Məhkəmə qərarları › İş №2(010)-2212/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2212/2022

01.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2212/2022 01.06.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı "xxxx" BOKT MMC-nin etibarnamə üzrə nümayəndəsi X1, Cavabdeh1 iştirakları ilə, İddiaçı "xxxx" BOKT MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsinin ləğvi edilməsi və kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı "xxxx" BOKT MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsinin ləğvi edilməsi və kredit üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə bağlanmış 25 iyun 2021-ci il tarixli GARA- 1779-746 saylı Kredit müqaviləsi və onun tərkib hissəsi olan 25 iyun 2021-ci il tarixli GARA-1779-746 saylı Razılaşmanın ləğv edilməsi və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçının xeyrinə ümumlikdə 1145.59 manat əsas, 124.07 manat faiz və 171.00 manat dəbbə borcu, cəmi 1440.66 manat kredit borcunun və 35 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" BOKT MMC-nin nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirmişdir ki, "TBC KREDİT” Bank Olmayan Kredit X2 Cəmiyyəti ilə Cavabdeh1 arasında ikinciyə illik 30% faizlə 18 ay müddətinə 1 500 (bir min beş yüz) manat kredit verilməsini nəzərdə tutan 25 iyun 2021-ci il tarixli GARA-1779-746 saylı Kredit müqaviləsi və onun tərkib hissəsi olan 25 iyun 2021-ci il tarixli GARA-1779-746 saylı Razdaşma imzalanmış və kreditin aylıq 105.00 manat olmaqla ödənilməsi müəyyən edilmişdir. Qeyd olunan “Kredit müqaviləsi”-ndən irəli gələn öhdəliklərin lazımı qaydada icrasını təmin etmək məqsədi ilə "xxxx" BOKT MMC, Cavabdeh1 və Cavabdeh2 arasında 25 iyun 2021-ci il tarixdə GARA-1779-746+GARA-1806 saylı Zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh1 tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər tam və vaxtında icra edilmədiyi üçün "xxxx" bank olmayan kredit X2 cəmiyyəti məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdeh1 06 aprel 2022-ci il tarixinədək verilmiş kredit üzrə 1145.59 manat əsas, 124.07 manat faiz və 171.00 manat dəbbə borcu, cəmi 1440.66 manat məbləğində borcu yaranmış və ödənilməmişdir. Qeyd olunanlara əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul edir. Belə ki, o, 25 iyun 2021-ci il tarixli GARA-1779-746 saylı kredit müqaviləsi bağlamış və "TBC KREDİT” Bank Olmayan Kredit X2 Cəmiyyəti tərəfindən ona illik 30% faizlə 18 ay müddətinə 1500 manat məbləğində pul verilmişdir. Kredit müqaviləsi üzrə Cavabdeh2 zaminlik müqaviləsi bağlayaraq öhdəliyin yerinə yetirilməsinə dair zamin kimi öhdəlik götürmüşdür. Lakin dekabr 2021-ci il tarixdən ödəniş edə bilməmişdir. O usta işləyir, aylıq 450 manat əmək haqqı alır. Bundan əlavə onun övladı xəstədir və ona baxmaq məcburiyyətindədir. Odur ki, borcunu hissə-hissə ödəmək şərti ilə iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə digər cavabdehə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və nümayəndələrinin iştirakını təmin etməmişlər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə qeyd edilənləri nəzərə alaraq işə həmin cavabdehin və onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işə əlavə edilmiş xx.xx.2021-ci il tarixli GARA-1779-746 saylı kredit müqaviləsindən müəyyən edilir ki, "xxxx" BOKT MMC ilə borclu Cavabdeh1 arasında imzalanmış kredit müqaviləsinə əsasən borcluya illik 50 faizlə 240 ay müddətinə 1600 manat məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli GARA-1779-746 saylı və razılaşmadan görünür ki, Cavabdeh1 illik 30 faiz olmaqla 18 ay müddətinə cəmi 1500 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli GARA-1779-746-GARA-1806 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 kredit müqaviləsi üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarına əlavə edilmiş maliyyə arayışdan müəyyən olunur ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixə xx.xx.2021-ci il tarixli GARA-1779-746 saylı kredit müqaviləsi üzrə 1145.59 manat əsas, 124.07 manat faiz və 171.00 manat dəbbə borcu, cəmi 1440.66 manat borcu yaranmışdır. İş materiallarına əlavə edilmiş DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh1 ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh2 ünvan 2 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində qeyd edilir ki,məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin məcəllənin 442-ci maddəsində göstərilir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qusürlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdidilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.4-cü maddəsində nəzərdə tutulduğu kimi, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı "xxxx" BOKT MMC ilə Cavabdeh1 arasında xx.xx.2021-ci il tarixli GARA-1779-746 saylı kredit müqaviləsi bağlanmış və bu müqavilə ilə iddiaçı cavabdehə illik 50 faizlə 240 ay müddətinə 1600 manat məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. xx.xx.2021-ci il tarixli GARA- 1779-746 saylı razılaşmaya əsasən iddiaçı cavabdehə illik 30 faiz olmaqla 18 ay müddətinə cəmi 1500 manat məbləğində kredit verməyi öhdəsinə götürmüş və bu məbləği cavabdehin hesabına ödəmişdir. Bundan başqa öhdəliklərin icrasının təminatı kimi iddiaçı ilə Cavabdeh2 arasında xx.xx.2021-ci il tarixli zaminlik müqaviləsi bağlanmış və Cavabdeh2 kredit müqaviləsi üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərinə götürmüşdür. İş üzrə iddiaçı "xxxx" BOKT MMC həmin məbləğdə pulu Cavabdeh1 verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə cavabdeh bu müqavilə üzrə öhdəlikləri lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Bunun nəticəsində borclunun bank qarşısında kredit müqaviləsindən irəli gələn ödənilməmiş 1145.59 manat əsas, 124.07 manat faiz və 171.00 manat dəbbə borcu, cəmi 1440.66 manat yaranmışdır. İş üzrə iddiaçı "xxxx" BOKT MMC həmin məbləğdə pulu cavabdehə verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin sonuncular bu müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşlar. Lakin, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Bu Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Bu Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. "xxxx" BOKT MMC-nin iddiasının 171,00 manat gecikdirməyə görə cərimənin tutulması hissəsinə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, tənasübsüz surətdə yüksək dəbbə pulu azaldılmalı və cavabdehlərdən dəbbə pulu olaraq 50 manat məbləğində pul tutulmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, müqavilədə nəzərdə tutulan öhdəlik lazımınca yerinə yetirmədiyindən "xxxx" BOKT MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli GARA-1779-746 saylı kredit müqaviləsi ləğv olunmalı, Cavabdeh1 və Cavabdeh2 birgə qaydada xx.xx.2021-ci il tarixli GARA-1779-746 saylı kredit müqaviləsi üzrə 1145.59 manat əsas, 124.07 manat faiz və 50 manat dəbbə borcu, cəmi 1319.66 manat dövlət rüsumu üçün ödənilmiş 35 manat məbləğində dövlət rüsumu "xxxx" BOKT MMC-nin xeyrinə xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : İddia qismən təmin edilsin. "xxxx" BOKT MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli GARA- 1779-746 saylı kredit müqaviləsi və xx.xx.2021-ci il tarixli GARA-1779-746 saylı razılaşma ləğv olunsun. Cavabdeh1 və Cavabdeh2 birgə qaydada xx.xx.2021-ci il tarixli GARA-1779-746 saylı kredit müqaviləsi üzrə 1145.59 manat əsas, 124.07 manat faiz və 50 manat dəbbə borcu, cəmi 1319.66 (bir min üç yüz on doqquz manat, altmış altı qəpik) manat və ödənilmiş 35 (otuz beş) manat dövlət rüsumu "xxxx" BOKT MMC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar