Məhkəmə qərarları › İş №2(010)-2043/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2043/2023

12.06.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2043/2023 12.06.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X7 qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdehnə (bundan sonra mətndə Cavabdeh İB) qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İş materialları

1. Cavabdeh İB-nin əməkdaşları tərəfindən ünvan 1 ünvanına dair tərtib edilmiş “Təbii X4nın pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* saylı aktdan görünür ki, qaz sayğacından kənar təbii qazdan qeyri-qanuni istifadə edildiyi üçün 35424 m3 (4226,88 manat) itirilmiş təbi qazın həcmi müəyyənləşdirilmişdir.

2. Bakı Regional Qazın Satış Departamenti İtirilmiş təbii qazın hesablanması Komissiyası tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, ünvan 1 ünvanına qaz sayğacının zədələnməsi nəticəsində 35424 m3 itirilmiş təbi qazın həcmi müəyyənləşdirilmişdir.

3. Abonent saldosundan görünür ki, ünvan 1 ünvanına (abonent kodu: **********00010) 4226,88 manat məbləğində əlavə qaz sərfiyyatı hesablanmışdır.

4. Smart sayğaclı abonentin hesabdan çıxarışından görünür ki, İddiaçı tərəfindən 2011-ci ildən 2023-cü ilədək (2023-cü il də daxil olmaqla) mütəmadi olaraq ödənişlər olunmuşdur.

İşin faktiki halları

5. “Təbii X4nın pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* saylı akta əsasən Cavabdeh İB tərəfindən abonent İddiaçı ünvanına 4226,88 manat cərimə yazılması işin mübahisəsiz hallarıdır.

İddia tələbi

6. İddiaçı Cavabdeh İB-nə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB tərəfindən onun ünvan 1 ünvanındakı evinə qaz sayğacına (abonent kodu: **********00010) hesablanmış 4226,88 manat məbləğində borcun əsassız hesab edilərək silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

Tərəflərin izahatları

7. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, onun yaşadığı küçədə 10 ailə yaşayır. Orada ümumi qaz xətti var və həmin qaz xətti darvazanın üzərilə çəkilib, lakin həmin xəttin ona heç bir aidiyyatı yoxdur. Belə ki, onun özünə məxsus sayğacı var və vaxtında ödənişlərini edir. Həmçinin, onlar ailədə iki nəfərdirlər və evdə yalnız 4 gözlü qaz və iran sobasından istifadə edirlər. Buna görə də qeyd olunanların nəzərə alınaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etdi.

8. Cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək bildirdi ki, təqdim etdiyi fotoşəkildə ana xəttin aşağıdan keçdiyi və üzərində “sasok” olduğu görünür. Həmçinin, iddia ərizəsində yazılıb ki, əlavə qoşqu bir neçə il əvvəl Azəriqazdan rəsmi icazə almaqla xeyir-şər evi üçün quraşdırılmışdır. Orada hər evin bir çıxışı var və xətt də iddiaçının evinin üstündən keçir. Sayğac mexaniki olduqda əməkdaşlar hər ay yoxlanış edir və vətəndaş üçün bildiriş verir, lakin smart sayğac olduqda hər ay yoxlanış edilmir, 6 ayda və ya ildə 1 dəfə yoxlanılır. Elektron qaydada olduğu üçün 2-3 ay ödəniş edilmədikdə, adətən, sayğacda problem olur və mütəxəssis göndərilib yoxlanış olur. 11 nömrəli Şuranın qərarına əsasən ilk akt 60 gün üçün yazılır, sonrakı aktlar isə 30 günü nəzərdə tutur. İddiaçı xəttin əvvəldən o formada olmasını bildirsə də, bunu heç kim sübut edə bilməz. Əməkdaşlar yoxlayan zaman sasok aşkar edilib ki, bu qədər cərimə yazılıb. Gecə vaxtı çəkiliş edilsə də, lokasiya ilə həmin ev olduğunu müəyyən etmək olar. Gündüz getmək mümkün olmur, vətəndaşlar icazə vermirlər. Həmçinin, müqavilədə yazılıb ki, evdə radiator, 4 hissəli qaz sobası və suisidici var. Müqavilə bağlananda bu cihazlar qeyd edilib, dəyişiklik olduqda akt tərtib edilməlidir. Şahidlərə münasibətdə isə onlar yalnız faktı görüblər, əsas məsələ qoşulma faktının olmasıdır. Burada küçədə kənar xətlə qoşulma faktı var. Vətəndaş iddiaçıdır və qoşulma olmayıbsa, həyətinin içərisini çəkib fotoşəkilləri gətirə bilər. Nəzarətçilər azdır, sahə isə böyükdür. Onlar bütün sahəni gəzib aşkar edə bilmir. Aşkar etdikdə isə vətəndaşlar narahatlıq yaradır, polis isə onların əməkdaşları ilə getmir. Burada kənardan qoşulma faktı var. Borunun həyətin içərisindən keçib keçməməsinin onlara aidiyyatı yoxdur, həyətə daxil olursa qoşulma var deməkdir. Evinə getməsə belə fakt var. Həmin qazı balonla sata da bilər və ya onun həyətindən qonşuya da gedə bilər. Buna görə də qeyd olunanların nəzərə alınaraq iddianın rədd edilməsini məhkəmədən xahiş etdi.

9. Məhkəmə iclasında cavabdeh tərəfində şahid qismində dindirilmiş X5 bildirdi ki, aktın tərtib edildiyi ünvan üzrə həmin vaxt sahə rəisi idi, hazırda isə bir neçə sahənin rəisi, yəni qrup rəhbəridir. Qeyd edilən ünvanda o, özü olmamış və həmin xətti görməmişdir. Daxili qaydalara görə qrup rəhbərləri sahələr tərəfindən verilmiş aktlara imza edir. Onlar evin, evin qapısının, qaz xəttinin, qanunsuz qoşulmuş qaz xəttinin fotoşəkil və videolarını gördükdən sonra akta imza edirlər. Video çəkilişlər də koordinatlar üzrə aparılır. Ümumiyyətlə, Cavabdeh İB tərəfindən qış aylarında gecə qrupları müəyyən edilir. Həmin mənzilə baxış 30 dekabr gecə, saat 01:51 radələrində olub. Həmin video hazırda onda yoxdur. Onlar sadəcə qaz sayğacı ilə yox, həmçinin su və işıq sayğacı üzrə də araşdırmalar aparırlar. Araşdırmalardan müəyyən olunub ki, bu mənzildə yaşayış var, yalnız qaz üzrə 1 ildir ödəniş yoxdur. 1 il ödəniş olmadığını müəyyən etdikdən sonra onlar araşdırma aparırlar. Əvvəlcə videoçəkiliş edilir, daha sonradan akt tərtib edilir və vətəndaşın tanış olması üçün həmin ünvana göndərilir. Vətəndaş isə aktı imzalamaqdan imtina etmişdir. Gecə qrupları saat 04:00-dək işlədiyi üçün baxış keçirtdikdə vətəndaşı narahat etməmək üçün onları çağırmırlar. Gündüz vaxtı isə qaynaq qrupları həmin ünvana gedib əlavə qoşulmanı ləğv edir. Vətəndaş özü orada iştirak edir. Həmin qanunsuz qoşulmanın olduğu evdə sayğacın şəklini çəkirlər və sayğac üzərində olan zavod nömrəsi əsasında sayğacın bütün baza məlumatlarına baxılır. İddiaçıya məxsus evdə özünə aid qaz xətti olsa belə, kənar xətt də həmin ünvana gedir. Bütün daşıyıcı xətlər həyətyanı sahədən kənarda olur, həyətdə olmur. Şəkildən görünür ki, iddiaçı tərəfindən rezin boru vasitəsi ilə həyətinə qaz xətti çəkilib. Sayğac həmin rezin borudan 5 metr uzaqlıqdadır və sayğacdan istifadə edilmir. Əgər iddiaçı xəttin onun olmadığını deyirsə, belə başa düşmək olar ki, qaz xəttini qonşu iddiaçının həyətindən çəkib aparır, ya da elə iddiaçının özü istifadə edir. Vətəndaşlar özləri qaynaqçı gətirərək sasokdan deşik açaraq daşıyıcı xətdən rezin boru vasitəsi ilə kənar xətt çəkirlər. Bu xəttin sayğacla heç bir əlaqəsi olmur. Əslində isə bütün qaz xəttləri dəmir borular vasitəsi ilə çəkilir. Ödəniş olmadığını aşkar etdikdən sonra cərimə məbləğinin əsasını tapmaq üçün evdə qazla istifadədə olan cihazları müəyyənləşdirirlər. Orada qeyd edilib ki, iddiaçının evində qaz sobası, qızdırıcı soba, dəzgah sobası müəyyən edilib. Onların da şəkilləri çəkilib və həmin cihazların da 1 saatlıq sərfiyyatı olur. Sərfiyyat qış və yay dövründə fərqli cür hesablanır. Sərfiyyatın hesablama müddəti ödənişdən asılıdır. Məsələn 2020-ci ildən ödəniş yoxdursa, buna əsasən hesablanır. Sayğac 2018-ci ildə qoyulub və həmin vaxtdan sonra ödəniş olmayıb. Cədvələ baxdıqda müəyyən olunur ki, qış ayları üçün 10 manat ödəniş edib. Bu məntiqli deyil. 2 nəfər olsalar belə qaz sərfiyyata görə hesablanır.

10. Məhkəmə iclasında cavabdeh tərəfində şahid qismində dindirilmiş X2 bildirdi ki, gecə reydləri keçirirlər, həmin ərazidə də nəzarəti o edir. Həmin ünvanda qeyri-qanuni qoşulma olub. O, gündüz vaxtı ünvana gedib qoşulma olduğunu görmüş və bildirmiş, qaynaq maşını ilə gedib qoşulmanı kəsiblər. O, başqa yerə getdiyi üçün Bəxtiyar gedib qaynaqla kəsib. Qanunsuz qoşulma rezin boru vasitəsi ilə olur. O, şlanqın həyətə daxil olduğunu görmüş, lakin şlanqın neçə metr olduğunu görməmişdir. Akt tərtib edildikdə orada idi. Belə ki, əvvəlcə akt yazılır, sonra isə imza edilir. O, kəskidə iştirak etməmiş, yalnız ünvanı başa salmışdır. Ümumiyyətlə, üzüm ağacı arasında gizlədildiyi üçün o, 1 il ərzində həmin qoşulmanı görməmişdir, küçə ilə keçdikdə isə onu görmək olmur. Ərazi də böyükdür, 10 minə yaxın abonent var və hamısına gəzib baxmaq olmur. O, sadəcə akta imza etmiş, lakin heç bir hadisədə iştirak etməmişdir.

11. Məhkəmə iclasında cavabdeh tərəfində şahid qismində dindirilmiş X1 bildirdi ki, həmin ünvanda qanunsuz qoşulma olduğu müəyyənləşib və onlara məlumat verilərək kəsməkləri bildirilib. Onlar da kəsib qoşulmanı ləğv etmişlər və aktlaşdırmışlar. Qoşulmanı ləğv etdikdə orada şlanq olub, qarşısına dəmir list qoyulmuşdu. Şlanq həyətin içinə daxil olurdu. Qoşulmanı qaynaqçı pilləkənlə çıxıb ləğv edir, həyəti görən də odur, o görməmişdir.

Tətbiq edilən hüquq

12. “X4”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 №-li qərarı

1.3. Qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt əlavə edilir. 3.1.5. Qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərməlidir. 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 5.2. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Məhkəmənin mövqeyi

13. Məhkəmə iş materiallarını hərtərəfli araşdırıb, tərəfin izahatını dinləyib hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia təmin edilməlidir.

14. Belə ki, cavabdeh tərəfindən məhkəməyə iddiaçının sayğacdan kənar qeyriqanuni qaz xətti istifadə etməsini təsdiq edən heç bir sübut təqdim edilməmişdir. Cavabdeh tərəfin bununla bağlı istinad etdiyi onun mənafeyinə uyğun yeganə sübut tərtib olunmuş akt, şəkillər və şahidlərdir. Həmin akt isə qüsurlu olduğundan qanuni hesab edilə bilməz. Çünki qeyd olunan akt yalnız Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş və istehlakçı tərəfindən akta imza edilməmişdir.

15. Şəkillərlə bağlı məsələdə isə məhkəmə qeyd edir ki, həmin şəkillər aydın olmadığı və gecə vaxtı çəkildiyi üçün orada qanunsuz qaz xəttinin olması, hansı ünvana getməsi, hansı sayğaca birləşməsi müəyyən edilə bilmir. “X4”nın 6.5-ci bəndinə görə isə qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Göründüyü kimi aktın tərtib olunmasından 5 aya yaxın bir müddət keçməsinə baxmayaraq, Cavabdeh İB tərəfindən dəymiş ziyanla bağlı heç bir hərəkət edilməmiş və istelakçıdan borc tələb olunmamış, əksinə iddiaçı məhkəməyə müraciət edərək borcun silinməsini xahiş etmişdir. Həmçinin, iddiaçı tərəfindən iddia ərizəsinə əlavə olunmuş Smart sayğaclı abonentin hesabdan çıxarışından görünür ki, 2011-ci ildən 2023-cü ilədək (2023-cü il də daxil olmaqla) iddiaçı tərəfindən mütəmadi olaraq ödənişlər olunmuşdur. Cədvələ nəzər saldıqda görünür ki, təkcə 2023-cü ildə 62,70 və 90 manat olmaqla 222 manat ödəniş olunmuşdur.

16. Məhkəmə cavabdeh tərəfin gətirdiyi şahid ifadələrinə münasibətdə bildirir ki, həmin şahid ifadələrindən yalnız qaz xəttinə qoşulma faktının olması müəyyən olunsa da, həmin xəttin məhz iddiaçıya məxsus fərdi yaşayış evinin sayğacına qoşulması aşkar olunmur. Belə ki, ilkin olaraq dindirilmiş şahid X5 iddiaçı tərəfindən ümumiyyətlə ödəniş olunmadığını, sonra isə ayda 10 manat ödəniş olunduğunu bildirsə də, məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən hər ay mütəmadi ödənişlər olunmuş və təkcə 2023-cü ilin mart ayına bu göstərici ümumilikdə 222 manat təşkil etmişdir. Şahid qismində dindirilmiş digər şahid X2 isə 1 ildir nəzarətçi işlədiyini, kənar xəttin ağacların arasında olduğunu və küçədə gəzərkən görməyin mümkün olmadığını bildirsə də, həmin kənar xətti gecə vaxtı aşkar etdiyini bildirmişdir. Şahidin özünün qeyd etdiyi kimi gizlədilmiş və çöldən görünməyən kənar xəttin sutkanın qaranlıq vaxtı aşkar olunması isə inandırıcı hesab olunmur.

17. Digər şahid X1 isə qoşulmanı ləğv edərkən orada şlanq olduğunu, şlanqın həyətin içinə daxil olduğunu, lakin şlanqın hansı həyətə getdiyini, hara birləşdiyini yalnız qaynaqçının gördüyünü bildirmişdir. Göründüyü kimi hazırki şahidin də ifadəsi ilə də qanunsuz qoşulma faktının iddiaçı ilə bir əlaqəsi olduğu öz təsdiqini tapmır. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı özü daşıyır. Bu səbəbdən də, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırki iş üzrə tərtib edilmiş aktın qəbul edilməsi üçün əsas olmuş halları, aktın və hesablanmış borcun doğruluğunu sübut etmək vəzifəsi bu aktın qəbul etmiş orqanın üzərinə düşdüyündən və həmin aktın qəbul edilməsi üçün əsas olmuş hallar, eləcə də həmin halların mövcudluğu cavabdeh tərəfindən sübuta yetirilmədiyindən həmin akt üzrə hesablanmış zərər istehlakçı tərəfindən ödənilə bilməz.

Məhkəmə xərcləri

18. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə görə isə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir.

19. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur.

20. Hazırki iddia üzrə ödənilməli olan dövlət rüsumu məbləği 62,26 manat təşkil edir.

21. Odur ki, iddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyi üçün cavabdehdən 62,26 manat məbləğində dövlət rüsumu tutulmaqla Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə

22. Beləliklə, qeyd olunanlara əsasən məhkməmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh İB-nin “Təbii X4nın pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* saylı aktına əsasən ünvan 1 ünvanına (abonent kodu: **********00010) hesablanmış 4226,88 manat məbləğində borc ləğv olunmalıdır.

23. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia təmin edilsin. Cavabdeh “Təbii X4nın pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* saylı aktına əsasən ünvan 1 ünvanına (abonent kodu: **********00010) hesablanmış 4226,88 (dörd min iki yüz iyirmi altı manat səksən səkkiz qəpik) manat məbləğində borc ləğv olunsun. Cavabdehndən 62,26 (altmış iki manat iyirmi altı qəpik) manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar