbin təmin edilməsini xahiş etdi.

4. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, həmin otaq təqribən 1992-93-cü illərdə tikilmişdir və ona aid sənəd yoxdur.

İş materialları

5. ƏMDX DƏDKR publik hüquqi şəxsinin xx.xx.2023-cü il qeydiyyat tarixli və ********** qeydiyyat nömrəli Çıxarışından görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 12.70 kv.m olan torpaq sahəsi dövlət mülkiyyətində olmaqla İddiaçı istifadəsinə verilmişdir.

6. AR ƏN Məhkəmə Ekpsertizası Mərkəzinin xx.xx.2025-cü il tarixli 3-16-16/2- 10/8437/2024 nömrəli ekspert rəyindən görünür ki, AR İN ƏMDX DƏDKR publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin mühəndis-inventarlaşdırıcı Əliyev Vüqarın mütəxəssis rəyində qeyd edilir ki, göstərilən torpaq sahəsi fərdi yaşayış evinə dair texniki pasportda 0.01105 ha qeyd olunsa da, faktiki olaraq hasardaxili 0.00839 ha təşkil edir (26.6 kv.m torpaq sahəsi azalıb). Arxiv texniki pasportun baş planı nəzərə alınsa, qonşu sahədə yaşayan vətəndaş Cavabdeh iddiaçıya aid olan hissədə fərdi yaşayış evinin bir hissəsi olan bir otaq inşa edib. Lakin buna baxmayaraq Cavabdeh şifahi məlumatına əsasən sözügedən münahisəli tikili əvvəlki hüquq sahibi ilə şifahi razılıq əsasında inşe edilib (sual 1). İddiaçının sənədlə (texniki pasporta əsasən) torpaq sahəsi 0.01105 ha olsa da, faktiki olaraq 0.00839 ha təşkil edir. Sahədə 26.6 kv.m azalma mövcuddur. Azalan 26.6 kv.m sahənin 18.75 kv.m hissəsi Cavabdeh faktiki istifadəsindədir. Qalan 7.85 kv.m hissə isə arxiv texniki pasportun tərtibi zamanı buraxılmış səhvə görə azalmışdır (sual 2). Mübahisəli hissədə fərdi yaşayış evinin bir hissəsi olan bir otaq inşa edilib (sual 3).

İşin faktiki halları.

7. İşin faktiki halları ondan ibarətdir ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 12.70 kv.m olan torpaq sahəsi dövlət mülkiyyətində olmaqla İddiaçı istifadəsinə verilmişdir. İddiaçı tələbində bildirir ki, cavabdeh ona məxsus torpaq sahəsinin bir hissəsini zəbt etmişdir və həmin sahədə cavabdehə məxsus tikili mövcuddur. İş üzrə keçirilmiş ekspertiza rəyinin nəticəsinə görə iddiaçıya məxsus torpaq sahəsinin 18.75 kv.m hissəsində bir otaqdan ibarət tikili mövcuddur və həmin tikili cavabdehin faktiki istifadəsindədir. Cavabdeh isə iddia tələbini qəbul etmir və etirazını onunla əsaslandırır ki, həmin tikili doxsanıncı illərin əvvəllərindən mövcuddur və bu tikilini o özü inşa etməmişdir, evi həmin tikili ilə birlikdə hazırkı formada digər şəxsdən almışdır.

8. Azərbaycan Respublikasının Konstitusiyası

Maddə 13. Mülkiyyət. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.

9.“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya dair Protokol

Maddə 1. Mülkiyyətin müdafiəsi. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.

10. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 180. Özbaşına tikinti və onun nəticələri. 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi

12. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, iddiaçının yaşadığı torpaq sahəsi və onun üzərində olan fərdi yaşayış evi xx.xx.2023-cü il tarixli çıxarış əsasında onun mülkiyyətindədir. AR ƏN Məhkəmə Ekpsertizası Mərkəzinin xx.xx.2025-cü il tarixli 3-16- 16/2-10/8437/2024 nömrəli ekspert rəyində bildirilmişdir ki, iddiaçının sənədlə (texniki pasporta əsasən) torpaq sahəsi 0.01105 ha olsa da, faktiki olaraq 0.00839 ha təşkil edir. Sahədə 26.6 kv.m azalma mövcuddur. Azalan 26.6 kv.m sahənin 18.75 kv.m hissəsi Cavabdeh faktiki istifadəsindədir. Qalan 7.85 kv.m hissə isə arxiv texniki pasportun tərtibi zamanı buraxılmış səhvə görə azalmışdır. Mübahisəli hissədə fərdi yaşayış evinin bir hissəsi olan bir otaq inşa edilib. Məhkəmə ekspert rəyini mötəbər sübut kimi qəbul edir və ona tənqidi yanaşılması üçün əsas görmür. Beləliklə, müəyyən edilir ki, iddiaçıya mülkiyyət hüququ ilə aid olan hissənin 18.75 kv.m hissəsi qonşu sahədə yaşayan Cavabdeh faktiki istifadəsindədir. Məhkəmə hazırkı iddia tələbini zəbt edilən 18.75 kv.m sahəyə münasibətdə araşdırır, ekspertin rəyində qeyd etdiyi 7.85 kv.m sahə isə rəydə qeyd edildiyi kimi texniki sənədlərin tərtibi zamanı baş verən azalma olduğundan hazırkı tələbə aidiyyatı yoxdur. İşin araşdırılan hallarından müəyyən edilir ki, cavabdeh qeyd edilən çıxarışla iddiaçıya aid olan sahədən 18.75 kv.m hissəni faktiki istifadə edir və həmin sahədə bir otaq mövcuddur. Cavabdeh bu halı onunla əsaslandırır ki, həmin otaq doxsanıncı illərin əvvəllərində inşa edilmişdir və uzun müddətdir ki, onun istifadəsindədir. Məhkəmə cavabdeh tərəfin iddia tələbinə qarşı olan etirazı ilə razılaşmır və qeyd edir ki, mülkiyyət hüququ ilə iddiaçının torpaq sahəsində yerləşən və sökülməsi tələb edilən həmin otaq iddiaçının mülkiyyət hüquqlarını əsassız məhdudlaşdırır. Bunun davamı olaraq o da qeyd edilməlidir ki, həmin tikilinin doxsanıncı illərin əvvəllərində tikilməsi və uzun müddətdir ki, cavabdehin istifadəsində olmasının yuxarıda istinad edilmiş maddi hüquq normalarının tələbləri baxımından hüquqi əhəmiyyəti yoxdur. Ona görə ki, cavabdehin həmin tikiliyə münasibətdə mütləq və ya məhdud (mülkiyyət və ya istifadə) hüquqları müəyyən edilməmişdir, deməli həmin tikiliyə münasibətdə onun faktiki sahibliyi də qanuni deyildir və iddiaçının dövlət tərəfindən tanınan mülkiyyət hüquqlarını məhdudlaşdırır. Qeyd edilən hallara hüquqi qiymət verərək, məhkəmə belə qənaətə gəlir ki, iddiaçıya mülkiyyət hüququ ilə məxsus olan torpaq sahəsinin 18.75 kv.m hissəsində cavabdehin istifadəsində olan bir otaqdan ibarət tikili cavabdehin hesabına sökülməli və həmin ərazi iddiaçının istifadəsinə qaytarılmalıdır.

Məhkəmə xərcləri

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

14. Məhkəmə qeyd edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu cavabdeh Əkbərov Rəşı̇ d Həbib oğlundan tutularaq İddiaçı ödənilməli və iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 100 manat pul vəsaiti cavabdeh Əkbərov Rəşı̇ d Həbib oğlundan tutularaq AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir.

Məhkəmənin gəldiyi nəticə

15. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsində yerləşən İddiaçı istifadəsində olan torpaq sahəsinin 18.75 kv.m hissəsində cavabdeh Əkbərov Rəşı̇ d Həbib oğlu tərəfindən inşa edilmiş tikili (bir otaq) cavabdeh Əkbərov Rəşı̇ d Həbib oğlunun hesabına sökülməli, cavabdeh Əkbərov Rəşı̇ d Həbib oğlunun qanunsuz istifadəsində olan Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsində yerləşən İddiaçı istifadəsində olan torpaq sahəsinin 18.75 kv.m hissəsi cavabdeh Əkbərov Rəşı̇ d Həbib oğlunun istifadəsindən alınaraq İddiaçı qaytarılmalı, iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu cavabdeh Əkbərov Rəşı̇ d Həbib oğlundan tutularaq İddiaçı ödənilməli və iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 100 manat pul vəsaiti cavabdeh Əkbərov Rəşı̇ d Həbib oğlundan tutularaq AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. n

16. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsində yerləşən İddiaçı istifadəsində olan torpaq sahəsinin 18.75 kv.m hissəsində cavabdeh Əkbərov Rəşı̇ d Həbib oğlu tərəfindən inşa edilmiş tikili (bir otaq) cavabdeh Əkbərov Rəşı̇ d Həbib oğlunun hesabına sökülsün. Cavabdeh Əkbərov Rəşı̇ d Həbib oğlunun qanunsuz istifadəsində olan Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsində yerləşən İddiaçı istifadəsində olan torpaq sahəsinin 18.75 kv.m hissəsi cavabdeh Əkbərov Rəşı̇ d Həbib oğlunun istifadəsindən alınaraq İddiaçı qaytarılsın. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu cavabdeh Əkbərov Rəşı̇ d Həbib oğlundan tutularaq İddiaçı ödənilsin. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 100 manat pul vəsaiti cavabdeh Əkbərov Rəşı̇ d Həbib oğlundan tutularaq AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar