Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2073/2022 01.06.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı, Cavabdeh Maraqlı şəxs etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı cavabdeh Maraqlı şəxsnə qarşı əsassız hesablanmış borcun silinməsinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Maraqlı şəxsnə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs tərəfindən ona hesablanmış 2500 manat məbləğində debitor borcun əsassız hesab edilərək borcun silinməsinə qadağa edilməsini və borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, o, ünvan 1 ünvanında qeydiyyatda olsa da, hazırda Mədən-S.Əliyev küçəsində yerləşən 40 nömrəli yaşayış evində yaşayır. Qeyd edilən yaşayış evinə cavabdeh Maraqlı şəxs tərəfindən sayğaca baxış zamanı sayğacda dəlik aşkar olunduğu qeyd edilmişdir. Belə ki, o, hər ay mütəmadi olaraq işlətdiyi qazın dəyərini ödəmiş və cavabdehə bununla əlaqədar heç bir məbləğdə borcu qalmamışdır. Maraqlı şəxs əməkdaşları tərəfindən həmin sayğac çıxardılaraq, yerinə yeni Smart kart tipli sayğac quraşdırılmışdır. Sayğacın çıxarılaraq yenidən əvəz edilməsinə səbəb isə sayğaca baxış zamanı yaranan problemlə bağlı olmuşdur. Sayğac çıxarıldıqdan sonra hara aparılmasını bilməmiş, bu barədə ona hər hansı bir məlumat verilməmiş, qazın verilməsi isə dayandırılmışdır. Azəriqaz tərəfindən ondan əsassız olaraq pul tələb etməsi onu məhkəməyə müraciət etməyə vadar etmişdir. O, bu səbəblə Azəriqaza müraciət etmiş, Sayğacı təzələnmiş, yəni yenisi ilə əvəz olunmuşdur. Bundan sonra ona bildirilmişdir ki, guya o, köhnə sayğaca müdaxilə etmiş və 2500 manat cərimə ödəməlidir. Cavabdehin tələbinin əsassız olmasına baxmayaraq, halhazırda bu məsələ ilə bağlı problem yaşayır. Belə ki, himayəsində üç uşaq var, həyat yoldaşı rəhmətə getmiş və dövlətdən heç bir sosial yardım almmamışdır. Uşaqları çox çətinliklə dolandırdığı halda qazın kartına pul vurduqda əsassız müəyyən edilmiş borcdan çıxırlar. 2018-ci ilin oktyabr ayından 2045,9 manat hesab edilmiş borcdan 517,5 manat karta yüklədiyi vəsaitdən pul çıxılmışdır. O, isə 2016-2017-2018-ci ilin əvvəllərində ailə məsələsinə görə həmin ünvanda yaşamamış və həmin məsələdən xəbəri olmamışdır. Bundan sonra o, cavabdehə müraciət edərək, həmin borcun hansı əsasla hesablanmasını soruşduqda, cavabdeh ona akt təqdim edərək, kənar təsir nəticəsində ona məxsus Smart kart tipli sayğacın, xarab olmasını bildirmiş və bu əsasla ona qeyd edilən borcun hesablanmasını bildirmişlər. Qeyd olunanları nəzərə alaraq məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Maraqlı şəxs nümayəndəsi Nümayəndə iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, sözügedən ünvana baxış keçirilmiş və yoxlama zamanı iddiaçının yaşadığı ünvanda istifadə olunan qaz sayğacına müdaxilə olunması müəyyən olunmuşdur. Belə ki, sayğac laboratoriya göndərilmiş və laboratoriya rəyinə əsasən sayğaca müdaxilə olunduğu aşkar olunmuşdur. Odur ki, Azəriqaz İB-yi tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib olunmuş və həmin akt əsasında dəymiş ziyan hesablanmış və istehlakçıdan qaz sərfiyyatına görə hesablanmış 1944 manat tələb olunur. Qalan borc isə iddiaçı tərəfindən istehlak olunmuş qaz sərfidir. Ona görə də iddia ərizəsinin təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. X1 əməkdaşları tərəfindən tərtib olunmuş 29.06.2018-ci il tarixli ******* saylı aktın surətindən müəyyən olunur ki, İddiaçı yaşadığı ünvanda quraşdırılmış sayğacın çıxış plastmas borusu deşilməsi aşkar edilmiş, dəymiş ziyanın hesablanması qərara alınmışdır. X3 tərəfindən tərtib olunan abonentin saldosundan müəyyən olunur ki, İddiaçı tərtib olunan akt üzrə qaz sərfiyyatına görə borcu 1944 manat təşkil edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçının mənzilində quraşdırdığı sayğacın yararsız olmasını müəyyən edən cavabdeh yararsız sayğacı yenisi ilə əvəz edərək iddiaçının təqsirini sübuta yetirmədən ondan qaz sərfiyyatına görə dəyən ziyanı tələb edir. Məhkəmə qeyd edir ki, Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının 28.11.2016-cı il tarixli 18 nömrəli qərarının 2.3-cü bəndinə əsasən, həmin əlavənin cədvəl bölməsinin 4.1.1-ci və 4.1.2-ci şərtlərində illik istehlak həcmi dedikdə təbii qazın bir təqvim ili ərzindəki istehlak həcmi nəzərdə tutulur və həmin tariflər 01.01.2017-ci il tarixdən qüvvəyə minir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında 12.05.2011-ci il tarixli 80 saylı qərarının 1.3.-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 5.2.-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 5.6.-cı bəndinə əsasən qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir (5 nömrəli əlavə). Göründüyü kimi iddiaçının evində öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək cavabdehin vəzifəsi olduğu halda o, öz vəzifələrini yerinə yetirdikdən sonra sayğacın yararsız hala düşməsində istehlakçının təqsirini sübuta yetirmədən, istehlakçıya əsassız və qanunsuz tələb irəli sürmüşdür. Ona görə də məhkəmə iddia ərizəsini əsaslı hesab edib qismən təmin edir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilməli olan dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia qismən təmin edilsin. Maraqlı şəxs İddiaçı qaz sərfiyyatına görə tələb etdiyi 1944 (bir min doqquz yüz qırx dörd) manat pul vəsaiti silinsin. İddia qalan hissədə təmin olunmasın. Maraqlı şəxsndən dövlət rüsumuna görə 39.44 (otuz doqquz manat, qırx dörd qəpik) manat dövlət nəfinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova
Məhkəmə qərarları › İş №2(010)-2073/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2073/2022
01.06.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver