Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2090/2021 08.06.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "İddiaçı" MMC-nin Cavabdeh qarşı "lizinq müqaviləsinin ləğv edilməsi və borcun ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "İddiaçı" MMC Cavabdeh qarşı "lizinq müqaviləsinin ləğv edilməsi və borcun ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə bağlanmış 19.06.2018-ci il tarixli LİZ-1360 saylı “Daxili lizinq” müqaviləsinin ləğv edilməsi; Cavabdeh 19.06.2018-ci il tarixli LİZ- 1360 saylı “Daxili lizinq müqaviləsi”nə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 29.12.2020-ci il tarixə 642,01 manat əsas, 136.56 manat mükafat və həmin günə hesablanmış 299,93 manat dəbbə pulu, cəmi 1078.50 manat borc və ödənilmiş 30,40 manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəlilləri İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 19.06.2018-ci il tarixli LİZ-1360 “Daxili lizinq müqaviləsi”nə əsasən Cavabdeh sifarişi ilə 2013-cü il buraxılışlı, “Daewoo Gentra” markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı, XWB5V319DEA541881 ban, 0063 mühərrik nömrəli, qara rəngli avtomobil 14800 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən Cavabdeh illik 12% hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 389,74 manat, ümumilikdə isə 18708 manat məbləğində pulu İddiaçı MMC-nin hesabina ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan “Daewoo Gentra” markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobil 29.12.2020-ci il tarixdə Bakı şəhərində yerləşən lizinq şirkətinin müvəqqəti duracağına yerləşdirilmişdir. Cavabdeh tərəfindən lizinq şirkətinə sonuncu ödəniş 30.10.2020-ci il tarixdə 401 manat məbləğində olmuşdur. Eyni zamanda Cavabdeh 19.06.2018-ci il tarixli LİZ- 1360 saylı “Daxili lizinq müqaviləsi” üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 29.12.2020-ci il tarixə 642,01 manat əsas, 136,56 manat mükafat və həmin günə hesablanmış 299.93 manat dəbbə pulu, cəmi 1078,50 manat borcu yaranmışdır. “Daxili lizinq” müqaviləsi və “Ödəniş cədvəli”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxdında və lazımı qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Daha sonra iddiaçının nümayəndəsi, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə bağlanmış 19.06.2018-ci il tarixli LİZ-1360 saylı “Daxili lizinq” müqaviləsinin ləğv edilməsi; Cavabdeh 19.06.2018-ci il tarixli LİZ- 1360 saylı “Daxili lizinq müqaviləsi”nə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 29.12.2020-ci il tarixə 378,50 manat əsas, 0 manat mükafat və həmin günə hesablanmış 0 manat dəbbə pulu, cəmi 378,50 manat borc və ödənilmiş 30,40 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatları İddiaçı iddia tələbini müdafiə edərək, izahatında iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq, işə iclasa gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 19.06.2018-ci il tarixli LİZ-1360 “Daxili lizinq” müqaviləsinə əsasən İddiaçı MMC-nin mülkiyyətində olan 2013-cü il buraxılışlı, “Daewoo Gentra” markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı, XWB5V319DEA541881 ban, 0063 mühərrik nömrəli, qara rəngli avtomobil Cavabdeh müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq” müqaviləsinin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə əsasən Cavabdeh illik 12% hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 389.74 manat, ümumilikdə isə 18708 manat məbləğində pulu İddiaçı MMC-nin hesabina ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC-nin 17.02.2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh müqavilənin şərtlərini tam şəkildə yerinə yetirmədiyi təqdirdə məhkəmədə barəsində iddia qaldılmasına dair məlumatlandırılmışdır. 16.04.2021-ci il tarixli maliyyə arayışından görünür ki, borclu Cavabdeh 19.06.2018-ci il tarixli LİZ-1360 “Daxili lizinq” müqaviləsi üzrə 29.12.2020-ci il tarixə 642,01 manat əsas borcu, 136,56 manat mükafat borcu, 299,93 manat cərimə olmaqla cəmi 1078,50 manat məbləğində borcu vardır. 07.06.2021-ci il tarixli maliyyə arayışından görünür ki, borclu Cavabdeh 19.06.2018-ci il tarixli LİZ-1360 “Daxili lizinq” müqaviləsi üzrə 29.12.2020-ci il tarixə 378,50 manat əsas borcu, 0 manat mükafat borcu, 0 manat cərimə olmaqla cəmi 378,50 manat məbləğində borcu vardır. Tətbiq olunan hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 747.1 Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 748-1.12.4 Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə Lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. 748-10.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. 427.3 Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsində göstərilir ki, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmənin mövqeyi Məhkəmə zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 19.06.2018-ci il tarixli LİZ-1360 “Daxili lizinq” müqaviləsinə əsasən İddiaçı MMC-nin mülkiyyətində olan 2013-cü il buraxılışlı, “Daewoo Gentra” markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı, XWB5V319DEA541881 ban, 0063 mühərrik nömrəli, qara rəngli avtomobil Cavabdeh müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq” müqaviləsinin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə əsasən Cavabdeh illik 12% hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 389,74 manat, ümumilikdə isə 18708 manat məbləğində pulu İddiaçı MMC-nin hesabina ödəməyi öhdəsinə götürmüşdür. Avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə aktla müəyyən olunur ki, Daewoo Gentra” markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobil borc ödənilmədiyi üçün təhvil-təslim edilərək duracağa gətirilmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh ilə iddiaçı arasında bağlanmış 19.06.2018-ci il tarixli LİZ-1360 “Daxili lizinq” müqaviləsi hazırda qüvvədə olduğundan həmin müqavilə ləğv edilməlidir. Məhkəmə hesab edir ki, cavabdeh lizinq müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etmədiyindən borc məbləği cavabdehdən tutulmalıdır. Beləliklə məhkəmə iş materiallarında olan sübutları araşdırıb belə bir nəticəyə gəlir ki, iddia təmin edilməli, 19.06.2018-ci il tarixli LİZ-1360 saylı “Daxili lizinq” müqaviləsi ləğv edilməli, Cavabdeh İddiaçı MMC-nin xeyrinə 378,50 (üç yüz yetmiş səkkiz manat əlli qəpik) manat vəsait tutulmalıdır. Məhkəmə xərcləri “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 8.1.2 İddia qiyməti 500 manatadək olduqda 20 manat, 500 manatdan artıq olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda sözügedən normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, dövlət rüsumu və bank xidməti xərclərinə görə 30,40 (otuz manat qırx qəpik) manat məbləğdə pul cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 14.2 və 77.1-ci maddələrini nəzərə almışdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 19.06.2018-ci il tarixli LİZ-1360 saylı “Daxili lizinq” müqaviləsi ləğv edilsin. Cavabdeh İddiaçı MMC-nin xeyrinə 378,50 (üç yüz yetmiş səkkiz manat əlli qəpik) manat və ödənilmiş dövlət rüsumu və bank xidməti xərclərinə görə 30,40 (otuz manat qırx qəpik) manat vəsait tutulsun. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova
Məhkəmə qərarları › İş №2(010)-2090/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2090/2021
08.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver