Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2199/2025 24.04.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon Məhkəməsinin hakimi Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, Quliyeva Leyla Məmməd qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək, yazılan borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə dəqiqləşmə ərizəsi ilə müraciət edərək, yazılan borcdan 1420 manat borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı təxminən 2017 ilin sonlarında qeydiyyatda olduğu ünvandakı mənzili alqı - satqı müqaviləsi ilə Xəzər İnşaat MMC- dən almışdır. Qaz, su, isıq sayğaclarını normal qaydasında təhvil-təslim edərək asan xidmətdə adına sənədləşdirmişdir. Təxminən 3 il sonra qaz idarəsi sayğacları bütün binada dəyişərək kartla işləyən sayğaca dəyişdilər. Bir müddət pandemiya ilə əlaqədar məktəblər bağlandı və onlar bağ evində qalmalı oldular. Arada gedib gəlirdilər. Sonradan qərarlaşdırdılar ki, daimi bağ evində qalsınlar. Qeydiyyatdaki yəni qazla bağlı söhbət gedən mənzildə tamamilə yaşayış olmadı. Bir gün qaz idarəsinin nümayəndəsi zəng edərək bildirdi ki, bütöv binada qaz sayğaclarının arasında 3 ədəd sayğac yararsız olub. Onlara bildirildi ki, 2 sayğac dəyişilib, yalnız onlarınki qalıb. O isə bildirdi ki, ünvanda yaşayış yoxdur və əlaqə saxladıqda dəyişilə bilər. Gah onlar gələndə işlə əlaqədar iddiaçı gələ bilmədi, gah da iddiaçı gələndə zəng etdi, onlar gələ bilmədi. Beləliklə bir ilə yaxın sayğac dəyişilmədən qaldı. Günlərin bir günü zəngləşib görüşdülər və sayğacı dəyişməklərinə görə akt tərtib edərək dəyişdilər. Bir neçə dəfə qaz kartına ödəniş edib sonradan gördü ki, karta az yüklənir və borca silinirmiş. Suraxanı rayon qaz idarəsinə gedərək məsələni bildirdi. Onlar da ona abonent saldosu təqdim edərək 1555 manat borc yazıblar. Sayğacı dəyişib onun iştirakı olmadan komisiyya təşkil edərək borc yazıblar. Orta sərfıyyat yazaraq. Halbuki mənzildə yaşayış yoxdur və sayğacları yararsız olub. Qeyd edir ki, cavabdehin öz günahıdır və o sayğaca müdaxilə etməmişdir ki, cərimə edilsin. Cavabdehin etirazı ərizəsi. Cavabdehin nümayəndəsi X2 xx.xx.2025-ci il tarixdə məhkəməyə etiraz ərizəsi ünvanlayaraq, iddiaçıya hesablanmış faktiki istehlak etdiyi və müqavilə üzrə dəyərini ödəmək vəzifəsi daşıdığı qaz sərfiyyatına görə hesablanmış qaz borcunun silinməsinin heç bir faktiki və hüquqi əsası olmadığından iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatları. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək bildirmişdir ki, ona əsassız borc yazıblar, onun silinməsini istəyirlər. Sayğac mənzilin eyvanında yerləşir, özləri sayğacı dəyişiblər. Hər kəsdə dəyişmişdilər, onlarda qalmışdı. Dedilər ki, anbarda nəmişlik olub, sayğaclar xarab olub. Ünvanda yaşayış olmadığına görə başqa vaxt gəlib dəyişmələrini istədi. Sonra gəlib dəyişdirdilər, akt tərtib olundu. Yaşayış olmayan evdir. Sənayə yeri deyil. Dəyişdiyinə görə akt imzaladılar. Müdaxilə olsaydı cərimə edərdilər, amma borc yazıblar. Qeyd edir ki, 2023-cü ildə borc yazıblar. Sayğaca pul yükləyəndə çıxırdı, narahat oldular, Suraxanı Rayon Qaz İdarəsinə getdilər, onlara borcları olduğunu dedilər. Cavabdeh nümayəndəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. İş materialları. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli Texniki Pasportdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli “D” y/s “ünvan 2 ünvanında yerləşən mənzilə İddiaçı hüququ sahibidir. xx.xx.2025-ci il tarixli **********21100 kodlu abonentin saldosundan görünür ki, İddiaçı məxsus ünvan 3 ünvanında yerləşən mənzilə xx.xx.2022-ci il tarixdə sayğac quraşdırılmış, həmin abonentə 2023-cü ildə 12960 m3 sərfiyyata görə “qalıq və aktlar” adlı sütunda 1555.20 manat məbləği göstərilmişdir. Cihazlar: 4 gözlü qaz plitələri. “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” haqqında xx.xx.2022-ci il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, istehlakçı İddiaçı yaşadığı ünvanında itron tipli S4 markalı 1402AZ**********20 nömrəli qaz sayğacı çıxarılmış və zenner tipli digər sayğac quraşdırılmışdır. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı xx.xx.2023-cü il tarixli aktdan görünür ki, **********21100 kodlu abonent İddiaçı ünvan 3 ünvanında yerləşən sayğaca baxış keçirilmiş, sayğacın çıxış plastmas borusunun deşildiyi, sayğacda istismar müddətində ALARM-1 rejiminin aşkar olunmadığı, sayğacın minimal sərfiyyatda nisbi xəta ilə işlədiyi, sayğacın istismara yararsız olduğu qeyd edilmişdir. Dəymiş ziyanın ödənilməsi tələb olunur. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh X4 sayğacının yoxlanılması barədə xx.xx.2022-ci il tarixli aktdan görünür ki, əhali sektorunda istismarda olan BRQS Departamentindən Azərbaycan Metrologiya İnstitutuna gətirilmiş 1402AZ**********20 nömrəli sayğaca baxış keçirildi, sayğacın çıxış plastmas borusunun deşildiyi, sayğacda istismar müddətində ALARM-1 rejiminin aşkar olunmadığı, sayğacın minimal sərfiyyatda nisbi xəta ilə işlədiyi, sayğacın istismara yararsız olduğu qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, istehlakçı İddiaçı mövcud sayğacın yenisi ilə əvəz olunması, itirilmiş qazın bərpası üçün hesabatın aparılması və hesablanmış məbləğin ödənilməsi tələb edilmişdir. Dəymiş ziyan həcminin hesablanması: Qaz sayğacının maksimal qaz sərfi 6 m3 orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılsın və hesablanmış məbləğ ödənilsin. 6 x 24 x 90 = 12960 m3 Cəmi: 12960 m3 İş materiallarında olan Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə xx.xx.2022-ci il tarixli Müqavilədən görünür ki, Paylayıcı (Cavabdeh) bu Müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq İstehlakçını (İddiaçı) keyfiyyətli qazla təmin edir, İstehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. xx.xx.2022-ci il tarixli Qaz paylacısı və istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədi barədə aktdan görünür ki, Cavabdeh Bakı Regional qazın Satışı Departamenti ilə istehlakçı İddiaçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədi qaz paylayıcı tərəfindən qazın istehlakçıya çatdırılma məntəqəsində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq quraşdırılmışdır. Tətbiq edilən hüquq. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 3. İstehlakçıların hüquqları. Azərbaycan Respublikası ərazisində istehlakçılar aşağıdakı hüquqlara malikdir: ... öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə. Maddə 26. İstehlakçıların hüquqlarının məhkəmə müdafiəsi. İstehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırdıqları iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu. Maddə 3. Ümumi tələblər ...7. İstehlakçılar qaz qurğularının bu Qanuna müvafiq olaraq istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyırlar.... Maddə 6-2. Müayinə
1. Qaz paylayıcısının işçiləri istehlakçıya 5 (beş) iş günü əvvəl sifarişli poçt göndərişi və ya istehlakçının əvvəlcədən razılığı ilə elektron poçt və ya digər elektron kommunikasiya vasitələri ilə bildiriş təqdim etməklə (göndərməklə), bu Qanunun 6-2-ci maddəsinin 3-cü hissəsində nəzərdə tutulan hallar istisna olmaqla, ildə bir dəfə (hər il noyabrın 1-dək) müayinə keçirilməsini təmin etməli, nəticəsi barədə müvafiq icra hakimiyyəti оrqаnının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi formada 2 (iki) nüsxədə müayinə aktını istehlakçının (və ya onun səlahiyyətli nümayəndəsinin, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinin) iştirakı ilə tərtib etməli və aktın bir nüsxəsini istehlakçıya (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud eyni ünvanda yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə) təqdim etməlidir. Müayinə zamanı nöqsan və (və ya) pozuntular aşkar edildikdə müayinə aktında texniki xidmətin qaz paylayıcısı, ixtisaslaşmış podratçı və ya məişət abonenti olmayan istehlakçının müvafiq ixtisaslı işçi heyəti tərəfindən bir aydan çox olmayan müddətdə həyata keçirilməsi barədə istehlakçının seçimi qeyd edilməlidir. Müayinə zamanı sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş tədbirlər görülür. Qaz paylayıcısı tərəfindən müayinənin keçirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
2. Qaz paylayıcısı tərəfindən müayinə ödənişsiz həyata keçirilir.
3. İstehlakçı tərəfindən qaz qurğuları, qaz xətləri və tüstü bacalarında, habelə havalandırma və havadəyişmə xətlərində nöqsan və (və ya) pozuntular aşkar edildikdə istehlakçının müraciəti əsasında təkrar müayinə qaz paylayıcısı tərəfindən 3 (üç) iş günündən gec olmayaraq aparılmalıdır. İstehlakçı təkrar müayinə üçün il ərzində 1 (bir) dəfədən çox müraciət edərsə növbəti müayinə ödənişli keçirilir. Ödənişin məbləği qaz paylayıcısı ilə istehlakçı arasında bağlanmış müqavilə ilə müəyyən edilir. Müayinə nəticəsində texniki xidmətin göstərilməsi zərurəti yarandıqda, bu Qanunun 6-3-cü maddəsi ilə müəyyən edilmiş tədbirlər görülməlidir.
4. Tüstü bacalarının istismarında təhlükəsizlik texnikası qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Maddə 13. Qazın pаylаnmаsı, satılması və qazın verilməsinin dayandırılması. ...8. Bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir)..... 8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”.
4. Qaz sayğaclarının quraşdırılması və istismarı. 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 112. İddianın qiyməti 112.1. İddianın qiyməti aşağıdakı qaydada müəyyən edilir:...112.1.1. pul vəsaiti alınması haqqındakı iddialarda—alınan məbləğlə;... Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.... Maddə 124. İşə baxılarkən məhkəmənin çəkdiyi xərclərin ödənilməsi 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır... “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.2 iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda – 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi. Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri. 9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.5. istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar. Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının 16 oktyabr 2021-ci il 13 saylı Qərarı. Təbii qazın olkə daxili tarifləri - Tariflər (ƏDV ilə, manat/min m3) 6.1. Əhali 6.1.1. illik istehlak həcminin 1200 m3 -dək (1200 m3 daxil) olan hissəsi üçün 120,0 6.1.2. illik istehlak həcminin 1200 - 2500 m3 olan hissəsi üçün 200,0 6.1.3. illik istehlak həcminin 2500 m3 -dən çox olan hissəsi üçün 250,0 Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. İşin məhkəmə tərəfindən araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçının ünvanında qaz sayğacı dəyişdirilərək, dövlət yoxlanmasından keçirilməsi üçün göndərilmiş, yerinə yeni sayğac quraşdırılmışdır. Çıxarılmış sayğaca laboratoriya öz rəyini verərək, sayğaca baxış keçirildiyi, sayğacın çıxış plastmas borusunun deşildiyi, sayğacda istismar müddətində ALARM-1 rejiminin aşkar olunmadığı, sayğacın minimal sərfiyyatda nisbi xəta ilə işlədiyi, sayğacın istismara yararsız olduğu qeyd edilmişdir. Cavabdeh təşkilat yuxarıda qeyd edilmiş yoxlamanın nəticəsi olaraq 1555.20 manat həcmində məbləği iddiaçının abonent hesabına hesablamışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırki iş üzrə tərtib edilmiş aktın qəbul edilməsi üçün əsas olmuş halları, aktın və hesablanmış borcun doğruluğunu sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşdüyündən və həmin aktın qəbul edilməsi üçün əsas olmuş hallar, eləcə də həmin halların mövcudluğu cavabdeh tərəfindən sübuta yetirilmədiyindən həmin akt üzrə göstərilmiş həcmdə hesablanmış zərər istehlakçı tərəfindən ödənilməməlidir. Qaz sayğacında nöqsanların olduğu müəyyən edilsə də, bunun sayğacdan keçən qazın sərfiyatının düzgün aparılıb-aparılmaması ilə hər hansı əlaqəsinin olması cavabdeh tərəfindən sübut edilməmişdir. Həmçinin, tələb olunan borcun real, həqiqətən sərf olunmuş qaza görə hesablanmış borc olduğu sübuta yetirilməlidir və bu halda da sübutetmə yükü təchizatçının üzərinə düşür. Məhz cavabdeh, hesablanmış borcun həqiqətən sərf olunmuş qaza görə hesablanmış borc olduğunu sübuta yetirməlidir. Məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixdə tərtib olunmuş akta görə hesablayıb tələb etdiyi məbləğ baxımından cavabdeh bunu sübut edə bilməmişdir. Həmin akt iddiaçının və mübahisədə marağı olmayan şəxslərin iştirakı olmadan tərtib olunduğundan, mötəbər sayıla və ona əsasən hesablanmış borc məbləği qanuni hesab edilə bilməz. Bundan başqa, məhkəmə qeyd edir ki, "Qaz təchizatı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında" 25 fevral 2022-ci il tarixli Qanunu ilə "Qaz təchizatı haqqında" Qanuna edilmiş dəyişikliyə görə, müayinə zamanı sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş tədbirlər görülür. Lakin, qanuna edilmiş dəyişikliklərin tələblərinə əsasən, aktın bir nüsxəsi inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana, (cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına) təqdim edilməmişdir. Eyni zamanda, iddiaçının (istehlakçının) ünvanına quraşdırılmış sayğacda yaranmış qüsurların onun təqsiri nəticəsində baş verməsi müəyyən edilmədiyindən, cavabdeh təşkilat tərəfindən tərtib edilmiş akt üzrə hesablanmış zərəri də istehlakçı tərəfindən ödənilməməlidir. Məhkəmə qeyd edir ki, iş materiallarına nəzər saldıqda məlum olur ki, cavabdeh tərəfindən hesabat qaz sayğacının maksimal qaz sərfi 6 m3 orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə aparılmış (6 x 24 x 90 = 12960 m3 Cəmi: 12960 m3) və hesablanmış məbləğin (12960 m3 x 0.12 = 1555.20) ödənilməsi tələb olunmuşdur. Lakin, iddiaçı hesablanmış borcdan yalnız 1420 manatın silinməsini xahiş etmişdir. Belə olan halda, qanunsuz hesablanmış 1420 manat məbləğində borcun silinməsi məqsədəuyğundur. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, X1 tərəfindən **********21100 saylı abonent İddiaçı qanunsuz hesablanmış 1420 manat məbləğində pul silinməlidir. Məhkəmə xərcləri. İstehlakçılar hüquqlarının pozulması ilə əlaqədar iddia ərizəsi ilə məhkəməyə müraciət edən iddiaçı dövlət rüsumu ödəməkdən azad olmuşdur. Odur ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olan 34.2 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 357, 358, 360 və 362-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı (abonent kodu **********21100) təbii qaza görə əsassız hesablanmış 1420 manat məbləğində borc silinsin. Ödənilməmiş 34.2 manat məbləğində dövlət rüsumu Cavabdehndən tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Firuzə Mirzəyeva