Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2173/2022 05.12.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçı etibarnamə üzrə nümayəndəsi X1, Cavabdeh etibarnamə üzrə nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "özbaşına və qanunsuz tikilmiş hasarın sökülməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi Cavabdeh özbaşına və qanunsuz tikdirdiyi hasarın sökülməsi və çəkilmiş məhkəmə xərclərinin cavabdehdən alınması. İddia tələbinin dəlilləri xx.xx.2016-cı il tarixdə Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi mədən küçəsi 40Bdə yerləşən vətəndaş X5 ümumi sahəsi 0.04 ha torpağı 19 (on doqquz) min manata ortancıl oğlu X4 üçün ev tikmək məqsədi ilə almışdır. Sənədlərini lazımi qaydaya saldıqdan sonra evin tikintisinə başlamışdır. Belə ki, fəhlə adam olduğu üçün imkanı çox da güclü olmadığından evin tikintisi yavaş-yavaş gedirdi. Torpağı alarkən torpaq sahibi torpağın ümumi görünüşünü və evinə gedən yolun bütün xüsusiyyətlərini ona göstərmişdir. Evi dalanda yerləşdiyi üçün evinə gedən yolun uzunluğu 21 metr eni, isə 5.54 metrdir. Bu göstəricilər torpağın kadastr xidmətində öz əksini tapmışdır. Bu yoldan başqa evinə gedibgələcək başqa yol yoxdur. Təqribən 2017-ci ildə evin sahibi X11 ona zəng edərək bildirmiş ki, yaxınlaşsın ora, öz evini satır, məsləhətləşmə aparsınlar. O və oğlu Elgün Suraxanıya gedərək yeni qonşu ilə tanış olmuşlar. Orada evin keçmiş sahibi yeni sahibinə evin darvazasının harada olduğunu göstərmiş və qətiyyətlə bildirmiş ki, onun evinə gələn yola girmək və hasar çəkdirmək olmaz. Çünki onun o yoldan başqa evinə gedəcək heç bir yolu yoxdur. Yeni ev sahibi Xələfli Firuz bu mühitlə razılaşaraq evi almağa razılaşmışdır. İyun 2021-ci il tarixində ev sahibinin həyat yoldaşı Xələfli Firuz ona zəng edərək bildirmiş ki, o iddiaçının evinə gedən yola hasar çəkmək istəyir. O oğlu ilə təcili ora gedərək onun haradan hasar çəkmək istədiyini bildikdən sonra qəti etirazını bildirmişdir. Məsələ ondadır ki, Xələfli Firuz hasarı qanunsuz olaraq onun evinə gediş-gəliş yolunu daraldaraq çəkmək fikrində imiş. Belə olan halda o, evinə tikinti üçün lazım olan materialları heç cürə gətirə bilməyəcəkdir. Bundan başqa fövqəladə hal baş verərsə, heç bir yanğın söndürən və təcili tibbi yardım maşınları onun həyətinə gələ bilməyəcək. Bütün bu halları o, Xələfli Firuzun diqqətinə çatdırmışdır. O, iddiaçıya bildirmişdir ki, narahat olmasın yolu yerində qalacaqdır. İddiaçı ona inanmışdır. Noyabr ayında evin tikintisi üçün lazım olan materialları apardıqda məlum olmuşdur ki, vətəndaş Xələfli Firuz qanunsuz olaraq 2.80 m evindən onun yolunu kəsərək qapı qoyub hasar çəkdirmişdir. Bununla da o iddiaçının hüquqlarını kobud şəkildə pozmuş və o, evinə giriş-çıxış üçün heç bir şərait qoymamışdır. O, Xələfli Firuza və ona evi satış X6 bələdiyyənin sədri şərait qoymamışdır. İddiaçı Xələfli Firuzu və ona evi satmış X7, bələdiyyənin sədri Quliyev Fikrəti çağırıb bu faktı onlara göstərib narazılığını bildirmişdir. Evin keçmiş sahibi X13 Firuza bildirmiş ki, bu tikili özbaşına və qanunsuz tikilib. Lakin o bütün bunlara məhəl qoymamış və demiş ki, əcəb etmişdir. Getsin, məhkəməyə müraciət etsin. Bələdiyyənin sədri Quliyev Fikrətdən bu qanunsuz tikiliyə nə üçün göz yummasının səbəbini soruşduqda o, iddiaçıya heç bir cavab verməmişdir. Tərəflərin izahatları İddiaçı etibarnamə üzrə nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, izahatında göstərdi ki, o, 2015-ci ildə torpağı alanda razılaşmışlar ki, ona yol veriləcək. Faktiki yolun eni 2.80 m2 yox, 2.50 m2-dir. O, avtomobili ilə yükü evə apara bilmir. Cavabdeh ona evinə giriş-çıxış üçün heç bir şərait qoymamışdır. İş üzrə verilmiş ekspert rəyi ilə razı deyil. Giriş 2.80 m2 yazılıb. O qədər deyil, əslində daha azdır. Ekspertiza rəyində qeyd edilən beton maneə cavabdehin hasarından əvvəl tikilmişdir. O, torpağı alanda artıq həmin beton çıxıntı mövcud idi. Ona görə də o, maneənin aradan qaldırılmasını həmin qonşudan deyil, cavabdehdən tələb edir. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh etibarnamə üzrə nümayəndəsi X8 iddianı qəbul etməyərək izahatında göstərdi ki, o, yol vermişdir. Yolun eni beton hasar olmazsa, 2.80 m2-dir. Beton var deyə 2.20 m2 qalıb. Beton maneə qonşunun hasarına aiddir. İş üzrə verilmiş rəylə razıdır. Düzgün verilmişdir. O hasarı öz mülkiyyətində olan torpaq sahəsi çərçivəsində çəkmişdir. Odur ki, məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. İşin materialları Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* saylı çıxarışdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Mədən küçəsi, 40B saylı sahədə yerləşən 0.04 ha torpaq sahəsi İddiaçı adına xüsusi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində 620 nömrəli reyestr kitabının 58702 nömrəli vərəqində qeydiyyata alınmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Mədən küçəsi, 40A (Yeni qaydalarla - ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi Cavabdeh xüsusi tam mülkiyyətindədir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında Məhkəmə Ekspertiza Mərkəzinin 10/3791 saylı 30 sentyabr 2022-ci il tarixli rəyindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin Yerquruluşunun təşkili şöbəsinin mütəxəssisi Elgün Nəsirovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən Cavabdeh mülkiyyətində olan Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Mədən küçəsi 40A saylı torpaq sahəsinin falktiki ölçüləri ona verilmiş “Torpaq sahəsinin planı və ölçüsü” ilə uyğunluq təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında Məhkəmə Ekspertiza Mərkəzinin 10/3791 saylı 30 sentyabr 2022-ci il tarixli rəyindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin Yerquruluşunun təşkili şöbəsinin mütəxəssisi Elgün Nəsirovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən Cavabdeh mülkiyyətində olan Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Mədən küçəsi 40A saylı torpaq sahəsinə çəkdiyi daş hasar öz mülkiyyətində olan torpaq sahəsində yerləşir və faktiki vəziyyətdə İddiaçı mülkiyyətində olan 40B saylı torpaq sahəsinə eni 2.80-3.10 metr arasında dəyişən gediş-gəliş yolu (yolun əsas avtomobil yoluna çıxış hissəsində digər qonşunun hasarına bitişik beton maneə yerləşir) mövcuddur. İşin faktiki halları Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Mədən küçəsində yerləşən 40B saylı fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir. Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Mədən küçəsində yerləşən 40A saylı fərdi yaşayış evi Cavabdeh xüsusi mülkiyyətindədir. Hazırda iddiaçı tərəf cavabdehin Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Mədən küçəsində yerləşən 40A saylı fərdi yaşayış evinə çəkdiyi beton hasarın onun həyətinə gediş-gəlişinə, əsas avtomobil yoluna çıxışına maneə olduğunu iddia edir və cavabdehdən həmin hasarın sökülməsini tələb edir. Cavabdehin nümayəndəsi X8 iddia tələbi ilə razılaşmır və etirazını onunla əsaslandırır ki, fərdi yaşayış evinə hasar cavabdehin mülkiyyətində olan torpaq sahəsinin hədləri daxilində çəkilmişdir, iddiaçının isə öz mülkiyyətində olan yaşayış evinə gediş-gəliş yoluna maneəçilik yaradan başqa qonşunun hasarında olan beton çıxıntıdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası 13 Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29 Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 107 Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4 Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3 Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Odur ki, məhkəmə iddianın qanuni əsasının, yəni iddiaçının rəhbər tutduğu maddi-hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğuna hüquqi qiymət verməlidir.
Məhkəmənin mövqeyi Belə ki, işin araşdırılan hallarından mübahisəsiz qaydada müəyyən edilir ki, iddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Mədən küçəsində, 0,04 ha torpaq sahəsində yerləşən 40B saylı fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir. Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Mədən küçəsində, 0,0324 ha torpaq sahəsində yerləşən 40A saylı fərdi yaşayış evi Cavabdeh xüsusi mülkiyyətindədir. Cavabdeh xüsusi mülkiyyətində olan torpaq sahəsində inşa etdyi hasar iddiaçıya məxsus torpaq sahəsinə gediş-gəliş yolunun kənarında yerləşir. Hazırda İddiaçı ona məxsus olan torpaq sahəsinə avtomobillə giriş çıxışına məhdudiyyətlərin aradan qaldırılması üçün Cavabdeh inşa etdiyi tikintinin (hasarın) sökülməsini tələb edir. Cavabdeh tərəfin iddia tələbinə etirazının dəlili isə ondan ibarətdir ki, həmin tikinti (hasar) onun mülkiyyətində olan torpaq sahəsinin hədləri daxilində tikilmişdir. İş üzrə məhkəmə mühəndis-texniki ekspertizası keçirilmiş və xx.xx.2022-ci il tarixli rəylə müəyyən edilmişdir ki, Cavabdeh mülkiyyətində olan Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Mədən küçəsi 40A saylı torpaq sahəsinə çəkdiyi daş hasar öz mülkiyyətində olan torpaq sahəsində yerləşir və faktiki vəziyyətdə İddiaçı mülkiyyətində olan 40B saylı torpaq sahəsinə eni 2.80-3.10 metr arasında dəyişən gediş-gəliş yolu (yolun əsas avtomobil yoluna çıxış hissəsində digər qonşunun hasarına bitişik beton maneə yerləşir) mövcuddur. İşin mübahisəsiz hallarından, iş materiallarında olan sənədlərdən, keçirilmiş ekspertiza rəyindən, habelə yerində müayinə zamanı əldə edilmiş məlumatlardan bu nəticəyə gəlmək olur ki, iddiaçının hazırkı iddiası əsassız olmuşdur. Bu qənaətə gələrkən məhkəmə ona istinad edir ki, iddiaçının hazırkı iddia tələbinin qanuni əsasını təşkil edən Mülki Məcəllənin 157.4-cü maddəsinin dispozisiya şərtlərinə görə mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Başqa sözlə, iddianın bu əsasla uğurlu olması üçün mülkiyyətçinin öz mülkiyyətindən istifadəsinə cavabdeh tərəfindən maneələrin yaradılması müəyyən edilməlidir. Bu mənada, iddiaçının öz mülkiyyətindən istifadəsi də qanuni əsaslara söykənməlidir. Lakin, hazırkı işin araşdırılması zamanı iddiaçının iddia tələbinin əsasını təşkil edən faktiki halların bu maddənin dispozisiya şərtlərinə uyğun olmadığı müəyyən edilir. Belə ki, iddiaçı onun mülkiyyətində olan torpaq sahəsinə gediş-gəlişinin cavabdehin özbaşına tikdirdiyi hasara görə məhdudlaşdığını bildirsə də, məhkəmə araşdırması zamanı cavabdehin öz mülkiyyətində olan torpaq sahəsinin hədləri daxilində hasar çəkməsi, faktiki vəziyyətdə İddiaçı mülkiyyətində olan 40B saylı torpaq sahəsinə eni 2.80- 3.10 metr arasında dəyişən gediş-gəliş yolunun mövcud olması, yolun əsas avtomobil yoluna çıxış hissəsində digər qonşunun hasarına bitişik beton maneə yerləşməsi müəyyən edilmişdir. Məhkəmə qeyd ki, torpaq mülkiyyətçisi onun mülkiyyət hüququnu pozan və ya məhdudlaşdıran zəbt etmə halına qarşı məhkəmə müdafiəsindən isitifadə edə bilər. Bu hüquq mülkiyyətçinin birbaşa hüquq və mənafelərinin müdafiəsinə yönəlmiş Konstitutsion hüquqdur və həyata keçirilməsi üsulları maddi hüquq normalarında təsbit edilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, İddiaçı iddiasının əsaslı hesab edilməsi üçün iki şərtin mövcud olması vacibdir. Birinci - torpaq sahəsi maraqlı şəxsin mülkiyyətində və ya qanuni istifadəsində olmalı; ikinci - cavabdeh tərəfindən torpaq sahəsinin qanunsuz zəbt edilmə halı mövcud olmalıdır, hansı ki, bu zəbt edilmə halı iddiaçının qanuni mənafelərini pozur və ya məhdudlaşdırır. Hazırkı işdə birinci hal mövcuddur. Yəni, iddiaçının mülkiyyətində torpaq sahəsi var. Lakin, ikinci hal, cavabdeh tərəfindən torpaq sahəsinin qanunsuz zəbt edilməsi halı iş materialları ilə müəyyən edilməmişdir.
Məhkəmənin gəldiyi nəticə İddiaçı Cavabdeh qarşı "özbaşına və qanunsuz tikilmiş hasarın sökülməsi" tələbinə dair iddiası rədd edilməlidir. Məhkəmə xərcləri İş üzrə mütəxəssis rəyinin verilməsinə görə çəkilmiş xərc (95 (doxsan beş) manat) iddiaçıya aid edilməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində vəsait iddiaçıdan alınaraq Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə ödənilməlidir. İddia ərizəsinin verilməsi ilə bağlı dövlət rüsumuna görə çəkilmiş xərc iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ :
İddiaçı Cavabdeh qarşı "özbaşına və qanunsuz tikilmiş hasarın sökülməsi" tələbinə dair iddiası rədd olunsun. İş üzrə mütəxəssis rəyinin verilməsinə görə çəkilmiş xərc (95 (doxsan beş) manat) iddiaçıya aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində vəsait İddiaçı alınaraq Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə ödənilsin. İddia ərizəsinin verilməsi ilə bağlı dövlət rüsumuna görə çəkilmiş xərc iddiaçıya aid edilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Rübabə Qafarova