Məhkəmə qərarları › İş №2(010)-210/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-210/2025

01.05.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-210/2025 01.05.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, X1 iclas katibliyi, Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş qaldırılmış şəxsin nümayəndəsi (vəkili) Vəkil2 iştirakı ilə Ərizəçi (Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti maraqlı şəxs qismində cəlb edilməklə) şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında xüsusi icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi. Ərizəçinin xahişi Ərizəçi (Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti maraqlı şəxs qismində cəlb edilməklə) şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, psixi cəhətdən sağlam olmayan atası X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və öz doğma övladı kimi özünün atasının qəyyumu təyin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X7 onun doğma atasıdır. 2021-ci ilə qədər atası X3 ailəsinə, xüsusilə ona münasibəti olduqca müsbət olmuş, ailəsi ilə sıx bağlı olmuş, ona hamıdan çox ülvi hissləri və ata məhəbbəti ilə qayğı göstərmişdir. Hər zaman atasının adını daşıyan yeganə oğlu kimi həyatının mənası olduğunu, bütün həyatını ona həsr etdiyini, onunla nəfəs aldığını atası ona bildirmişdir. Lakin, 2021-ci ildən sonrakı dövrdə atasının psixoloji durumunda qəfil dəyişiklər başlamış, atası X3 birdən-birə heç bir səbəb olmadan ailəsi və həmçinin onunla ünsiyyəti kəsilməyə başladı, onun psixi durumu getdikcə pisləşdi və o, evə gəlməməyə başladı, sonradan ümumiyyətlə evə gəlmədi. O, dəfələrlə atası ilə əlaqə yaratmaq istədikdə, onun bacısı Cəmalə Bağırova və onun əri atasının psixi problemlərinin yaranmasından sui-istifadə edərək, atasına onunla görüşməyə imkan vermədilər. Atasının bacısı Cəmalə Bağırova və onun əri uzun illər atası, babası və onun ailəsi ilə ünsiyyətləri olmayıb, pulla bağlı atası və vəfat etmiş babası ilə münasibətləri son dərəcə pis olmuşdur. İllərlə babası yataq xəstəsi olmuş və onların bir dəfə də olsun ona gəlib baş çəkmələrini görməmişdir. Cəmalə Bağırova və onun əri 2021ci ildən etibarən atasının psixi vəziyyətindən sui-istifadə etməyə başlayaraq, onu tamamilə ailəsindən təcrid edib. Sonradan anası Leyla Məmmədova və bacısı Elza Əsgərova ona məlumat verdilər ki, atasının adından vəkil məhkəmədə onun bacısına qarşı əmlak işi başlamış, guya atası öz doğma övladından əmlak tələb edir. X14 son dərəcə imkanlı adamdır. Onun adına milyonlarla dəyəri olan daşınmaz əmlaklar vardır. O, heç vaxt öz iradəsi ilə qızına, yəni anasının adını daşıyan öz doğma övladına qarşı məhkəmə işi başlamaz. Onun psixoloji problemləri yaranmasından bacısı Cəmalə Bağırova və bacısının əri həmin məhkəmə işlərini başlamışlar. Vəkil2 da onların adamıdır. X14 nələrin baş vediyini dərk etmək qabiliyyətində deyil. 2023-cü ildə məhkəmə prosesinin gedişində anası Leyla Məmmədova xəbər tutmuşdur ki, milyonlarla dəyəri olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binası (Şadlıq sarayı), ünvan 2 ünvanda yerləşən 0,12 ha torpaq sahəsini guya atası bacısı Cəmaləyə bağışlayıb. Ondan sonra ona məlum oldu ki, Cəmalə Bağırova və onun əri psixi problemləri olan, öz hərəkətlərini dərk etməyən, psixotrop maddələr qəbul etməyindən şübhələndiyi atasını notariusa apararaq, ona sənədlərə imza atdırmışlar. Bağışlama müqavilələrində olan fotoşəkildən də görünür ki, atasının arxasında Cəmalənin əri dayanıb, həmin müqaviləni də Cəmalənin oğlu imzalayıb. Psixi problemi olan atasının vəziyyətindən sui-istifadə edənlər nəhayət öz məqsədlərinə nail oldular və atasının əmlaklarını ələ keçirdilər. Atasının adından Cəmaləgilin vəkilinin başladığı çoxsaylı məhkəmə proseslərində atası şəxsən iştirak etməmiş, yalnız bir məhkəmə iclasına atasını Cəmalə Bağırova əlindən tutub gətirmişdi. O, həmin vaxt atası ilə danışmaq istəyəndə, onu tanımamışdır. Atasının əllərinin əsdiyini, hətta danışa bilmədiyini görmüşdür. Milyonlarla əmlakı olmuş atasının öz doğma övladları, doğma oğlu olduğu halda, heç bir səbəb olmadan həmin əmlakları bacısına, daha doğrusu onun oğluna hədiyyə etməsi, özünün isə ailəsindən və övladlarından ayrı baxımsız küçələrdə qalması və milyonçu adamın küçələrdə gəzərək şampun satması ona oğlu kimi çox pis təsir edir. O, psixi problemləri yaranmış atasının milyonlarla dəyəri olan əmlaklarının əlindən alınmasına və onun küçələrə düşməsinə övladı kimi dözə bilmir. Ona görə də, psixi cəhətdən xəstə olan atasının fəaliyyət qabiliyyəti olmayan hesab edilməsini və onun, yəni öz doğma övladı kimi onun qəyyumu təyin edilməsini vacib sayır. Əks halda, atasının hər şeyini əlindən alıb, onu küçələrdə qoyacaqlar. Onun gələcək taleyi onu bir oğul kimi çox narahat edir. Tərəflərin izahatları Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş Ərizəçi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ərizəçinin nümayəndəsi (vəkili) Vəkil1 “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə baxış iclasının növbəti tarixə təyin edilməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş qaldırılmış şəxs X7 ərizəni qəbul etməyərək bildirmişdir ki, onu şərləyirlər və ona görə də 4 ildir ki, onlardan uzaqlaşmışdır. Atası vəfat etdikdən sonra qarşı tərəfə 4 ev, 1 qaraj versə də, ondan əl çəkməmişlər. “AtaBank”-a borcu olduğu üçün qızının adına, lakin özü üçün maşın almış, həmin maşını da əlindən almışlar. Arvadı ilə aralarında bağlanmış nikah birinci dəfə 2009-cu ildə pozulmuş, lakin atasının təkidi ilə yenidən nikaha daxil olmuşdur. Münasibətləri düzəlmədiyi üçün 2018-ci ildə arvadından yenidən boşanmışdır. Boşanma zamanı ümumi əmlak bölünməmiş, qarşı tərəfə müəyyən əmlakları könüllü şəkildə vermişdir. Ərizəçinin ərizədə qeyd etdiyi kimi sabun satmaqla məşğuldur, burada xoşagəlməz bir hal yoxdur. Belə ki, sabunların satışı ilə şəxsən məşğul olmaqla, ekspeditor vəzifəsində bir oğlanı da işçi kimi yanına götürmüşdür və sabunların ünvanlara çatdırılması ilə həmin işçi məşğul olur. Odur ki, məhkəmədən ərizənin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş qaldırılmış şəxsin nümayəndəsi (vəkili) Vəkil2 ərizəni qəbul etməyərək bildirdi ki, hazırkı iş kifayət qədər araşdırılmış və fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş qaldırılmış şəxs də məhkəmə iclasında iştirak etmişdir. Məhkəmə iclasında iştirak edən zaman Əsgərov Emilə məhkəmə tərəfindən müvafiq suallar ünvanlanmış və həmin suallar Əsgərov Emil tərəfindən cavablandırılmışdır. Həmçinin, iş üzrə məhkəməpsixiatrik ekspertizası da keçirilmiş və Əsgərov Emilin psixi cəhətdən sağlam olması öz təsdiqini tapmışdır. Əsgərov Emil hazırda tam anlaqlı şəxs olmaqla, onun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üçün qanunla müəyyən edilmiş əsaslar mövcud deyildir. Əsgərov Emil sahibkarlıq fəaliyyəti ilə məşğuldur və hazırkı gündə də o, öz fəaliyyətini genişləndirmişdir. Əsgərov Emilin oğlu tərəfindən qaldırılmış hazırkı işin səbəbi onlara məlumdur. Belə ki, ərizəçinin əsl məqsədi məhz atasına məxsus əmlakları mənimsəmək və ələ keçirməkdir. Lakin, Əsgərov Emil tam fəaliyyət qabiliyyətli şəxs olduğundan ərizənin təmin edilməsinin heç bir əsası yoxdur. Odur ki, məhkəmədən ərizənin təmin edilməməsini xahiş etdi. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq olunan faktlar Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş AZ-İİİ seriyalı, 761165 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Ərizəçi (atası X7, anası X4) xx.xx.2004-cü il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2004-cü il tarixdə 1848 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X12 43 nömrəli Şəhər Poliklinikası tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 1128 nömrəli arayışın surətindən müəyyən olunur ki, baza məlumatlarına əsasən müəssisənin psixiatriya kabinetində müraciətdə qeyd olunan şəxsin – X3 dispanser qeydiyyatında olmadığı aşkar edilmişdir. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X12 43 nömrəli Şəhər Poliklinikası tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 1128 nömrəli arayışın surətindən müəyyən olunur ki, xx.xx.1968-ci il təvəllüdlü X7 psixiatr müayinəsindən keçmiş və onun hal-hazırda psixi cəhətdən sağlam olduğu qeyd edilmişdir. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X12 “X9” X12 tərəfindən X5 ünvanlanmış xx.xx.2024-cü il tarixli cavab məktubunun surətindən müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Əhməd Mehbalıyev 12A ünvanında yaşayan, xx.xx.1968-ci il təvəllüdlü X3 psixiatrik portalın məlumatına əsasən Mərkəzin psixiatrik kabinetində qeydiyyatda olmadığı qeyd edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” X12 tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 9222 nömrəli arayışın surətindən müəyyən olunur ki, 43 nömrəli şəhər poliklinikasının xx.xx.2024-cü il tarixli göndərişi üzrə xx.xx.1968-ci il təvəllüdlü X7 həmin tarixdə həkim-psixiatr Babayeva Səbinə tərəfindən müayinə olunmuş, t.e.d. professor Fuad İsmayılova məruzə edilmiş və müayinə üzrə “psixi pozuntu əlamətləri aşkarlanmır Z.86.5” diaqnozu təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertizası Mərkəzi” X12 tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş 150 nömrəli məhkəmə-psixiatrik ekspertizasına dair ekspert rəyinin nəticə hissəsində aşağıdakılar qeyd edilmişdir: “ İ Motivləşdirici hissə - Mülki iş materiallarından və hal-hazırkı psixiatrik müayinənin nəticələrinin tədqiqi və təhlili əsasında belə nəticəyə gəlinir ki, X7 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. İİ Yekun hissə - X7 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. X7 hal-hazırda hər hansı bir xroniki psixi xəstəlik, kəmağıllıq və sair psixi xəstəlikdən əziyyət çəkmədiyi üçün o, öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarındadır. Buna görə də X7 fəaliyyət qabiliyyətli şəxs hesab edilməlidir”. xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, ərizəçi tərəfindən xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(010)-210/2025 nömrəli qərardadı ilə Ərizəçi (Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti maraqlı şəxs qismində cəlb edilməklə) şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş qaldırılmış şəxs üzərində qəyyum təyin edilməsinə dair ərizəsi üzrə mülki işin icraatına fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş qaldırılmış şəxs üzərində qəyyum təyin edilməsinə dair hissədə xitam verilməsi qərara alınmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 28. Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti. Maddə 28.8. Ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Maddə 31. Fiziki şəxsin hüquq qabiliyyətindən və fəaliyyət qabiliyyətindən məhrum edilməsinin və bunların məhdudlaşdırılmasının yolverilməzliyi. 31.1. Fiziki şəxs heç bir halda hüquq qabiliyyətindən məhrum edilə bilməz. Fiziki şəxsin hüquq qabiliyyəti və fəaliyyət qabiliyyəti yalnız qanunla müəyyənləşdirilmiş hallarda və qaydada məhdudlaşdırıla bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.1.3. şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında. Maddə 318.2. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi pozuntunun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Məhkəmənin mövqeyi Məhkəmə fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş qaldırılmış şəxsin nümayəndəsinin (vəkilinin) izahatını dinləyərək, işin faktiki hallarını və iş materiallarını araşdıraraq, təqdim edilmiş sübutlara tam, obyektiv, hərtərəfli və qərəzsiz baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, Ərizəçi xahişindən görünür ki, o, atası X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və özünün sonuncu üzərində qəyyum təyin edilməsini məhkəmədən xahiş etmiş, atasının fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsindən ibarət xahişini atasının psixi pozuntuları ilə əsaslandırmışdır. Göründüyü kimi ərizəçinin xahişi iki hissədən – 1) şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və 2) həmin şəxs üzərində özünün qəyyum təyin edilməsindən ibarətdir. Ərizəçinin xahişinin ikinci hissəsi ilə bağlı məhkəmə nəzərə çatdırır ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(010)-210/2025 nömrəli qərardadı ilə iş üzrə icraata həmin hissədə xitam verilmişdir. Ərizəçinin xahişinin əsasını təşkil edən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi ilə bağlı hissədə məhkəmə nəzərə çatdırır ki, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslərin məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi imkanı nəzərdə tutulmuş və bu qaydada ərizələrin təmin edilməsi imkanı qanunvericiliklə bir sıra imperativ şərtlərdən asılı edilmişdir. Şəxslərin fəaliyyət qabiliyyətinin əsası və həcmi məhz həmin şəxslərin anlaqlılıq səviyyəsinə görə müəyyən edilir. Anlaqlılıq fiziki şəxslərə xas olmaqla onun şüurlu şəkildə hərəkət edə bilmə qabiliyyətini ifadə edir. Fiziki şəxsin fəaliyyət qabiliyyəti onun anlaqlılıq səviyyəsinə uyğun olaraq formalaşır. Mülki qanunvericiliyə görə fiziki şəxslərin anlaqlılığına təsir edən başlıca iki faktor mövcuddur. Bunlar azyaşlılıq və şəxsin psixi (əqli) sağlamlıq vəziyyətidir. Fiziki şəxslər anlaqlılıq səviyyələrinə uyğun olaraq tam fəaliyyət qabiliyyətlilər, məhdud fəaliyyət qabiliyyətlilər və fəaliyyət qabiliyyətsizlər şəklində ümumi qruplara ayrılmışdır. Şəxsin öz hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərini idarə edə bilməməsi (şəxsin fəaliyyət qabiliyyətinə malik olmaması) xüsusi hal olmaqla, yalnız məhkəmə tərəfindən təsdiq edildiyi halda müəyyən hüquqi nəticələr yaradır. Belə ki, bu kateqoriyadan olan şəxslər psixi pozuntu nəticəsində özü-özlüyündə öz hərəkətlərinin mənasını başa düşmür və öz hərəkətlərinə müstəqil rəhbərlik edə bilmir, lakin şəxsin fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi haqqında ərizələrin verilməsi isə yalnız bu kimi halların məhkəmə tərəfindən təsdiq edilməsi və hüquqi nəticələrə səbəb olması məqsədini güdür. Belə ki, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi pozuntunun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Məhkəmə həmçinin işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi pozuntusu haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Məhkəmə icraatının gedişi zamanı ərizəçinin nümayəndəsi (vəkili) yazılı vəsatətlə məhkəməyə müraciət edərək, məhkəmədən iş üzrə məhkəmə-psixiatrik və məhkəmə narkoloji ekspertizalarının keçirilməsini xahiş etmişdir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş qaldırılmış şəxsin öz hərəkətlərinin mənasını başa düşübdüşməməsinin və öz hərəkətlərini idarə edə bilib-bilməməsinin yoxlanılması, iş üzrə əhəmiyyət kəsb edən halların tam, obyektiv və hərtərəfli şəkildə araşdırılması, həmçinin bu sahədə xüsusi biliyə malik olan şəxsin də məhkəmənin icraatına cəlb edilməsini təmin etmək məqsədi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e- 2(010)-4018/2024 nömrəli qərardadı ilə vəsatət qismən təmin edilmiş və iş üzrə məhkəməpsixiatrik ekspertizasının aparılması qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertizası Mərkəzi” X11 yüksək dərəcəli eksperti, ambulator məhkəmə-psixiatrik ekspertizası ixtisası üzrə 45 il əmək stajına malik olan həkim-psixiatr X2 tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib edilmiş 150 nömrəli ambulator məhkəmə-psixiatrik ekspertizasına dair ekspert rəyinin nəticə hissəsində aşağıdakılar qeyd edilmişdir: “ İ Motivləşdirici hissə - Mülki iş materiallarından və hal-hazırkı psixiatrik müayinənin nəticələrinin tədqiqi və təhlili əsasında belə nəticəyə gəlinir ki, X7 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. İİ Yekun hissə - X7 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. X7 hal-hazırda hər hansı bir xroniki psixi xəstəlik, kəmağıllıq və sair psixi xəstəlikdən əziyyət çəkmədiyi üçün o, öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarındadır. Buna görə də X7 fəaliyyət qabiliyyətli şəxs hesab edilməlidir”. Məhkəmə ilk növbədə nəzərə çatdırır ki, heç bir sübutun, eləcə də ekspert tədqiqatının nəticələrinə dair ekspert tərəfindən tərtib edilmiş rəyin məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş hüquqi qüvvəsi yoxdur (AR MPM-nin 103.1-ci maddəsi ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir). Ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyil, həmçinin ərizəçi tərəfindən ekspert rəyinin əsaslığını və mötəbərliyini şübhə altına alan, iş üzrə əhəmiyyətli olan hallar barədə, eləcə də ərizəçinin öz xahişinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, iş üzrə keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. İş materiallarına əlavə edilmiş, fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş qaldırılmış şəxsin psixiatrik müayinədən keçməsini, hər hansı psixi pozuntunun mövcud olmamasını, şəxsin psixi cəhətdən sağlam olmasını, eləcə də sonuncunun psixiatrik kabinetdə dispanser qeydiyyatında olmamasını təsdiq edən arayışların iş üzrə keçirilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının nəticələrinə dair tərtib edilmiş ekspert rəyində qeyd edilən məlumatlarla əlaqəli şəkildə yoxlanılması və qiymətləndirilməsi nəticəsində ekspert rəyində qeyd edilənlərə dair təminatın kifayət qədər yüksək olması öz təsdiqini tapmış, həmin sübutların bir-birini təkzib etməməsi və bir-birinə uyğunluğu müəyyən edilmiş və ekspert rəyinin əsaslılığı və mötəbərliyi, yaxud onun əsaslandığı sübutların etibarsız hesab edilməsi və ya ekspertiza aparılmasının prosessual qaydalarının pozulmasına dəlalət edən hər hansı hal aşkar edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin məcəllənin 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Göründüyü kimi mülki prosessual qanunvericiliklə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını müəyyən edərkən, məhkəmə tərəfindən qanunla müəyyən edilmiş qaydada əldə edilən məlumatların (sübutların) dairəsi dəqiq müəyyən edilmiş və həmin məlumatların məhz ekspert rəyi ilə də təsdiq edilməsi imkanı birbaşa nəzərdə tutulmuşdur. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (AR MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hazırkı mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il qərarına əsasən, “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımı şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır... Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir... Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...”. Qərardan görünür ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Odur ki, hazırkı məhkəmə ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, yalnız tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirmişdir, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri sübutlarla əsaslandırmışdır və yalnız həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməli olmuşdur. Məhkəmə həmçinin qeyd edir ki, məhkəmə araşdırması gedişində fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxsin özü də məhkəmə iclasında iştirak etmiş, prosesdə sədrlik edən tərəfindən ona ünvanlanmış suallara müstəqil və məqsədyönlü cavablar vermiş, öz fikirlərini müstəqil ifadə etməkdə hər hansı çətinlik törənməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin, hazırkı iş üzrə ərizəçi atasının fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizəsinin əsasını təşkil edən fakt və halları sübut edə bilməmiş, həmin fakt və halların təsdiqinə dair mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Həmçinin, məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi (vəkili) fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi haqqında iş qaldırılmış şəxsin psixi cəhətdən sağlam olmadığını və bunu təsdiq edən müvafiq sənədlərin mövcud olduğunu bildirsə də, həmin sənədləri məhkəməyə təqdim etməmiş, yalnız formal mülahizələr əsasında ərizənin təmin edilməsinə yönələn izahatlar vermişdir. Belə olan halda, işdə mövcud olan sübutları birbirləri ilə əlaqəli şəkildə qiymətləndirən məhkəmə, mümkün, mötəbər və əsaslı sübutlara müvafiq olaraq verilən hüquqi qiymət əsasında ərizənin rədd edilməli olması nəticəsinə gəlməkdə haqlı olmuşdur. Məhkəmənin gəldiyi nəticə Beləliklə, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Ərizəçi (Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti maraqlı şəxs qismində cəlb edilməklə) şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi təmin edilməməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 307, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizəçi (Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti maraqlı şəxs qismində cəlb edilməklə) şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi təmin edilməsin. Ödənilmiş 100 (yüz) manat dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Fəridə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar