Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2005/2022 08.06.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiаçı İddiaçı Cavabdeh qarşı “əmlakın qaytarılması və ya dəyərinin ödənilməsi” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiаçı İddiaçı Cavabdeh qarşı “əmlakın qaytarılması və ya dəyərinin ödənilməsi” tələbinə dаir iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən əmlakının qaytarılması və ya dəymiş ziyanın ödənilməsi, dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2007-2015-ci illərdə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci polis bölməsində əməliyyat üzrə inspektor, polis mayoru vəzifəsində işləmişdir. Daha sonra 2015-ci ildə Əmircan qəsəbəsi, Zeynalov küçəsi, ev 8, döngə 2-də fərdi qaydada yumşaq mebel işi ilə məşğul olan Cavabdeh dəyəri 540 manat olan bir ədəd divan vermiş, qabaq hissəsi sürüşkən olduğu üçün onun qabaq hissəsini qaldırmaq lazım olduğunu bildirmiş, divanı sexə gətirərək orada usta işləyən Elçinə təhvil vermiş, əl zəhmətinə, yəni 10 sm-lik qubka materialına görə də 30 manat pul vermişdir. Usta da ona demişdir ki, Söhbət tapşırıb ki, ancaq materialın pulunu ondan alsın, həm də Söhbət ona nə vaxt zəng etsə bilsin ki, divanı təmir olunub, gəlsin aparsın. Sexdə işləyən bütün şəxslər Gürcüstan Respublikasının vətəndaşları olmuşlar. Daha sonra o, müəyyən səbəblərdən iş yerini Səbail RPİ PPX-də tağım komandiri, sonra Sabunçu RPİ-də sahə rəisi vəzifəsinə dəyişmişdir. Ailə üzvlərini, yaşlı atası, anası, böyük qardaşını itirmişdir. Bu səbəblərdən başı qarışmış, divanın dalınca gedə bilməmişdir. Hər dəfə zəng edəndə ona demişdir ki, Gürcüstandadır. 2021-ci ildə o, cavabdehi ərazi üzrə 31-ci PB-yə verdi. Ərizəsinə cavab olaraq bildirdilər ki, məhkəməyə müraciət etsin. Tərəflərin izahatları. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirdi ki, 2015-ci ildə evində olan divanının təmir edilməsi üçün Əmircan qəsəbəsində yerləşən sexə yaxınlaşmışdır. Belə ki, divanın ön hissəsi yararsız vəziyyətə düşmüş, sürüşkən olmuşdur. O da divanı Cavabdeh yumşaq mebel təmiri edən obyektinə aparmışdır. Divanı təhvil verəndən sonra Cavabdeh ona demişdir ki, “qupka”nın pulunu Elçin adlı şəxsə versin. O da Elçinə 40 manat pul vermişdir. Bundan bir ay sonra zəng vurub divanla maraqlandıqda Cavabdeh ona demişdir ki, material alındıqdan sonra divanı düzəldəcək. Daha sonda o, iş yerini dəyişmiş, iki il işlədikdən sonra həmin iş yerini də dəyişmişdir. Bu müddət ərzində o, divanla bir neçə dəfə maraqlansa da Cavabdeh hər dəfə ona demişdir ki, divanı düzəldib təhvil verəcək. 2017-2020-ci illərdə ard-arda yaxın ailə üzvləri vəfat etmiş, 2019-cu ildə Şüvəlanda olan evinin bir otağı yanmışdır. Başı bu kimi işlərə qarışdığına görə uzun müddət divanla maraqlana bilməmişdir. Yalnız keçən il 2-3 dəfə Cavabdeh zəng edərək divanla maraqlanmış, Söhbət ona demişdir ki, sexi Sabit adlı başqa bir şəxsə təhvil verib çıxmışdır. Ona demişdir ki, divanı gedib Sabit adlı həmin şəxsdən alsın. 2021-ci ilin sentyabr ayında o, Söhbət və Sabit adlı həmin şəxslə Qaraçuxur qəsəbəsində yerləşən çayxanada görüşmüşdür. Həmin vaxt Sabit onu tanıyıb-tanımadığını soruşmuş, o da tanımadığını demişdir. Bu vaxt Cavabdeh uşağı məktəbə aparmaq bəhanəsiylə yanlarından ayrılmışdır. Həmin gün axşam saat 17:30-a qədər Söhbəti gözləsə də o gəlməmiş, telefonlarına da cavab verməmişdir. Bundan sonra o da çıxıb getmişdir. Daha sonra Söhbətlə danışdıqda Söhbət ona demişdir ki, rəhmətə gedəni olduğuna görə başı qarışmışdır. Yanvar ayında Söhbət onu “Xalqlar Dostluğu”nda mebel mağazasına aparmış, orada bir xanımdan pul istəmiş, lakin xanım ona pul verməmişdir. O, bir neçə nəfərin ona pul borclu olduğunu bildirsə də heç kimdən pul ala bilməmişdir. Sonra ona işlənmiş mallar göstərərək, divanın qarşılığında götürməsini təklif etmiş, lakin o, bundan imtina etmişdir. Sonra o, Söhbətə internetdən tapdığı 385 manat dəyərində olan bir divan şəkli göstərərək ona verdiyi divanın əvəzinə bu divanın pulunu qəbul edə biləcəyini demişdir. Söhbət bundan imtina edərək demişdir ki, ona yalnız 100-150 manatlıq divan düzəldə bilər. Daha sonra o, Söhbətə təklif etmişdir ki, əgər ona 250 manat pul verərsə, Kənan adlı başqa birinə divan düzəltdirə bilər. Lakin Söhbət bundan da imtina etmişdir. Bu səbəbdən o, məhkəməyə müraciət etməli olmuşdur. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh məhkəməyə ərizə verərək iddianı qismən etiraf etmiş, İddiaçı təmir etmək üçün ona 150 manat dəyərində divan təhvil verdiyini, hazırda isə ona divanın dəyəri olan 150 manat məbləğində pulu ödəməyə etirazı olmadığını bildirmişdir. Məhkəmənin hazırkı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materialları. Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci polis bölməsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci ildə tarixli məktubda qeyd edilir: “Sizin xx.xx.2021-ci il tarixdə Suraxanı RPİ-nin 31-ci PB-nə dail olmuş şikayət ərizəniz əsasında toplanmış materialda göstərilənlər mülki xarakterli olduğundan material PB-nin dəftərxanasında işə alınması məqsədə müvafiq sayılmışdır”. CD-dən görünür ki, Söhbət və Rauf adlı şəxslər arasında baş tutan telefon danışıqları qeydə alınmışdır. İşin faktiki halları. İddiaçı 2015-ci ildə özünə məxsus 540 manat dəyərində olan divanı təmir etdirmək məqsədilə Cavabdeh mebel təmiri ilə məşğul olduğu obyektə apardığını, lakin aradan keçən bu qədər müddət ərzində Cavabdeh nə divanı təmir edərək ona təhvil verdiyini, nə də dəyərini ödədiyini iddia edərək, ya divanın, ya da onun dəyərinin cavabdehdən tutulmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh isə məhkəməyə ərizə verərək iddianı qismən qəbul etmiş, İddiaçı təmir etmək üçün ona 150 manat dəyəri olan bir divan verdiyini, lakin divanı təhvil vermədiyindən onun dəyəri olan 150 manat məbləğində pulu iddiaçıya qaytarmağa etirazı olmadığını bildirmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 752. Podrat müqaviləsi. 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 52. İddiadan imtina edilməsi, iddianın etiraf edilməsi, barışıq sazişi. 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 185. İşdə iştirak edən şəxslərin, nümayəndələrinin və vəkillərinin məhkəmə iclasına gəlməməsinin nəticələri. 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Maddə 191. İddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi və tərəflərin barışıq sazişi. 191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Maddə 220. Qətnamənin məzmunu. 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmənin mövqeyi. İşin faktiki hallarından görünür ki, cavabdeh tərəfindən məhkəməyə iddianın qismən etiraf edilməsi barədə yazılı ərizə təqdim edilmiş, cavabdeh iddianın etiraf edilən hissədə - 150 manat məbləğində pulun verilməsi - təmin edilməsinə heç bir etirazı olmadığını bildirmişdir. Məhkəmə hesab edir ki, iddianın cavabdeh tərəfindən etiraf edilən hissəsi təsdiq edilməlidir. Belə ki, bu etiraf qanuna zidd deyil, eyni zamanda hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddianın qismən etiraf edilməsi təsdiq edilməlidir. Lakin iddianın qalan hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddia həmin hissədə təmin edilə bilməz. Belə ki, iddiaçı cavabdehə təmir üçün verdiyi divanın (hansı ki, bu hissəni cavabdeh qəbul edir) 540 manat dəyərində olduğunu təsdiq edəcək heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı məhkəməyə cavabdehlə arasında qeydə alınmış müxtəlif telefon danışıqlarını əks etdirən bir ədəd CD təqdim etmişdir. Məhkəmə ilk növbədə bu CD-də olan səs yazılarının sübut kimi qəbul edilənliyi məsələsinə münasibət bildirməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilir ki, şəxsi yazışma məlumatları yalnız onların ünvanlandığı şəxslərin razılığı ilə açıq məhkəmə iclasında açıqlana bilər. Göstərilən qaydalar şəxsi xarakterli məlumat daşıyan səs və video yazıların tədqiqində də tətbiq olunur (maddə 10.10). Qanunla icazə verilən hallardan başqa, gizli yolla əldə edilmiş səs və ya video yazılardan sübut kimi istifadə oluna bilməz (maddə 95.2). Məhkəmə hesab edir ki, qanunvericiliyin güddüyü məqsədlər və baxılan işin halları baxımından məhkəməyə təqdim edilmiş səs yazıları qanunsuz və ya gizli yolla əldə edilmiş sübut kimi qiymətləndirilməməlidir. İlk növbədə, nəzərə alınmalıdır ki, prosessual qanunvericiliyin qanunu pozmaqla əldə edilmiş səs yazılarının sübut kimi qəbul edilməsini qadağan edən normaları hər kəsin şəxsi toxunulmazlıq hüququnun, şəxsi və ailə həyatının qorunması təminatlarından biri kimi çıxış edir və Konstutusiyanın 32-ci maddəsindən irəli gəlir. Belə ki, Konstitusiyanın şəxsi toxunulmazlıq hüququna təminat verən 32-ci maddəsinə əsasən hər kəsin şəxsi toxunulmazlıq hüququ vardır. Hər kəsin şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ vardır. Qanunla nəzərdə tutulan hallardan başqa şəxsi və ailə həyatına müdaxilə etmək qadağandır. Hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ vardır. Öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz. Nəzərə alınmaldır ki, adı çəkilən maddənin İİİ hissəsində nəzərdə tutulan məhdudiyyət hər kəsin şəxsi təhlükəsizlik hüququnun qanuni əsaslar olmadan əsassız məhdudlaşdırılmasına, şəxsi və ailə həyatı sirrinə dövlət tərəfindən və digər şəxslərdən tərəfindən qanunsuz müdaxilələrə qarşı yönəlmişdir. Bu cür yanaşma “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyada ortaya qoyulmuşdur. Belə ki, Konvensiyanın 8-ci maddəsinə əsasən, hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. Milli təhlükəsizlik və ictimai asayiş, ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaş və ya cinayətlərin qarşısını almaq üçün, sağlamlığı, yaxud mənəviyyatı qorumaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, bu hüququn həyata keçirilməsinə dövlət hakimiyyəti orqanları tərəfindən müdaxiləyə yol verilmir. Bu baxımdan şəxsi toxunulmazlıq hüququna qanunsuz müdaxilə nəticəsində əldə olunmamış, şəxsi və ailə həyatı sirrini özündə əks etdirməyən heç bir səs yazısı özüözlüyündə Konstitusiyanın 32-ci maddəsinin mənası baxımından şəxsi toxunulmazlıq hüququna qanunsuz müdaxilə kimi qiymətləndirilə bilməz. Baxılan işdə məhkəməyə təqdim edilmiş səs yazısında da tərəflərin pul münasibətlərindən kənar şəxsi və ailə həyatı sirrinə dair hər hansı məlumatlar əks edilməmişdir. Həmçinin, milli qanunvericilikdə də şəxsi və ailə həyatına qanunsuz müdaxilə etmədən və bu məqsədlə hərəkət etmədən iki nəfər arasında aparılmış söhbətin onlardan birinin xəbəri və ya razılığı olmadan qeydə alınmasını birbaşa qadağan edən norma mövcud deyildir. Başqa sözlə, belə bir yazı yalnız o halda qanunsuz hesab edilə, o cümlədən, məhkəmə baxışında sübut kimi yolverilməz sayıla bilər ki, şəxsi toxunulmazlıq hüququna qanunusuz müdaxilə məqsədləri üçün qeydə alınsın və istifadə edilsin. Təsadüfi deyil ki, “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Hazırkı iş üzrə məhkəməyə təqdim edilmiş CD-də olan telefon danışıqlarının əksəriyyəti birbaşa Cavabdeh və İddiaçı arasında baş tutmuşdur. Bu baxımdan məhkəmə həmin CD-də olan səs yazılarını hazırkı iş üzrə sübut kimi qiymətləndirir. CD-yə İddiaçı və Kənan adlı başqa bir şəxs arasında olan telefon danışıqları da əlavə edilmişdir, lakin bu danışıqlar birbaşa hazırkı iş üzrə tərəflər arasında baş tutmadığından məhkəmə həmin danışıqları iş üzrə sübut kimi qəbul etmir. Bununla belə məhkəmə qeyd edir ki, Cavabdeh və İddiaçı arasında qeydə alınmış səs yazılarında olan danışıqlar əsasında cavabdeh tərəfindən iddianın etiraf olunmayan hissəsini – divanın 540 manat dəyərində olduğunu müəyyən etmək mümkün deyil. Belə ki, danışıqların bütün gedişində Cavabdeh İddiaçı tərəfindən ona təmir üçün divan təhvil verildiyini qəbul edir, o, bu divanın Sabit adlı şəxsdə olduğunu bildirir, divanın İddiaçı qaytarılması üçün vasitəçilik etməyə çalışır, İddiaçı divanı Sabit adlı şəxsdən almağı təklif edir, maddi imkanı olmadığını, əgər olsa idi, 100 manata divan alıb ona verəcəyini, lakin imkanı olmadığına görə bunu edə bilmədiyini qeyd edir. Tərəflər arasında baş tutan bütün danışıqlar bununla bağlı olmuş, Cavabdeh danışığın heç bir hissəsində İddiaçı ona məhz 540 manat məbləğində divan verdiyini qəbul etməmişdir. Əksinə, divanın yararsız olduğunu, “iki setkadan ibarət olduğunu”, həmin divana bənzər ucuz divanların satışda çox olduğunu, pulu olarsa bazardan 100 manata eyni divandan alıb ona verə biləcəyini bildirmişdir. İddiaçı iddiasını bu hissədə təsdiq edəcək başqa sübutu isə məhkəməyə təqdim etməmişdir. Halbuki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Həmçinin, MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Belə olan halda məhkəmə hesab edir ki, iddia yalnız cavabdehin etiraf etdiyi hissədə - qismən təmin edilməlidir. Məhkəmə bu cür nəticəyə gələrkən həm də o halı nəzərə alır ki, iddia tələbində ya divanın qaytarılması, ya da dəyərinin ödənilməsi tələb edilmişdir. Tərəflərin izahatları və yuxarıda istinad edilmiş telefon danışıqları əsasında müəyyən edilmişdir ki, həmin divan hazırda faktiki olaraq mövcud deyil. Bundan başqa, iddiaçı nəzərə almalıdır ki, o, düz yeddi il bundan əvvəl təmir üçün verdiyi divanı cavabdehdən tələb edir. Bu vəziyyətdə divanın fiziki olaraq iddiaçıya qaytarılması hazırkı işin halları baxımından istisna edildiyindən məhkəmə divanın sübut olunan dəyərinin cavabdehdən tutulması nəticəsinə gəlmişdir. Məhkəmə xərcləri. İş materiallarından görünür ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsi ilə müəyyən edilmiş iddia qiymətinə (1000 manatadək) mütənasib rüsum (30 manat) olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, iddianın təmin edilmiş edilmiş hissəsinə (150 manat) mütənasib (1000 manatadək olduqda 30 manat) olan ödənilmiş 30 manat dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmənin gəldiyi nəticə. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 150 manat məbləğində pul və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə Q Ə T E T D İ: İddiа qismən təmin edilsin. Cavabdeh 150 (yüz əlli) manat məbləğində pul və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səlimə Miriyeva
Məhkəmə qərarları › İş №2(010)-2005/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2005/2022
08.06.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver