Məhkəmə qərarları › İş №2(010)-2108/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2108/2024

08.07.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2108/2024 08.07.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X16 qızının katibliyi, iddiaçı Aslanova Tahı̇ rə Balahüseyn qızı və onun vəkili və nümayəndəsi Vəkil, Cavabdeh iştirakları ilə, iddiaçı Aslanova Tahı̇ rə Balahüseyn qızının cavabdeh Məmmədova Rəşı̇ də Sərxan qızına qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İş materialları

1. Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi tərəfindən xx.xx.1997-ci il tarixdə verilmiş “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında” şəhadətnamədən görünür ki, Bakı şəhəri, Suraxanı qəsəbəsi, 4-cü Mədən küçəsi 29 №-li qadın bərbərxanası üzərində Cavabdeh, X8, X2, X10, X1 və Ruxsarə Şahbazovanın sahiblik hüquqları təsdiq edilmişdir.

2. Suraxanı Rayon Məhkəməsinin qətnaməsindən görünür ki, X2, X8, X1, X10 və X3 digər mülkiyyətçilərlə birlikdə 10.739.000 manat dəyərində payın eyni ilə bərabər paylar kimi tanınması, özəlləşdirilmiş obyektin ümumi sahəsinin 39,9 kv.m olmaqla 7 nəfər mülkiyyətçi arasında müvafiq təsərrüfat təyinatına zərər yetirmədən hər bir mülkiyyətçi 5,2 kv.m sahəyə pay sahibləri tanınmaları ilə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmalarının təmin edilməsi qət edilmişdir.

3. Sabunçu Rayon Məhkəməsinin 2-512/1998 nömrəli, xx.xx.1998-ci il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri, Suraxanı qəsəbəsi, 4-cü Mədən küçəsi 29 №-li "Naidə" qadın bərbərxanası özəlləşdirilmə nəticəsində onun mülkiyyətçiləri olmuş əmək kollektivi üzvlərinin - Cavabdeh 48.91 %, X12 8,515 %, X5 8,515 %, X15 8,515 %, X4 8,515 %, X6 8,515%, X7 8,515% paylan müəyyən edilmiş, həmin bərbərxananın əmlakı əsasında yaradılan "Naidə" firmasının təsis müqaviləsi və təsis nizamnaməsi təsdiq olunması qət edilmişdir.

İşin faktiki halları

4. İddiaçı Aslanova Tahı̇ rə Balahüseyn qızı ilə cavabdeh Məmmədova Rəşı̇ də Sərxan qızının Bakı şəhəri, Suraxanı qəsəbəsi, 4-cü Mədən küçəsi 29 №-li "Naidə" qadın bərbərxanası üzərində paylarının müəyyən edilməsi işin mübahisəsiz hallarıdır.

İddia tələbi

5. İddiaçı Aslanova Tahı̇ rə Balahüseyn qızı cavabdeh Məmmədova Rəşı̇ də Sərxan qızına qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətlərində olan Bakı şəhəri, Suraxanı qəsəbəsi, 4-cü Mədən küçəsi, 29 №-li "Naidə" qadın bərbərxanasının həyətində divara bitişik inşa edilən qanunsuz tikilinin sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

Tərəflərin izahatları

6. Məhkəmə iclasında iddiaçı Aslanova Tahı̇ rə Balahüseyn qızı iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, qapı-pəncərələri bağlanıb, otağa təbii işıq daxil olmur. Əvvəl 2 pəncərə var idi, indi pəncərə, həyətə çıxış qapısı bağlanılıb. Orada salon ilə ev arasında bir santimetr yer belə yoxdur. Buna görə də qeyd olunanların nəzərə alınaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etdi.

7. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, iddiaçı, bir neçə başqa qadın, o cümlədən, cavabdeh payları müəyyən edilmiş dövlət müəssisəsini özəlləşdiriblər və mülkiyyətçiləri olublar. Onların hər birinin 8,51 payı olmasına baxmayaraq cavabdehin payı daha çox olub. Həmin yer sonradan “Naidə” qadın bərbərxanası adlanıb və həmin dövlət müəssisəsini özəlləşdiriblər, uzun müddət cavabdeh digər payçıları həmin bərbərxanaya buraxmamış və oranı özü tək istifadə etmişdir. Bununla bağlı yazışmalar var, polisdə izahatlar verilib. Sabunçu Rayon Məhkəməsinin hər birinin payının məlum olması və faktiki olaraq təhkim edilmələri barədə qətnaməsi var. Onlar 2023-cü ildə yenidən icra vərəqəsi alıblar, polislə, icra şöbəsi ilə öz yerlərinə daxil olublar. Hələki şikayət yoxdur, hər kəs öz payına uyğun oradan istifadə edib. İndi isə bərbərxananın həyətində böyük bir tikilinin tikilməsi aşkarlanıb. Həmin yarım metr məsafədə bərbərxanaya məxsus qadın dəsmalları qurudulub, asılırdı. Orada torpağın sənədi olmasa da, birbaşa obyektin qarşısıdır. Həmin yeri zəbt edib tikinti tikilib. Cavabdeh oranı satmaqla gəlir əldə edib və iki əsasla digər payçıların hüquqlarını pozub: 1. Havalandırma – atmosfer havasının qarşısı alınıb; 2. Şəhərsalma və tikinti qaydalarının 5 maddəsi kobud şəkildə pozulub. Havanın, günəş işiğının daxil olması mümkün olmadığı, şəhərsalma və tikinti qaydalarının 72-ci maddəsi kobud şəkildə pozulduğu üçün onlar həmin tikilinin sökülməsini və ya hüquqlarının bərpa edilməsi üçün 20 sm geri çəkilməsini tələb edir. Həmçinin onlar sorğu verərək həmin yerin kimə məxsus olmasını müəyyənləşdirə bilməmişdir. Həmin yeri gələcəkdə satmaq niyyətləri olsa, oranı heç kəs almayacaq. Cavabdeh oranı tikib satıb, onlar da MAPS şöbəsindən alan şəxsin şəxsiyyətinin müəyyən edə bilməmiş və əsl cavabdeh qismində cəlb edə bilmədikləri üçün cavabdeh qismində Cavabdeh qoymuşlar. Oranı qanunsuz tikdikləri üçün İcra hakimiyyəti kimə aid olduğunu deyə bilmir, qəsəbə nümayəndəliyi üzrə ərazi dairəsində evin qeydiyyatının, kommunal ödənişinin olmadığını bildirirlər. Ancaq ya Rəşidə xanım özü icazə verib tikili tikilib satılıb, ya da tikilini cavabdeh özü tikib. 15 il cavabdehin istifadəsində olması və heç kimin oraya yaxınlaşmaması, onun istifadəsində olan dövrdə bu hadisənin baş verməsi mübahisəsiz haldır. Buna görə də qeyd olunanların nəzərə alınaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etdi.

8. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirdi ki, həmin torpaq sahəsi onun deyil, o, salonu özəlləşdirmişdir, torpaq sahəsini özəlləşdirməmişdir. Torpağa görə illik bələdiyyəyə ödəniş edir. Torpaq sahəsi özəlləşməyibsə, salonun alt hissəsindəki küçə necə ona məxsus ola bilər?! Bu torpaq sahəsində ona aid nəsə yoxdur. Həmin tikilinin sökülüb-sökülməməsi ona maraqlı deyil, kim tikibsə, o da söksün. Bu iddia tələbinin ona aid heç bir hissəsi yoxdur. Buna görə də qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş etdi.

Tətbiq edilən hüquq

9. Azərbaycan Respublikası Mülki Məcəlləsi

Maddə 213. Ümumi mülkiyyət anlayışı və onun əmələ gəlməsi əsasları 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.3. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. 213.4. Ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Bölünən əşyaya ümumi mülkiyyət bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş hallarda yaranır. 213.6. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. Maddə 215. Paylı mülkiyyətdə olan əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam verilməsi 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. 215.4. Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Əgər ümumi mülkiyyətdəki paylar üzrə ipotekalar və ya torpaq sahələrinə yüklülüklər varsa, daha iştirakçılar əşyanın özünü həmin hüquqlarla yüklü edə bilməzlər.

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 54. Əsl olmayan tərəfin əvəz edilməsi 54.1. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. 54.2. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

11. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Mahmudov Rusiyaya qarşı iş üzrə» 26 iyul 2007-ci il tarixli Qərarı

Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68).

12. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarı Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).

13. N.Hacıyevin şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 2020-ci il 14 iyul tarixli Qərarı

Sübutların düzgün qiymətləndirilməsi qanuni və əsaslı qətnamə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır. Belə ki, məhkəmə qərarının əsaslı olması üçün o, məhkəmə iclasında mülki prosessual qanunvericiliyin prinsiplərinə və qaydalarına uyğun şəkildə hərtərəfli və tam araşdırılmış, iş üçün önəmli olan hallara əsaslanmalıdır. Bu səbəbdən məhkəmə qərarlarında sübutların qiymətləndirilməsinin nəticələri ətraflı və aydın şəkildə öz əksini tapmalı, sübutların qəbul edilməsinin və ya rədd olunmasının, hər hansı sübuta münasibətdə digər sübuta üstünlük verilməsinin səbəbləri və əsasları göstərilməli, yəni gəlinən nəticə və qənaət kifayət qədər əsaslandırılmalıdır.

Məhkəmənin mövqeyi

14. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi rədd edilməlidir.

15. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Bakı şəhəri, Suraxanı qəsəbəsi, 4-cü Mədən küçəsi 29 №-li qadın bərbərxanası üzərində Cavabdeh, X8, X2, X10, X1 və Ruxsarə Şahbazovanın sahiblik hüquqları təsdiq edilmiş, məhkəmə qətnamələri əsasında X2, X8, X1, X10 və X3 digər mülkiyyətçilərlə birlikdə 10.739.000 manat dəyərində payın eyni ilə bərabər paylar kimi tanınması, özəlləşdirilmiş obyektin ümumi sahəsinin 39,9 kv.m olmaqla 7 nəfər mülkiyyətçi arasında müvafiq təsərrüfat təyinatına zərər yetirmədən hər bir mülkiyyətçi 5,2 kv.m sahəyə pay sahibləri tanınmaları ilə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmalarının təmin edilməsi, həmçinin, Bakı şəhəri, Suraxanı qəsəbəsi, 4-cü Mədən küçəsi 29 №-li "Naidə" qadın bərbərxanası özəlləşdirilmə nəticəsində onun mülkiyyətçiləri olmuş əmək kollektivi üzvlərinin - Cavabdeh 48.91 %, X12 8,515 %, X5 8,515 %, X15 8,515 %, X4 8,515 %, X6 8,515%, X7 8,515% paylan müəyyən edilmiş, həmin bərbərxananın əmlakı əsasında yaradılan "Naidə" firmasının təsis müqaviləsi və təsis nizamnaməsi təsdiq olunması qət edilmişdir.

16. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının sökülməsini tələb etdiyi tikilinin ümumiyyətlə cavabdehə aidiyyəti yoxdur. Belə ki, iddiaçı və cavabdehin məhkəmə iclasında verdiyi izahatından, həmçinin sənədlərdən məlum oldu ki, tikilinin yerləşdiyi torpaq sahəsi cavabdeh tərəfindən özəlləşdirilməyib və həmin tikili cavabdehin sahiblik, istifadə və sərəncamında deyil. Bu səbəbdən hazırki tikilinin sökülməsinin tələb edildiyi şəxs, yəni hazırkı iddiaya cavab verməli olan şəxs iş üzrə cavabdeh olan Məmmədova Rəşı̇ də Sərxan qızı deyil. Məhkəmə tərəfindən cavabdehin əsl cavabdehlə əvəz olunması barədə iddiaçının vəkili və nümayəndəsinə təklif edilmiş, o, isə əsl cavabdehin kim olmasını müəyyən edə bilmədiyini bildirmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir.

Məhkəmə xərcləri

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

18. Məhkəmə qeyd edir ki, iddia rədd edildiyi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmənin gəldiyi nəticə

19. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı Aslanova Tahı̇ rə Balahüseyn qızının cavabdeh Məmmədova Rəşı̇ də Sərxan qızına qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddiası rədd edilməlidir.

20. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi :

İddia rədd edilsin. İddia rədd edildiyi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar