Məhkəmə qərarları › İş №2(010)-2120/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2120/2025

22.04.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2120/2025 22.04.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon Məhkəməsinin hakimi Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, Quliyeva Leyla Məmməd qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək, X3 tərəfindən **********00010 saylı abonent X2 qanunsuz hesablanmış 780 manat məbləğində pulun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Bakı şəhəri, Suraxanı rayonu, Z.Əliyev küçəsində 22 saylı evdə yaşayıram. Qeyd edilən yaşayış evinə cavabdeh X3 tərəfindən quraşdırılmış G-4 markalı **********4 nömrəli, mexanik tipli qaz sayğacı növbəti dövlət yoxlamasına göndərilmək üçün sonradan ödənişli yeni smart tipli qaz sayğacı ilə əvəz olunmuşdur. Qeyd edilir ki, o, hər ay mütəmadi olaraq işlətdikləri qazın dəyərini ödəmiş və cavabdehə bununla əlaqədar heç bir məbləğdə borcu qalmamışdır. X1 əməkdaşları tərəfindən əvvəllər quraşdırılmış G-4 markalı **********4 nömrəli, mexanik tipli qaz sayğacın qaz sərfiyyatının çox olduğunu görüb bu barədə X1 əməkdaşlarına xəbər verdi. X1 əməkdaşları sayğacın zədələndiyini və sayğacda nasazlıq aşkarlandığını iddia edərək ona 780 manat məbləğində cərimə borcu hesablamışdır. Baxmayaraq ki, qaz sayğacına iddiaçı tərəfindən heç bir müdaxilə edilməmişdir. İstifadə etdiyi qazın həcmindən görünür ki, o, elə də böyük həcmdə qaz işlətmir və belə olan təqdirdə onun sayğaca müdaxilə etməyinə əsas yoxdur. Nəzərə alınsa ki, qaz sayğacı evdən çöldə hamının keçə biləcəyi yerdə yerləşir, belə olan təqdirdə sayğaca qərəzli şəkildə müdaxilə edilə bilərlər. Sayğac çöldə olduğundan 7/24 o sayğaca nəzarət edə bilməz. Qeyd edir ki, vətəndaşların qazla təmin edilməsi, sayğacın qorunması X1 öhdəsinə düşür və onun səlahiyyətindədir. Bildirmək istəyir ki, Azəriqaz tərəfindən ondan əsassız olaraq pul tələb etməsi onu məhkəməyə müraciət etməyə vadar etmişdir. Cavabdehin etirazı ərizəsi. Cavabdehin nümayəndəsi X4 xx.xx.2025-ci il tarixdə məhkəməyə etiraz ərizəsi ünvanlayaraq, iddiaçıya hesablanmış faktiki istehlak etdiyi və müqavilə üzrə dəyərini ödəmək vəzifəsi daşıdığı qaz sərfiyyatına görə hesablanmış qaz borcunun silinməsinin heç bir faktiki və hüquqi əsası olmadığından iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatları. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək bildirmişdir ki, onların borcu yoxdur. Hər ay onlara qəbz gəlirdi. Bildirir ki, borc olduğu halda onlara xəbərdarlıq edilməli idi. Onlar işdə olanda özləri gəlib sayğacı dəyişiblər. Yoldaşı sayğaca pul vuranda məbləğdən çıxdığını gördü. İdarəyə zəng etdilər, borcun olduğunu dedilər, guya sayğaca müdaxilə edilmişdir. Lakin sayğaca müdaxilə edilməmişdirlər. Qeyd edir ki, sayğac çöldədir. İddianın təmin olunmasını xahiş edir. Cavabdeh nümayəndəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. İş materialları. Bakı Regional Qazın Satışı Departamenti tərəfindən İddiaçı göndərilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, ona Cavabdeh İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən xx.xx.2023-cü il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında" tərtib edilmiş akta əsasən, qaz sayğacının zədələnməsi nəticəsində 6480 m3 itirilmiş təbii qazın həcminin müəyyənləşdirilmiş olduğu bildirilmişdir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı xx.xx.2023-cü il tarixli aktdan görünür ki, **********00010 kodlu abonent İddiaçı ünvan 1 ünvanında yerləşən sayğaca baxış keçirilmiş, sayğacın hesablama mexanizminin qoruyucu qapağının gövdədən tamamilə aralandığı, sayğacın istismara yararsız olduğu qeyd edilmişdir. Dəymiş ziyanın ödənilməsi tələb olunur. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh X7 sayğacının yoxlanılması barədə xx.xx.2023-cü il tarixli 14-2-2/3-5-9879/Q002 nömrəli aktdan görünür ki, əhali sektorunda istismarda olan BRQS Departamentindən Azərbaycan Metrologiya İnstitutuna gətirilmiş **********4 nömrəli sayğaca baxış keçirildi, sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinə vurulan zavod plastmas plomblardan biri üzərində aşkar olunmadı, sayğacın hesablama mexanizminin qoruyucu qapağı gövdədən tamamilə aralanıb. Qaz keçir, hesablama mexanizmi açıq vəziyyətdədir, sərfi qeydə almır. Sayğac istismara yararsızdır. **********00200 kodlu xx.xx.2023-cü il tarixli abonentin saldosundan görünür ki, İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən 1 saylı mənzilə xx.xx.2023-cü il tarixdə sayğac quraşdırılmış, həmin abonentə 2021-ci ildə avqust-dekabr ayları daxil olmaqla, 938 m3 sərfiyyata görə “qalıq və aktlar” adlı sütunda 0.00 manat məbləği, 2022-ci ildə yanvar-dekabr ayları daxil olmaqla, 1964 m3 sərfiyyata görə “qalıq və aktlar” adlı sütunda 20.60 manat, 2023cü ildə yanvar-sentyabr ayları daxil olmaqla, 689 m3 sərfiyyata görə “qalıq və aktlar” adlı sütunda 0.00 manat məbləği göstərilmişdir. Cihazlar: 4 gözlü qaz plitələri, samovar, qızdırıcı radiator peçi, kərpic plitə. “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” haqqında xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, istehlakçı İddiaçı yaşadığı ünvanında zenner tipli G-4 markalı **********4 nömrəli qaz sayğacı çıxarılmış və zenner tipli digər sayğac quraşdırılmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, istehlakçı İddiaçı mövcud sayğacın yenisi ilə əvəz olunması, itirilmiş qazın bərpası üçün hesabatın aparılması və hesablanmış məbləğin ödənilməsi tələb edilmişdir. Dəymiş ziyan həcminin hesablanması: G-4 markalı qaz sayğacının maksimal qaz sərfi 6 m3/saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılsın və hesablanmış məbləğ ödənilsin. 6 x 12 x 90 = 6480 m3 Cəmi: 6480 m3. **********00200 kodlu xx.xx.2025-ci il tarixli abonentin saldosundan görünür ki, İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən 1 saylı mənzilə xx.xx.2023-cü il tarixdə sayğac quraşdırılmış, həmin abonentə 2025-ci ildə yanvar-mart ayları daxil olmaqla, 777.60 manat məbləğində borc (dəymiş ziyanın bərpasına dair tələbnamədə aparılmış hesablamaya əsasən 6480 m3 sərfiyyata görə) hesablanmışdır. Cihazlar: 4 gözlü qaz plitələri, samovar, qızdırıcı radiator peçi, kərpic plitə. Tətbiq edilən hüquq. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 3. İstehlakçıların hüquqları. Azərbaycan Respublikası ərazisində istehlakçılar aşağıdakı hüquqlara malikdir: ... öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə. Maddə 26. İstehlakçıların hüquqlarının məhkəmə müdafiəsi. İstehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırdıqları iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu. Maddə 3. Ümumi tələblər ...7. İstehlakçılar qaz qurğularının bu Qanuna müvafiq olaraq istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyırlar.... Maddə 6-2. Müayinə

1. Qaz paylayıcısının işçiləri istehlakçıya 5 (beş) iş günü əvvəl sifarişli poçt göndərişi və ya istehlakçının əvvəlcədən razılığı ilə elektron poçt və ya digər elektron kommunikasiya vasitələri ilə bildiriş təqdim etməklə (göndərməklə), bu Qanunun 6-2-ci maddəsinin 3-cü hissəsində nəzərdə tutulan hallar istisna olmaqla, ildə bir dəfə (hər il noyabrın 1-dək) müayinə keçirilməsini təmin etməli, nəticəsi barədə müvafiq icra hakimiyyəti оrqаnının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi formada 2 (iki) nüsxədə müayinə aktını istehlakçının (və ya onun səlahiyyətli nümayəndəsinin, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinin) iştirakı ilə tərtib etməli və aktın bir nüsxəsini istehlakçıya (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud eyni ünvanda yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə) təqdim etməlidir. Müayinə zamanı nöqsan və (və ya) pozuntular aşkar edildikdə müayinə aktında texniki xidmətin qaz paylayıcısı, ixtisaslaşmış podratçı və ya məişət abonenti olmayan istehlakçının müvafiq ixtisaslı işçi heyəti tərəfindən bir aydan çox olmayan müddətdə həyata keçirilməsi barədə istehlakçının seçimi qeyd edilməlidir. Müayinə zamanı sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş tədbirlər görülür. Qaz paylayıcısı tərəfindən müayinənin keçirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

2. Qaz paylayıcısı tərəfindən müayinə ödənişsiz həyata keçirilir.

3. İstehlakçı tərəfindən qaz qurğuları, qaz xətləri və tüstü bacalarında, habelə havalandırma və havadəyişmə xətlərində nöqsan və (və ya) pozuntular aşkar edildikdə istehlakçının müraciəti əsasında təkrar müayinə qaz paylayıcısı tərəfindən 3 (üç) iş günündən gec olmayaraq aparılmalıdır. İstehlakçı təkrar müayinə üçün il ərzində 1 (bir) dəfədən çox müraciət edərsə növbəti müayinə ödənişli keçirilir. Ödənişin məbləği qaz paylayıcısı ilə istehlakçı arasında bağlanmış müqavilə ilə müəyyən edilir. Müayinə nəticəsində texniki xidmətin göstərilməsi zərurəti yarandıqda, bu Qanunun 6-3-cü maddəsi ilə müəyyən edilmiş tədbirlər görülməlidir.

4. Tüstü bacalarının istismarında təhlükəsizlik texnikası qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Maddə 13. Qazın pаylаnmаsı, satılması və qazın verilməsinin dayandırılması. ...8. Bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir)..... 8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”.

4. Qaz sayğaclarının quraşdırılması və istismarı. 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 112. İddianın qiyməti 112.1. İddianın qiyməti aşağıdakı qaydada müəyyən edilir:...112.1.1. pul vəsaiti alınması haqqındakı iddialarda—alınan məbləğlə;... Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.... Maddə 124. İşə baxılarkən məhkəmənin çəkdiyi xərclərin ödənilməsi 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır... “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.2. iddia qiyməti 1.000 manatadək olduqda - 30 manat. Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri. 9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.5. istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar. Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının 16 oktyabr 2021-ci il 13 saylı Qərarı. Təbii qazın olkə daxili tarifləri - Tariflər (ƏDV ilə, manat/min m3) 6.1. Əhali 6.1.1. illik istehlak həcminin 1200 m3 -dək (1200 m3 daxil) olan hissəsi üçün 120,0 6.1.2. illik istehlak həcminin 1200 - 2500 m3 olan hissəsi üçün 200,0 6.1.3. illik istehlak həcminin 2500 m3 -dən çox olan hissəsi üçün 250,0 Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İşin məhkəmə tərəfindən araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçının yaşadığı ünvanda qaz sayğacı dəyişdirilərək, dövlət yoxlanmasından keçirilməsi üçün göndərilmiş, yerinə yeni sayğac quraşdırılmışdır. Çıxarılmış sayğaca laboratoriya öz rəyini verərək, sayğaca baxış keçirildiyi, sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinə vurulan zavod plastmas plomblardan biri üzərində aşkar olunmadığı, sayğacın hesablama mexanizminin qoruyucu qapağının gövdədən tamamilə aralandığı, qaz keçdiyi, hesablama mexanizminin açıq vəziyyətdə olduğu, sərfi qeydə almadığı, sayğacın istismara yararsız olduğu qeyd edilmişdir. Cavabdeh təşkilat yuxarıda qeyd edilmiş yoxlamanın nəticəsi olaraq 6480 m3 x 0.12 =777.6 manat həcmində məbləği iddiaçının abonent hesabına hesablamışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırki iş üzrə tərtib edilmiş aktın qəbul edilməsi üçün əsas olmuş halları, aktın və hesablanmış borcun doğruluğunu sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşdüyündən və həmin aktın qəbul edilməsi üçün əsas olmuş hallar, eləcə də həmin halların mövcudluğu cavabdeh tərəfindən sübuta yetirilmədiyindən həmin akt üzrə göstərilmiş həcmdə hesablanmış zərər istehlakçı tərəfindən ödənilməməlidir. Qaz sayğacında nöqsanların olduğu müəyyən edilsə də, bunun sayğacdan keçən qazın sərfiyatının düzgün aparılıb-aparılmaması ilə hər hansı əlaqəsinin olması cavabdeh tərəfindən sübut edilməmişdir. Həmçinin, tələb olunan borcun real, həqiqətən sərf olunmuş qaza görə hesablanmış borc olduğu sübuta yetirilməlidir və bu halda da sübutetmə yükü təchizatçının üzərinə düşür. Məhz cavabdeh, hesablanmış borcun həqiqətən sərf olunmuş qaza görə hesablanmış borc olduğunu sübuta yetirməlidir. Məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixdə tərtib olunmuş akta görə hesablayıb tələb etdiyi məbləğ baxımından cavabdeh bunu sübut edə bilməmişdir. Həmin akt iddiaçının və mübahisədə marağı olmayan şəxslərin iştirakı olmadan tərtib olunduğundan, mötəbər sayıla və ona əsasən hesablanmış borc məbləği qanuni hesab edilə bilməz. Eyni zamanda, iddiaçının (istehlakçının) ünvanına quraşdırılmış sayğacda yaranmış qüsurların onun təqsiri nəticəsində baş verməsi müəyyən edilmədiyindən, cavabdeh təşkilat tərəfindən tərtib edilmiş akt üzrə hesablanmış zərəri də istehlakçı tərəfindən ödənilməməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı ona qanunsuz hesablanmış 780 manat məbləğində pulun silinməsini tələb etsə də, iş materiallarına nəzər saldıqda məlum olur ki, cavabdeh tərəfindən hesabat G-4 markalı qaz sayğacının maksimal qaz sərfi 6 m3/saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə aparılmış (cəmi: 6480 m3), hesablanmış məbləğin (6480 m3 x 0.12 = 777.6) ödənilməsi tələb olunmuşdur. Belə olan halda, qanunsuz hesablanmış 777.6 manat məbləğində borcun silinməsi məqsədəuyğundur. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh tərəfindən İddiaçı (Abonent kodu **********00010) təbii qaza görə əsassız hesablanmış 777.6 manat məbləğində borc silinməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 357, 358, 360 və 362-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı (abonent kodu **********00010) təbii qaza görə əsassız hesablanmış 777.6 manat məbləğində borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Firuzə Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar