Məhkəmə qərarları › İş №2(010)-2002/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2002/2022

20.06.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2002/2022 20.06.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı və Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiаçı İddiaçı cаvаbdeh Cavabdehnə qarşı “aktın və cərimənin əsassız olması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən xx.xx.2018-ci il tarixində tərtib olunan aktın və yazılan cərimənin əsassız olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki: “Mən, İddiaçı ünvan 1 ünvanında özümə məxsus fərdi yaşayış evində yaşayıram. Mənə məxsus fərdi yaşayış evimdə mövcud olan bütün kommunal xidmətlərin, o cümlədən, istifadə etdiyim təbii qazın ödənişlərini çalışdığım qədəri ilə vaxtında və tam ödəməyə çalışmışam. xx.xx.2018-ci il tarixdə özlərini Cavabdehın işçiləri kimi təqdim edən mühəndis Sədiyev Orxan, mühəndis Nurəliyev Asif, çilingər Bağırov Anar tərəfindən mənim evimə məxsus, evimin çöl hasarında quraşdırılmış sayğaca baxış keçirilmiş və sayğacda nöqsan olduğu mənə bildirilərək akt tərtib edilmişdir. Mən, İddiaçı onların bu tələbi ilə qəti razı olmamış və sayğaca heç bir müdaxilə etmədiyimi bildirmişəm. Cavabdeh İB-nin quraşdırdığı sayğac mənə məxsus fərdi yaşayış evinin çöl hasarında quraşdırılmışdır. Çöl hissədə yerləşən, hər kəs tərəfindən görülən sayğaca müdaxilə etməyim, sayğaca tam olaraq nəzarət etməyim mümkünsüzdür. Cavabdeh əməkdaşlarının bu tələbinə qəti olaraq etiraz etməyimə baxmayaraq, tərtib etdikləri akt əsasında mənə 1945.2 manat cərimə yazılmış və bu hal-hazırda da mənim əsassız borcum olaraq qalır. Xahiş edirəm ki, qərar çıxararkən təqaüdçü olmağımı, başqa gəlirimin olmamasını, heç bir yerdə işləməməyimi, sosial rifahımın çətin olmasını nəzərə alasınız”. İddia tələbinin dəqiqləşdirilməsi. Daha sonra İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmədən yalnız akt əsasında yazılmış borcun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaya etirazın əsaslandırıldığı hallar. Cavabdeh İB-nin nümayəndəsi tərəfindən iddiaya verilmiş etiraz onunla əsaslandırılmışdır ki, “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2018-ci il tarixdə ******* saylı akt tərtib edilməklə 1202AQ**********1 saylı sayğac yeni sayğacla əvəz edilmiş və çıxarılmış sayğac laboratoriyada yoxlamadan keçirilmişdir. 1202AQ**********1 saylı sayğacın yoxlanması barədə xx.xx.2018-ci il tarixli, 29/1710-00406 nömrəli akt əsasında “sayğacın çıxış plastması borusu deşilmişdir” şəklində rəyi verilmişdir. Rəy əsasında “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında xx.xx.2018-ci il tarixli, ******* nömrəli akt üzrə dəymiş zərərin məbləği 1944 manat hesablanaraq, 06/2018 tarixdə abonentin saldosuna daxil edilmişdir. Tərəflərin izahatları. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirdi ki, onun yaşadığı fərdi yaşayış evinin çöl hissəsində quraşdırılmış sayğaca bu vaxta qədər özü tərəfindən heç bir müdaxilə edilməmişdir. Müvafiq akt tərtib edilməzdən əvvəl də cavabdeh orqanın əməkdaşları demək olar ki, hər ay gəlib sayğacı yoxlamış, lakin heç bir problem aşkar etməmişdir. Lakin 2018-ci ildə Cavabdeh İB-nin əməkdaşları tərəfindən ona bildirilmişdir ki, sayğaclar beş ildən bir dəyişilməli olduğundan onun evinin çölündə quraşdırılmış sayğac da yenisi ilə əvəz olunmalıdır. Ona yalnız bu barədə məlumat verildiyindən razılaşmış, sayğacın dəyişdirilməsi ilə bağlı akta qol çəkmişdir. Lakin bir müddət sonra xəbəri olmuşdur ki, Cavabdeh İB tərəfindən cərimə edilmişdir. Gedib həmin cərimə ilə maraqlandıqda ona deyilmişdir ki, məsələ araşdırıldıqdan sonra ona məlumat veriləcək. Bundan sonra bir müddət qazdan istifadəyə görə evə gələn qəbzlərdə həmin cərimə göstərilməmiş, yalnız istifadə etdiyi qaza görə borcu qeyd edilmişdir. O da hesab etmişdir ki, Cavabdeh İB tərəfindən cərimə ilə bağlı məsələ araşdırılmış və həmin əsassız cərimə silinmişdir. Elə bu səbəbdən həmin vaxt məhkəməyə müraciət etməmişdir. Lakin bir müddət sonra cərimənin əslində silinmədiyini, borc kimi onun hesabına yazıldığını öyrənmişdir. Ancaq bundan sonra həmin borcun silinməsi üçün məhkəməyə müraciət etmişdir. O, bu cərimə ilə qəti şəkildə razı deyil. Həmçinin, ondan tələb edilən pulu ödəməsi maddi imkanı xaricindədir. Belə ki, ayda 265 manat pensiya alır və başqa gəliri yoxdur. Həmçinin, onkoloji xəstədir və kimyaterapiya qəbul edir. Eyni zamanda, ürəyində də xəstəliyi var. Bu vəziyyətdə Cavabdeh İB tərəfindən ondan əsassız şəkildə tələb edilən bu borcu ödəyə bilməz. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iddianı qəbul etməyərək bildirdi ki, cavabdehin evində quraşdırılmış qaz sayğacı xx.xx.2018-ci il tarixdə dəyişilmiş, bu barədə akt tərtib edilmişdir. Yenisi ilə əvəz edilən köhnə sayğac laboratoriyaya göndərildikdən sonra müəyyən edilmişdir ki, sayğaca müdaxilə olunmuşdur. Laboratoriya tərəfindən sayğaca müdaxilə olunması ilə bağlı verilmiş rəy əsasında müvafiq akt tərtib edilmiş, bu akta əsasən itirilmiş təbii qazın dəyəri 1944 manat məbləğində hesablanmış, abonentin saldosuna daxil edilmişdir. Abonent həmin ilin aprel ayına qədər 1700 m3 həcmində olan limiti aşdığından may ayına dəymiş ziyan 1 m3-ə görə 20 qəpik məbləğində hesablanmışdır. Beləliklə, iddiaçı qaz sayğacına müdaxilə edərək sayğacdan keçən faktiki qazın həcminin az göstərilməsinə nail olmuşdur. İddiaçının bundan məlumatsız olması mümkün deyil, belə ki, bütün abonentlər qaza görə nə qədər ödəniş etməli olduğunu bilir. Bu səbəbdən iddiaçı qaz sayğacına qanunsuz müdaxilə etdiyinə görə Cavabdeh İB-yə dəymiş zərərin əvəzini ödəməyə borcludur. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İş materialları. “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2018-ci il tarixli, ******* nömrəli Aktın surətindən görünür ki, İddiaçıa məxsus sayğac yeni sayğacla əvəz edilmişdir. Qaz xəttində, sayğacda olan qaynaq və yivli birləşmələr təzyiq altında sabun köpüyü ilə yoxlanılmış və heç bir sızma aşkar edilməmişdir. Quraşdırılan qaz sayğacı texniki texniki qaydalara cavab vermiş, qaz sayğacı abonentə təhvil verilmişdir. “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında xx.xx.2018-ci il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, xx.xx.2018-ci il tarixli laboratoriyanın 29/1710-00406 saylı MSK-ya əsasən, G-4 1202AQ**********1 nömrəli sayğacın çıxış plastmas borusu deşildiyi müəyyən edilmişdir. xx.xx.2018-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair” tələbnamənin surətindən görünür ki, qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 180 gün, Kombinin maksimal saatlıq qaz sərfi 2.6 m3/saat, orta günlük iş rejimi 18 saat və hesabat müddəti 180 gün, qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış məbləğ ödənilmişdir. (1. 2x6x180=1296 m3 ; 2. 6x8x180=8424 m3). **********00000 kodlu abonentin saldosundan görünür ki, abonent İddiaçı 2018-ci il üçün qalıq və aktlara əsasən 1944 manat məbləğində borc hesablanmışdır. İşin faktiki halları. Cavabdeh İstehsal Birliyinin əməkdaşları tərəfindən İddiaçı adına quraşdırılmış qaz sayğacı yenisi ilə əvəz edilmiş, bundan sonra çıxarılan sayğac laboratoriyada yoxlanılmışdır. Laboratoriya tərəfindən verilmiş rəydə sayğacın çıxış plastmas borusunun deşildiyi müəyyən edilmişdir. Bundan sonra cavabdeh orqanın əməkdaşları tərəfindən “təbii qazlardan istifadə qaydalarının pozulmasına dair” xx.xx.2018-ci il tarixli akt tərtib edilmiş, həmin akta əsasən itirilmiş qazın dəyəri hesablanmışdır. Bundan sonra həmin hesablamaya əsasən iddiaçıya 1944 manat məbləğində borc hesablanmışdır. Hazırda İddiaçı sayğaca heç vaxt müdaxilə etmədiyini, ona əsassız yerə borc hesablandığını bildirərək, həmin borcun silinməsini tələb edir. Tətbiq edilən hüquq. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. İstehlakçıların hüquqları. Azərbaycan Respublikası ərazisində istehlakçılar aşağıdakı hüquqlara malikdir: ...öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə. Maddə 26. İstehlakçıların hüquqlarının məhkəmə müdafiəsi. İstehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırdıqları iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 13. Qazın pаylаnmаsı, satılması və qazın verilməsinin dayandırılması.

6. Qaz paylayıcısı aşağıdakı hallarda qazın verilməsini dayandıra bilər: istehlakçı qaz paylayıcısının işçiləri tərəfindən tərtib edilmiş müayinə aktında qeyd olunmuş nöqsan və (və ya) pozuntuların aradan qaldırılması üçün bu Qanunun 6-2-ci və 6-3-cü maddələrinin tələblərini yerinə yetirmədikdə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”:

4. Qaz sayğaclarının quraşdırılması və istismarı. 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

5. Qazın dəyərinin ödəmə şərtləri. 5.5. Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir.

6. İstehlakçiya qazın verilməsinin dayandırılmasının əsasları və qazın alqı-satqı müqaviləsinin ləğvi. 6.7. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 560. Hüquqdan sui-istifadənin qadağan edilməsi. 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.5.2. istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 185. İşdə iştirak edən şəxslərin, nümayəndələrinin və vəkillərinin məhkəmə iclasına gəlməməsinin nəticələri. 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikasının Qanunu: Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri. 9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.5. istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar.

Məhkəmənin mövqeyi.

İşin müəyyən edilmiş faktiki hаllаrındаn göründüyü kimi iddiaçıya məxsus köhnə sayğac yenisi ilə əvəz edilmiş, çıxarılmış sayğacın plasmas borusunun deşildiyi müəyyən edilmiş, köhnə sayğacdakı bu nasazlıq abonentin təqsiri kimi qiymətləndirilərək dəymiş ziyan akta əsasən borc kimi abonentin saldosuna yazılmışdır. Halbuki, qaz sayğacının zədələnməsinin müəyyən edilməsi təklikdə buna görə istehlakçıya borc hesablanmasına əsas vermir. Bu zaman nəzərə alınmalıdır ki, cavabdeh məhkəməyə qaz sayğacına iddiaçı tərəfindən müdaxilə edilməsini sübut edəcək mötəbər və təkzib olunmaz sübutlar təqdim etməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, qaz sayğacında nöqsanların olduğu müəyyən edilsə də bunun sayğacdan keçən qazın sərfiyyatının düzgün aparılıb-aparılmaması ilə hər hansı səbəbli əlaqəsinin olması da cavabdeh tərəfindən sübut edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, təqsiri sübuta yetirilmədiyi halda dəymiş zərərin əvəzinin iddiaçıdan tutulması yolverilməzdir. Bu səbəbdən həmin borc silinməlidir. Bu zaman nəzərə alınmalıdır ki, iddia ərizəsində iddiaçı akta görə 1945.2 manat məbləğində borc hesablandığını göstərsə də iddia tələbində silinməsini tələb etdiyi borcun konkret məbləğini göstərməmiş, ümumi şəkildə akta əsasən yazılmış borcun silinməsini xahiş etmişdir. Hər bir halda məhkəmə araşdırması nəticəsində akta əsasən iddiaçıya 1944 manat məbləğində borc hesablandığı müəyyən edildiyindən və bu borcun əsassız hesablandığı nəticəsinə gəlindiyindən məhkəmə tərəfindən məhz 1944 manat məbləğində borcun silinməsinin qət edilməsi ilə iddia qismən təmin edilmiş hesab edilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh tərəfindən xx.xx.2018-ci il tarixli akta əsasən İddiaçı hesablanmış 1944 (min doqquz yüz qırx dörd) manat məbləğində borc silinməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə

QƏTETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən xx.xx.2018-ci il tarixli akta əsasən İddiaçı hesablanmış 1944 (min doqquz yüz qırx dörd) manat məbləğində borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar