Məhkəmə qərarları › İş №2(010)-2147/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2147/2021

23.04.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2147/2021 23.04.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məhərrəmov Orxan Kazım oğlunun katibliyi, İddiaçı, Cavabdeh “xxxx” ASC-nin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı aktın ləğv edilməsi və əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı aktın ləğv edilməsi və borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxx” ASC tərəfindən tərtib olunmuş xx xxx 2020-ci il tarixli aktın ləğv edilməsi və hesablanmış 334 manat əsassız borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən evinin elektrik enerjisindən istifadəsinə görə ödəniş etmək istəyərkən, sistemdə cavabdeh Suraxanı Rayon Enerji Təchizatı və Satışı İdarəsi tərəfindən 334 (üç yüz otuz dört) manat sayğaca yazılan akta görə cərimə edildiyi məlum olmuşdur. Səbəbinin nə ilə əlaqədar olduğunu öyrənmək məqsədilə Suraxanı Rayon Enerji Təchizatı və Satışı İdarəsinə müraciət etdikdə, oradan iddiaçıya guya sayğacdan kənar xəttdən istifadə etdiyi üçün belə bir aktın tərtib olunduğu bildirilmişdir. Onun iştrakı olmadan xx xxx 2020-ci tarixdə tərtib edilmiş bu akt barədə iddiaçıya 2021-ci ilin əvvəlinə qədər heç bir bildiriş və məlumat verilməmişdir. Cavabdehə əlavə heç bir xətdən istifadə etmədiyi və bunun tamamilə əsassız və qanunazidd olduğunu bildirsə də, müraciəti cavabsız qalmışdır. ünvan 1 ünvanında yerləşən evinin elektrik enerjisindən istifadəyə görə bütün ödənişləri tam və vaxtında ödəmişdir. Cavabdeh hər vəcdlə əsassız olaraq etmədiyi xətaya görə iddiaçıya cərimə tətbiq etmək istəyir. xx xxx 2020-ci tarixdə tərtib edilmiş akt əsasında guya sayğacdan kənar xəttdən istifadə etdiyi üçün hesablanmış 334 (üç yüz otuz dört) azn ödənişin qanunsuz və əsassız olduğu səbəbi ilə ləğv edilməlidir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsində qeyd edilənlərə uyğun izahat verib, əlavə olaraq ona hesablanmış borcun 334 manat olduğunu bildirdi və məhkəmədən borcunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh “xxxx” ASC-nin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək göstərdi ki, cavabdeh təşkilatın nümayəndələri tərəfindən ünvan üzrə baxış keçirilib və qeyd edilən qanunsuzluğun olduğunun müəyyən edilib. Bu səbəbdən müvafiq akt tərtib edilmiş və borc hesablanmışdır. Aktın tərtibinə səbəb olan hadisə barədə əlavə sübutları olmasa da, hesab edir ki, bir halda ki akt tərtib edilib, deməli qanunsuz qoşulma faktı mövcud olmuşdur. Məhkəmə iddiaçını və cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 185843 nömrəli aktın surətindən görünür ki, cavabdeh “xxxx” ASC-nin əməkdaşları X.Haşumov, F.Rəhimov və F.Beybutov xx.xx.2020ci il tarixdə istehlakçı İddiaçı məxsus (abonent kodu: **********20001) fərdi yaşayış evində olan elektrik sayğacının yoxlaması zamanı fərdi yaşayış evinin elektrik sayğacdan kənar xəttdən istifadə edilməsi müəyyən olunmuşdur. Həmin akt “xxxx” ASC-nin yuxarıda adları çəkilən əməkdaşları tərəfindən imzalanmış, İddiaçı aktın tərtib edilməsi zamanı iştirak etmədiyi göstərilmişdir. İşdə olan xx.xx.2020-ci il tarixli aktdan görünür ki, **********20001 saylı abonent İddiaçı məxsus fərdi yaşayış evində olan sayğaca olan kənar xəttin ləğv edilməsi qərara alınmışdır. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilən halları ondan ibarətdir ki, cavabdeh təşkilat iddiaçının elektrik enerjisinə qanunsuz qoşulması faktına görə akt tərtib etmiş, iddiaçı isə bu aktla razılaşmır. İddiaçının dəlili ondan ibarətdir ki, o sayğacan kənar hər hansı xətt çəkməmiş, eləcə də akt tərtib edilən zaman da o iştirak etməmişdir. Cavabdeh tərəfin etirazı ondan ibarətdir ki, qanunsuz qoşulma halı olmasaydı akt da tərtib edilməzdi. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 18 saylı xx.xx.2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”nın 8.32-ci bəndinə əsasən, məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən göstərilən pozuntulara yol verildikdə, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aşağıdakı kimi aparılır: - Məişət abonentində şəbəkəyə bilavasitə qoşulan elektrik sayğacı quraşdırıldıqda, sayğacın nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır; - Məişət abonentində ölçü transformatoru vasitəsilə elektrik sayğacı quraşdırıldıqda, cərəyan transformatorunun yüksək tərəfindəki nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır. Məişət abonenti hesablaşma elektrik sayğacından kənar elektrik xətti çəkmişdirsə, yaxud elektrik sayğacının göstərişini təhrif etmək üçün qurğu quraşdırmışdırsa, həmçinin mənzildə quraşdırılmış hesablaşma elektrik sayğacını zədələyərək onu sıradan çıxarmışdırsa və ya sayğacı sxemdən çıxarmışdırsa, enerji təchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisinə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti tərəfindən göstərilən pozuntulara yol verildikdə, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma məişət abonentini qidalandıran elektrik naqilinin cərəyan yükünü, gərginlik və sutkanın 24 saatıərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır. Həmin Qaydaların 8.33-cü bəndinə görə isə məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Göründüyü kimi, “Elektrik enerjisindən istifadə qaydaları”nın tələbinə görə elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Lakin hazırki iş üzrə tərtib edilmiş 185843 saylı, xx.xx.2020-ci il tarixli aktdan görünür ki, aktın tərtib edilməsində iddiaçının – abonentin iştirakı təmin edilməmiş, akt yalnız cavabdeh təşkilatın əməkdaşları tərəfindən tərtib edilmiş və imzalanmışdır. Bu isə həmin aktın mötəbərliyini şübhə altına alır. Çünki, akt müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydalar əsasında tərtib edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, elektrik enerjisindən istifadədə pozuntu barədə aktın tərtib edilməsində hal şahidlərinin və iddiaçının iştirakı təmin edilmədiyindən, 185843 saylı, xx.xx.2020-ci il tarixli akt ləğv edilməli və akt əsasında hesablanmış 334 manat məbləğində borc iddiaçının abonent hesabından silinməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin müvafiq maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia təmin edilsin. ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi üzrə cavabdeh "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli R № 185843 saylı akt ləğv edilsin. İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində quraşdırılmış sayğac üzrə hesablanmış 334 manat məbləğində borc silinsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar